İqtisadi Əməkdaşlıq Təşkilatı

İqtisadi Əməkdaşlıq Təşkilatı (Economic Cooperation Organization-ECO) beynəlxalq təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək üçün yaradılmışdır. 

ECO, 1964-cü ildən 1979-cu ilə qədər mövcud olmuş İnkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatının xələfidir. 

1992-ci ildə Təşkilat Əfqanıstan İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Tacikistan Respublikası, Türkmənistan Respublikası və Özbəkistan Respublikası kimi 7 yeni üzvün daxil olması ilə daha da genişlənmişdir. Təşkilatın bugünkü  tərkibdə genişləndiyi 28 noyabr tarixi ECO günü kimi qeyd olunur.

Genişlənəndən sonra ECO Avrasiyada əhəmiyyətli bir regional birliyə çevrilmiş və  nüfuzlu beynəlxalq təşkilat kimi təşəkkül tapmağa başlamışdır. Bu fakt qısa müddətdə ECO-nun digər beynəlxalq birliklər tərəfindən ciddi qəbul olunmasına və hökumətlərarası regional qurum kimi BMT tərəfindən rəsmən tanınmasına gətirib çıxarmışdır. Məhz bu amil sonradan ECO-ya İslam Konfransı Təşkilatı və BMT-də müşahidəçi statusunun verilməsini, BMT Baş Məclisinin 50-ci sessiyasında onunla əməkdaşlıq haqqında ayrıca qətnamənin qəbul edilməsini şərtləndirmişdir. Hazırda ECO 30-a qədər beynəlxalq təşkilat, o cümlədən Avropa İttifaqı, ASEAN, UNESCO, FAO, Şanxay Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı və digərləri tərəfindən tanınır və onlarla əməkdaşlıq münasibətlərinə malikdir.

ECO-ya yeni üzvlər daxil olduqdan sonra əsas prioritetləri və qarşıya qoyulmuş hədəfləri müəyyən edən yeni sənədlər qəbul olundu. 1993-cü ildə qəbul edilmiş  "Fəaliyyət planı", "Kvetta fəaliyyət planı" və "ECO-nun uzunmüddətli perspektivlərinə dair İstanbul bəyannaməsi"ndə təşkilatın 2000-ci ilə qədər olan dövrü əhatə edən məqsədləri və vəzifələri müəyyən olunmuşdur. ECO-nun perspektiv planlarının əks olunduğu digər sənəd Nazirlər Şurasının Astanada keçirilən 15-ci sessiyasında qəbul edilmiş və 10 illik dövrü əhatə edən "ECO-ya baxış 2015" sənədidir.  Bu sənədlərdə ECO ölkələrinin nəqliyyat və kommunikasiya, ticarət və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində görməli olduğu işlər öz əksini tapmışdır.

Təşkilatın əsas məqsədləri davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması və ECO regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.

2013-cü ilin 26 noyabr tarixində İran İslam Respublikasının Tehran şəhərində Nazirlər Şurasının 21-ci iclası keçirilib. İclasda ECO-nun Bakıda Tədqqiat Mərkəzinin yaradılması haqqında yekun qərar qəbul edilib və Mərkəzin Əsasnaməsi təsdiq olunub.

2014-cü ilin 22-23 may tarixlərində Qazaxıstanın Astana şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının maliyyə və iqtisadiyyat nazirlərinin 4-cü iclası keçirilib.

2014-cü ilin oktyabrın 1-də ECO üzv ölkələrinin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu və "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 2-ci Beynəlxalq Konfransı baş tutub.

26-27 noyabr 2015-ci il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Halil İbrahim Akçanın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri olub.

2017-ci il iyunun 6-7-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclası keçirilib.

Tədbirdə Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının, ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, ombudsmanlarının və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, ECO baş katibinin müavini, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. 
 

ECO-nun təşkilati strukturu: Nazirlər Şurası, Regional Planlaşdırma Şurası, Texniki Komitələr, Katiblik.

