Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsində nitqi

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iqamətgahı

4 oktyabr 2007-ci il

Hörmətli şeyx həzrətləri! 
Hörmətli din xadimləri! 
Hörmətli səfirlər! 
Hörmətli xanımlar və cənablar!

Şeyx həzrətləri, ilk növbədə, mənim ünvanıma deyilən bütün xoş sözlərə görə sizə və din xadimlərinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizi və bütün Azərbaycan xalqını əmin etmək istəyirəm ki, mən bundan sonra da doğma xalqımın etimadını doğrultmağa çalışacağam. 

Dörd il bundan əvvəl Azərbaycan xalqı mənə öz etimadını göstərdi, ölkəmizin ən yüksək vəzifəsinə seçdi. Əlbəttə, o vaxt Azərbaycan xalqı yaxşı bilirdi ki, Heydər Əliyevin siyasi xətti davam etdiriləcəkdir. Amma necə, hansı formada davam etdiriləcək, uğurlar necə əldə olunacaq, ümumiyyətlə, idarəçilik üslubu hansı şəkildə inkişaf edəcək - yəqin ki, bunları bilmək mümkün deyildi. Mən çox şadam ki, dörd il ərzində görülən bütün işlər, aparılan siyasət Azərbaycanı daha da inkişaf etdirdi, ölkəmiz daha da qüdrətləndi, gücləndi, öz mövqelərini möhkəmləndirdi, ölkəmizdə vətəndaş birliyi tam şəkildə bərqərar olundu. Xalqla iqtidar arasında münasibətlər ən yüksək səviyyədədir. Bizim bütün planlarımız, nəzərdə tutduğumuz proqramlar həyatda öz əksini tapdı. Bundan sonra da biz hamımız çalışmalıyıq ki, doğma vətənimizi daha da sürətlə inkişaf etdirək, mövcud olan bütün problemləri həll edək. Elə edək ki, Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşasın. 

Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır və mən hörmətli şeyx həzrətlərinə öz minnətdarlığımı bildirmək istəyirəm ki, o, bu tədbirləri keçirir. Bundan başqa, gündəlik həyatda öz fəaliyyəti ilə Azərbaycanda dini tolerantlığın möhkəmlənməsinə çox böyük töhfə verir. Azərbaycan xalqı bunu bilir, qiymətləndirir və bu, ölkəmizin hərtərəfli inkişafı üçün çox vacibdir. Azərbaycan çoxmillətli ölkədir. Burada müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, nadir bir təcrübədir. Düzdür, biz buna öyrəşmişik və hesab edirik ki, belə də olmalıdır. Təsəvvür edə bilmərik ki, başqa cür ola bilər. Amma biz bilirik ki, başqa cür də olur. Bəzi hallarda dinlərarası münasibətlərə gərginlik gətirilir, süni şəkildə qarşılıqlı ittihamlar irəli sürülür. Bəzi hallarda müxtəlif ölkələrdə İslam dini haqqında çox yanlış təsəvvür yaradılır. Biz bunun qarşısına öz təcrübəmizi qoymalıyıq, görülən işləri qoymalıyıq. 

Azərbaycanın timsalında görülən işləri qoymalıyıq və bunu edirik. Bu, bizim ölkəmiz üçün lazımdır, bölgə üçün lazımdır və dinlərarası münasibətlərin inkişafı, sivilizasiyalararası dialoqun möhkəmlənməsi üçün lazımdır. Azərbaycan bu sahədə öz töhfəsini verir və əminəm ki, bundan sonra da ölkəmizdə dinlərarası münasibətlər yalnız və yalnız yüksələn xətlə inkişaf edəcəkdir. Əlbəttə, bu işlərdə dövlət siyasəti və yenə də qeyd etmək istəyirəm ki, din xadimlərinin birgə fəaliyyəti çox mühüm rol oynayır. Mən eyni zamanda bizim yəhudi, xristian, o cümlədən katolik qardaşlarımızın fəaliyyətini də yüksək qiymətləndirmək istəyirəm. Şeyx həzrətlərinin rəhbərliyi ilə bütün bu işlər məqsədyönlü şəkildə, çox böyük dəqiqliklə, çox böyük mədəniyyətlə aparılır və Azərbaycanın inkişafında, ölkəmizin möhkəmlənməsində bunun çox böyük rolu var. 

