Mövlud bayramı münasibətilə Bakıda Təzəpir məscidində təntənəli mərasimdə çıxışı

26 avqust 1994-cü il

Əziz həmvətənlər, möhtərəm dünya və Azərbaycan müsəlmanları!

Bu gün bizim üçün müqəddəs gün – Məhəmməd peyğəmbərin mövlud günüdür. Bu münasibətlə sizi və bütün müsəlmanları təbrik edir, Qurani-Şərifin tövsiyələrinin həyata keçirilməsində hamınıza uğurlar arzulayıram.

İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir. Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir. Biz bu yolla gedirik və bundan sonra da gedəcəyik.

Son illər dinimizə qayıtmağımız, müstəqil Azərbaycan Respublikasında İslam dininin öz yerini tutması tarixi hadisədir. Əsrlər boyu xalqımız bu dinə bağlı olaraq, ondan bəhrələnərək yaşayıb-yaratmışdır. Dinimizin yasaq edildiyi son 70 il ərzində də hər bir etiqadlı adam onu öz qəlbində yaşatmışdır. İndi isə müstəqil Azərbaycan Respublikası, İslama etiqad edən azərbaycanlılar müsəlman aləminin və ümmətinin tərkib hissəsidir. Bu da əsrlər boyu yaşamış və bizim üçün böyük dayaq olan milli, dini, mənəvi ənənələrimizin bərpa və inkişafının, möhkəmlənməsinin təzahürüdür. Güman edirəm ki, biz azərbaycanlılar – bu, sonradan gələcək bütün nəsillərə də tövsiyə olunur – heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq.

Azərbaycan müstəqil dövlətdir. Azərbaycan xalqı öz milli azadlığına, müstəqilliyinə nail olmuşdur. Bu, milli, mədəni, dini ənənələrimizin bərpasına şərait yaratmışdır. Biz bu şəraitin möhkəmlənməsi üçün bundan sonra da çalışacağıq və əmin ola bilərsiniz ki, prezident kimi mən bu yolda əlimdən gələni əsirgəməyəcəyəm.

İslam dini həmişə insanları saflığa, təmizliyə, ülvi mənəviyyata dəvət etmişdir. Qurani-Kərim insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir. Müstəqil Azərbaycan Respublikasının bu ağır, çox çətin, keşməkeşli dövründə bütün bunların bizdən ötrü böyük əhəmiyyəti var. Ölkəmiz altı ildir ki, müharibə şəraitindədir. Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin iyirmi faizi işğal edilmişdir, bir milyondan artıq vətəndaşımız qaçqın vəziyyətində yaşayır. Xalqımız bu müharibədə qəhrəmanlıq nümunələri göstərmişdir. Cəsur oğullarımız öz torpağına, Vətəninə, milli ənənələrinə, dininə, inamına sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini qorumaq naminə fədakarlıqla vuruşmuş və canlarından keçmiş, şikəst olmuşlar. Biz bu gün də torpaqlarımızın müdafiəsində, Vətənimizin keşiyində durmuşuq.

Bu altı ildə Azərbaycanın daxilində çox çətin, ağır, mürəkkəb proseslər getmiş, qarmaqarışıqlıq olmuşdur. Azərbaycan müstəqil olduğuna, keçmiş sosial-iqtisadi, siyasi sistemdən yeni sistemə keçdiyinə görə bu dövrdə çox böyük çətinliklərlə üzləşmişdir. Əl-ələ verərək bu çətinliklərdən çıxmaq əvəzinə, bəzi qüvvələr, qruplar Azərbaycanın belə ağır dövründə yalnız öz mənafelərini güdmüşdür. Buna görə və eyni zamanda Ermənistan silahlı qüvvələrinin ayrı-ayrı mənbələrdən aldıqları yardımlar nəticəsində Azərbaycan öz torpaqlarının müdafiəsində bəzi məğlubiyyətlərə uğramışdır.

