Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsində çıxışı

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin iqamətgahı

29 avqust 2009-cu il

Hörmətli şeyx həzrətləri! 
Hörmətli din xadimləri! 
Hörmətli xanımlar və cənablar! 

Mübarək Ramazan ayında bizim görüşlərimiz gözəl ənənəyə çevrilibdir. Bu görüşlərdə biz öz ürək sözlərimizi deyirik, fikir mübadiləsi aparırıq. Bu görüşlər əslində Azərbaycan cəmiyyətində hökm sürən inkişafdan xəbər verir, Azərbaycan cəmiyyətinin nə qədər vahid cəmiyyət olduğunu bir daha göstərir. Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq, eyni zamanda, dövlət və din arasında möhkəm birlik vardır. Bu birliyin təməlini müasir dövrdə ulu öndər Heydər Əliyev və hörmətli şeyx həzrətləri qoymuşlar. Onların dostluğu, onların bir-birinə olan münasibəti və Azərbaycan naminə gördükləri işlər bu gün də gözəl ənənə olaraq şeyx həzrətləri və mənim tərəfimdən davam etdirilir. 

Azərbaycanda bütövlükdə Heydər Əliyev siyasəti bütün sahələrdə uğurla davam etdirilir. Bu siyasət yeganə yolumuzdur. Bunu mən hələ altı il bundan əvvəl demişdim və bu gün, bugünkü həyat, bugünkü Azərbaycanın reallıqları bunu əyani şəkildə sübut edir. Azərbaycan düzgün yolla gedir, Azərbaycan hərtərəfli inkişaf edir. Biz öz potensialımızı maksimum dərəcədə işə sala bilmişik və gündən-günə möhkəmlənən dövlətçiliyimiz və inkişaf edən ölkəmiz bizim üçün qürur mənbəyidir. 

Dinlərarası münasibətlərdə Azərbaycan dünya miqyasında nümunə sayıla bilər. Bu, təkcə bizim tərəfimizdən deyil, eyni zamanda, Azərbaycan reallıqlarını dərindən bilən insanlar tərəfindən də qəbul edilir. Azərbaycan xalqı öz dini və milli ənənələrinə, milli mənəvi dəyərlərinə sadiq xalqdır. Biz əsrlər boyu bu mənəvi dəyərləri qəlbimizdə saxlamışıq və bu gün də bütün ümumbəşəri dəyərləri qəbul edərək bizim üçün ən başlıca amil milli-mənəvi dəyərlərimizdir. Bununla bərabər, Azərbaycanda bütün dinlərin nümayəndələri, bütün millətlərin nümayəndələri bir ailə kimi yaşayır. Dinlərarası münasibətlərin yüksək səviyyədə olması bizim dövlətçiliyimizi, müstəqilliyimizi möhkəmləndirir, Azərbaycanın dünya birliyinə inteqrasiya proseslərinə əlavə təkan verir. Eyni zamanda, Azərbaycan reallıqları və Azərbaycanda millətlərarası və dinlərarası münasibətlərin dərin təhlili onu göstərir ki, bu gözəl nümunə başqa ölkələrdə də istifadə oluna bilər. 

Təsadüfi deyil ki, Azərbaycan Avropa qurumlarının üzvü olaraq, eyni zamanda, şeyx həzrətlərinin qeyd etdiyi kimi, Bakı şəhəri 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı seçilmişdir. Onu da qeyd etmək istəyirəm ki, bu şərəfli ad bir neçə il bundan əvvəl verilməyə başlamışdır. Azərbaycanın paytaxtı Bakı ilk İslam şəhərlərindəndir ki, bu şərəfli ada layiq ola bilmişdir. Bu müddət ərzində Azərbaycan dövləti İslam həmrəyliyinin möhkəmləndirilməsi üçün, İslam dövlətləri arasında dostluq, qardaşlıq münasibətlərinin dərinləşməsi üçün çox böyük işlər görmüşdür. Bununla bərabər, bir daha demək istəyirəm ki, bütün dinlərin nümayəndələri Azərbaycanda sərbəst, azad, bir ailə kimi yaşayır. Bizim ölkəmizdə sözün əsl mənasında vicdan azadlığı hökm sürür və bütün başqa azadlıqlar da Azərbaycanda mövcuddur. 

