Türk Dövlətləri Təşkilatının qurumları

Türk Dövlətləri Təşkilatı çərçivəsində TÜRKSOY-dan başqa Türk Dövlətləri Parlament Assambleyası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası kimi təşkilatlar da fəaliyyət göstərir. Belə ki, Türk Dövlətləri Təşkilatı bu çərçivədə bir üst əlaqələndirici olaraq təşkilat funksiyasını yerinə yetirir. Bu alt təşkilatların fəaliyyətini koordinasiya etmək isə Katibliyin vəzifəsidir. 

TÜRKSOY. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türkdilli ölkələrin dövlət başçıları arasındakı əməkdaşlığın ilk praktiki nəticəsi, türk dünyasında çoxtərəfli əməkdaşlığın mövcud olduğu ilk təşkilatdır. Naxçıvan Sazişinin 4-cü maddəsinə görə, elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın inkişafı, türk dünyasının ümumi dəyərlərinin beynəlxalq səviyyədə yayılması və tanınması, türkdilli dövlətlər arasında mədəni əlaqələrin dərinləşdirilməsi məqsədilə tərəflər TÜRKSOY çərçivəsində əməkdaşlıq edirlər. Azərbaycan TÜRKSOY-un fəaliyyətində yaxından iştirak edir. Türkdilli ölkələrin dövlət başçılarının 2006-cı il noyabrın 17-də Antalyada keçirilən 8-ci Zirvə görüşündə Prezident İlham Əliyev TÜRKSOY-un fəaliyyəti nəticəsində türk xalqlarının bir-birinə daha da yaxınlaşdığını qeyd edib. TÜRKSOY 1993-cü ildə Almatıda 6 türk dövlətinin mədəniyyət nazirləri tərəfindən imzalanmış müqavilə əsasında yaradılıb. 1993-cü il iyulun 12-də Alma-Ata şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə Respublikalarının mədəniyyət nazirləri “TÜRKSOY-un strukturu və fəaliyyət prinsipləri haqqında Müqavilə” imzaladılar. Müqaviləyə görə, dünya mədəniyyətinin formalaşmasında vacib rol oynayan TÜRKSOY-un məqsədi türkdilli ölkə və xalqların mədəniyyət və sənətini qorumaq, inkişaf etdirmək və yenidən canlandırmaq, türkdilli ölkələrin gələcək nəsillərinə milli mədəniyyətin əsaslarını öyrətməkdir. Daha sonra Şimali Kipr və Rusiya Federasiyasının tərkibində olan Tatarıstan, Başqırdıstan, Altay, Saxa (Yakutiya), Tuva və Xakas türk muxtar respublikaları ilə birlikdə Moldovanın tərkibində olan Qaqauz Eli türk bölgəsi TÜRKSOY-da müşahidəçi statusu əldə etdilər. Türk dünyasının UNESCO-su kimi qəbul edilən TÜRKSOY BMT, UNESCO, AŞ, ICESCO və MDB kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. TÜRKSOY-un yaradılması haqqında müqaviləyə görə, qurum beynəlxalq təşkilat xüsusiyyətinə malikdir. TÜRKSOY-un ən yüksək qərarqəbuletmə orqanı mədəniyyət nazirlərindən ibarət olan Daimi Şuradır. TÜRKSOY-un koordinatorluğu üzv dövlətlər arasında 6 aydan bir əlifba ardıcıllığına görə dəyişdirilir. TÜRKSOY-un Baş katibi Mədəniyyət Nazirlərinin Şurası tərəfindən səs çoxluğu ilə seçilir və hər ölkənin mədəniyyət naziri tərəfindən təyin olunan bir nümayəndəsi TÜRKSOY-da fəaliyyət göstərir. TÜRKSOY-un mərkəzi Ankarada yerləşir. Türkiyə hökuməti ilə TÜRKSOY arasında 2010-cu il iyulun 4-də yerləşəcəyi ölkə haqqında müqavilə imzalanmışdır. TÜRKSOY-un fəaliyyəti türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası tərəfindən müəyyənləşdirilir. Bu şuranın toplantılarında qəbul edilən qərarlar TÜRKSOY-un Baş Katibliyi tərəfindən icra olunur. Rəssamların görüşləri, opera günləri, ədəbiyyat konfransları, teatr, kino və musiqi festivalları və s. – TÜRKSOY tərəfindən keçirilən bu cür toplantılar türk mədəniyyətinin ortaq dəyərlərinin daha da yaxınlaşdırılması məqsədi daşıyır. Bundan başqa, türk mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan şəxsiyyətlərin tanıdılması məqsədilə türk dövlətlərində tədbirlər təşkil edilməkdədir. TÜRKSOY-un 10-cu toplantısının keçirildiyi 2010-cu ildə hər il üzv ölkələrdən bir şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi haqqında qərar qəbul edilib. Bu çərçivədə Astana (Qazaxıstan) 2012-ci ildə, Əskişəhər (Türkiyə) 2013-cü ildə, Kazan (Tatarıstan) 2014-cü ildə, Mərv (Türkmənistan) 2015-ci ildə, Şəki (Azərbaycan) 2016-cı ildə, Türkistan (Qazaxıstan) 2017-ci ildə, Kastamonu (Türkiyə) 2018-ci ildə, Oş (Qırğızıstan) 2019-cu ildə, Xivə (Özbəkistan) 2020-ci ildə və Bursa (Türkiyə) 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtları seçilmişlər. 