Məhz bu dövrdə hər bir azərbaycanlı, hər bir müsəlman ilk növbədə İslam dininin tövsiyələrindən istifadə edərək öz mənəviyyatını yüksəltməlidir. Mənəviyyatımız nə qədər yüksək olarsa, biz insanlarda, hər bir azərbaycanlıda, müsəlmanda Vətənə, öz amallarına sədaqət, mənəvi saflıq əhval-ruhiyyəsi tərbiyə edə bilsək, Azərbaycan bu ağır böhran dövründən, çətinliklərdən tezliklə və müvəffəqiyyətlə çıxacaqdır. Sizi əmin edirəm ki, Azərbaycan dövləti, prezident kimi şəxsən mən bu istiqamətdə, bu yollarla Azərbaycan xalqının çətin vəziyyətdən çıxması üçün lazımi tədbirlər görürük və bundan sonra da görəcəyik.

Bu gün biz Məhəmməd peyğəmbərin mövludu gününü bayram kimi qeyd edərkən eyni zamanda dərdlərimizi açıq-aşkar deməliyik və Azərbaycanın tam bütövlüyünü və müstəqilliyini təmin etmək üçün hər bir kəsi fəaliyyət göstərməyə çağırmalıyıq.

Bildiyiniz kimi, son vaxtlar apardığımız siyasi danışıqlar nəticəsində üç ay yarımdır ki, cəbhədə atəş dayandırılmışdır. Ermənistanla Azərbaycan arasında gedən altı illik müharibə ərzində, demək olar, ilk dəfədir ki, belə uzunmüddətli atəşkəs rejimi yaranmışdır və davam edir. Mən bunu böyük nailiyyət sayıram. Çünki Azərbaycanı ağır bəladan qurtarmaqdan ötrü bütün imkanlardan istifadə etməliyik. Şübhəsiz ki, əsas vəzifəmiz ordunu gücləndirməkdən, adamlarda vətənpərvərlik ruhunu daha da yüksəltməkdən, hər bir vətəndaşın, hər bir azərbaycanlının öz Vətənini müdafiə etməyi ən müqəddəs vəzifə saymasına nail olmaqdan, torpaqlarımızı azad etmək əzmindən ibarət olmalıdır.

Hər bir müharibə sülhlə qurtarır. Ona görə də biz ordumuzu möhkəmlətməklə yanaşı, sülh danışıqları aparılması üçün də fəaliyyət göstəririk. Bu, asan məsələ deyil. Biz beynəlxalq təşkilatların, dünyanın böyük, nüfuzlu dövlətlərinin imkanlarından ardıcıl surətdə istifadə edirik. Bu gün sizə deyə bilərəm ki, sülhməramlı danışıqlar, atəşkəs haqqında sazişlər dünya ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Biz beynəlxalq təşkilatlarla, dünyanın böyük dövlətləri olan Rusiya, Amerika Birləşmiş Ştatları ilə və Avropa ölkələri, qonşu Türkiyə və İranla, başqa dövlətlərlə danışıqlar aparırıq. Onlar da indi sülh danışıqları aparılmasını zəruri sayır və özləri də bu istiqamətdə çalışırlar. Biz bu xəttimizi davam etdirəcəyik.

Atəşin dayandırılması hələ müharibənin qurtarması demək deyildir. Biz, sadəcə olaraq, hər bir vasitədən istifadə edirik və atəşkəs də belə vasitələrdən biridir. İki gün əvvəl mən ATƏM-in Minsk qrupunun sədri cənab Yan Eliassonu qəbul etmişəm. Danışıqlarımızdan sonra o, Ermənistana getmiş və bu gün təzədən Bakıya qayıtmışdır. Biz hər gün danışıqlar aparırıq. Bunların bəziləri haqqında məlumat mətbuat vasitəsilə xalqa çatdırılır. Siz də, bütün Azərbaycan xalqı da bilin və əmin olun ki, biz gecəli-gündüzlü bu işlərlə məşğuluq və ölkəmizi bu ağır bəladan qurtarmaq istəyirik.

Müharibə xalqımıza hədsiz müsibətlər gətirmişdir. Bu müqəddəs gündə Allahın evində – Təzəpir məscidində bir daha deyirəm ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, xalqımızın milli azadlığı uğrunda şəhid olanların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Allah onlara rəhmət eləsin! Şəhid ailələri hər birimizin qayğısını hiss etməlidir. Şəhid ailələrinə qayğı göstərmək üçün dövlət əlindən gələni edir və edəcəkdir. Eyni zamanda hər bir vətəndaş, imkanlı adam, hər bir təşkilat və cəmiyyət şəhid ailələrinin vəziyyəti ilə daim maraqlanmalıdır.

