Azərbaycanla türk dövlətlərinin əməkdaşlığı

Türk Dövlətləri Təşkilatı (Türk Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) türk dövlətləri arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda keçirilmiş Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın üzv dövlətləridir.

4  təsisçi ölkələrdən biri olan  Azərbaycan yarandığı ilk tarixdən etibarən bu təşkilatla sıx əməkdaşlıq edir.

Türk Dövlətləri Təşkilatının üçüncü Zirvə Görüşü rotasiya prinsiplərinə uyğun olaraq 16 avqust 2013-cü il tarixində Qəbələ şəhərində keçirilib. Azərbaycanın ev sahibliyi etdiyi Zirvə Görüşündə Prezident İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Abdullah Gül, Qırğızıstan Prezidenti Almazbek Atambayev və Türkmənistan Baş nazirinin müavini Sapardurdu Toyliyev iştirak ediblər. Ana mövzusu “Nəqliyyat və bağlantı” olan Zirvə Görüşü çərçivəsində “Türk Şurasına üzv dövlətlərinin xarici işlər nazirləri arasında əməkdaşlıq Protokolu” imzalanıb, TÜRKSOY təşkilatının 20 illik yubileyi geniş konsert proqramı ilə qeyd edilib. Görüşün sonunda dövlət başçıları tərəfindən “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Üçüncü Zirvə Toplantısının Bəyannaməsi” imzalanıb. Bununla yanaşı, Azərbaycan Zirvə Görüşündən sonra növbəti bir il ərzində təşkilata sədrlik edib. Azərbaycanın sədrliyi dövründə Naxçıvan sazişində müəyyən edilmiş müxtəlif prioritet sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib, yeni təkliflər irəli sürülüb.

Təşkilatın təsis edildiyi tarixdən bu günə qədər iqtisadi əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər, iqtisadiyyat, gömrük və nəqliyyat nazirlərinin görüşləri keçirilib. 2011-ci ildə Astanada keçirilmiş iqtisadiyyat nazirlərinin birinci iclasında investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qərar qəbul edilmiş və bu işçi qruplarının mütəmadi olaraq iclasları keçirilməkdədir. 19 fevral 2014-cü ildə İstanbulda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə iş adamlarının iştirakı ilə Biznes Forum təşkil edilib. 2014-cü ilin 19-20 iyun tarixlərində İssuk-Kulda TDT-nın iqtisadiyyat üzrə işçi qrupları və iqtisadiyyat nazirlərinin növbəti iclasları keçirilib. TDT çərçivəsindəki növbəti Biznes Forum 2014-cü ilin oktyabr ayında Naxçıvanda təşkil edilib.

Bundan başqa üzv dövlətlər arasında ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verilmişdir. TDT-na üzv ölkələrin nəqliyyat nazirlərinin ilk iclası 2013-cü ilin iyul ayında Bakıda keçirilib. Üzv dövlətlərin ərazilərindən keçən Mərkəzi Nəqliyyat Dəhlizi boyunca səmərəli nəqliyyat əməliyyatlarının davamlı, mərkəzləşmiş və asan keçidinə əngəl yaradan mövcud maneələrin aradan qaldırılması istiqamətində səylər davam etməkdədir. Xəzər dənizi və Qara dəniz limanları arasında əlaqələrin inkişafı, regionun multimodal nəqliyyat potensialının artırılması və Xəzər dəniz keçidinin nizamlanması üzv dövlətlərin nəqliyyat və gömrük sahəsi üzrə görüşlərinin gündəliyində xüsusi yer tutur. Samsun, Bakı və Aktau limanları arasında qardaş limanlar əlaqələrinin yaradılması bu istiqamətdə atılmış addımdır.

16 avqust 2013-cü ildə Qəbələdə keçirilmiş üçüncü Zirvə Görüşündə Dövlət Başçıları Şurası türk dövlətləri arasında gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi qruplarının yaradılmasını alqışlamışlar. Üzv dövlətlərin gömrük orqanları rəhbərlərinin birinci görüşü 5 oktyabr 2012-ci ildə Naxçıvanda keçirilib, Türk Şurası gömrük orqanları rəhbərlərinin birinci görüşünə dair Bəyannamə imzalanıb.

Qəbələ Zirvə Görüşündə qəbul edilmiş qərara əsasən turizm üzrə işçi qrupu yaradılmış və 10 dekabr 2013-cü il tarixində qrupun ilk iclası keçirilib. Eyni zamanda 3-5 aprel 2014-cü il tarixlərində 13-cü Azərbaycan Beynəlxalq Səyahətlər və Turizm Sərgisi çərçivəsində ortaq fotoşəkil sərgisi təşkil edilib. 10-11 aprel 2014-cü il tarixlərində İstanbulda turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun ikinci, turizm nazirlərinin isə birinci iclası keçirilib, üzv ölkələr arasında “Turizm sahəsində birgə əməkdaşlıq Protokolu” imzalanıb. Turizm nazirlərinin ikinci toplantısı 2015-ci ilin may ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilib. 