Bizim inkişaf istiqamətlərimiz müxtəlifdir və onların hamısı bir-biri ilə bağlıdır. Güclü iqtisadiyyat, güclü sosial siyasət, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, qanunun aliliyinin bərqərar olunması, demokratiyanın inkişafı, siyasi islahatların aparılması və dərinləşməsi - bütün bunlar Azərbaycanı hərtərəfli inkişaf etdirmək üçün vacib amillərdir. Onların hamısı Azərbaycanda vardır və bütün istiqamətlərdə islahatlar aparılır. Bizim ölkəmiz dünya miqyasında böyük hörmətə malikdir. Bizim dostlarımızın, tərəfdaşlarımızın sayı artır. Bizimlə daha da dərin münasibətlər qurmaq səylərində olan ölkələrin sayı artır və Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır. Bizim əməlimizlə sözümüz arasında heç bir fərq yoxdur. Biz müstəqil siyasət aparırıq, öz gücümüzə arxalanırıq, öz hesabımıza yaşayırıq. 

Xüsusilə 2009-cu ilin birinci yarısında və keçən ilin sonunda yaşanan və davam edən maliyyə böhranı bir daha onu göstərdi ki, kim nəyə qadirdir. Azərbaycan o nadir ölkələrdəndir ki, öz hesabına yaşaya və özü də yaxşı yaşaya bilər. Bütün çətinliklərə baxmayaraq Azərbaycan iqtisadiyyatı bu ilin altı ayında inkişaf etmişdir. İqtisadiyyat təxminən 4 faiz artıbdır və bu bir daha onu göstərir ki, ölkəmizdə 1993-cü ildən başlamış və hazırda davam etdirilən islahatlar öz bəhrəsini verir. Biz bir daha həm özümüzə, həm də dünyaya sübut edə bilmişik ki, Azərbaycan qüdrətli ölkədir. 

Bizim iqtisadiyyatımız çoxşaxəlidir. Baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşübdür, bizim iqtisadiyyatımız inkişaf edir. Qeyri-neft sektoru inkişaf edir. Bütün lazımi sosial proqramlar icra edilir. Sosial proqramların heç birinin icrasında yubanma yoxdur. Bütün infrastruktur layihələri icra edilir. Yəni, bir sözlə, bax bu böhranlı aylar bir daha onu göstərdi ki, biz doğrudan da böyük işlərə qadirik. Bu, bir daha bizim qüdrətimizi, gücümüzü göstərdi. Əlbəttə ki, mən buna şübhə etmirəm ki, Azərbaycan bundan sonrakı illərdə ancaq və ancaq yüksələn xətlə inkişaf edəcək, ölkə qarşısında duran bütün vacib sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan iqtisadiyyatı daha da möhkəm olacaq və Azərbaycan xalqının rifah halı ildən-ilə yaxşılaşdırılacaqdır. Budur bizim sosial və iqtisadi siyasətimizin prioritetləri. 

Bununla bərabər, çox gözəl ictimai-siyasi vəziyyət, ölkəmizdə hökm sürən sabitlik, milli birlik, vahid ideya ətrafında birləşməyimiz əlbəttə ki, Azərbaycanın qarşısında yeni imkanlar, yeni üfüqlər açır. Bir daha demək istəyirəm ki, bütün bu nailiyyətlərlə bərabər Azərbaycanda dinlərarası münasibətlərin, tolerantlıq ab-havasının və tolerantlığın yüksək səviyyədə olması bizi daha da gücləndirir. 

