Azərbaycan - İslam Əməkdaşlıq Təşkilatı əlaqələri

Hazırda İslam Əməkdaşlıq Təşkilatı adlanan bu beynəlxalq təşkilat 2011-ci ilədək İslam Konfransı Təşkilatı adlanırdı. Azərbaycan Respublikası 1991-ci il dekabrın 8-də İƏT-in Dakarda keçirilən dövlət və hökumət başçılarının 5-ci konfransında tamhüquqlu üzv kimi təşkilata qəbul olunmuşdur. Bu barədə qərar Dakar sammitinin yekun kommunikesinin 14-cü maddəsində əksini tapmışdır. İKT Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilatdır.

İslam dövlətlərinin birliyi və həmrəyliyinə xidmət edən İKT üzv dövlətlərin üzləşdikləri münaqişələrin aradan qaldırılması üçün də addımlar atır. Onun orqanları islam ölkələri ilə bağlı münaqişələr və bu ölkələrin məruz qaldığı təcavüzlərin qiymətləndirilməsində müvafiq qərarlar qəbul edir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü birinci dəfə İKT-nin Xarici İşlər Nazirləri Şurasının Kəraçidə keçirilən sessiyasında müvafiq qətnamə ilə ittiham olunub.

Erməni mənbələrinin məlumatına görə İKT-nin hələ 1993-cü il aprelində Kəraçidə keçirilən Xarici İşlər Nazirləri Şurasının görüşünə Ermənistan prezidenti Levon Ter-Petrosyanın məktubunu çatdırmaq üçün həmin ölkənin təmsilçisi Misir nümayəndə heyətinin tərkibində gedib. Məktub lazımi ünvana çatdırılsa da, Kəraçidə ilk dəfə olaraq İKT-nin Ermənistan əleyhinə qətnaməsi qəbul olunub.

2005-ci ilin yanvarında Ermənistanın xarici işlər nazirinin Misirə səfəri zamanı Ermənistanın Ərəb Dövlətləri Liqasında müşahidəçi statusu alması haqqında memorandum imzalanıb. “Panarmenian” agentliyinin şərhinə görə bu, İKT daxilində ərəb dövlətləri və qeyri-ərəb müsəlman ölkələri arasındakı ziddiyyətlərdən istifadə etməklə Ermənistanın Azərbaycanı müdafiə edən vahid islam cəbhəsinin pozulması istiqamətində addımıdır.

Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ilin dekabrında ərəb ölkələrinə səfəri çərçivəsində Qatarda olarkən İKT-ni bir daha Ermənistanın Azərbaycana təcavüzünə qarşı BMT-də də həmrəyliyə çağırıb.

İlham Əliyevin rəhbərliyi ilə ölkənin İKT ilə əməkdaşlığı daha da gücləndirilib. 2004-cü ildə İslam Konfransı Təşkilatının Gənclər Forumunun təsis yığıncağı Azərbaycanda keçirilib.

Erməni təbliğatına baxmayaraq İKT Dağlıq Qarabağ münaqişəsində Ermənistanı ittiham edən addımlarını davam etdirib. 2006-cı ilin yayında İKT Xarici İşlər Nazirlərinin Bakı görüşündə, 2006-cı ilin dekabrında Dağlıq Qarabağ separatçı rejiminin keçirdiyi qanunsuz seçkilərlə bağlı təşkilat Azərbaycanı müdafiə edən bəyanatlar verib.

İslam Konfransı Təşkilatı Mərakeş (1994), Tehran (1997) sammitlərindəki Ermənistanın Azərbaycana qarşı təcavüzünü ittiham siyasətini növbəti zirvə görüşlərində də davam etdirib. Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə təmsil olunduğu 12-13 noyabr 2000-ci il Doha (Qətər) və 16-17 oktyabr 2003-cü il Putracaya (Malayziya) sammitlərində Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət olunması, Ermənistanın qoşunlarının çıxarılması barədə BMT qətnamələrini (822, 853, 874, 884) yerinə yetirməməsinə cavab olaraq təşkilatın nizamnaməsinin VII fəslinin (sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə bağlı tədbirlər) tətbiq olunması, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in 2-3 dekabr 1996-cı il Lissabon zirvə görüşü zamanı qəbul edilmiş prinsiplərin (Azərbaycan və Ermənistanın ərazi bütövlüyü, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək özünüidarə statusu və Dağlıq Qarabağın əhalisinin təhlükəsizliyinə təminat) əsas götürülməsi tələblərini əks etdirən sənədlər qəbul olunub.