Əsas İdarəedici şəxs: Baş Katib

ECO-nun baş katibləri

  1. Əlireza Salari (İran) 1988 - 1992
  2. Şəmşəd Əhməd (Pakistan) 1992 - 1996
  3. Öndər Ozar (Türkiyə) 1996 - 2000
  4. Abdolrəhim Qavahi (İran) avqust 2000 - iyul 2002
  5. Seyed Moctaba Ərəstu (İran) iyul 2002 - avqust 2003
  6. Bəkzassar Narbayev (Qazaxıstan) avqust 2003 - yanvar 2004
  7. Asxat Orazbay (Qazaxıstan) yanvar 2004 - avqust 2006
  8. Xurşid Ənvər (Pakistan) avqust 2006 - avqust 2009
  9. Məhəmməd Yəhya Marufi (Əfqanıstan) avqust 2006 - avqust 2009
  10. Şamil Ələsgərov (Azərbaycan) aprel 2009 - avqust 2015
  11. Halil İbrahim Akça (Türkiyə) avqust 2015 - avqust 2018
  12. Hadi Soleymanpur (İran) avqust 2018 - avqust 2021
  13. Xusrov Noziri (Tacikistan) avqust 2021 - hazırda

ECO-nun Nizamnaməsinin 4-cü maddəsində üzv ölkələrin dövlət və ya hökumət başçılarının azı iki ildən bir sammitlərinin keçirilməsi nəzərdə tutulub. Sammitdə təşkilatın proqram və layihələrinin həyata keçirilməsinin ümumi vəziyyəti müzakirə olunur və gələcək fəaliyyətin əsas istiqamətləri müəyyən edilir.

Genişləndikdən sonra ECO-nun keçirilən İstanbul (1993, 2002, 2010), İslamabad (1995), Aşqabad (1996,1997), Alma-Ata (1998), Tehran (2000, 2009), Düşənbə (2004), Bakı (2006) Zirvə görüşlərində qəbul edilmiş sənədlərdə və Bəyannamələrdə üzv ölkələr arasında sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapıb.

Nizamnaməyə görə ECO-nun baş icra orqanı üzv ölkələrin xarici işlər nazirlərindən ibarət olan Nazirlər Şurasıdır. Nazirlər Şurası ildə bir dəfədən az olmayaraq çağırılır. Nazirlər Şurasının siyasətini və qərarlarını Daimi Nümayəndələr Şurası həyata keçirir. Bu Şuraya üzv dövlətlərin ECO-nun Katibliyinə göndərdiyi  nümayəndələri (səfirləri) daxildir. Daimi Nümayəndələr Şurasının iclasları ayda bir dəfədən az olmayaraq keçirilir.

ECO-nun digər orqanı Regional Planlaşdırma Şurasıdır. Bu quruma üzv ölkələrin müxtəlif dövlət orqanlarının rəhbərləri daxildir. Regional Planlaşdırma Şurasının vəzifəsi Nazirlər Şurasının müzakirəsinə çıxarılacaq fəaliyyət proqramlarının hazırlanmasından ibarətdir. Regional Planlaşdırma Şurası ildə bir dəfədən az olmayaraq toplanır.

ECO-nun bütün orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, ümumi fəaliyyətin monitorinqi, müxtəlif tədbirlərin təşkili və keçirilməsi Katibliyin öhdəsinə düşür. Mənzil-qərargahı Tehranda yerləşən Katibliyə Nazirlər Şurası tərəfindən üç il müddətinə təyin edilən baş katib rəhbərlik edir. Katiblik regional əməkdaşlığın müxtəlif sahələri ilə bağlı 7 direktorluqdan - nəqliyyat və kommunikasiya; ticarət və investisiya; kənd təsərrüfatı, sənaye və turizm; enerji, mineral ehtiyatlar və ekologiya; beynəlxalq əlaqələr; layihə və iqtisadi tədqiqatlar və statistika; insan resursları və davamlı inkişafdan ibarətdir. Göstərilənlərdən əlavə Katibliyin tərkibinə narkotik maddələrin qanunsuz dövriyyəsinə nəzarət üzrə əlaqələndirmə orqanı, altı regional institut (Ticarət və İnkişaf Bankı, sığorta, gəmiçilik və aviasiya şirkətləri, Ticarət palatası və Sığorta Kolleci ) və üç ixtisaslaşdırılmış agentlik (Mədəniyyət İnstitutu, Elm Fondu və Konsaltinq-Mühəndislik Şirkəti) daxildir.

ECO-nun Ticarət və İnkişaf Bankı (ECOBANK) 2008-ci ildə fəaliyyətə başlamışdır və onun əsas məqsədi İƏT ölkələrinin daxili regional ticarətini genişləndirmək və iqtisadi inkişafını sürətləndirmək üçün maliyyə vəsaitlərinin təşkil və təmin olunmasıdır. Bankın əsas prioritetləri infrastruktur, istehsal, daşımalar, telekommunikasiya və energetika sahələrində layihələrdir. 

Maliyyə mənbəyi: Üzvlərin ianələri

Dili: İngilis
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.