Azərbaycan-ICESCO münasibətləri

29-30 yanvar 2020-ci il tarixlərində Əbu Dabidə keçirilmiş İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 40-cı sessiyası zamanı təşkilatın rəsmi adının “İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı” (ICESCO- İslamic World Educational, Scientific and Cultural Organization) kimi dəyişdirilməsinə dair qərar qəbul edilmişdir.

Azərbaycan Respublikası 1991-ci ildən ICESCO-nun üzvüdür. Azərbaycan ilə təşkilatın əməkdaşlığı Birinci xanım Mehriban Əliyevanın 24 noyabr 2006-cı il tarixində ICESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi ilə uğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur.

ICESCO-nun Baş direktoru Ə.O.əl-Tuveycri ölkəmizlə əməkdaşlığın səviyyəsindən razılığını və bu əməkdaşlığın genişləndirilməsinə marağını dəfələrlə vurğulamış, 2006-cı ildən etibarən respublikamızda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak etmişdir. Bu sırada Bakıda keçirilmiş aşağıdakı tədbirlər – “Gənclər sivilizasiyaların alyansı naminə” mövzusunda beynəlxalq konfrans (1-2 noyabr 2007-ci il), Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ICESCO-nun dəstəyi ilə keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda forum (10-11 iyun 2008-ci il), İslam ölkələri Elm və Təhsil Nazirlərinin VI Konfransı (6-7 oktyabr 2008-ci il), “Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009” mədəniyyət ilinin açılış mərasimi (18 fevral 2009-cu il), İslam ölkələri Mədəniyyət nazirlərinin VI Konfransı (13-15 oktyabr 2009-cu il), Dünya dini liderlərinin Bakı sammiti (26-27 aprel 2010) və Ümumdünya mədəniyyətlərarası dialoq forumu (7-9 aprel 2011-ci il) xüsusilə qeyd edilməlidir. 

ICESCO rəhbərliyinin təşkilatçılığı ilə görkəmli şərqşünas alim Aida İmanquliyevanın “Müasir ərəb ədəbiyyatının korifeyləri” əsəri və “Ərəb hərfləri ilə Azərbaycan yazısı” kitabı ərəb dilində çap edilmişdir. 

ICESCO-nun aylıq xüsusi jurnalında Azərbaycan ilə əlaqələrə həmişə geniş yer ayrılması, 2008-ci ildə Mərakeşdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsində ICESCO rəhbərliyinin göstərdiyi hərtərəfli dəstək diqqətə layiqdir. ICESCO çərçivəsində qəbul edilmiş qərarlarda Dağlıq Qarabağ problemi ilə bağlı maddələr öz əksini tapmışdır. 

Respublikamızda fəaliyyət göstərən Kainat Gənclik Mərkəzi 2011 və 2012-ci illərdə ICESCO Baş direktoruna müraciət edərək, İslam dünyası gənclərinin (20 yaşadək) klassik musiqi ifaçılığı ilə bağlı beynəlxalq müsabiqəsinin keçirilməsi layihəsinə maliyyə yardımı göstərilməsini xahiş etmişdir. ICESCO rəhbərliyi adı çəkilən mərkəzin müraciətinə cavab olaraq, həmin məqsəd üçün qeyd edilən illərdə 10 min ABŞ dolları ayırmışdır. 

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov 28 fevral-3 mart 2011-ci il tarixlərində Mərakeş Krallığına səfəri zamanı ICESCO-nun Baş direktoru Ə.Tuveycri ilə görüşüb, ICESCO-Azərbaycan əlaqələri, ICESCO-nun xətti ilə Azərbaycanda keçirilən tədbirlər, həmin tədbirlərə Heydər Əliyev Fondunun dəstəyi məmnunluqla qeyd edib.

7-9 aprel 2011-ci il tarixlərində ICESCO-nun Baş direktoru Ə.O.əl-Tuveycri “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nda iştirak etmək məqsədilə Bakıda səfərdə olub. 

Ə.O.əl-Tuveycri 2011-ci ildə elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatına layiq görülüb. O, sözügedən mükafatın təqdim edilməsi məqsədilə 2011-ci ilin 9-11 may tarixlərində Bakıya səfər edərək, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə keçirilmiş tədbirlərdə iştirak edib. 

ICESCO-nun Baş direktoru Ə.O.ət-Tuveycri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Ə.Qarayevin dəvəti ilə 10-11 oktyabr 2011-ci il tarixlərində Bakıda keçirilmiş “Bakı Beynəlxalq Humanitar Forum”da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində Ə.O.ət-Tuveycri Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Birinci xanım, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən qəbul edilib. 

17 oktyabr 2011-ci il tarixində ICESCO-nun Rabat şəhərindəki daimi qərargahında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə Sivilizasiyaların Alyansı üzrə Əlaqələndirmə Mərkəzinin 2-ci toplantısı çərçivəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə tədbir keçirilib. 