Azərbaycan-İKT əməkdaşlığının güclənməsinin əsas göstəricilərindən biri olaraq təşkilatın xarici işlər nazirlərinin 33-cü sessiyası 19-21 iyun 2006-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilib.

İKT xarici işlər nazirlərinin 33-cü Bakı sessiyasında qəbul olunan Bakı bəyannaməsinin 14-cü maddəsində və ayrıca qətnamədə təşkilatın üzvləri adından yenidən Ermənistanın Azərbaycana təcavüzü pislənilib və həmin ölkənin silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunub. Həmin sənədlərdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz olaraq erməni əhalisini məskunlaşdırmasına, həmin ərazilərdə təbii ehtiyatların qanunsuz istismar edilməsinə, yanğınlar törədilməsinə etiraz bildirilib.

Təşkilat həmçinin İslam İnkişaf Bankı və digər islam xeyriyyə cəmiyyətləri vasitəsilə Azərbaycana, Ermənistanın təcavüzü nəticəsində öz torpaqlarından zorla qovulmuş Azərbaycanlı qaçqın və məcburi köçkünlərə iqtisadi və humanitar yardımlar göstərilməsini təmin edib.

4 oktyabr 2006-cı ildə Heydər Əliyev Fondunda keçirilən görüşdə İSESCO-nun prezidenti Osman əl-Tveycri tərəfindən Mehriban Əliyevaya İSESCO-nun xoşməramlı səfiri nişanı təqdim olunub. Azərbaycanın birinci xanımı bu ada təhsilin və sivilizasiyalar arasında dialoqun inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb.

Azərbaycan-İKT əməkdaşlığının davamı olaraq Bakıda təşkilatın növbəti yüksək səviyyəli tədbirləri-İKT turizm nazirlərinin 5-ci görüşü (sentyabr, 2006) və “Dözümlülüyün və qarşılıqlı anlaşmanın inkişafında kütləvi İnformasiya Vasitələrinin rolu” mövzusunda beynəlxalq konfrans (aprel, 2007) keçirilib.

Həmin vaxt Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və 2006-cı ildən İSESCO-nun ilk xanım xoşməramlı səfiri olan Mehriban Əliyeva və İSESCO-nun prezidenti Osman əl-Tveycri arasında hər iki qurumun əməkdaşlığı barədə saziş imzalanıb. Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Osman əl-Tüceyrci İSESCO-nun ilk qadın xoşməramlı səfiri kimi Mehriban xanımın bu şərəfli missiyasını yerinə yetirməsində şəxsi nümunə göstərdiyini bildirib.

Sonuncu tədbir islamofobiya tendensiyalarının artması ilə əlaqədar xüsusilə əhəmiyyətli idi. Bir çox beynəlxalq təşkilatların və dünya kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirak etdiyi konfransda bir daha bəzi Qərbi Avropa ölkələrinin mətbuatında islam dini və onun peyğəmbəri ilə bağlı karikatura hadisəsi kimi provokasiya hərəkətləri ittiham olunub.

İndoneziyanın “Cakarta Post”, Livanın “Dər əl Həyat” qəzetləri konfransla bağlı yazılarında onu yüksək qiymətləndiriblər.

İKT xarici işlər nazirlərinin 15-17 may 2007-ci il 34-cü İslamabad görüşündə də Ermənistanın Azərbaycana təcavüzünü ittiham edən qətnamə qəbul olunub.

