ISESCO

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) yaradılması ideyası müsəlman dünyasının dirçəlişi dövründə meydana gəlmişdi. O zaman  islamın elmi əsaslara söykənərək inkişaf etməsinin, dirçəlməsinin tərəfdarı olan xadimlər belə bir dirçəlişə yardım edəcək ayrıca bir təşkilatın yaradılmasının zəruri olması qənaətinə gəldilər. Bu ideya müntəzəm olaraq islam ümmətinin xeyri üçün çalışan islahatçıların, yenilikçilərin, İslam birliyi tərəfdarlarının ürəklərini ümidlə dolduran arzuya çevrildi. Belə bir təşkilatın yaradılmasında əsas məqsəd islam ümmətini həmrəyliyə çağırmaq, bu həmrəyliyin təmin edilməsi, buna aktual və müasir forma verilməsi idi. Bu ideya İslam Ölkələri Xarici İşlər Nazirlərinin IX Konfransının (24-28 aprel 1978-ci il, Dakar (Seneqal)) tövsiyəsi əsasında  formalaşdırıldı və həyata keçirilməyə başlandı. Həmin konfransda Birinci  Ümumdünya İslam Təhsil Konfransının keçirilməsi üzrə qətnamə (№ 9/9) qəbul edildi.

İslam Ölkələri Xarici İşlər Nazirlərinin X Konfransında (Fəs (Mərakeş), 8 – 12 mart 1979-cu il) "Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Beynəlxalq İslam Təşkilatı haqqında" qətnamə qəbul edildi. Daha sonra həmin qətnamədə yaradılması nəzərdə tutulan təşkilatın layihəsi təkmilləşdirildi. Və nəhayət İslam Ölkələri Xarici İşlər Nazirlərinin XI Konfransında (17-22 May 1980-ci il, İslamabad (Pakistan İslam Respublikası), 2/11 N-li qərar) İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Nizamnaməsi ratifikasiyası edildi. III İslam Sammitində (25-28 yanvar 1981-ci il, Məkkə (Səudiyyə Ərəbistanı)) İslam Konfransı Təşkilatı çərçivəsində yeni beynəlxalq islam orqanı olan İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının yaradılması barədə qətnamə qəbul edildi.

Bu xronologiyaya müvafiq olaraq  təhsil, elm və mədəniyyət üzrə ixtisaslaşdırılmış beynəlxalq orqanın yaradılması ideyası beş mərhələdə, İslam Ölkələri Xarici İşlər Nazirlərinin VII, IX, X, və XI Konfranslarının iclaslarında inkişaf etdirildi və nəhayət, III İslam Sammitində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının yaradılması barədə qətnamə qəbul edildi.  İslam ölkələrinin  nümayəndələri ictimaiyyəti bu ideyanı dəstəkləməyə və bu təşkilata qoşulmağa çağırdı. Beləliklə, layihə üzərində işlər 1978-1981-ci illər ərzində aparılmış və nəhayət III İslam Sammitində (noyabr, 1980-ci il, Ciddə (Səudiyyə Ərəbistanı)) İslam İqtisadi, Mədəni və Sosial İnkişaf Komitəsinin tövsiyyələrinə müvafiq olaraq  Təsis Qurultayı keçirilmişdir. 

Beləliklə, islam ümmətinin məqsədlərinə nail olmağa yönəlmiş birgə fəaliyyətə əsaslanaraq İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı yaradıldı. Bu məqsədlər İslam Sammitində və İslam Ölkələri Xarici İşlər Nazirlərinin VII, IX, X və XI Konfranslarında və İslam Sammitində formalaşdırılmış və sonra təşkilatın Təsis Qurultayı keçirilmişdir.

Nizamnaməsi

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Nizamnaməsi 1982-ci ildə Mərakeşin Fəs şəhərində keçirilmiş Təsis qurultayında ratifikasiya edilmişdir. Nizamnaməyə 1986-cı ildə fövqəladə çağırışla Rabatda keçirilmiş IV Baş Konfransda, 1994-cü ildə Dəməşqdə keçirilmiş V Baş Konfransda, 1994-cü ildə Ər-Riyadda keçirilmiş VI Baş Konfransda, 2006-cı ildə Tunisdə ISESCO-nun daimi mənzil-qərargahının bazasında çağırılmış IX Baş Konfransının sessiyasında və nəhayət 2009-cu ildə Tunisdə keçirilmiş X Baş Konfransda dəyişikliklər edilmişdir. 

Mənzil-qərargahı

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Mənzil-qərargahı Ər-Riyad şəhərinin Əl-İrfan rayonunda 11.253 kvadrat metr sahədə tikilmişdir.

ISESCO-da üzvlük

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Nizamnaməsində deyilir ki, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan hər bir ölkə bu  Nizamnamənin təsdiqindən, hüquqi proseduralardan keçməkdən, İSESCO-nun Baş Müdiriyyətindən yazılı şəkildə xəbərdarlıq aldıqdan sonra onun üzvü olur. 

İslam Konfransı Təşkilatının üzvü və ya müşahidəçisi olmayan ölkə ISESCO-nun üzvlüyünə iddia edə bilməz. 

Bu günə qədər İslam Konfransı Təşkilatının üzvü olan 57 dövlətdən 50-si İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının üzvüdür. 