Bizim ölkəmizin çox böyük imkanları var və ildən-ilə bu imkanlar artır. İqtisadi potensial güclənir, Azərbaycanda demokratikləşmə prosesləri çox sürətlə gedir. Biz dünyaya çox sürətlə inteqrasiya edən ölkəyik. Demək olar ki, Azərbaycanda hər bir sahə inkişaf edir. Hər bir sahənin inkişafı üçün dövlət və hökumət proqramları var və bunlar icra olunur. Ancaq əgər ictimai-siyasi ab-hava yaxşı olmasa, Azərbaycanda millətlərarası münasibətlər yüksək səviyyədə olmasa, bizim uğurlarımız yarımçıq olardı. Yalnız bütün bu amillərin sintezi ölkəmizi daha da irəliyə aparacaq və bunlar bizdə var. Azərbaycanda ictimai-siyasi vəziyyət çox müsbətdir, sabitlik ölkəmizin inkişafına ən böyük töhfədir. Biz görürük, o ölkələrdə ki, sabitlik pozulur, orada daim böhran hökm sürür, inkişafdan söhbət gedə bilməz, vəziyyət gərginləşir və ölkə daim ziddiyyətlər içərisindədir. 

Əlbəttə, Azərbaycanda problemlər, iqtisadi, sosial problemlər var. Amma onlar aradan qaldırılır. Bundan başqa cəmiyyəti narahat edən problemlər yoxdur. Ölkə hansı istiqamətdə inkişaf edir, düzgün istiqamətdə, yaxud da səhv istiqamətdə - bu barədə cəmiyyətdə diskussiyalar aparılmır. Bu, bizim böyük nailiyyətimizdir. Yəni Azərbaycan xalqı tam şəkildə bu ideyalar ətrafında, azərbaycançılıq fəlsəfəsi ətrafında, dövlətçilik ideyaları ətrafında birləşir. Bu birlik bizim gücümüzdür və bizə, iqtidara imkan verir ki, çox sakit, rahat şəkildə öz siyasətini ardıcıl surətdə həyata təqdim etsin və Azərbaycanın hərtərəfli inkişafına nail olunsun. Biz bunu görürük. Mən din xadimlərinin bu sahədəki fəaliyyətini çox yüksək qiymətləndirirəm. 

Azərbaycanda din dövlətdən ayrıdır. Bu, bizim Konstitusiyamıza görə belədir. Amma, eyni zamanda, din dövlətlə birdir. Çünki bizim amalımız birdir. O da ondan ibarətdir ki, ölkəmizin müstəqilliyi daha da möhkəmlənsin. Azərbaycanda bütün sosial problemlər öz həllini tapsın, işsizlik aradan qaldırılsın, yoxsulluq aradan qaldırılsın, ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənsin, regional müstəvidə aparıcı rol oynayaq. Bu fikirlər, bu ideyalar bütün Azərbaycan xalqını birləşdirən ideyalardır. 

Mən çox şadam ki, indi Azərbaycanda çox gözəl ictimai-siyasi vəziyyət var, çox gözəl ab-hava var. Xalqımız da gələcəyə çox böyük nikbinliklə baxır və buna əsas var. Bizim iqtisadi uğurlarımız dünyanın heç bir başqa ölkəsində heç vaxt olmamışdır. Heç bir ölkədə üç il ərzində iqtisadiyyat iki dəfə artmamışdır. Dörd il ərzində büdcə xərcləri təxminən 10 dəfə artmamışdır. Bu yaxınlarda Milli Məclisdə deputatlar gələn ilin büdcəsinə baxacaqlar, müzakirə edəcəklər və hökumət tərəfindən təklif olunan paket çox genişdir. Yəni ilkin təklif ondan ibarətdir ki, bizim icmal büdcəmiz 12 milyard dollara bərabər olsun. Beş il bundan əvvəl bizim büdcəmiz cəmi 1,5 milyard dollar idi. Yəni bu reallıqdır və özünü hər bir sahədə göstərir. Gələn il təkcə dövlət investisiya xərcləri 3 milyard dollar olacaqdır. Haraya xərclənəcək?! İnfrastruktur layihələrinə, su kəmərlərinə, elektrik stansiyalarına, qaz xətlərinə, məktəblərə, xəstəxanalara, yollara, körpülərə. Bizim bütün rayonlarımızda bu işlər davam edir. 

Biz regional inkişaf proqramını dörd il bundan əvvəl qəbul etmişik. Mən əmin idim ki, biz bunu icra edəcəyik. Yadımdadır, o vaxt deyəndə ki, Azərbaycanda 600 min iş yeri yaradılacaq, bəzi hallarda buna inanmırdılar. Amma reallıq bundan ibarətdir. Hələ ki, proqramın icrası başa çatmayıb, ancaq 570 min iş yeri açılmışdır. 570 min insan işlə təmin olunmuşdur, öz ailəsinə pul gətirir. Bu iş yerləri, öz növbəsində, yeni istehsalların yaranmasına gətirib çıxarır. Yəni qeyri-neft sektoru inkişaf edir. Bütün bunlar bir-biri ilə sıx bağlı olan məsələlərdir. Yəni ki, iqtisadi sahədə bizim apardığımız siyasət özünü tam sübut edir. 