Azərbaycanın təşkilata sədrliyi dövründə 22 noyabr 2013-cü il tarixində TDT-na üzv ölkələrin təhsil nazirlərinin Eskişehirdə ikinci iclası keçirilib, Mövlana mübadilə Proqramının (tələbə mübadiləsi) dəstəklənməsi, Türk Akademiyası tərəfindən birgə tarix dərsliklərinin hazırlanması, texniki və peşə təhsili sahəsində əməkdaşlığa başlanılması, ali təhsil müəssisələrində üzv ölkələrin dillərinin öyrənilməsi, Türk Univestitetlər Birliyinin yaradılması və digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib. 

Türk Şurası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə 21 iyun 2013-cü il tarixində Bakıda ilk dəfə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilib. Forumda “Türkdilli dövlətlərin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası” və “Bakı Bəyannaməsi” qəbul edilib.

Azərbaycanın təşkilat çərçivəsində siyasi və təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığı uğurla davam etməkdədir. Naxçıvan Sazişinə uyğun olaraq hər il keçirilən zirvə görüşlərindən bir gün əvvəl TDT xarici işlər nazirləri Şurasının görüşləri keçirilir. Eyni zamanda Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyaları çərçivəsində xarici işlər nazirlərinin qeyri-formal görüşlərinin keçirilməsi artıq ənənə halını almışdır.   

2013-cü ildən başlayaraq üzv ölkələr arasında mütəmadi olaraq təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr keçirilməyə başlanıb. Üzv ölkələrin yüksək vəzifəli şəxslərinin (xarici işlər nazirlərinin müavinləri səviyyəsində) ilk görüşü 2013-cü ilin aprel ayında Bakıda, ikincisi isə 2014-cü ilin mart ayında Astanada keçirilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Əfqanıstan üçün İstanbul prosesi, regional münaqişələr, beynəlxalq terrorizmlə mübarizə və s. məsələlər müzakirə edilib. 

TDT-nın üzv ölkələrin dövlət başçıları tərəfindən 11 sentyabr 2015-ci il tarixində Astanada qəbul edilmiş Beşinci Zirvə Görüşünün Bəyannaməsində tərəflər, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini bir daha vurğulamışlar”.

Azərbaycan TDT-lə yanaşı bu qurumun əlaqəli orqan və təşkilatları olan TÜRKSOY, TÜRKPA (qərargahı Bakıda yerləşir), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu (qərargahı Bakıda yerləşir), Türk Biznes Şurası ilə də sıx əməkdaşlıq edir və üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində aktiv rol oynayır. TDT-nın 2012-ci ildə Bişkekdə keçirilmiş İkinci Zirvə Görüşündə Azərbaycanın təşəbbüsü ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci il tarixindən etibarən qərargahı Bakı şəhərində yerləşməklə beynəlxalq təşkilat kimi fəaliyyətə başlamışdır.

21 sentyabr 2017-ci ildə BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirilib. Görüşdə TDT-nın yüksək səviyyəli görüşlərinin keçirilməsi, müvafiq sənədlərin ratifikasiyası, TDT-nın BMT Baş Assambleyasında müşahidəçi statusu və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı, təşkilat çərçivəsində sahəvi əməkdaşlıq istiqamətlərinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. İclasda çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın və dayanıqlı siyasi dialoqun gücləndirilməsində TDT-nın oynadığı xüsusi rolu qeyd etmişdir.

2017-ci il noyabrın 30-da İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşü keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirak etdikləri görüşdə Azərbaycanı iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. İclasda Türk Şurasına üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsi, ortaq sərmayə qoyuluşuna dair imkanların araşdırılması məsələləri müzakirə olunub.

2018-ci il sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşü keçirilib. Zirvə görüşünün əsas mövzusu milli idman növlərinin və gənclər arasında əməkdaşlığın inkişafı ilə bağlı olub. Prezident İlham Əliyev Zirvə görüşündə iştirak etmişdir.

2019-cu il oktyabrın 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin xarici işlər nazirlərinin 7-ci iclası keçirilib. 2019-cu il oktyabr 15-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib. Zirvə Görüşü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişinin imzalanmasının 10 illiyinə həsr edilib. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi tədbirdə iştirak edib. Macarıstan isə təşkilatda müşahidəçi statusunda təmsil olunub. Tədbirin yekununda Bakı Bəyannaməsi imzalanıb, təşkilata sədrlik isə rəsmən Azərbaycana keçib.