12-14 dekabr 2011-ci il tarixlərində ISESCO və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Qızların təhsilinin təşviq edilməsi: hazırkı vəziyyət, çağırışlar və gələcək perspektivlər” mövzusunda beynəlxalq tədbir keçirilib. 

Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı 2012-ci ilin fevralın 24-də ICESCO-nun mənzil qərargahının böyük zalında səfirliyin, ICESCO və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə anma mərasimi keçirilib. 

Tədbirin hazırlanması və keçirilməsi ilə bağlı ICESCO-nun baş direktoru Ə.O.əl-Tüveycrinin göstərdiyi səylər və onun mərasimdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqrımı barədə ədalətli və cəsarətli çıxışı xüsusilə qeyd edilməlidir. 

ICESCO-nun baş direktoru Ə.O.ət-Tuveycri Bakıda keçirilmiş “23-cü Crans Montana illik forumu”nda iştirak etmək məqsədilə 29-30 iyun 2012-ci il tarixlərində Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Ə.O.ət-Tuveycri Birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva tərəfindən qəbul edilib. Mehriban xanım Əliyeva ICESCO-nun 30 illik yubiley xatirə qızıl medalı ilə təltif edilib.

ICESCO-nun baş direktoru Ə.O.ət-Tuveycri “İkinci Bakı Beynəlxalq Humanitar Forumu”nda iştirak etmək məqsədilə 4-5 oktyabr 2012-ci il tarixlərində Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Ə.O.ət-Tuveycri Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Ə.O.əl-Tüveycri təşkilatın fəaliyyətinə göstərdiyi yüksək qayğıya və dəstəyə görə ICESCO-nun 30 illiyinə həsr olunmuş emblemi dövlətimizin başçısına təqdim edib.

7 may 2013-cü il tarixində ICESCO-nun mənzil qərargahında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. 

ICESCO-nun baş direktoru Ə.O.ət-Tuveycri Azərbaycan Respublikası, ICESCO və BMT-nin birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş (18-19 mart 2013-cü il) “Terrorizmin qarşısının alınması üçün əməkdaşlığa dair Beynəlxalq Konfrans”da, Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ICESCO-nun dəstəyi ilə Bakıda keçirilən “İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda (29 may-1 iyun 2013-cü il), “Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu”nda (31 oktyabr-1 noyabr 2013-cü il) iştirak etmək məqsədilə ölkəmizdə səfərlərdə olublar. 

22-24 oktyabr 2013-cü il tarixlərində Bakıda “ICESCO-nun Asiya regionu ölkələri üzrə Milli komissiyaları baş katiblərinin regional iclası” keçirilib.

11-12 noyabr 2013-cü il tarixlərində Bakı şəhəri “ICESCO-ya üzv ölkələrin Uşaq Məsələləri üzrə nazirlərinin IV Konfransı”na ev sahibliyi edib. Konfransın əsas mövzusu islam dünyasında uşaqlar və urbanizasiya problemləri olub. Konfransdan əvvəl 8-9 noyabr tarixlərində ICESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə yüksək səviyyəli ekspertlərinin görüşü keçirilib.

2014-cü ilin 26 fevral tarixində ICESCO-nun baş qərargahında Xocalı soyqırımına həsr edilmiş anma mərasimi keçirilib.

2014-cü ilin 11 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi şəhərində keçirilmiş “Müsəlman cəmiyyətlərində sülhün təşviqi” mövzusunda beynəlxalq konfrans çərçivəsində Azərbaycanla bağlı təşkil edilmiş xüsusi tədbirdə ICESCO baş direktoru Ə.əl-Tuveycri çıxış edib.

2014-cü ilin 24-26 aprel tarixlərində Bakı şəhərində keçirilmiş İslam Dünyasının Gənc (20 yaşadək) klassik musiqi ifaçılarının 3-cü Beynəlxalq festival-müsabiqəsinə ICESCO tərəfindən təşkilati dəstək göstərilib.

2014-cü ilin 15-17 iyun tarixlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri K.Heydərov Mərakeş Krallığına səfəri zamanı ICESCO Baş direktoru Ə.O.əl-Tuveycri ilə görüşüb.

2014-cü ilin 1-2 oktyabr tarixlərində ICESCO Baş direktoru Ə.əl-Tuveycri Bakıda keçirilmiş IV Beynəlxalq Humanitar Forumda iştirak edib.

2014-cü ilin 20-21 oktyabr tarixlərində ICESCO Baş direktorunun müavini A.Əl-Həcri Bakıda keçirilmiş “İӘT üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V beynəlxalq konfransda iştirak edib.

2014-cü ilin 19 noyabr tarixində ICESCO baş direktoru Ə.O.əl-Tuveycri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvü təyin edilib.