Bu müharibə dövründə Vətənin müdafiəçilərinin bir qismi döyüşlərdə aldığı yaralardan şikəst, əlil olmuşdur. Onlar cəmiyyətimizdə ən hörmətli adamlardır. Bu adamlara qayğı göstərmək, onların problemlərini həll etmək hamının borcudur. Dövlət də bu sahədə lazımi tədbirlər görür. Güman edirəm ki, ictimai təşkilatlar, dini qurumlar, məscidlər də bu adamlardan qayğı və köməyini əsirgəməyəcəkdir.

Azərbaycanın müstəqilliyini qorumaq üçün ordumuz möhkəmləndirilməlidir. Ona görə yox ki, biz müharibə aparmaq istəyirik. Biz bu fikirdə deyilik, məsələnin sülh yolu ilə həllini istəyirik. Bu da müəyyən şərtlərlə bağlıdır. Yəni, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş torpaqlarından çəkilməli, respublikamızın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilməli, Azərbaycan dövləti öz ərazisinin hər bir nöqtəsində hakim olmalıdır. Biz bu şərtlərlə sülh danışıqları aparır, müharibəyə son qoymağa çalışırıq.

Bununla yanaşı, silahlı qüvvələrimizin daha da möhkəmləndirilməsini unutmamalıyıq. Ona görə ki, cəbhə bölgəsində torpaqlarımızı etibarlı müdafiə edə bilək. Həm də ona görə ki, hər bir müstəqil dövlətin güclü ordusu olmalıdır. Müstəqil Azərbaycanın belə bir güclü ordusunun yaranmasında dinimizin qoyduğu yol insanların torpağa, öz xalqına, mənəviyyatına sədaqətli olmasına kömək etməlidir. Dindarlardan, ruhanilərdən, dini təşkilatlardan, məscidlərdən rica edirəm ki, ordumuzun möhkəmləndirilməsi, burada yüksək mənəviyyatlı əsgər və zabitlərin xidmət etməsi üçün əlinizdən gələni əsirgəməyin. Çünki mənəviyyatımızın əsasını milli ənənələrimiz, İslam dini təşkil edir. Ona görə də siz gənclərə nə qədər saflıq, təmizlik, Vətənə sədaqət kimi keyfiyyətlər aşılasanız, onları bu ruhda tərbiyə etməyə çalışsanız, ordumuz bir o qədər möhkəm, qüdrətli, Azərbaycanın müstəqilliyini həmişə müdafiə etməyə qadir olacaqdır.

Bilməlisiniz ki, Azərbaycan öz müstəqilliyini heç vaxt əldən verməyəcək. Azərbaycanın hər bir vətəndaşı, hər bir müsəlman çalışmalıdır ki, bu müstəqillik, ölkəmizin beynəlxalq mövqeyi, daxili ictimai- siyasi vəziyyəti möhkəmlənsin. Bu yolda sizin də böyük rolunuz, xidmətləriniz ola bilər.

Ağır müharibə şəraitində Azərbaycan iqtisadi böhran keçirir. Bir çox obyektiv, bəzən də subyektiv səbəblərə görə istehsal müəssisələrinin bir çoxu dayanmışdır. Ona görə də respublikada yaşayış çətindir, bəzi ərzaq məhsulları çatışmır, işsizlər var. Ancaq sizi əmin etmək istəyirəm ki, bunlar hamısı müvəqqəti çətinlikdir, onları aradan qaldıracağıq. Azərbaycan xalqı belə çətinliklərlə çox üz-üzə gəlmişdir, lakin milli qürurunu, mənliyini, mənəviyyatını, ən nəhayət, ümidini heç vaxt itirməmişdir, daim ümidlə yaşayaraq gələcəyə baxmış və çətinlikləri aradan qaldırmışdır.

Bu, bizim tarixi keçmişimizdir. İndi də biz ağır mərhələdəyik. Belə bir vaxtda hər kəs əlindən gələni etməlidir ki, bu ağır vəziyyətdən çıxaq. Prezident kimi mən də, dövlətimiz, hökumətimiz də çalışırıq ki, ölkəni bu vəziyyətdən qurtaraq və əmin ola bilərsiniz ki, qurtaracağıq. Dözümlü xalqımız bu ağır dövrdə daha da dözümlü, dəyanətli, mətanətli olmalıdır. Siz din xadimləri də bu vəziyyəti adamlara izah etməlisiniz.

