Ramazan bayramı münasibətilə keçirilən mərasimdə çıxışı
"Gülüstan" sarayı
3 mart 1995-ci il
Hörmətli bacılar, qardaşlar, gənclər, əziz balalarımız,
Azərbaycanın əziz övladları!
Biz bu gün Ramazan bayramını qeyd edirik. Ramazan bayramı dünya müsəlmanlarının, o cümlədən azərbaycanlıların ən müqəddəs, ən böyük bayramıdır. Azərbaycan xalqı bu bayramı dərd-qəm içərisində qeyd edir. Burada deyildiyi kimi, respublikamız altı ildən artıqdır ki, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdır. Azərbaycan böyük itkilər vermişdir, respublikamızın qəhrəman vətəndaşları torpaqlarımızı müdafiə edərək, vətəni qoruyaraq şəhid olmuşlar, həlak olmuşlar. Ərazimizin bir qismi işğal edilmiş, əhalimizin bir milyondan çoxu yerindən-yurdundan didərgin düşmüşdür, qaçqın, köçkün vəziyyətində yaşayır, ağır şəraitdədir. Ümumiyyətlə xalqımız, respublikamız ağır şərait içərisindədir.
Biz bayramı belə bir dövrdə qeyd edirik. Eyni zamanda Azərbaycan xalqı Ramazan bayramını öz müstəqil dövlətinin bayrağı altında keçirir. Xalqımız üç ildən çoxdur ki, milli azadlığa çıxıb, Azərbaycan öz müstəqilliyini əldə edib, müstəqil bir dövlətdir. Müstəqillik, milli azadlıq yolu asan, hamar olmayıb, çox əzab- əziyyətli olub. Həmin yol bundan sonra da çətin olacaqdır. Ancaq itkilərimizlə bərabər, əldə etdiyimiz dövlət müstəqilliyi, suverenliyi, milli azadlıq bizi sevindirir, hamımızda qürur hissi yaradır və bu bayramı böyük nikbinliklə qeyd etməyə imkan verir.
Xalqımız əsrlər boyu yaşamaq, yaratmaq üçün mübarizə aparıb, milli azadlıq uğrunda vuruşub, qurbanlar verib, öz torpağında milli ənənələri, tarixi kökləri əsasında, öz dini, mənəviyyatı əsasında müstəqil dövlət qurmaq arzusunda olub. İndi xalqımız bunlara nail olub. Dediyim kimi, bu yolda itkilər də olub, bu da təbiidir. Biz bundan sonra da şübhəsiz ki, çətin yolla gedəcəyik, böyük maneələrlə rastlaşacağıq. Ancaq ən əhəmiyyətlisi ondan ibarətdir ki, əsrlər boyu həsrətində olduğumuz müstəqil Azərbaycan dövləti mövcuddur. Biz əsrlər boyu həsrətində olduğumuz milli azadlığa gəlib çıxmışıq.
İndi hər şey bizim əlimizdədir, yəni Azərbaycan xalqının, vətəndaşlarının əlindədir. Hər şey bizim hamımızdan asılıdır. Biz bu nailiyyətləri lazımi qədər qiymətləndirə bilsək, onu əlimizdə saxlayıb əbədiləşdirəcəyik. Bu bayram günü mən bir daha tam əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan xalqında belə inam var. Azərbaycan xalqında artıq belə möhkəm mənəviyyat mövcuddur, xalqımız bu tarixi nailiyyətləri bundan sonra heç vaxt əlindən verməyəcəkdir.
Bunun üçün şübhəsiz ki, biz çox iş görməliyik, xalqımızın mənəvi birliyini təmin etməliyik. Gücümüzün hamısını bir yerə toplamalıyıq. Biz vətəndaş həmrəyliyini, milli həmrəyliyi, xalqın bütün təbəqələrinin həmrəyliyini bir məqsəd üçün – Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, respublikamızı bu ağır vəziyyətdən çıxarmaq üçün təmin etməliyik. Bu gün sizə bəyan edirəm ki, Azərbaycanın dövləti, hakim dairələri, o cümlədən prezident kimi mən bunu qarşıma məqsəd qoymuşam, bu məqsədə nail olmaq üçün əlimdən gələni etmişəm və bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.
Qeyd etdiyim kimi, biz bu bayramı çətin şəraitdə, ancaq böyük nikbinlik əhval-ruhiyyəsi ilə keçiririk. Bu nikbinlik də Azərbaycanın hər bir vətəndaşının qəlbində olan vətənpərvərlik hissindən, Vətəninə, torpağına, xalqına, tariximizə bağlılıq hissindən doğur. Ona görə də mən inanıram ki, biz bu birliyi əldə edə biləcək, onu möhkəmləndirəcək və nailiyyətlərimizi birlikdə qoruyub saxlayacağıq.