Azərbaycanın təşəbbüsü ilə İKT-nin İslam Gənclər Forumundan başqa daha bir qurumun, hüquq mühafizə orqanlarının birliyinin də yaradılması nəzərdə tutulub. Bu məqsədlə 2007-ci ilin oktyabrında üzv ölkələri təmsil edən ekspertlər səviyyəsində Bakıda müzakirələr aparılıb. Həmin ilin sonlarında Azərbaycanda sivilizasiyalararası dialoq təşəbbüsü çərçivəsində İKT-nin Gənclər Forumu və Heydər Əliyev Fondunun iştirakı ilə müxtəlif ölkələri təmsil edən gənclər təşkilatlarının birgə konfransı keçirilib. Konfransda iştirak edən İKT və İSESCO-nun Baş katibləri Ekmeleddin İhsanoğlu və əl-Tveycri Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə görüşlərində tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

İKT Parlament Assambleyasının 2008-ci ilin fevralında Qahirədə keçirilən sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib.

13-14 mart 2008-ci ildə Seneqalın paytaxtı Dakar şəhərində keçirilən İKT-nin 11-ci zirvə görüşündə Azərbaycan Respublikası Xarici İşlər Naziri ilə təmsil olunub. “İslam XXI əsrdə” adı altında keçirilən Zirvə görüşündə islamofobiya, İKT üzvləri arasında əməkdaşlığın gücləndirilməsi, Fələstin münaqişəsi və sairə məsələlər müzakirə olunub.

Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Zirvə görüşündəki çıxışında İKT üzvlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsindən razı qaldığını bildirib. O, üzv dövlətləri həmin gün BMT Baş Məclisində səsverməyə çıxarılan və Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərini azad etməyə çağıran qətnamənin qəbulu üçün səs verməyə çağırıb. Əksəriyyəti İKT üzvü olan ölkələrin səs verməsi ilə həmin qətnamə BMT-də qəbul olunub.

İslam Konfransı Təşkilatı Gənclər Forumu İdarə Heyətinin 2008-ci il aprel ayının 10-da Küveytdə başa çatmış 6-cı sessiyasında Leyla Əliyeva forumun mədəniyyətlər və sivilizasiyaların dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçilib.

2007-ci ilin 28 oktyabr – 2 noyabr tarixlərində Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Təşkilatının Gənclər Forumu, BMT-nin İnkişaf Proqramı, İSESCO və Avropa Şurası ilə birgə təşkil edilmiş “Gənclər Sivilizasiyaların Alyansı uğrunda” beynəlxalq təşəbbüs çərçivəsində Bakı şəhərində “Alyans” gənclik düşərgəsi və yüksək səviyyəli konfrans keçirilmişdir.

İKT-nin 2008-ci ilin 13-14 mart tarixlərində Seneqalda keçirilmiş XI Zirvə Konfransı, həmçinin, həmin ilin 18-20 iyun tarixlərində Uqandada keçirilmiş Xarici İşlər Nazirləri Şurasının 35-ci sessiyası bir daha Azərbaycanın maraqlarına tam uyğun olan qətnamələr qəbul etmiş, hər iki tədbirin nəticələrinə həsr olunmuş sənədlərdə üzv dövlətlər yenidən erməni təcavüzünü qətiyyətlə pisləmiş, işğal olunmuş ərazilərin dərhal və qeyd-şərtsiz azad olmasını tələb etmişdir. XI Zirvə konfransında qəbul edilmiş İKT-nin yeni nizamnaməsinin məqsəd və məramları bölməsində Azərbaycan nümayəndə heyətinin məqsədyönlü  fəaliyyəti və israrlı mövqeyi nəticəsində işğal altında olan dövlətlərin öz ərazi bütövlüyünü bərpa etməsi hüququnun üzv dövlətlər tərəfindən birmənalı dəstəklənməsi barədə müddəanın təsbit edilməsi ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb etməkdədir.

2008-ci ilin 10-11 iyun tarixlərində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum təşkil olunmuşdur.

2008-ci ilin 6-8 oktyabr tarixlərində Bakıda İslam ölkələrinin ali təhsil və elmi tədqiqatlar nazirlərinin IV konfransı keçirilmişdir.