2014-cü ilin 18 dekabr tarixində AR-ın ICESCO-da daimi nümayəndəsi T.Əliyev və AR Təhsil Nazirliyinin nümayəndəsi ICESCO-nun Baş qərargahında keçirilmiş İslam ölkələrinin Ali Təhsil və Elmi Araşdırma Nazirlərinin 7-ci Konfransında iştirak ediblər.

2015-ci ilin 27-30 aprel tarixlərində ICESCO baş direktoru Ə.O.əl-Tuveycri III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Bakıya səfər edib. Səfər çərçivəsində ICESCO baş direktoru bir sıra görüşlər keçirib, o cümlədən AR xarici işlər naziri tərəfindən qəbul edilib.

2015-ci ilin 18-19 may tarixlərində ICESCO Baş direktoru Ə.O.əl-Tuveycri Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası dialoq Forumunda iştirak edib.

ICESCO-nun Baş direktoru Ə.O.əl-Tuveycri “Bakı-2015” ilk Avropa oyunlarının açılış mərasimində iştirak etmişdir.

2015-ci ilin 23-27 noyabr tarixlərində Bakıda ICESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı sessiyası keçirilib. Həmin vaxt Azərbaycan növbəti üç il müddətinə Baş Konfransın sədri seçilib. 2015-ci ilin 23-24 noyabr tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının İcraiyyə Şurasının 36-cı sessiyası Bakıda keçirilib.

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası və ICESCO arasında hərtərəfli uğurlu əməkdaşlığın qurulmasında səmərəli fəaliyyətinə və Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında müstəsna xidmətlərinə görə ICESCO baş direktoru Ə.O. əl-Tuveycri “Dostluq” ordeni ilə təltif edilib. 

26-27 noyabr 2015-ci il tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının 12-ci Baş Konfransı Bakıda keçirilib. Tədbirin açılış mərasimində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak ediblər.

ICESCO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2016-cı il tarixli sərəncamı əsasında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb. 

4 may 2017-ci ildə Prezident İlham Əliyev ICESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edib. Söhbət zamanı Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi töhfənin önəmi vurğulanıb, ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin müsəlman ölkələrinin bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyi qeyd olunub. Görüşdə, həmçinin Azərbaycan ilə ICESCO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, ICESCO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi yüksək qiymətləndirilib. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2017-ci il mayın 5-də Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ICESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər. ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan ilə təşkilat arasında səmərəli əməkdaşlığın qurulduğunu bildirib. 

2018-ci il 21-22 fevral tarixlərində ICESCO Uşaq Məsələləri üzrə Nazirlərin Rabatda keçirilmiş 5-ci İslam Konfransında Azərbaycan Respublikasını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. 20 iyun 2018-ci ildə Naxçıvan şəhərində “Naxçıvan islam mədəniyyətinin paytaxtı-2018” mədəniyyət ilinin açılışı keçirilib. Tədbirdə ICESCO-nun Baş Direktoru Əbdüləziz Osman Əl-Tüveycri, mədəniyyət naziri Əbülfəs Qarayev, bir sıra ölkələrin mədəniyyət nazirləri iştirak ediblər.

13 dekabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkəmizin Mərakeş Krallığındakı səfiri Oktay Qurbanov iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Mavritaniya İslam Respublikasında və Seneqal Respublikasında fövqəladə və səlahiyyətli səfir və Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi təyin edilmişdir.

2019-cu yanvarın 18-də “20 Yanvar” faciəsinin 29-cu ildönümü münasibətilə ICESCO-nun saytında təşkilatın Baş katibi Əbdüləziz Əl-Tüveycrinin adından ilk dəfə olaraq bəyanat yayılmış və faciə insanlığa qarşı bir cinayət kimi pislənilib. Bəyanatda dünya ictimaiyyətinə və beynəlxalq insan hüquqları təşkilatlarına faciəyə hüquqi qiymətin verilməsi və beynəlxalq hüquqa uyğun olaraq bu cinayəti törətmiş şəxslərin cəzalandırılmasına çağırış ifadə edilib. Eyni zamanda, bəyanatda dünyanın vacib regionunda sülhün və təhlükəsizliyin bərqərar olması üçün ICESCO tərəfindən beynəlxalq ictimaiyyətə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməsinə məcbur edilməsinə dair müraciət ünvanlanıb.

2019-cu il yanvarın 31-də ICESCO Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Sərsəng su anbarından yeni su kanalı çəkilməsi cəhdlərini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirən bəyanat verib.

2-3 dekabr 2019-cu il tarixlərində ICESCO-nun Baş qərargahında keçirilmiş İslam Dünyası İrsi Komitəsinin növbədənkənar toplantısında Azərbaycan Respublikasının aşağıdakı mədəni irs nümunələri İslam Dünyası İrsi Siyahısına daxil edilmişdir:
-Bakının İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi;
-Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi;
-Qobustan Qaya Sənəti Mədəni Landşaftı;

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.