31 mart 2022-ci ildə TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Azərbaycanın Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsinə dair qərar qəbul edilib. 2013-cü ildən etibarən türk dünyasının mədəniyyət paytaxtında “Türkvizyon” mahnı yarışması keçirilir. TÜRKSOY digər türkdilli xalqların olduğu kimi, Azərbaycanın da mədəniyyətinin və tanınmış şəxsiyyətlərinin dünyada təbliğ olunması üçün fəaliyyətini davam etdirir. Azərbaycan TÜRKSOY-un fəaliyyətinə aktiv dəstək verir. TÜRKSOY-un təşəbbüsü ilə BMT-nin Baş Məclisi martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. Bu çərçivədə TÜRKSOY hər il bütün türk dünyasında, həmçinin Avropa dövlətlərində Novruz bayramını qeyd edir. 

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA). TÜRKPA türk dövlətləri arasında əməkdaşlığın qanuni çərçivəsinin formalaşdırılmasına xidmət edir. Bundan başqa, Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən iqtisadi, siyasi və mədəni fəaliyyətlərə qanuni dəstək verir. TÜRKPA-nın Baş Katibliyi Bakıda yerləşir. Bakının ev sahibi kimi seçilməsinin əsas səbəbi odur ki, tarixdə ilk türk parlament respublikası (AXC) 1918-1920-ci illərdə Azərbaycanda qurulub. TÜRKPA 2008-ci il noyabrın 21-də İstanbulda “Dolmabağça” sarayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikalarının parlament rəhbərlərinin imzaladıqları saziş əsasında təsis olunub. 2009-cu il sentyabrın 29-da TÜRKPA-nın Bakıda ilk plenar sessiyası keçirilib. Sessiyada TÜRKPA-nın reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsaslarla Bakı şəhərində yerləşməsi haqqında qərar qəbul edilib. İstanbul Sazişi ilə TÜRKPA tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və parlamentlərarası əməkdaşlığa dair digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması məqsədilə təsis edilib. İstanbul Sazişi 4 əsas nüsxədə olmaqla Azərbaycan, qazax, qırğız və türk dillərində imzalanıb və hər biri tərəflər üçün eyni hüquqi qüvvəyə malikdir. Digər türk ölkələri də bu sazişə qoşula bilər. Bunun üçün əvvəlcə bu ölkələrin parlamentləri yazılı bildiriş təqdim etməli və tərəflərin yazılı razılığı alınmalıdır. Saziş qeyri-müəyyən müddətə bağlanmış və tərəflərdən biri bu sazişdə iştirakdan imtina etmə haqqına sahibdir. Lakin bunun üçün digər tərəflərə yazılı bildiriş göndərməli və tərəflər bu bildirişi aldıqdan 6 ay sonra bildiriş göndərən tərəf sazişdən imtina etmiş sayılır. Bundan başqa, tərəflər bu sazişə protokollar vasitəsilə dəyişikliklər edə bilər. Protokollar sazişin ayrılmaz hissəsi sayılır. 2011-ci il aprelin 27-də Astana şəhərində İstanbul Sazişinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı protokol qəbul edilib və 4-cü, 5-ci və 8-ci maddələrə əlavə və dəyişikliklər edilib. TÜRKPA-nın əsas məqsədi parlamentlərarası əməkdaşlığı inkişaf etdirmək, üzv ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsinin, tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türkdilli ölkələr üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərinin yaxınlaşdırılması üzrə tövsiyələr qəbul etmək, tərəflər arasında hüquqi və digər xarakterli məlumat mübadiləsini həyata keçirməkdir. TÜRKPA-nın plenar iclaslarında müzakirə olunan məsələlərlə bağlı konsensus əsasında qərarlar qəbul edilir. İstanbul Sazişində assambleyada hər ölkənin parlamentinin 7 üzvlə təmsil olunması qeyd edilib. Lakin 2011-ci il aprelin 27-də İstanbul Sazişinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı protokola əsasən, bu rəqəm 9 nəfərə çatdırılıb. Hər ölkənin parlament nümayəndə heyətinə parlamentin rəhbəri başçılıq edir. Assambleyada qərarların qəbul edilməsində hər tərəf bərabər hüquqlara və bir səsə malikdir. Assambleyanın fəaliyyətinin əlaqələndirilməsini tərəflərin parlament rəhbərlərindən ibarət Assambleya Şurası həyata keçirir. Şura assambleyanın məqsəd və vəzifələrinin həyata keçirilməsinə yönəlmiş və müzakirə olunan məsələlər üzrə konsensus əsasında qərarlar qəbul edir. Assambleyanın inzibati orqanı onun daimi fəaliyyətini təmin edən Katiblikdir. Assambleyanın ilk Baş katibi 2009-cu il sentyabrın 29-da Bakıda keçirilən ilk plenar sessiyada 4 illik müddətə Azərbaycandan Ramil Həsənov seçilib. Onun səlahiyyət müddəti 2013-cü il oktyabrın 1-də başa çatıb. 