ISESCO-nun aparatı

ISESKO-nun aparatı aşağıdakı qurumlardan ibarətdir:

  1. Baş Konfrans. Bu quruma üzv ölkələrin təhsil, elm, mədəniyyət və kommunikasiya sahələri üzrə  nazirləri və digər məsul şəxsləri daxildir. Onlar üzv ölkələrin hökumətləri tərəfindən təyin edilir. Konfrans üç ildən bir və ya zəruri hallarda fövqəladə olaraq çağırılır.
  2. İcra Şurası. Şuranın tərkibinə təhsil, elm, mədəniyyət və kommunikasiya sahələri üzrə hər bir üzv dövlətdən bir nəfər nümayəndə daxildir.
  3. Baş İdarə. İdarəyə Baş Konfransının iştirakçıları tərəfindən üç il müddətinə seçilən Baş Müdir rəhbərlik edir. Baş Müdirin səlahiyyətləri yalnız iki dəfə İcra Şurası tövsiyyəsi ilə artırıla bilər. Baş Müdir ISESCO-nun inzibati orqanın başçısıdır və  Baş İdarəsinin bütün əməkdaşları onun rəhbərliyi altında çalışır. O, təşkilatın İcra Şurası və Baş Konfransı qarşısında hesabatlıdır.            

 

Xoşməramlı Səfirlər

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) 2004-cü ildə mədəniyyətlər və sivilizasiyalararası dialoq üçün səfirlər proqramına start verdi.

ISESCO-nun İcra Şurası özünün 26-cı, 27-ci və 29-cu iclaslarında (2005, 2006 və 2008-ci illərdə) dünya miqyasında tanınmış nüfuzlu şəxsləri ISESCO-nun mədəniyyətlər və sivilizasiyalararası dialoq üçün səfirləri adına layiq görmüşdür. Bu məqsədlə ISESCO-nun mədəniyyət nazirlərinin İslam Konfransı çərçivəsində akkreditasiya olunmuş səfirlərin öz etimadnamələrinin və medallarının təqdim olunması üçün mərasim təşkil edilmişdir.

ISESCO səfirlərin seçimində onların şəxsi keyfiyyətlərini və mənsub olduqları ölkələrinin inkişaf səviyyələrini nəzərə almaqla yanaşı, həmçinin üzv ölkələrin coğrafi mövqeyinə də diqqət yetirir. ISESCO ona üzv ölkələrdən başqa, digər ərazilərdən məsələn, Avropadan, Amerikadan, eləcə də Hindistandan olan bir sıra fəal müsəlman liderlərini də xoşməramlı səfirlər siyahısına aid edir. Bu səfirlər ISESCO-nun fəaliyyətində, mədəniyyətlər və sivilizasiyalararası dialoqun inkişafında, müvafiq proqram çərçivəsində baş tutan görüşlərdə böyük rol oynayırlar. ISESCO-nun baş katibi səfirlərlə təşkilatın qərargahında və digər yerlərdə bir sıra iclaslar keçirmişdir və mədəniyyətlərarası dialoqların inkişafı və gələcək mexanizmlərin işə salınması məsələlərini müzakirə etmişdir.

Bu proqramın daha da geniş miqyas alması üçün İcra Şurası 2016-cı ildə keçirilən 37-ci sessiya ərəfəsində “ISESCO Xoşməramlı Səfirlər Proqramı”nda dəyişiklik etmişdir. Bu dəyişiklik təşkilata istənilən sahədə xoşməramlı səfir seçiminə və həmin səfirlərin təşkilat üçün prioritet sahələrdə xidmət etmələrinə imkan verir.


ISESCO-nun xoşməramlı səfirləri:

  1. Şahzadə əl Həssən bin Talal- Ərəb Beyin Forumunun prezidenti (İordaniya Haşimilər Krallığı)
  2. Mahathir bin Məhəmməd- Malayziyanın sabiq baş naziri
  3. Mehriban Əliyeva- Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti 
  4. Şeyx Modibo Diarra- Malinin sabiq baş naziri, Patfaynder Fondunun prezidenti
  5. Zlatko Laqumdjiya- Bosniya və Herseqovinanın sabiq baş naziri
  6. Atta-ur-Rəhman- Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitənin (COMSTECH) sabiq baş əlaqələndiricisi, Ali Təhsil Komissiyasının sabiq sədri (Pakistan İslam Respublikası) 
  7. Aiça Bah- Təhsil üzrə UNESCO baş direktorunun sabiq köməkçisi və Qvineya Respublikasının Natamam Ali və Peşəkar Təhsil üzrə sabiq naziri 
  8. Amadu Mahtar M`bo- UNESCO-nun sabiq baş direktoru (Seneqal Respublikası)
  9. Huda bint Əbdülrəhman bin Saleh Əl-Halisi- İcra Şurasının üzvü (Səudiyyə Ərəbistanı Krallığı)
  10. Yəhya Pallaviçini- İtalyan İslam Dini İcmasının (COREİS) vitse-prezidenti 
  11. Rəşid Şaz- Aligarh Müsəlman Universitetinin professoru və Hindistanda Təhsil və Mədəniyyətin Tərəqqisi Mərkəzinin direktoru 
Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.