2021-ci il martın 4-də keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı çərçivəsində üzv dövlətlərin rəhbərləri bir daha Azərbaycan Prezidenti İlham Əliyevi qazanılmış Zəfər münasibətilə təbrik edib və bundan sonra da əməkdaşlığın daha da dərinləşdirilməsində hər bir tərəfin maraqlı olduğunu ifadə ediblər. İlham Əliyev Azərbaycanın İƏT vasitəsilə ortaq maraq kəsb edən layihələri dəstəklədiyini, bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış edib. İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı zamanı dövlətlər İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzaladılar ki, bu istiqamətdə mövcud məsələ ilə bağlı müvafiq qərar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi uzaqgörənliyi və təşəbbüsü ilə Bakıda İƏT Tədqiqat Mərkəzinin təsis olunmasına dair İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il aprelin 10-da Türk Dövlətləri Təşkilatının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunub. Videokonfransda iştirakçılar koronavirus epidemiyası ilə mübarizə üçün milli səviyyədə görülən tədbirlər, səhiyyə sahəsində çoxtərəfli əməkdaşlığın inkişafı və bölgədə COVID-19-un yayılmasının yaratdığı ümumi problemləri həll etməyin yolları barədə fikir mübadiləsi aparıb, koronavirusun milli və dünya iqtisadiyyatlarına mənfi təsirini aradan qaldırmağın yollarını müzakirə edib, böhran zamanı və pandemiyadan sonrakı dövrdə ticari-iqtisadi əlaqələri davam etdirmək və maneəsiz nəqliyyat əlaqələrini təmin etmək üçün birgə səylər və ümumi tədbirlərə toxunublar.

2021-ci il martın 31-də Türk Dövlətləri Təşkilatının videokonfrans vasitəsiə qeyri-rəsmi Zirvə Görüşü keçirilib. Bu görüşü, əslində, türkdilli dövlətlər arasında mövcud olan sıx əlaqələrin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti təzahürü kimi qiymətləndirmək olar. Zirvə Görüşündə Prezident İlham Əliyevin əməkdaşlıq və beynəlxalq əlaqələr, həmçinin bir sıra digər sahələrə həsr edilmiş geniş çıxışı diqəti xüsusilə cəlb edib. Görüşdə 44 günlük II Qarabağ müharibəsində Azərbaycanın şanlı Qələbəsi barədə geniş məlumat verilib. Qeyd edilib ki, bu savaşda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Görüşdə yaradılması nəzərdə tutulan Zəngəzur dəhlizinin regionun nəqliyyat sektorunda oynayacaq roluna xüsusi diqqət yetirilib.

2021-ci il noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib. Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi haqqında Qərar, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi haqqında Qərar, Azərbaycan Respublikası Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında Qərar, Türk Şurası VIII Zirvə Görüşünün Bəyannaməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı Qərar, "Türk dünyasının birliyinə verdiyi töhfələrə görə” Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında Qərar, Türk Dövlətləri Təşkilatında müşahidəçi status haqqında qaydalara dair Qərar, Türk Dövlətləri Təşkilatında tərəfdaşlıq statusunun təsis edilməsi haqqında Qərar, Türk Dövlətləri Təşkilatının fəxri sədrinin hüquqları haqqında Qaydalara dair Qərar, Türk Şurası Baş katibinin fəaliyyət müddətinin uzadılması və Baş katibin müavinlərinin təyinatları haqqında Qərar, Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun yaradılmasının tamamlanması haqqında Qərar imzalanıb.

2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində “Türk Mədəniyyəti üçün Yeni Dönəm: Ortaq İnkişaf və Rifaha Doğru” mövzusu adı altında Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun xüsusi xidmətlərinin olduğunu vurğulayan Prezident Şavkat Mirziyoyev onların Türk Dünyasının Ali Ordeni ilə təltif edildiklərini bildirib. Çingiz Aytmatovun ölümündən sonra layiq görüldüyü Əlişir Nəvai mükafatı Qırğızıstan Prezidenti Sadır Japarova təqdim edilib. Sonda Zirvə Görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsi imzalanıb. “Türk Dünyasına Baxış-2040” sənədinin həyata keçirilməsi üçün “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”, həmçinin “Türk Dünyasına Baxış-2040” sənədinin həyata keçirilməsi üçün “2022-2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası” təsdiqlənib, TDT Ticarətin asanlaşdırılması strategiyası haqqında və Səmərqənd şəhərinin Türk sivilizasiyası paytaxtı elan olunması haqqında qərarlar qəbul edilib. Gömrük dəhlizlərinin yaradılmasının asanlaşdırılması ilə bağlı saziş imzalanıb və nəqliyyat sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan qərar da qəbul olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2023-cü martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” adı altında keçirilən görüş Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunub.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.