2009-cu ilin 21-22 aprel tarixlərində İKT üzv ölkələrinin hüquq mühafizə orqanları rəhbərlərinin Bakı şəhərində konfransı keçirilmiş və Bakı Bəyannaməsi qəbul edilmişdir.

23-25 may 2009-cu il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarov İKT XİN Şurasının “İslam həmrəyliyini inkişaf etdirmək naminə” şüarı altında Suriya Ərəb Respublikasının paytaxtı Dəməşq şəhərində keçirilmiş 36-cı sessiyasında iştirak etmiş və təşkil olunmuş xüsusi mərasimdə Azərbaycan Respublikası adından İKT-nin yeni Nizamnaməsini imzalamışdır.       

İKT XİN Şurasının 36-cı sessiyasında, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” haqqında qətnamələr yekdilliklə qəbul edilmişdir.

2009-cu ilin 13-15 oktyabr tarixlərində “Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində Bakı şəhərində İKT-yə üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı keçirilmişdir.

11-12 noyabr 2009-cu il tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası İKT Baş Katibliyi ilə birgə İKT-nin yaradılmasının 40 illik yubileyi münasibətilə Bakıda “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” adlı beynəlxalq elmi konfrans təşkil etmişdir. İKT Baş katibi Ekmələddin İhsanoğlunun iştirak etdiyi konfransda dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi, dinlərarası dialoqun qarşılaşdığı problemlər, İslam geosiyasəti kimi mövzular üzrə elmi müzakirələr aparılmışdır.

24-31 yanvar 2010-cu il tarixlərində Uqandanın paytaxtı Kampala şəhərində İKT Parlament İttifaqı Konfransının 6-cı sessiyası keçirilmişdir. 51 dövlətin parlament heyətləri başçılarının iştirak etdiyi Konfransda İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə “İKGF və İKT PB arasında əməkdaşlıq” haqqında qətnamə qəbul edilmişdir. Bu qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymət verilmişdir.  

7-8 mart 2010-cu il tarixlərində Qətərin paytaxtı Doha şəhərində keçirilmiş İKT üzv ölkələrinin humanitar təşkilatının III konfransında Heydər Əliyev Fondunun nümayəndə heyəti iştirak etmişdir.

12-14 aprel 2010-cu il tarixlərində İKT Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasına hazırlıq məqsədi ilə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində Yüksək Rütbəli məmurların toplantısı keçirilmişdir. AR xarici işlər nazirinin müavini V.Sadıqovun rəhbərliyi altında nümayəndə heyətinin iştirak etdiyi toplantıda “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” haqqında qətnamə layihələri toplantının gündəliyinə daxil olunmuş və iştirakçılar tərəfindən yekdilliklə qəbul edilmişdir.

18-20 may 2010-cu il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarovun rəhbərliyi altında nümayəndə heyəti Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasında iştirak etmiş və sessiya çərçivəsində Azərbaycan Hökuməti və İslam Konfransı Gənclər Forumu (İKGF) arasında qurumun regional ofisinin Azərbaycanda yerləşməsinə dair Saziş imzalanmışdır.

İKT XİN Şurasının 37-ci sessiyasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” haqqında qətnamələr yekdilliklə qəbul edilmişdir.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” haqqında İKT Baş katibinin ənənəvi hesabatına siyasi əhəmiyyət kəsb edən müvafiq dəyişikliklər edilmiş və həmin sənəd İKT XİN 37-ci sessiyasının diqqətinə təqdim edilmişdir.

23-24 iyun 2010-cu il tarixlərində Bakıda İslam İnkişaf Bankının Direktorlar Şurasının XXXV illik toplantısı keçirilmişdir. Bu mötəbər tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Keçirilmiş tədbir çərçivəsində ölkəmizin bank və maliyyə sistemi üçün bir sıra yeni imkanlar əldə edilmiş və bu istiqamətdə müvafiq sənədlər imzalanmışdır.