Biz beynəlxalq məsələlərin həllində də böyük uğurlar əldə etmişik. Bir daha demək istəyirəm ki, dostlarımızın sayı getdikcə artır və qarşılıqlı surətdə faydalı münasibətlərin dərinləşməsi həm bizim, həm də ki, bizə dost olan ölkələrin maraqlarına cavab verir. Xarici siyasətdə bütövlükdə bizim qarşımızda yeganə böyük problem dayanıbdır. O da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycan dövləti bu istiqamətdə bütün səyləri göstərir ki, məsələ tezliklə ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Bizim səylərimiz, deyə bilərəm ki, danışıqlar prosesində artıq ilk nəticələrini verməkdədir. Bütün dövrlərdə bizim mövqeyimiz ondan ibarət olmuşdur ki, bu məsələ yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Dağlıq Qarabağda insanlar yüksək muxtariyyət statusu çərçivəsində, vahid Azərbaycan dövləti çərçivəsində yaşaya bilərlər. Bu gün bu prinsiplər əsas götürülübdür. Yəni danışıqlar bu prinsiplər əsasında aparılır və istənilən razılaşma ancaq bu prinsiplər əsasında ola bilər. Biz bütün dövrlərdə demişik və bu gün də deyirik ki, məsələ ancaq mərhələli yolla həll oluna bilər. Bu gün danışıqlar mövzusu olan təkliflər məhz mərhələli həlli təmin edir. İşğal edilmiş bütün rayonlar ardıcıllıqla azad ediləcək, soydaşlarımız həmin rayonlara qayıdacaqlar. Orada bütün infrastruktur bərpa olunacaqdır və ondan sonra gələcək mərhələdə Dağlıq Qarabağın hüquqi statusu müəyyən ediləcəkdir. Biz hər zaman demişik ki, əlbəttə Dağlıq Qarabağın statusu olmalıdır, amma biz bu statusu Azərbaycanın ərazi bütövlüyündən kənarda görmürük və heç vaxt Azərbaycan dövləti buna razı olmayacaqdır. Bizim razılığımız olmadan heç vaxt heç kim heç bir statusu tanımayacaq və bir daha demək istəyirəm ki, danışıqlar prosesində əldə edilmiş bu mühüm nəticələr bizi daha da ruhlandırır. Biz əlbəttə ki, bütün başqa imkanlardan da istifadə edərək, bu məsələnin tezliklə bizim xeyrimizə ədalətli şəkildə həll olunmasına nail olmalıyıq. Beynəlxalq hüquq prinsipləri tam şəkildə bizim mövqeyimizi müdafiə edir, iqtisadi potensial bizim tərəfimizdədir və bu böhranlı aylar bunu bir daha göstərir ki, kim nəyə qadirdir, kim öz hesabına yaşaya bilir, kimsə başqa tərəfdən yardım olmadan yaşaya bilmir. 

Son illərdə Azərbaycanda hərbi potensial böyük dərəcədə gücləndirilibdir və bunu hamı bilir. Biz siyasi, diplomatik səylərimizi davam etdirəcəyik. Dünya miqyasında Azərbaycanın mövqeyi üstünlük təşkil edir. Biz informasiya mübarizəsində də üstünlük əldə etmişik. Sadəcə olaraq, biz istəyirik ki, məsələ tezliklə sülh yolu ilə həll olunsun. Ancaq biz hər zaman olduğu kimi bütün başqa variantlara da hazırıq. 

Mən bu gözəl gündə hörmətli şeyx həzrətlərinə öz minnətdarlığımı bildirmək istəyirəm. Həm ona görə ki, bizi ənənəvi olaraq bu gözəl iftar süfrəsinə dəvət edib, eyni zamanda, şeyx həzrətlərinin ölkə daxilindəki və beynəlxalq müstəvidəki fəaliyyəti çox uğurludur, çox qiymətlidir. Mən şeyx həzrətlərinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bu fəaliyyəti qiymətləndirərək, iki gün əvvəl şeyx həzrətlərini Azərbaycan dövlətinin yüksək mükafatı olan “Şərəf” ordeni ilə təltif etmişəm. Şeyx həzrətləri həm ölkə daxilində, həm də beynəlxalq aləmdə çox böyük nüfuza malik olan şəxsiyyətdir. Mən bunu yaxından bilən adam kimi tam qətiyyətlə deyə bilərəm. Müxtəlif dövlət başçıları ilə aparılan söhbətlərimdə hər zaman şeyx həzrətləri haqqında qarşı tərəfdən səslənən müsbət fikirlər məni çox sevindiribdir. Bu, şeyx həzrətlərinin insani xüsusiyyətləridir, onun qabiliyyətidir, onun Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə nə qədər sadiq olduğunun bariz nümunəsidir. Eyni zamanda, bu, ölkəmiz üçün də böyük töhfədir. Çünki sirr deyil ki, dinlərarası münasibətlərdə şeyx həzrətlərinin böyük rolu vardır. O, böyük hörmətə malikdir və istər müsəlman ölkələrinə, istər başqa ölkələrə səfər edərkən bir çox hallarda şeyx həzrətləri haqqında söhbət açılır və mən ona, sözün əsl mənasında, böyük rəğbəti görürəm. 

İki gün bundan əvvəl şeyx həzrətləri öz yubileyini qeyd etmişdir. Mən onu hər il olduğu kimi telefonla təbrik etmişdim, bu gün də şəxsən bir daha təbrik etmək istəyirəm. Hörmətli dostum, sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, belə görüşlər, bu gözəl ənənə davam etsin və hər il biz sizinlə bərabər bu gözəl, mübarək Ramazan ayını qeyd edək. Sağ olun. 

“Xalq qəzeti”.-2009.- 30 avqust .- № 192.- S.1.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.