Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsində nitqi

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iqamətgahı

20 oktyabr 2006-cı il

Hörmətli şeyx həzrətləri! 
Hörmətli din xadimləri! 
Əziz dostlar! 

Ramazan bayramı ərəfəsində bizim görüşlərimiz ənənəvi xarakter alır. Şeyx həzrətləri öz çıxışında qeyd etdi ki, mən Prezident vəzifəsinə seçiləndən sonra bizim aramızda belə bir söhbət olmuşdu, şeyx həzrətləri maraqlanmışdı ki, bu görüşlərdə iştirak edəcəyəm, yoxsa yox. Mən isə dedim ki, heç bir vəzifədən asılı olmayaraq, bizim dostluğumuz da yerindədir, bir-birimizə olan hörmət də, münasibətlərimiz də yerindədir. Ən önəmlisi budur. Hər bir vəzifə müvəqqətidir. İnsani münasibətlər, səmimi ünsiyyət - bu amillər insanları daha da zənginləşdirir. Məhz buna görə, bu münasibətlərə görə və bütövlükdə bu gün səslənən fikirlərə görə indi Azərbaycanda çox gözəl ab-hava var. 

Din xadimlərinin çıxışlarında Azərbaycanda hökm sürən əmin-amanlıq, dini, milli tolerantlıq öz əksini tapmışdır. Bu, həqiqətən də belədir. Çıxışlarda səslənən fikirlər tam həqiqətdir. Bu gün Azərbaycanın uğurlu inkişafı bütün başqa amillərlə yanaşı, məhz bu amildən asılıdır. Azərbaycanın hərtərəfli inkişafı, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və möhkəmlənməsi üçün mütləq və mütləq millətlərarası dialoq möhkəmlənməlidir. Azərbaycan çoxmillətli ölkədir. Biz başqa ölkələrdən, qonşu ölkədən fərqli olaraq monodövlət deyilik. Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bu, ölkəmizin inkişafı üçün çox mühüm bir amildir. Bu, bir tərəfdən insanların ürəyindən gələn bir duyğudur, bir tələbdir, digər tərəfdən, din xadimlərinin fəaliyyətidir və əlbəttə ki, dövlət siyasətidir. Azərbaycanın hansı istiqamətdə inkişaf edəcəyi bu üç əsas amildən asılıdır. 

Mən çox şadam ki, ölkəmizdə bütün sahələrdə irəliləyiş, inkişaf var. Həm iqtisadi sahədə, həm Azərbaycanın dünyadakı mövqelərinin möhkəmlənməsi işində və əlbəttə ki, ictimai proseslərin inkişafında da çox müsbət meyillər vardır. Bu siyasətin indiki vəziyyətinin təməlində ulu öndər Heydər Əliyevin qoyduğu yol dayanır. Məhz Azərbaycan üçün ən çətin, ən ağır illərdə, 1990-cı illərin əvvəllərində onun cəsarətli addımları, uzaqgörənliyi, müdrikliyi, siyasi təcrübəsi Azərbaycanı böyük bəlalardan xilas etdi, inkişaf yoluna çıxardı. Bu gün biz hamımız, onun davamçıları, onun silahdaşları bu yolu davam etdiririk. 

Əlbəttə, həyat yerində durmur, qarşımıza yeni vəzifələr çıxır, yeni çağırışlar meydana çıxır. Dünyada gedən proseslər istər-istəməz Azərbaycana da öz təsirini göstərir. Amma, eyni zamanda, Azərbaycanın möhkəmlənməsi və güclənməsi ona gətirib çıxarır ki, ölkəmizdə gedən proseslər artıq bölgədə öz təsirini göstərməkdədir. Azərbaycan müstəqil ölkə kimi möhkəmlənir. Artıq bizim müstəqilliyimiz əbədi, dönməz xarakter alıbdır. Bizim iqtisadi müstəqilliyimiz, enerji təhlükəsizliyimiz, müstəqil siyasət aparmaq iqtidarında olmağımız, əlbəttə ki, ölkə qarşısında duran bütün problemlərin həlli üçün başlıca vasitədir. Elə problem yoxdur ki, biz onu həll edə bilməyək. Bizim ölkə iqtisadi inkişaf cəhətdən birinci yerdədir və iqtisadi artım baxımından bu gün Azərbaycanla rəqabət aparmaq iqtidarında olan başqa ölkə yoxdur. Biz bunu qürur hissi ilə deyirik. Çünki bu, doğrudan da böyük nailiyyətdir. Amma bu bizə əsas vermir ki, əldə edilmiş nailiyyətlərlə kifayətlənək. Ölkəmizdə hələ çoxlu problemlər var və biz bunların həlli üçün əlimizdən gələni edirik. Əminəm ki, bizim uğurlu iqtisadi siyasətimiz Azərbaycanın iqtisadiyyatını möhkəmləndirəcək və bu, Azərbaycanda yaşayan hər bir insanın gündəlik həyatında öz əksini tapacaqdır. 

