Azərbaycan

Azərbaycan xalqı öz torpaqlarında zəngin və çoxşaxəli mədəniyyətlə yanaşı dövlətçilik ənənələri yaratmışdır. Azərbaycanlılar həm də dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yaranmışdır. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar.

IV minilliyin sonu - III minillikdə təşəkkül tapmış Kür-Araz mədəniyyəti Cənubi Qafqazın digər regionlarına, Şərqi Anadoluya və Şimali Qafqaza da yayılmışdı.

Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Onlar Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəlməsində, ölkənin iqtisadi-mədəni, etnik-siyasi tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.

VII əsrdə İslam dininin qəbul olunması ilə Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri baş verdi. Ölkədə dini birliyin yaranması bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, əlaqələrin genişlənməsinə səbəb oldu. İslam dini, eyni zamanda, Azərbaycanı idarə edən ayrı-ayrı feodal sülalələrinin tez-tez bir-birini əvəz etdiyi bir tarixi şəraitdə bütün Azərbaycan əhalisinin yadelli qəsbkarlara qarşı vahid qüvvə halında birləşməsində mütərəqqi rol oynadı. Ümumi düşmənlərə qarşı mübarizədə sıx birləşməyin zəruriliyi, vahid dinin - İslamın ölkə əhalisinin qaynayıb- qarışmasına, qohumlaşmasına, ümumi adət və mərasimlərə yol açması etnik-siyasi birliyi daha da möhkəmləndirdi.

Ərəb xilafətinin tənəzzülündən sonra - IX əsrin ortalarından başlayaraq Qafqazda, habelə bütün Yaxın və Orta Şərqdə imperiyaların rolu artdı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Şəki hakimləri, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlairilər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Nadirşahlıq, Qacarlar və başqa sülalələrin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin bütövlükdə Cənubi Qafqazın deyil, eyni zamanda, bütün Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoydular.

XIX əsrin əvvəllərində Azərbaycan Rusiya və Qacarlar İranı arasında qanlı müharibələr meydanına çevrildi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə Qacarların idarə etdiyi İran şahlığına qatıldı.

Zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycanda ilk respublika Azərbaycan Xalq Cümhuriyyəti adı ilə 1918-ci il mayın 28-də yaradılmış və 23 ay fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlament tipli demokratik dövlət idi. 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmuş və 1991-ci ildə SSRİ dağılanadək davam etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuş və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir. Bu Aktla Azərbaycan Respublikası 71 illik fasilədən sonra yenidən müstəqil dövlətlər cərgəsinə qoşulmuşdur. 

Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilmişdir. Azərbaycan dövlətçiliyinin hüquqi əsasları, siyasi və iqtisadi strukturunun prinsipləri müəyyən edilmişdir.

Azərbaycan Respublikasının ərazisi bölünməzdir və Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə respublikanın bütün əhalisi arasında keçirilən xalq səsverməsi (referendum) ilə ifadə edilmiş razılıq olmadan onun sərhədləri dəyişdirilə bilməz.

Azərbaycan Respublikası çoxsahəli sənayeyə və kənd təsərrüfatına, geniş nəqliyyat şəbəkəsinə, inkişaf etmiş elmə, qədim və zəngin mədəniyyətə malikdir. Ağır sənaye sahələri üstünlük təşkil edir. Neft və qazçıxarma, neft-kimya, maşınqayırma, metallurgiya, yeyinti, tikinti materialları sənayesi, yüngül sənaye və digər sahələr inkişaf etmişdir. Kənd təsərrüfatı, əsasən pambıqçılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, meyvəçilik üzrə ixtisaslaşmışdır. Yük və sərnişin daşınmasında dəmir yolu, avtomobil, dəniz və hava yolları nəqliyyatı əsas yer tutur.
 

