Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (əvvəllər Türk Şurası adlanmışdır) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində  Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Türk Şurası 1992-ci ildən etibarən keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranmışdır.

Hər il 3 oktyabr tarixində Türk Dili danışan ölkələr günü qeyd olunur. 

2010-cu ildə İstanbulda keçirilən 10-cu Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Katibliyi fəaliyyətə başlamışdır. 

Türk Şurası təsis edildikdən sonra zirvə görüşləri “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşləri” olaraq adlandırılır. Təşkilat yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum və Astana olmaqla beş zirvə görüşü keçirilmişdir.

Türk Şurasının birinci Zirvə Görüşü “İqtisadi əməkdaşlıq” mövzusu adı altında 20-21 oktyabr 2011-ci il tarixlərində Almatı şəhərində baş tutmuşdur.

Türk Şurasının ikinci Zirvə Görüşü 22-23 avqust 2012-ci tarixlərində Bişkek şəhərində keçirilmişdir. Zirvə görüşü mövzusu “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” olmuşdur.

Türk Şurasının üçüncü Zirvə Görüşü 15-16 avqust 2013-cü il tarixlərində Qəbələ  şəhərində keçirilmişdir. Zirvə görüşün  mövzusu “Nəqliyyat və bağlantı” olmuşdur.

Türk Şurasının dördüncü  Zirvə Görüşü “Turizm sahəsində əməkdaşlıq” mövzusu adı altında  4-5 iyun 2014-cü il tarixlərində Bodrum şəhərində keçirilmişdir.

Türk Şurasının beşinci Zirvə Görüşü 10-11 sentyabr 2015-ci il tarixlərində “Media və informasiya sahəsində əməkdaşlıq” mövzusu adı altında Astana şəhərində keçirilmişdir.

Türk Şurasının strukturu, məqsəd və vəzifələri:

Türk Şurasının əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilmiş və aşağıdakılardan ibarətdir:

  • Tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;
  • Regionda və dünyada sülhün bərqərar edilməsi;
  • Xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi;
  • Beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;
  • Ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;
  • Ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;
  • Hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;
  • Elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;
  • Kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi;
  • Hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi.

Türk Şurasının öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya  qoyulan məqsədlərə nail ola bilməsi üçün strukturu aşağıdakı kimi formalaşdırılmışdır:

  • Dövlət Başçıları Şurası
  • Xarici İşlər Nazirləri Şurası
  • Yüksək Vəzifəli Şəxslər Komitəsi
  • Ağsaqqallar Şurası
  • Katiblik

Dövlət Başçıları Şurasının toplantısına  ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə  qədər Türk Şurasına sədrlik edir. 16 iyul 2014-cü ildən etibarən Ramil Həsənov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibidir.

Əlaqəli qurumlar:

  • TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı)
  • TÜRKPA 
  • Türk Akademiyası
  • Türk Mədəniyyəti və İrsi Fondu
  • Türk Biznes Şurası 

Beynəlxalq əməkdaşlıq  

Türk Şurası beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Şura artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz  İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur. 

Zirvə görüşləri

  • 30 Oktyabr 1992 ( Ankara,Türkiyə)
  • 12 İyul 1993 (Almatı, Qazaxıstan)
  • 18 Oktyabr 1994 (Istanbul, Türkiyə)
  • 28 Avqust 1995 (Bişkek, Qırğızıstan)
  • 21 Oktyabr 1996 (Daşkənd, Özbəkistan)
  • 9 İyun 1998 (Astana, Qazaxıstan)
  • 8 Aprel 2000 (Bakı, Azərbaycan)
  • 26 Aprel 2001 (İstanbul, Türkiyə)
  • 17 Noyabr 2006 (Antalya, Türkiyə)
  • 21 Noyabr 2008 (İstanbul, Türkiyə)
  • 3 Oktyabr 2009 (Naxçıvan, Azərbaycan)
  • 15 Sentyabr 2010 (İstanbul, Türkiyə)
  • 20-21 Oktyabr 2011 (Almatı, Qazaxıstan)
  • 22-23 Avqust 2012 (Bişkek, Qırğızıstan)
  • 15-16 Avqust 2013 (Qəbələ, Azərbaycan)
  • 4-5 İyun 2014 (Bodrum, Türkiyə)
  • 10-11 Sentyabr 2015 ( Astana, Qazaxıstan)
Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.