IV İslam Həmrəyliyi Oyunları

İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır.

2015-ci il ilin aprel ayında IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi barədə İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) ilə müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, İHİF-in prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdulla bin Müsaid bin Əbdüləziz Al Səud və Azərbaycan Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə imzalamışlar.

2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalamışdır. Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunmuşdur. Sentyabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birinci iclası keçirilmişdir.

2017-ci il aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasını keçirdi. 

2017-ci il aprelin 5-də Bakıdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verildi. 2017-ci il İslamiadasının rəmzi su oldu. Bu da təsadüfi deyil. Su – həyat və əbədiyyət mənbəyidir.

Prezident İlham Əliyev Xəzər dənizindən götürülmüş suyu özləri ilə aparmaq üçün Azərbaycanın bütün guşələrindən gəlmiş uşaqlara təqdim etdi. Paklıq və birlik rəmzi olan su səyahəti ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edirdi. 3 min kilometrdən çox məsafəni qət edən su səyahəti Naxçıvan, Astara, Şirvan, Sabirabad, Ağcabədi və Horadizdə böyük coşqu ilə qarşılandı və əsl bayrama çevrildi. İlkin Təqdimat Mərasiminin keçirilməsindən 37 gün sonra, may ayının 12-də səyahət Bakı Olimpiya Stadionunda başa çatdı. Ölkəmizin müxtəlif guşələrindən toplanan su Bakıya gətirilərək və açılış mərasiminin tərkib hissəsi hesab olunmaqla Azərbaycanın İslam Həmrəyliyi Oyunlarının idmançılarını salamlamasını simvolizə etdi.

Yarışın əsas şüarı “Həmrəylik bizim gücümüzdür” idi. 

Oyunlarının rəsmi açılış mərasimi Olimpiya Stadionunda keçirildi.

12-22 may 2017-ci il tarixlərində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları bu xoş məramın növbəti parlaq təzahürü oldu. İslam Həmrəyliyi Oyunları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə, Birinci vitse-prezident və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın və Azərbaycan İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsində çalışan heyətin fəaliyyəti sayəsində mümkün oldu.

Azərbaycan Oyunların açılış mərasimində İslam dininin mütərəqqi, elm, mədəniyyət, sülh və mərhəmət dini olduğunu göstərdi. Azərbaycanın tolerantlıq məkanı, xalqımızın multikultural ruhun daşıyıcısı olduğunu bir daha ortaya qoydu. Qədim və zəngin tariximizi, mədəniyyətimizi bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdi. Bağlanış mərasimində isə dünya Azərbaycanı mütərəqqi, müasir ölkə kimi gördü. Qürur mənbəyimiz olan Vətənimizi dünya miqyasında əvəzolunmaz ölkəyə çevirən məhz bu nadir vəhdətdir.

“Bakı-2017” tarixə həm böyük idman bayramı, həm də dostluğun təntənəsi kimi yazıldı. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-birinin əlini sıxdılar. Azərbaycan dünyaya nümayiş etdirdi ki, İslam aləmi birdir və bu birlik bizim güc mənbəyimizdir.

Bakıya 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 2000-dək komanda rəsmisi və texniki nümayəndə gəlmişdi. İndiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb.

Yarışlarda Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adaları, Kot d’İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran, İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş, Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone, Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən və Azərbaycan idmançıları iştirak ediblər.

İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə apardılar. Azərbaycan idmançıları xalqımızı parlaq qələbələri ilə sevindirərək, yarışları birinci pillədə başa vurdular. Azərbaycan idmançıları hamıdan çox qızıl medal qazandılar. Atletlərimiz 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldular. Azərbaycan millisinin aktivinə ən çox medal cüdoçular tərəfindən yazılıb. Onlar, ümumilikdə, 26 medal - 11 qızıl, 12 gümüş və 3 bürünc əldə etdilər. Qazanılan uğurda güləşçilərimiz 23 medal və gimnastlarımız isə 20 medal qazandılar.

Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn beşinci (21 medal) yerdə qərarlaşdılar. 

Ümumilikdə yarışlarda 40 ölkənin idmançıları 1600 medal qazandılar.

Daha bir diqqət çəkən fakt: “Bakı-2017”ni 58 ölkədə 1,3 milyard tamaşaçı izləyib. Yarışları 1000-dək media nümayəndəsi, o cümlədən Oyunların rəsmi media tərəfdaşı olan AZƏRTAC-ın 70-dək əməkdaşı işıqlandırıb. 

Bakının 16 idman arenası on gün ərzində tam qüsursuz fəaliyyət göstərdi və yaradılan şərait həm idmançıların, həm də tamaşaçıların ürəyincə oldu. Bakıda keçirilən Oyunlar İslamiadanın tarixinə möhtəşəm idman bayramı kimi yazıldı.