Azərbaycan Respublikasının yarandığı tarix 28 may 1918-ci il
Müstəqilliyin bərpası günü 18 oktyabr 1991-ci il
İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu gün  8 dekabr 1991-ci il
Birləşmiş Millətlər Təşkilatına daxil olduğu gün 2 mart 1992-ci il
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına qoşulduğu gün 30 yanvar 1992-ci il
İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olduğu gün 28 noyabr 1992-ci il
Müstəqil Dövlətlər Birliyinə üzv olduğu gün 24 sentyabr 1993-ci il
Avropa Şurasına daxil olduğu gün 17 yanvar 2001-ci il
Türk Dövlətləri Təşkilatına daxil olduğu gün 3 oktyabr 2009-cu il
Qoşulmama Hərəkatına üzv olduğu gün 26 may 2011-ci il
Ərazi, min km² 86,6
Əhalinin sayı, min nəfər (yanvar, 2023) 10127,1
1 km ²-ə düşən əhalinin sıxlığı (nəfər) 117
Paytaxt Bakı
Dövlət dili Azərbaycan dili
Pul vahidi manat

Dövlət bayrağı
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng - islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Dövlət gerbi
Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
 

 

 

İnzibati-ərazi vahidləri
Muxtar respublika                               1
Rayonlar                                             63
Şəhərlər                                              79
Şəhərlərdə rayonlar                           12
Qəsəbələr                                          262
Kənd yaşayış məntəqələri                4246
Kənd ərazi dairələri                          1724

Siyasi quruluşu: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: Azərbaycan siyasi sistemində dövlət hakimiyyətinin həyata keçirilməsi formasına görə prezident üsul-idarəsinə əsaslanan respublikadır.

Din: Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Ölkə müsəlmanlarının təxminən 60-65 faizi şiə, 35-40 faizi sünni məzhəb müsəlmanlardan ibarətdir. Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunmuşdur. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.  Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

2001-ci ildə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.

Dövlət dili. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.

Azərbaycan dövlətinin başçısı:  Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir  O, ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Prezident Azərbaycan dövlətinin müstəqilliyi və ərazi bütövlüyünün təminatçısıdır. Prezident Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Azərbaycan Respublikasının Milli Məclisi 125 deputatdan ibarətdir. 

Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya, Ali, Apelyasiya və İqtisad məhkəmələri həyata keçirir.

Azərbaycanın siyasi sistemi çoxpartiyalılıq və plüralizm prinsiplərin əsasında qurulub. Hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 55 siyasi partiya fəaliyyət göstərir. Siyasi partiyalar qanunverici və yerli özünüidarəetmə orqanlarında təmsil olunmaq vasitəsi ilə dövlət hakimiyyətinin həyata keçirilməsində iştirak edirlər. Bundan başqa 4000 ictimai təşkilat fəaliyyət göstərir.

Coğrafi məlumat: ölkə ərazisinin 12%-i meşələr, 1,7%-i su hövzəsi, 54,9%-i kənd təsərrüfatına yararlı torpaqlar, o cümlədən 31,1%-i otlaq və biçənəklər, 31,4%-i sair torpaqlardır. Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində yerləşir. Ölkə ərazisinin torpaq örtüyü rəngarəngdir: Böyük və Kiçik Qafqazın ətəklərində qara, qonur, şabalıdı, Kür-Araz ovalığında əsasən qumlu, duzlu, kül torpaqlar.

İqlim: Mülayimdən subtropikə keçid, kontinentala yaxındır. Havanın orta illik temperaturu dağətəyi ərazilərdə + 14° C-dən dağlıq ərazilərdə 0° C və daha aşağı temperatura qədər dəyişir, illik yağıntı - dağlıq və dağətəyi zonalarda 200 mm-dən düzənliklərdə - 1200 -1700 mm-dək olur.

Çaylar: Əsas çaylar: Kür, Araz, çoxlu miqdarda dağ çayları: Xramçay, Ağstafaçay, Əsrikçay, Şəmkirçay, Zəyəmçay, Gəncəçay, Ağsuçay, Həkəriçay, Alazan çay, Əlicançay, Kişçay, Qarqarçay, Viləşçay, Vayxırçay və s.