Azərbaycan xalqının yaxşı yaşaması üçün ölkəmizin böyük imkanları – təbii sərvətləri, iqtisadi potensialı, gözəl ərazisi, iqlimi, ənənələri və çox zəngin tarixi, mədəniyyəti var. Bunlar hamısı bizim milli sərvətlərimizdir. Bunlar əsas verir bu gün bir daha deyək ki, Azərbaycanın çox gözəl, xoşbəxt, işıqlı gələcəyi var. Bu gələcəyə biz hamımız birlikdə, hamımız əl-ələ verərək getməliyik. Əgər bu məqsədə nail olmaq üçün hamı öz sahəsində namusla, qeyrətlə çalışsa, biz bu gələcəyə çatacağıq. Güman edirəm ki, biz buna nail olacağıq.
Bu gün Azərbaycanın hər yerində Ramazan bayramı qeyd olunur. Hər bir müsəlman azərbaycanlı bu bayramı kimi evində, kimi qonşusu ilə, qohum-əqrəbası ilə qeyd edir. Eyni zamanda şəhərlərdə, rayonlarda, qəsəbələrdə, kəndlərdə yerli icra hakimiyyəti orqanları, ictimai və xeyriyyəçi təşkilatlar, cəmiyyətlər bu bayramın geniş miqyasda keçirilməsi üçün fəaliyyət göstərirlər. Ehsanlar verilir, şəhidlərin ruhuna dua oxunur. Beləliklə, bizim milli, dini ənənələrimiz bayram günündə də, matəm günündə də bərpa olunur, cəmiyyətdə, qəlbimizdə öz yerini tutur və güman edirəm ki, bu, ən müsbət hallardan biridir.
Bununla əlaqədar olaraq biz bu gün "Gülüstan" sarayına toplaşmışıq. Bu saray çox böyük mərasimlər görüb. Azərbaycan dövlətinin bu sarayda böyük görüşləri, mərasimləri, ziyafətləri olub. Ancaq burada, artıq deyildiyi kimi, bu mərasimlərdə, görüşlərdə, adətən respublikamızın rəhbər vəzifəli şəxsləri, hörmətli adamlar, tanınmış ziyalılar iştirak edirlər. "Gülüstan" sarayı şübhəsiz ki, xalqın üzünə açıqdır. Adi adamlar da gəlib burada bayramlarını, şənliklərini, toylarını qeyd edirlər. Bu da təbiidir.
Ancaq bu gün burada əvvəlkilərin hamısından fərqli olan bir məclis toplaşıb. Əsas fərq ondan ibarətdir ki, müqəddəs bayramımız – Ramazan bayramı Azərbaycanın ən möhtəşəm sarayı olan "Gülüstan"da qeyd olunur. Digər fərq ondan ibarətdir ki, bu gün buraya toplaşanlar əvvəlki mərasimlərin iştirakçıları deyillər. Çoxları bəlkə də bu qapıdan ilk dəfə giriblər, buraya addımlarını atıblar, bu masaların arxasında oturublar, bu bayramı burada qeyd edirlər. Bu dəvət olunanlar şəhid ailələridir. Xocalı faciəsinin dəhşətlərini görənlərdir. Xocalıda həlak olanların balalarıdır, uşaqlarıdır, qohum-əqrəbalarıdır. Vətən yolunda şəhid olanların ailə üzvləridir. Vətən yolunda vuruşub xəsarət alanlardır – sadə insanlardır. Ola bilər ki, əksəriyyəti özləri üçün bu gün belə süfrə düzəltməyə imkanı olmayan adamlardır. Ancaq eyni zamanda, bu salona toplaşanlar Azərbaycan xalqının, respublikanın dəyərli, hörmətli insanlarıdır. Onlar vətənpərvər, təmiz qəlbə malik, əzab-əziyyət içərisində olduqlarına görə hörmətli, dəyərli insanlardır. Mənim yanımda oturan balaca Murad Xocalıda valideynlərini itirib, Samirə Xocalıda itkilər verib. Başqaları da belədir. Burada oturanların əksəriyyəti əhalimizin bu təbəqəsindən olanlardır. Güman edirəm, toplaşanların mənəvi haqqı var ki, bu gün Ramazan bayramını məhz burada keçirsinlər, bir yerdə qeyd etsinlər, bir-birilə görüşsünlər, ünsiyyətdə olsunlar, həyat nə qədər çətin keçsə də, heç olmasa bu çətin həyatın bir neçə saatının xoş anlarını yaşasınlar. Amma eyni zamanda hesab edirəm ki, biz heç vaxt bədbinliyə qapılmamalıyıq. Həyat həmişə inkişafdadır. Ona görə də nə qədər ağır itkilərimiz, nə qədər çətinliklərimiz olsa da biz həmişə nikbin olmalıyıq, başımızı həmişə dik tutmalı, irəliyə həmişə inamla baxmalıyıq, ümidlə yaşamalıyıq.