Ölkəmizi ağır vəziyyətdən çıxarmaq üçün, möhtərəm şeyxülislam Hacı Allahşükür Paşazadənin də bu gün burada dediyi kimi, bizə birlik, vəhdət lazımdır. Vəhdət Azərbaycan xalqına, bütün müsəlmanlara böyük bəlalardan xilas olmaqda həmişə kömək etmişdir. Vətəndaş birliyi, milli birlik yaradılmasında din xadimlərinin də böyük rolu var. Ona görə də mən sizə müraciət edirəm. Bu ağır dövrdə xalqı dövlətin ətrafında, tutduğumuz yol, amal ətrafında birləşdirmək üçün əlinizdən gələni əsirgəməyin.

Şübhəsiz ki, tarixən hər bir cəmiyyətdə mənfi ünsürlər olmuşdur və bu gün bizim cəmiyyətimizdə də var. Əgər belə olmasaydı, Qurani-Kərimdə də insanları bəd əməldən, xatalı yoldan çəkinməyə çağıran ayələr yazılmazdı. İnsanların həmişə düz yolla, təmiz mənəviyyat yolu ilə getməsinə çalışmaq lazımdır. Cinayətə, cürbəcür təxribata əl atan adamların həm qarşısını almaq, həm də onları tərbiyə etmək lazımdır. Bunu bizdən Allah-təala tələb edir, bizə bu dərsi həzrəli peyğəmbər vermişdir. Bütün bunlar Allahın Məhəmməd peyğəmbərə nazil etdiyi müqəddəs kitabımızda yazılmışdır.

Ona görə də hamınız bir olun. Aranı qarışdırmaq istəyən, respublikanın bu ağır vəziyyətində çirkin məqsədlərini həyata keçirmək istəyən qrupların, şəxslərin qarşısı alınmalıdır. Əminəm ki, din xadimlərimiz, Allaha inanan, İslama sadiq olan adamlar məhz bu yolla gedəcəklər. Mən sizə inanıram, güvənirəm və arxalanıram. Bilməlisiniz ki, prezident kimi mən müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi üçün bundan sonra da əlimdən gələni edəcək, dövlətçiliyimizi, müstəqilliyimizi qorumaq üçün bütün tədbirləri görəcəyəm. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə xəyanət etmək istəyən hər bir şəxs Allah-təalanın əmri ilə lazımi cəzasını alacaqdır. Bu müqəddəs vəzifələri yerinə yetirməkdə mən sizə, bütün Azərbaycan xalqına, respublikamızdakı müsəlmanlara güvənirəm və əminəm ki, qarşımızda duran vəzifələri layiqincə yerinə yetirəcəyik.

İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda da müsəlmanlarla yanaşı, başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları eynihüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah- təalanın buyuruğu, bizim yolumuzdur.

Bu gün müqəddəs Təzəpir məscidində sizinlə bir yerdə olmağımdan, qarşınızda çıxış edərək ürəyimdəki sözləri sizə və sizin şəxsinizdə bütün müsəlman aləminə, Azərbaycanın bütün vətəndaşlarına çatdırmaq imkanı əldə etdiyimdən məmnun qaldığımı bildirirəm. Bu müqəddəs gündə hamınıza xoşbəxtlik və cansağlığı arzulayıram. Bir daha demək istəyirəm ki, yaman günün ömrü az olar. Azərbaycan bu ağır vəziyyətdən çıxacaq, hamımız əl-ələ verərək müstəqil Azərbaycanın gözəl gələcəyinə doğru birlikdə gedəcək, qarşımıza çıxan bütün maneələri vəhdətimiz, birliyimiz, qardaşlığımız və dostluğumuzla aradan qaldıracağıq.

Müqəddəs bayram münasibətilə sizi bir daha təbrik edir, hər birinizə, bütün xalqımıza, Azərbaycan müsəlmanlarına cansağlığı, xoşbəxtlik arzulayıram. Sizi əmin edirəm ki, mən həmişə sizinləyəm, xalqlayam və inanıram ki, xalq da seçdiyi prezidentlə birdir. Sağ olun!

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.