Tarixi abidələr: Bakıda Şirvanşahlar sarayı, Qız qalası, Atəşgah məbədi, Qobustan qayalıqları, qədim Qəbələ şəhərinin qalıqları, Qarabağda Azıx mağarası (ən çox qədim insan məskəni), Şuşa qalası, Əskəran qalası, Çıraqqala, Gəncə qalasınm qalıqları, Tovuz və Gədəbəy rayonlarındakı Koroğlu qalaları, Naxçıvanda Oğlanqala qalasının qalıqları və s.

Relyef: Ölkə ərazisinin əsas hissəsi Böyük və Kiçik Qafqaz sıra dağlarının arasında yerləşir. Kür çayının yuxarı axarı boyunca alçaq dağlar, təpələr və çökəkliklər (ən böyüyü Alazan-Həftəran çökəkliyi), aşağı axarında mərkəzi və şərq zonasında Kür-Araz ovalığı. Qarabağ, Şirvan, Muğan və Mil düzənlikləri əkin üçün tarlalardan və çəmənliklərdən ibarətdir. Orta dağlıq hissələr çoxlu çay vadilərinə bölünmüşdür. Ən uca nöqtə - Bazardüzü Böyük Qafqazda (4485 m).

Kurortlar, şəfa ocaqları: Xəzərsahili istirahət zonası: “Abşeron”, “Qaranquş”, “Bilgəh” sanatoriyaları, Naftalan kurortu, Masallıda İstisu sanatoriyası, Şahdağ, Hacıkənd, Şəki, Zaqatala, Lənkəran, Mingəçevir istirahət zonaları və turist bazaları.

Bitki örtüyü: Ölkənin ərazisi bitki örtüyü ilə çox zəngindir. Böyük və Kiçik Qafqaz dağlarının yamaclarında barlı meşələrdə: şabalıd, qoz, vələs, fındıq, cökə, yemişan, cır armud, ağcaqayın, Talış dağlarında nadir dəmirağacı, Kür boyu tuqay meşələrində çinar, qovaq, göyrüş, cır nar və s. mövcuddur. Aran düzənliklərində müxtəlif kol bitkiləri: yulğun, böyürtkən, zirinc və s. yetişir.

Heyvanlar aləmi: qonur ayı, dağ keçisi, xallı maral, ceyran, cüyür, tülkü, dovşan, qunduz, porsuq, sincab və s.
Quşlar aləmi hədsiz dərəcədə zəngindir: qırqovul, turac, kəklik, sultan toyuğu, qu quşu, ördək, qaz, meşə xoruzu, cüllüt, qarabatdaq, qaratoyuq, qaranquş, sığırçın, alabaxta, göyərçin və s.

Milli parklar, qoruqlar: Azərbaycanda 9 milli park, 13 dövlət təbiət qoruğu, 19 dövlət təbiət yasaqlığı vardır. Türyançay, Pirqulu, İsmayıllı, Qarayazı, Şahbuz, Eldar şamı və İlisu Dövlət Təbiət qoruqları, Ordubad, Şirvan, Ağgöl, Hirkan, Altıağac, Abşeron milli parkları, Qusar, Qarayazı-Ağstafa, Şəki, İsmayıllı, Şəmkir, Bərdə, Qızılağac, Ağgöl, Gil adası, Zuvand, Qax dövlət təbiət yasaqları və s.

Dövlət sərhədləri: Cənubdan İranla 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Azərbaycan Respublikasının quru sərhədlərinin uzunluğu 2647 km, su sərhədlərinin uzunluğu 816 km-dir.

Xəzər dənizinin Azərbaycan sektorunda ən enli sahəsinin uzunluğu 456 km-dir.

Ölkə 44° və 52° şərq uzunluq dairəsi, 38° və 42° şimal en dairəsində, Bakı 40° paralel üzərindədir.

Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir.

Qonşu dövlətlər: Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti, İran İslam Respublikası, Gürcüstan, Ermənistan Respublikası

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.