24 sentyabr 2010-cu il tarixində Nyu-Yorkda keçirilmiş BMT BA-nın 65-ci sessiyası çərçivəsində keçirilmiş İƏT üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin illik Əlaqələndirmə Görüşü zamanı AR xarici işlər naziri E.Məmmədyarov çıxış etmişdir.

28-30 iyun 2011-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri E.Məmmədyarovun rəhbərliyi altında nümayəndə heyəti Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçirilmiş İKT Xarici  İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirak etmişdir. Həmin sessiyada İslam Konfransı Təşkilatının adı İslam Əməkdaşlıq Təşkilatı adı ilə əvəz olunmuşdur.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” haqqında İƏT Baş katibinin ənənəvi hesabatına siyasi əhəmiyyət kəsb edən müvafiq dəyişikliklər edilmiş və həmin sənəd İƏT XİN Şurasının 38-ci sessiyasının diqqətinə təqdim edilmişdir.

23 sentyabr 2011-ci il tarixində Nyu-Yorkda keçirilmiş BMT BA-nın 66-cı sessiyası çərçivəsində İƏT üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin illik əlaqələndirmə görüşü zamanı AR xarici işlər naziri E.Məmmədyarov çıxış etmişdir.

3-5 iyun 2012-ci il tarixlərində İƏT Baş katibi E.İhsanoğlunun başçılıq etdiyi nümayəndə heyəti AR xarici işlər naziri E.Məmmədyarovun dəvətinə əsasən ölkəmizdə rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində E.İhsanoğlu AR Prezidenti İlham Əliyev və Milli Məclisin sədri O.Əsədov tərəfindən qəbul edilmişdir.

14-15 avqust 2012-ci il tarixlərində Məkkədə keçirilmiş İƏT üzv ölkələrin dövlət və hökumət başçılarının dördüncü fövqəladə Zirvə Toplantısında Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

10 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatına 3 milyon ABŞ dolları həcmində könüllü yardım etmişdir.

15-17 noyabr 2012-ci il tarixlərində Cibuti Respublikasının paytaxtı Cibuti şəhərində keçirilmiş İƏT XİN Şurasının 39-cu sessiyasında AR xarici işlər naziri E.Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Sessiya zamanı Azərbaycanın maraqlarına tam uyğun olan müvafiq qətnamələr qəbul edilmişdir.

6-7 fevral 2013-cü il tarixlərində AR xarici işlər naziri Elmar Məmmədyarovun başçılığı ilə nümayəndə heyəti Misir Ərəb Respublikasında keçirilən İƏT-in XII Zirvə Toplantısında iştirak etmişdir. Zirvə toplantısında qəbul edilmiş Yekun Kommunikenin 61-ci bəndində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in yekdil və birmənalı mövqeyi, 117-ci bəndində isə Xocalıya Ədalət beynəlxalq təbliğat-təşviqat  kampaniyasına dəstək əks olunur və 1992-ci ilin fevralında Ermənistan Respublikası hərbi qüvvələri tərəfindən Xocalıda törədilən qətliam faciəsi soyqırım aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanınıb. Sözügedən bəndə əsasən, üzv dövlətlər Kampaniyanın fəaliyyətlərində aktiv iştirak etməyə, milli və beynəlxalq səviyyədə bu soyqırım aktının insanlığa qarşı cinayət kimi tanınmasına səy göstərməyə çağırılır. Sessiya zamanı Azərbaycanın maraqlarına uyğun olan müvafiq qətnamələr qəbul edilmişdir.

25-26 aprel 2013-cü il tarixlərində Bakıda İƏT-in Əmək Nazirlərinin Konfransı keçirilmişdir. Bu toplantıda əmək, miqrasiya, işçi qüvvəsi, təcrübə mübadiləsi və sosial müdafiə sahəsində üzv ölkələr arasında gələcək prioritetləri müəyyən edən “Çərçivə Sənədi” qəbul edilmişdir. Konfransda qəbul edilmiş ən mühüm qərarlardan biri isə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təklifi ilə İƏT Əmək Mərkəzinin (OIC Labour Center) yaradılması olmuşdur. Azərbaycan Respublikasının İƏT Əmək Mərkəzinə ev sahibliyi etməyə hazırlığı və Mərkəzin uğurla fəaliyyət göstərməsi üçün hər cür köməklik göstərəcəyi vurğulanmışdır.