Şübhəsiz, ən böyük arzumuz, ən böyük ümidimiz, ən böyük istəyimiz müharibəyə son qoyulmasıdır, torpaqlarımızın azad edilməsidir, əsirlikdə olan vətəndaşlarımızın geri qayıtmasıdır. Ən böyük arzumuz Azərbaycanın ərazi bütövlüyünün, respublikamızın sərhədlərinin toxunulmazlığının, ölkəmizin suverenliyinin təmin olunmasıdır. Güman edirəm ki, o günlər də uzaqda deyil. Biz o günlərə gəlib çatacağıq. Çatacağıq ona görə ki, xalqımızda olan mərdlik, cəsarət, qəhrəmanlıq, tariximizdə xalqımızın göstərdiyi qəhrəmanlıq nümunələri bizim bu ağır vəziyyətdən çıxmağımıza şübhəsiz ki, kömək edəcəkdir. Tam imkanımız vardır ki, bu ağır vəziyyətdən çıxaq və bütün məqsədlərimizə nail olaq.
Doqquz aydan artıqdır ki, müharibədə atəş dayandırılıbdır. Şübhəsiz ki, bu, böyük hadisədir. Altı il davam edən müharibədə ilk dəfədir ki, belə uzunmüddətli atəşkəs əldə olunub. Ancaq bu atəşkəs müharibəyə sülh yolu ilə son qoymaq, Azərbaycanın işğal olunmuş bütün ərazilərini azad etmək üçün sadəcə bir vasitədir. Bilirsiniz ki, bu sahədə biz çox istiqamətdə iş görürük, tədbirlər həyata keçiririk, diplomatik addımlar atırıq, danışıqlar aparırıq və danışıqları bundan sonra da davam etdirəcəyik. Güman edirəm ki, görülən işlər öz nəticəsini verəcəkdir. Şübhə etmirəm ki, biz istədiyimizə nail olacağıq. Bu gün bayramı qeyd edərkən biz şəhidləri də xatırlayırıq. Dünyasını dəyişən bütün qohum-əqrəbamızı, dostlarımızı, tanışlarımızı, vətəndaşlarımızı da xatırlayırıq. Hamımız şəhidlərin ruhu qarşısında baş əyirik, onlara rəhmət diləyirik, xalqımıza səbir diləyirik. Eyni zamanda bir daha bəyan edirik ki, Azərbaycan xalqı bundan sonra istədiyi kimi, müstəqil yaşamağa, müstəqil dövlətini qurub inkişaf etdirməyə qadirdir və xalqımız buna nail olacaqdır. Bu yolda Azərbaycan dövləti bütün tədbirləri görür və bundan sonra da görəcəkdir. Buna tam əmin ola bilərsiniz. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti hər bir vətəndaşın hüquqlarının keşiyində durub, onun hüquqlarının toxunulmazlığını təmin edir və edəcəkdir. Azərbaycanın prezidenti kimi mən verdiyim anda həmişə sadiq qalacağam, hər bir Azərbaycan vətəndaşının hüquqlarının qorunmasına çalışacağam və bunun üçün bütün imkanlarımdan istifadə edəcəyəm.
Gərək hər bir vətəndaş da dövlətinə, torpağına sədaqətli olsun, sədaqətlə yaşasın, xidmət etsin və çalışsın ki, xalqla dövlətin vəhdəti möhkəmlənsin, respublikamız bu ağır vəziyyətdən çıxsın. Mən buna inanıram və əminəm ki, belə də olacaqdır.
Sizi Ramazan bayramı münasibətilə bir daha təbrik edirəm. Hər birinizə cansağlığı, xoşbəxtlik arzu edirəm, işlərinizdə, fəaliyyətinizdə uğurlar diləyirəm. Sağ olun, bayramınız mübarək olsun!
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.