2013-cü il iyunun 11-də Ankarada keçirilən 4-cü plenar sessiyada Qazaxıstandan Jandos Asanov 4 illik müddətə TÜRKPA-nın Baş katibi seçilib. Assambleyanın növbəti plenar iclasları və Assambleya Şurasının iclasları ildə bir dəfədən az olmayaraq əlifba sırası ilə üzv dövlətlərin ərazisində keçirilir. İclasın keçirildiyi ölkə iclasa sədrlik edir. Assambleya və Assambleya Şurasının növbədənkənar iclasları tərəflərdən birinin təklifi ilə bütün tərəflərin razılığı əsasında çağırılır. Assambleyanın işçi dilləri tərəflərin öz dilləri və ingilis dilidir. Beynəlxalq parlament təşkilatlarının və bu sazişin iştirakçısı olmayan digər ölkələrin milli parlamentlərinin nümayəndələri Assambleya Şurasının qərarı əsasında assambleyanın iclaslarında müşahidəçi qismində iştirak edə bilərlər. 2014-cü ildə keçirilən 5-ci plenar iclasda Macarıstan müşahidəçi dövlət olaraq TÜRKPA-ya üzv olub. TÜRKPA, öz növbəsində, Beynəlxalq Parlament İttifaqı, ATƏT-in Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında müşahidəçi statusunda iştirak edir. 3-4 dekabr 2015-ci il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan Respublikası Parlamentinin ev sahibliyində Məclisin sədri Kabibulla Jakupovun rəhbərliyi ilə Türki Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 6-cı Plenar İclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Kabibulla Jakupov, Qırğızıstan Joqorku Keneşinin sədri Asilbek Jeenbekov və Türkiyə Böyük Millət Məclisinin sədr müavini Ahmet Aydın və müşahidəçi qismində Macarıstan Milli Assambleyasının Sədr müavini Marta Matray iştirak ediblər. İclas Astana Bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşıb. 8 dekabr 2017-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Parlament Assambleyasının 7-ci Plenar Sessiyası keçirilib. Toplantıda Qırğızıstan Joqorku Keneşinin Sədri cənab Dastanbek Jumabekov, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədr müavini Gülmira İsimbayeva, eləcə də müşahidəçi qismində Macarıstan Milli Assambleyasının sədr müavini İştvan Yakab, Özbəkistan Ali Məclisinin qanunvericilik palatasının sədr müavini Nəriman Umarovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Özbəkistan nümayəndə heyəti ilk dəfə olaraq TÜRKPA-nın Plenar Sessiyasında iştirak edib. Dörd ölkənin parlament sədrlərinin iştirakı ilə TÜRKPA Assambleya Şurasının toplantısı keçirilib. Şura toplantısı zamanı TÜRKPA-ya sədrlik Qazaxıstan Məclisindən Qırğızıstan Joqorku Keneşinə keçib. Plenar Sessiya Ala-Arça Bəyannaməsinin qəbul edilməsi ilə sona çatıb. 20 noyabr 2018-ci ildə Türkiyənin İzmir şəhərində TÜRKPA-nın 8-ci Şura iclası keçirilib. Şura iclasına TÜRKPA-nın baş katibi və təşkilata digər üzv ölkələrin - Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentlərinin nümayəndə heyətləri qatılıb. Baş katib Altınbek Mamayusupovun təşkilatın 2018-ci ildəki fəaliyyətinə dair hesabat məruzəsi dinlənilib. Assambleya Şurasının 8-ci iclasında təşkilata sədrlik Qırğızıstandan Türkiyəyə keçib. TÜRKPA-nın yaranmasının 10 illik yubileyi ilə əlaqədar “TÜRKPA-nın ilk 10 ili və parlamentlərarası əməkdaşlığın gələcəyi: əməkdaşlığa dair yeni yanaşmalar” mövzusunda üç paneldən ibarət konfrans keçirilib. TÜRKPA-nın 9-cu Plenar İclası 18 dekabr 2019-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində Bakıda keçirilib. İclasın mövzusu “Türk dünyasında parlament diplomatiyası: Sülh və təhlükəsizlik naminə regional əməkdaşlığın möhkəmləndirilməsi” olub. 28 sentyabr 2021-ci il tarixində Qazaxıstan Respublikası Parlamenti Məclisinin ev sahibliyində TÜRKPA-nın 10-cu Plenar İclası Türk Dünyasının mənəvi paytaxtı - Türkistanda keçirilib. İclasın mövzusu “Türk parlamentlərarası əməkdaşlığının perspektivləri” olub.