Azərbaycanın 2013-cü ilin oktyabr ayından etibarən BMT TŞ-da başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə 2013-cü ilin 28 oktyabr tarixində “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası təşkil edilmişdir. İclasın məqsədi BMT və üzv dövlətlərinin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair birgə fəaliyyət üzrə müzakirələrin aparılması olub. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT Baş katibi Pan Gi Mun və İƏT Baş katibi Ekmələddin İhsanoğlu iştirak etmişlər.

2013-cü ilin 25 noyabr tarixində vəzifə müddətinin başa çatması ilə əlaqədar olaraq, İƏT Baş katibi E.İhsanoğlu Azərbaycan Respublikasına rəsmi vida səfəri etmişdir. Səfər zamanı E. İhsanoğlu Prezident İlham Əliyev tərəfindən qəbul olunmuşdur. 

2013-cü ilin 9-11 dekabr tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyasında Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Konakri Bəyannaməsinin 16, 38, 45, 46 və 47-ci bəndləri Azərbaycanla bağlı idi. Sessiya zamanı Azərbaycanın maraqlarına uyğun olan müvafiq qətnamələr qəbul edilmişdir.

2014-cü ilin 5-7 mart tarixlərində İƏT Baş katibi İyad Əmin Mədəninin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri baş tutmuşdur. Səfər çərçivəsində Baş katib AR Prezidenti İlham Əliyev, xarici işlər naziri E.Məmmədyarov, mədəniyyət və turizm naziri  Ə. Qarayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadə tərəfindən qəbul edilmişdir.

17-18 iyun 2014-cü il tarixlərində Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Nazirlərinin ikinci Konfransının qərarına əsasən təsis edilmiş Əmək, Məşğulluq və Sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin ilk iclası keçirilmişdir.

18-19 iyun 2014-cü il tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının növbəti 41-ci sessiyasında Azərbaycan Respublikasını xüsusi tapşırıqlar üzrə səfir A.Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. İƏT XİN Şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi”  və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilmişdir. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən təqdim olunan və İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən qəbul olunan qətnamədə “Xocalıya Ədalət” kampaniyasına həsr edilmiş xüsusi bənd öz əksini tapmışdır.  Həmin bəndə əsasən, İƏT üzv ölkələrinin xarici işlər nazirləri tərəfindən “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyası alqışlanır və üzv dövlətlər bu soyqırım aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılırlar. İclasın nəticəsi olaraq, İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən qəbul edilmiş yekun Ciddə Bəyanaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyi ilə həmrəylik ifadə olunmuşdur.

BMT-nin 69-cu sessiyası çərçivəsində 26 sentyabr 2014-cü il tarixində keçirilmiş İƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirlərinin İllik Koordinasiya (Əlaqələndirmə) İclasında AR xarici işlər naziri E.Məmmədyarov çıxış etmişdir. Öz çıxışında AR xarici işlər naziri İƏT çərçivəsində artıq mövcud olan sahələrdə əməkdaşlığı genişləndirməklə yanaşı, əməkdaşlıq üçün mümkün yeni sahələrin də müəyyən edilməsinin olduqca vacib olduğunu qeyd etmişdir. AR xarici işlər naziri öz çıxışında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verən və Ermənistanın zorakılığını qınayan İslam ümmətinə təşəkkürünü bildirmişdir. 

20-21 oktyabr 2014-cü il tarixlərində Bakıda “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V beynəlxalq konfrans keçirilmişdir.  