Ölkəmiz beynəlxalq müstəvidə böyük hörmətə malikdir. Həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli formatda Azərbaycanın birmənalı siyasəti, düzgün, açıq və səmimi siyasəti çox böyük təqdirlə qeyd olunur. Siyasətdə və təbii ki, həyatda adamın bir üzü olmalıdır. Ancaq o halda sənə hörmət edəcəklər. Biz bu hörməti qazanmışıq, bu hörməti çox yüksək qiymətləndiririk və əlbəttə ki, gələcək fəaliyyətimizdə bu amil başlıca rol oynayacaqdır. 

Əmin-amanlıq, təhlükəsizlik, Azərbaycanın hərtərəfli inkişafı, ictimai-siyasi vəziyyətin normal səviyyədə qalması ölkəmizin inkişafı üçün başlıca amildir. Hansı ölkələr inkişaf edir?! Biz bunu uzaq tarixdən də, yaxın tarixdən də bilirik. Son müddət ərzində bölgədə və dünyada gedən proseslər də bunu təsdiq edir. O ölkə inkişaf edir ki, orada iqtidarla xalq arasında birlik var. O ölkə inkişaf edir ki, iqtidarın fəaliyyəti xalq tərəfindən bəyənilir, dəstəklənir və qarşılıqlı inam var. O ölkə inkişaf edir ki, orada sabitlik və inkişaf var, maddi rifah, əmin-amanlıq var. Bütün bunlar Azərbaycanda var. Azərbaycanın hərtərəfli inkişafı onun əyani göstəricisidir. İndi ölkəmizdə elə bir sahə, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada inkişaf getməsin. Hər bir istiqamətdə xüsusi proqram var və bizim işlərimiz proqram şəklində gedir. 

Son illər ərzində əldə edilmiş nailiyyətləri sadalamaq üçün, bəlkə də, bir neçə saat vaxt lazım olar. Biz bunu bacardıq, biz bunu edirik. Mən çox şadam ki, ölkəmizin çox uğurlu gələcəyi heç kimdə şübhə yaratmır. Nə ölkə əhalisi, nə də beynəlxalq ictimaiyyət buna şübhə edir. Artıq hamı görür və hamı bilir ki, Azərbaycan müstəqil ölkə kimi dünyadakı mövqelərini möhkəmləndirir, iqtisadi potensialını gücləndirir. Bizim nəhəng enerji layihələrimiz həm ölkəmiz üçün, həm bölgə üçün və desəm yəqin ki, səhv etmərəm, həm də dünya üçün çox böyük əhəmiyyət kəsb edir. Biz bu işlərin təşəbbüskarıyıq və bu işləri inamla aparırıq. 

Azərbaycanda iqtisadi inkişaf və sosial rifah prinsipləri Prezident kimi mənim üçün eyni əhəmiyyət kəsb edir. Çünki əsas vəzifəmiz insanların yaxşı yaşamasıdır. Biz bunun üçün də çalışırıq. Biz bunun üçün də elektrik stansiyaları yaradırıq, yollar salırıq, qaz xətləri çəkirik, məktəblər, xəstəxanalar tikirik - bütün başqa işləri məhz bunun üçün görürük. Mən çox şadam ki, bunun nəticələrini də görürük. 

Azərbaycan islam dünyasında öz yerini möhkəmləndirir. İslam bizim dinimizdir. 15 il müstəqillik dövründə islam dini azərbaycanlılara qayıtdı. Düzdür, bütün dövrlərdə, ən çətin dövrlərdə insanların qəlbində islam dini yaşamışdır. Ancaq biz müstəqil ölkə olandan sonra bütün milli, dini bayramlarımızı dövlət bayramları kimi qeyd etməyə başladıq. O cümlədən müqəddəs Ramazan bayramı da dövlət bayramı kimi qeyd edilir və artıq iki gün qeyd olunacaqdır. İslam dünyasında Azərbaycanın çox böyük hörməti var. İslam Konfransı Təşkilatının xətti ilə Bakıda təkcə bu il iki mötəbər tədbir keçirilmişdir. Bizim fəaliyyətimiz çox uğurludur və islam həmrəyliyinin möhkəmlənməsinə Azərbaycan öz töhfəsini verir. Bizi islam ölkələri ilə çox güclü tellər bağlayır və son illər ərzində bu əlaqələr daha da möhkəmlənmişdir. 