Türk Akademiyası. Naxçıvan Sazişinin 2-ci maddəsində Türk Dövlətləri Təşkilatının fəaliyyət sahələri arasında elm, texnika, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və turizm sahələrində əməkdaşlıq da yer alıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən IX Zirvə görüşündə türk dünyası haqqında araşdırmalar aparan beynəlxalq elmi araşdırmalar mərkəzinin yaradılmasını təklif edib. N.Nazarbayevin təklifi nəzərə alınaraq 2010-cu il mayın 25-də Qazaxıstanın paytaxtı Astanada Türk Akademiyası təsis edilib. Akademiyanın təsis edilməsi ilə bağlı keçirilən tədbirdə Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev və Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ilə birlikdə Qazaxıstan, ABŞ, Rusiya (Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Yakutiya), Özbəkistan, Qırğızıstan və Ukraynadan olan türkoloqlar da iştirak ediblər. Türk Dövlətləri Təşkilatının 2012-ci il avqustun 22-23-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən 2-ci Zirvə görüşündə üzv dövlətlər Türk Akademiyasına beynəlxalq status verilməsi haqqında saziş imzaladılar. Bu saziş tərəflərin parlamentləri tərəfindən təsdiqləndikdən sonra Türk Akademiyası 2014-cü il avqustun 28-də beynəlxalq status qazandı. Saziş 2012-ci il avqustun 23-də Bişkek şəhərində bir əsas nüsxədə Azərbaycan, qazax, qırğız, türk və ingilis dillərində imzalandı. Saziş qeyri-müəyyən müddətə bağlanılıb və digər türk dövlətlərin qoşulması üçün açıqdır. Türk Akademiyasının təsis edilməsi haqqında sazişin şərtlərinə əsasən, akademiyanın məqsəd və vəzifələri aşağıdakılardır (maddə 2): türk dilləri, ədəbiyyatı və mədəniyyətinin qorunmasına, inkişafı və diaxronik öyrənilməsinin təbliğinə xüsusi diqqət ayıraraq, türk tədqiqatları sahəsində araşdırmaları əlaqələndirmək və təşviq etmək; türk tədqiqatlarının inkişafı və türk tədqiqatları sahəsində elmi araşdırmalar istiqamətində beynəlxalq əməkdaşlığı təşviq etmək; ümumtürk tarixi və etnoqrafiyasının hərtərəfli araşdırılmasını həyata keçirmək; türk xalqlarının mədəni və mənəvi irsini araşdırmaq, onların dünya sivilizasiyasının inkişafına verdikləri töhfələr və əldə etdikləri uğurlar barədə ictimaiyyəti məlumatlandırmaq; türk dillərinin tam potensialından, o cümlədən qədim mətnlərdən və şifahi mənbələrdən də tam istifadə etməklə bütün türk xalqlarının ortaq ədəbi dilinin yaradılması istiqamətində səylər göstərmək; bütün türk dilləri üçün tətbiq oluna bilən ümumi əlifba yaratmaq; tərəflərin təhsil müəssisələrində tədris ediləcək ümumi dərslik və dərs vəsaitlərinin hazırlanması istiqamətində araşdırmalar aparmaq; Türk Akademiyası tərəfindən işə götürülmüş tədqiqatçılar üçün fəlsəfə elmləri doktoru (PhD) proqramları təşkil etməklə türk tədqiqatları sahəsində mütəxəssis hazırlamaq. Sazişin 4-cü maddəsi akademiyanın idarə olunması ilə əlaqədardır. Bu maddəyə görə, akademiyaya hər tərəfin bir nümayəndəsindən, habelə Türk Akademiyasının prezidenti və vitse-prezidentlərindən ibarət olan Elmi Şura sədrlik edir. Elmi Şuraya sədrlik üzv tərəflərin rəsmi adlarının ingilis dilində yazılmış əlifba sırası ilə illik