12 noyabr 2014-cü il tarixində Mərakeş Krallığının Rabat şəhərində keçirilmiş Fələstin və Qüdsün müdafiəsi üzrə İƏT Nazirlərinin Əlaqələndirmə Qrupunun birinci iclasında Azərbaycan Respublikasını xüsusi tapşırıqlar üzrə səfir A.Mehdiyev təmsil etmişdir. İclas zamanı çıxış edən xüsusi tapşırıqlar üzrə səfir A.Mehdiyev, ölkəmizin müsəlman dünyasının ayrılmaz parçası olaraq daim Fələstin və əl-Qüds məsələsinin ədalətli və hərtərəfli həllinin tərəfdarı olduğunu bildirib. Toplantının nəticəsi olaraq iclas iştirakçıları tərəfindən “Fəaliyyət Planı” və “Mətbuat Kommunikesi” qəbul olunmuşdur.

3-4 dekabr 2014-cü il tarixlərində Tehran şəhərində keçirilən İƏT informasiya nazirlərinin 10-cu iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iştirak etmişdir.         

21-22 yanvar 2015-ci il tarixlərində İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının 10-cu sessiyası zamanı ölkəmizi Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı etdiyi parlament nümayəndə heyəti təmsil etmişdir.   

Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində 6 aprel 2015-ci il tarixində Ciddə şəhərində Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad bin Amin Mədəni ilə görüşmüşdür.

İƏT Baş katibi Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatist rejimin “parlamenti”nə 3 may 2015-ci il tarixli qurama “seçki”ləri pisləmişdir.

18-19 may 2015-ci il tarixlərində Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İƏT Baş Katibi İ.A.Mədəni iştirak etmişdir. 

27-28 may 2015-ci il tarixlərində Küveyt dövlətində keçirilmiş İƏT XİN Şurasının 42-ci sessiyasında Azərbaycan Respublikasını Xarici İşlər Naziri E.Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi”  və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilmişdir. 

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) nümayəndə heyəti tərəfindən irəli sürülmüş “Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu haqqında” xüsusi qətnamə yekdilliklə qəbul edilmişdir. Qətnamədə İƏT-ə üzv ölkələr Xocalı soyqırım aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün lazımi səylər göstərməyə və “Xocalıya ədalət” kampaniyasında fəal iştirak etməyə çağırılırlar. İclasın nəticəsi olaraq, İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən qəbul edilmiş yekun Küveyt Bəyannaməsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyi bir daha vurğulanmışdır.

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. 

IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2013-cü il iyulun 24-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş 8-ci Baş Assambleyasında 57 üzv ölkənin nümayəndələrinin səsverməsi yolu ilə təsdiq olunub. 

2015-ci ilin aprel ayında isə IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın evsahibliyi etməsi barədə İHİF ilə müqavilə imzalanıb.

24-25 avqust 2015-ci il tarixlərində İƏT Baş katibi ölkəmizə işğüzar səfər etmişdir. 

2015-ci il sentyabrın 18-də Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. 

10 sentyabr 2015-ci il tarixində İƏT Baş Katibliyi tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma separatist rejimin “yerli özünüidarə orqanları”na 13 sentyabr 2015-ci il tarixli qurama “seçki”ləri pisləyən bəyanat yayılmışdır.

29 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində AR xarici işlər naziri E.Məmmədyarovun İƏT Baş katibi İ.A.Mədəni ilə görüşü baş tutmuşdur. BMT-nin 70-ci sessiyası çərçivəsində 1 oktyabr 2015-ci il tarixində keçirilmiş İƏT üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Koordinasiya (Əlaqələndirici) İclasında AR xarici işlər naziri E.Məmmədyarov çıxış etmişdir.

İƏT Baş Katibliyindən AR XİN-ə ünvanlanmış 4 noyabr 2015-ci il tarixli notada İƏT Baş katibi tərəfindən AR xüsusi tapşırıqlar üzrə səfir A.Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə təyin edilməsi təsdiq edilmişdir.

6-7 mart 2016-cı il tarixində Qüds və Fələstin probleminə dair İslam ölkələri dövlət başçılarının Cakartada 5-ci Fövqəladə Sammiti keçirilmişdir. Sammitdə Azərbaycanı Baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir.