Burada deyildi ki, Azərbaycanda bütün dinlərə mənsub olan abidələr bərpa olunur, məbədlər tikilir. Bibiheybət məscidinin bərpası üçün lazımi tədbirlər görülür. Biz keçən ilin sonunda şeyx həzrətləri ilə bərabər orada görülən işlərlə tanış olduq və müvafiq göstərişlər verildi. İndi orada təmir işləri çox yüksək səviyyədə aparılır. Təzəpir məscidinin bərpası üçün lazımi tədbirlər görülür və bununla bərabər, Qafqaz Müsəlmanları İdarəsinin yeni inzibati binasının tikintisi də artıq sürətlə gedir. Əminəm ki, məscidin binası və inzibati korpus yaxın zamanlarda yüksək səviyyədə istifadəyə veriləcəkdir. Əjdərbəy məscidinin təmiri uğurla gedir. İçərişəhər məscidində də işlər gedir. Xristian kilsələrində təmir-bərpa işləri gedir. Qeyd olundu ki, katolik kilsəsi tikilir. Yəni bütün bunlar elə bil ki, Azərbaycanda gedən prosesləri əks etdirir. Budur bizim reallıqlarımız, budur bizim nailiyyətlərimiz. Bütün bunlar bir məqsədə qulluq edir - Azərbaycan bir ölkə kimi daha da möhkəmlənsin, Azərbaycanda yaşayan bütün millətlərin, dinlərin nümayəndələri özlərini rahat, arxayın hiss etsinlər. 

Mən bir dəfə demişəm, bir daha qeyd etmək istəyirəm, indi dünyada çoxlu söhbətlər gedir ki, millətlərarası, dinlərarası, sivilizasiyalararası dialoq aparılmalı və güclənməlidir. Əlbəttə, bu, lazımdır. Amma əfsuslar olsun ki, biz həyatda tam başqa mənzərəni görürük. Dialoq əvəzinə qarşıdurma, əməkdaşlıq əvəzinə ədavət, süni şəkildə şişirdilmiş təxribatlar - bütün bunlar nəyə xidmət edir?! Bütün bunlar çox böyük təhlükə mənbəyidir. Biz Azərbaycanda bu işlərə çox böyük nəzarət edirik. Bir daha demək istəyirəm ki, bu, bir tərəfdən, xalqın tələbidir, Azərbaycanda yaşayan bütün xalqların ürəyindən gələn istəkdir, digər tərəfdən dövlət tərəfindən aparılan siyasətdir. Bax, bütün bu amillər bugünkü Azərbaycanın uğurlu inkişafını, uzunmüddətli inkişaf strategiyasını müəyyən edir və beləliklə, gələcəkdə ölkə qarşısında heç bir ciddi problemin yaradılması bizi narahat etmir. Çünki biz bilirik haraya gedirik. Bilirik bizi gələcəkdə nələr gözləyir və bütün görülən işlər ancaq və ancaq Azərbaycanın öz resurslarına əsaslanır. 

Biz bütün işlərimizi ancaq və ancaq öz gücümüzlə etməliyik - ulu öndər bizə bu yolu göstəribdir. Bütün ölkələrlə, tərəfdaşlarla, beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik və bundan çox böyük fayda götürürük. Ancaq bütün işlərimizi özümüz görməliyik. Bu, bizim ölkəmizdir. Bu ölkəni qorumaq, risklərdən qorumaq, möhkəmləndirmək, təhlükəsizlik tədbirlərini gücləndirmək üçün biz hamımız, bütün Azərbaycan xalqı çalışmalıyıq. İndi Azərbaycanda hökm sürən bu gözəl ictimai mühit, gözəl ab-hava, vətənpərvərlik, həmrəylik hisslərinin güclənməsi hər bir Azərbaycan vətəndaşı üçün lazımdır. Adi vətəndaş üçün, din xadimi üçün, Prezident üçün - bütün Azərbaycan xalqı üçün lazımdır və bu gün bunlar var. Mən çox şadam ki, bir il ərzində görülən işlər, - düz bir il bundan əvvəl burada idik, səmimi fikir mübadiləsi aparırdıq, - bir daha sübut edir ki, biz düzgün istiqamətdə inkişaf edirik. 

Əziz dostlar, istəyirəm, sizə öz hörmətimi bir daha ifadə edim. Şeyx həzrətlərinə öz hörmət, məhəbbətimi ifadə edim. Şeyx həzrətləri ilə dostuq və bizi çoxdan dostluq münasibətləri bağlayır. Şeyx həzrətlərinin Azərbaycanda dini tolerantlığın inkişafında çox böyük əməyi, çox böyük xidmətləri var. Bunu biz də bilirik, bütün başqa dinlərin nümayəndələri və başçıları da bilir. Bütün dünyada şeyx həzrətlərinə çox böyük hörmət, çox böyük inam var. Başqa dinlərin başçılarının Azərbaycana səfərləri zamanı, Qafqaz xalqlarının dini nümayəndələrinin Azərbaycana səfərləri zamanı və beynəlxalq tədbirlərdə mən bunun şəxsən şahidi olmuşam. Əlbəttə ki, bu, bütövlükdə Azərbaycanın hörmətini qaldıran amildir. 

Sizi qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, səadət arzulayıram. 

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı). 

AzərTAc 
20 oktyabr 2006-cı il

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.