Mayın 22-də Bakı Olimpiya Stadionunda idman həvəskarlarına bir çox unudulmaz, sevinc dolu anlar bəxş edən Oyunların təntənəli bağlanış mərasimi keçirildi. 

“Bakı-2017”nin açılış və bağlanış mərasimlərinin hazırlanmasına 31 ölkədən 5000-dən çox səhnə mütəxəssisi, texniki heyət və aktyorlar qrupu cəlb olunmuşdu. Bağlanış mərasimi 1500 könüllü tərəfindən canlandırıldı.

Prezident İlham Əliyev 23 may 2017-ci ildə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüşündə İslamiadanın tarixi əhəmiyyətini belə səciyyələndirib: “Bu Oyunlar, eyni zamanda, İslam həmrəyliyini gücləndirəcək. Mən Oyunlar ərəfəsində demişdim, bizim əsas məqsədimiz ondan ibarətdir ki, müsəlman ölkələrini təmsil edən idmançılar, qonaqlar Bakıda bir yerdə olsunlar, bir-biri ilə tanış olsunlar, bir-birinin əlini sıxsınlar və dostluq, əməkdaşlıq güclənsin. Belə də oldu. Biz bunu yarışlarda gördük ki, bəzi hallarda siyasi cəhətdən bir-biri ilə o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırlar”.

IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri Azərbaycanın idman ölkəsi olduğunun daha bir parlaq nümayişidir.

Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edərək tarix yazdı. On gün ərzində İslam dünyasının idman nəbzi Bakıda döyündü. İslamiadanın yarışları, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi, maraqlı və parlaq qələbələrlə yadda qaldı.

Azərbaycan IV İslam Həmrəyliyi Oyunları vasitəsilə bir daha mesaj verdi ki, öz ekstremist, radikal düşüncələrini yaymaq, şəxsi maraqlarını təmin etmək üçün İslam üzərindən oynanılan “oyunların” bu dinlə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Çünki İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, barış və birgəyaşayış dinidir. 
Bu Oyunlar həm də onu sübut etdi ki, Azərbaycan istənilən beynəlxalq tədbiri təşkil edə, bu sahədə nümunəvi standartlar və meyarlar müəyyənləşdirə bilər.  

 

İslamiadada iştirak etmiş ölkələrin yığma komandalarının reytinq cədvəli
 

Ölkə
AZE Azərbaycan 75 50 37 162
TUR Türkiyə 71 67 57 195
IRI İran 39 26 33 98
UZB Özbəkistan 15 17 31 63
BRN Bəhreyn 12 5 4 21
ALG Əlcəzair 7 12 21 40
MAR Mərakeş 7 5 15 27
INA İndoneziya 6 29 23 58
EGY Misir 6 5 7 18
KGZ Qırğızıstan 4 5 8 17
KSA Səudiyyə Ərəbistanı 4 1 6 11
JOR İordaniya 3 1 11 15
IRQ İraq 2 7 5 14
KAZ Qazaxıstan 2 5 12 19
TKM Türkmənistan 2 4 7 13
QAT Qətər 2 3 7 12
NGR Nigeriya 2 3 1 6
SYR Suriya Ərəb Respublikası 2 2 6 10
TUN Tunis 1 3 8 12
CMR Kamerun 1 2 6 9
BAN Banqladeş 1 1 1 3
SEN Seneqal 1 1 1 3
GAM Qambiya 1 1 0 2
BEN Benin 1 0 1 2
GBS Qvineya-Bisau 1 0 1 2
MOZ Mozambik 1 0 1 2
PAK Pakistan 0 3 9 12
OMA Oman 0 3 4 7
UAE Birləşmiş Ərəb Əmirliyi 0 1 3 4
GUY Qayana 0 1 2 3
SUR Surinam 0 1 2 3
DJI Cibuti 0 1 1 2
MLI Mali 0 1 0 1
UGA Uqanda 0 1 0 1
AFG Əfqanıstan 0 0 6 6
CIV Fil Dişi Sahili 0 0 4 4
TJK Tacikistan 0 0 4 4
MAS Malayziya 0 0 2 2
YEM Yəmən 0 0 2 2
LBN Livan 0 0 1 1
ALB Albaniya 0 0 0 0
BRU Bruney Darüssəlam 0 0 0 0
BUR Burkina-Faso 0 0 0 0
CHA Çad 0 0 0 0
COM Qəmər adaları 0 0 0 0
GAB Qabon 0 0 0 0
GUI Qvineya 0 0 0 0
MDV Maldiv adaları 0 0 0 0
MTN Mavritaniya 0 0 0 0
NIG Niger 0 0 0 0
PLE Fələstin 0 0 0 0
SLE Syerra-Leone 0 0 0 0
SOM Somali 0 0 0 0
TOG Toqo 0 0 0 0
Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.