2016-cı ilin 1 sentyabr tarixində Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi qrupunun “Müsəlmanlar üçün nəzərdə tutulmuş turizm: İƏT üzvü ölkələrində müsəlmanlar üçün məhsulların və xidmətlərin inkişaf etdirilməsi və marketinqi” mövzusunda 8-ci İclası keçirilmişdir. İclasda müsəlmanlar üçün nəzərdə tutulmuş turizm sahəsində qlobal tendensiyalar, sahə üzrə turizm məhsullarının müxtəlifliyi və onların mümkün təbliğat mexanizmləri, üzv ölkələrin bu sahədə uğurlu təcrübələri və gələcək perspektivlər müzakirə olunmuşdur. İclasda Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi iştirak etmişdir.

18-19 oktyabr 2016-cı il tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində İƏT Xarici İşlər Nazirləri Şurasının 43-cü sessiyasında, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə və Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılmasına dair qətnamələr qəbul olunub.

21-24 noyabr 2016-cı il tarixlərində Türkiyənin İstanbul şəhərində COMCEC-in "İƏT üzv dövlətlərində İslam Maliyyələşdirilməsi Strategiyasının inkişaf etdirilməsi" mövzusunda 31-ci sessiyası keçirilmişdir. Tədbirlərdə iqtisadiyyat nazirinin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin iştirakı təmin olunmuşdur.

Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə islam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın özünəməxsus mövqeyinin möhkəmləndirilməsini təmin etmək məqsədi ilə 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilmişdir.

3 may 2017-ci ildə Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osayminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. İƏT ilə əlaqələrin xarici siyasətimizin mühüm bir hissəsini təşkil etdiyini və Azərbaycanın bu təşkilatın çox fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev son illərdə ölkəmizdə bu qurumun fəaliyyəti ilə bağlı nazirlər səviyyəsində bir sıra mühüm tədbirlərin keçirildiyini qeyd etmişdir. Prezident İlham Əliyev İƏT-in sonuncu sammitində Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı kontakt qrupunun yaradılması qərarının qəbul edilməsi və təşkilatın münaqişə ilə bağlı ədalətli mövqeyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. İƏT-in baş katibi Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarını çox önəmli beynəlxalq idman tədbiri kimi dəyərləndirmişdir. Görüşdə həmçinin Azərbaycanın turizm potensialı müzakirə edilmiş, bu sahədə çox böyük imkanların mövcud olduğu qeyd edilmişdir.

2017-ci il mayın 21-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində “Birlikdə güclüyük” devizi altında Ərəb-İslam-Amerika Sammiti keçirilib. Ərəb və İslam ölkələri rəhbərlərinin, həmçinin ABŞ Prezidenti Donald Trampın iştirak etdikləri Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. İlk dəfədir təşkil edilən bu tədbirdə iştirakçı ölkələrin qlobal təhlükəsizliyin, sabitliyin təmin edilməsində, zorakılıq, terrorizm və ekstremizm ilə mübarizədə rolu və bu sahədə mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi barədə müzakirələr aparılıb. Sammit iştirakçı ölkələr arasında işgüzar, mədəni və siyasi əlaqələrin tolerantlıq və əməkdaşlığa müştərək inam vasitəsilə daha da gücləndirilməsinə xidmət edir. Tədbirin məqsədlərindən biri də ölkələr arasındakı münasibətlərdə yeni başlanğıcın və hamı üçün daha parlaq gələcəyin təməlinin qoyulmasıdır.

2017-ci il sentyabrın 10-11-də Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə 1-ci Sammiti keçirilmişdir. Sammitdə təşkilata üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti iştirak etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev Sammitin sessiyasında “XXI əsrdə elmin cəmiyyətə artan təsiri” mövzusunda çıxış etmişdir. Prezident İlham Əliyev vurğulamışdır ki, son bir neçə ildə Azərbaycanda İƏT-ə üzv ölkələrin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirlərinin 10-a yaxın görüşü keçirilmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün fəsadlarından bəhs edən Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda müqəddəs məscidləri dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.