Siyasi sahədə müstəqil siyasət Azərbaycan xalqı tərəfindən bəyənilir, dəstəklənir. İqtisadi güc bizə imkan verir ki, xarici siyasətimiz Azərbaycan xalqının maraqları əsasında, yalnız və yalnız bu amillər əsasında qurulur. 

Sosial məsələlərin həlli müşahidə olunur və bu iş daha da sürətlə gedəcəkdir. Bir sözlə, mən Dağlıq Qarabağ problemindən başqa, Azərbaycanın qarşısında heç bir problem görmürəm. O problemi də biz həll etməyə çalışırıq və çalışacağıq. Haqq-ədalət bizim tərəfimizdədir, bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir və biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Buna şübhəm yoxdur və bunu etmək üçün mən gecə-gündüz çalışıram. Həm diplomatik səylər, həm siyasi səylər, həm xarici səfərlər, beynəlxalq təşkilatlarla əməkdaşlığımız, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və eyni zamanda, iqtisadi və hərbi güc, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması - biz bu işləri paralel şəkildə aparırıq. 

Mən əminəm ki, ölkəmiz ildən-ilə möhkəmlənəcək, qüdrətlənəcəkdir. Biz öz gələcəyimizi çox aydın görürük. Azərbaycan inkişaf etmiş ölkəyə çevrilməlidir. Yəni dünyada inkişaf etmiş ölkələr o qədər də çox deyil, biz onlardan biri olmalıyıq. Bütün imkanlar var, xalqımız istedadlıdır, biliklidir, iqtisadi potensial güclənir, siyasi proseslər müsbət istiqamətdə inkişaf edir, regional mövqeyimiz möhkəmlənir, güclü sənaye potensialı yaranır. 

Biz ölkəmizi müasirləşdirməliyik. Biz öz tarixi keçmişimizə, milli-mənəvi dəyərlərə bağlıyıq. Öz dinimizə, milli ənənələrimizə bağlıyıq. Bu, uzun illər, onilliklər ərzində müstəmləkə vəziyyətində yaşayanda bizi, Azərbaycan xalqını bir xalq kimi qorudu. Keçmişimiz, mədəniyyətimiz, dilimiz, dinimiz bizim tariximizdir. Amma biz gərək gələcəyə bunun əsasında baxaq. Biz gərək bütün dünyada müsbət olan yenilikləri Azərbaycana gətirək, tətbiq edək. Biz gərək gənclərimizi maarifləndirək, xarici ölkələrin aparıcı ali məktəblərinə göndərək ki, onlar orada yaxşı bilik alsınlar, ondan sonra gəlib öz doğma xalqına peşəkarlıqla xidmət etsinlər. Yəni müasirlik, çox güclü mənəvi bazanın üzərində qurulan müasirlik bizim ölkəmizin gələcəyidir. Mən bu gələcəyi çox açıq görürəm. Əminəm ki, biz buna nail olacağıq və ölkəmiz daha da sürətlə inkişaf edəcəkdir. Hər bir ölkənin vətəndaşı istəyir ki, onun ölkəsində sülh, əmin-amanlıq olsun, maddi rifah olsun və insanlar rahat, yaxşı yaşasınlar, işsizlik, yoxsullar olmasın. Biz də bunu istəyirik, mən də bunu istəyirəm və bunu edirik. 

Mən əziz şeyx həzrətlərinə bir daha öz məhəbbət duyğularımı bildirmək istəyirəm. O, bu gün ulu öndər haqqında danışdı. O da sirr deyil ki, məhz Heydər Əliyevlə şeyx həzrətlərinin dostluğu Azərbaycanda bu dini tolerantlığın inkişafına çox böyük təkan vermişdir. Onların dostluğu, onların arasında olan səmimi münasibət bütün cəmiyyətə öz müsbət təsirini göstəribdir. Bizim aramızda da dostluq var və bu indi yaranmayıbdır. Mən Prezident olandan əvvəl yaranıbdır. Hətta yadımdadır ki, hələ Prezident seçilməmişdən burada buna bənzər bir məclisdə olmuşdum. Mən Prezident seçiləndən sonra şeyx həzrətləri dedi ki, Siz Prezidentsiniz, yəqin gəlməzsiniz. Dedim ki, bizim dostluğumuzda heç nə dəyişməmişdir. Prezident müvəqqəti bir vəzifədir, bir müddət var, ondan sonra yoxdur. Ancaq insani münasibətlər əbədidir, dostluq əbədidir. Biləndə ki, bu dostluq ölkəmizin mənafeyinə xidmət edir, mən daha da çox sevinirəm. 

Əziz dostlar, bu gözəl gündə, müqəddəs Ramazan ayında sizin hamınızı bir daha ürəkdən salamlayıram, xoşbəxtlik və cansağlığı arzulayıram. Sağ olun. 

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı). 

AzərTAc
4 oktyabr 2007-ci il

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.