rotasiyası əsasında müəyyən olunur. Elmi Şurada qərarlar səs çoxluğu ilə qəbul olunur. Akademiyanın icraedici orqanının funksiyalarını prezident həyata keçirir. Prezident Elmi Şuranın təklifi əsasında Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurası (DBŞ) tərəfindən təyin olunur. Prezident tərəflərin vətəndaşları arasından növbəti müddətə uzadılma imkanı ilə 4 il müddətinə təyin edilir. İlk prezident Qazaxıstan vətəndaşları arasından seçilmişdir. Daha sonrakı prezidentlər isə tərəflərin ingilis dilində yazılmış rəsmi adlarına uyğun olaraq əlifba sırası ilə təyin olunur: Azərbaycan, Qırğızıstan və Türkiyə. Prezident dərhal tədbir görülməsini zəruri edən səlahiyyətindən sui-istifadə etdiyi və ya səhhəti ilə bağlı fəaliyyətini davam etdirə bilmədiyi təqdirdə Elmi Şuranın təklifi əsasında DBŞ tərəfindən vəzifəsindən müvəqqəti və/və ya tamamilə azad edilə bilər. Akademiyanın vitse-prezidentləri isə prezidentin vətəndaşı olduğu tərəf istisna olmaqla, hər bir tərəfdən təyin olunur. Vitse-prezidentləri tərəflərin vətəndaşları arasından növbəti müddətə uzadılma imkanı ilə 4 il müddətinə Elmi Şura təyin edir. Vitse-prezidentlər səlahiyyətlərindən sui-istifadə etdikləri və ya səhhətləri ilə bağlı fəaliyyətlərini davam etdirə bilmədikləri təqdirdə Elmi Şura tərəfindən vəzifələrindən müvəqqəti və/və ya tamamilə azad edilə bilərlər. Türk Akademiyası bu günədək bir çox araşdırma institutu və türkologiya mərkəzi (o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası, Qırğızıstan Milli Elmlər Akademiyası, Türkiyə Elmlər Akademiyası, Türkmənistan Elmlər Akademiyası, Tatarıstan Respublikası Elmlər Akademiyası, Başqırdıstan Elmlər Akademiyası, Monqolustan Elmlər Akademiyası, Macarıstan Elmlər Akademiyası və Bişkek Beynəlxalq Aytmatov Akademiyası) ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb. Türk Akademiyası təkcə türk dövlətlərinin elmlər akademiyaları ilə deyil, Asiya və Avropanın bir çox institut və mərkəzləri ilə də əməkdaşlıq edir.

Türk Mədəniyyəti və İrsi Fondu. Azərbaycan mədəniyyəti, tarixi və coğrafiyası türk dünyasının vacib bir hissəsidir. Azərbaycan türk mədəniyyətinin və tarixinin yaşadılması üçün yalnız xaricdə deyil, ölkə daxilində də siyasətini bu istiqamətdə qurub. Türk Dövlətləri Təşkilatı çərçivəsində türk mədəniyyətinin öyrənilməsi, tanıdılması və qorunub saxlanılması istiqamətində Azərbaycan aktiv rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının 2015-ci il sentyabrın 11-də Astanada keçirilmiş V Zirvə görüşündə “Türkdilli ölkələrin əməkdaşlığının təməlində bizim ortaq tariximizdir, ortaq mədəniyyətimizdir, etnik köklərdir” fikrini səsləndirməklə Azərbaycanın bu məsələyə baxışını ortaya qoyub. Türk Dövlətləri Təşkilatının yaradılmasının əsasını təşkil edən və 1992-ci ildən etibarən keçirilən zirvə toplantılarının və Türk Dövlətləri Təşkilatının qurulmasından sonra keçirilən zirvə görüşlərinin bəyannamələrində bu əməkdaşlığın əsasını ortaq mədəniyyət, dil və tarix birliyinin təşkil etdiyi qeyd olunub. Türk Dövlətləri Təşkilatının yaradılmasının əsasını təşkil edən Naxçıvan Sazişində də TDT-nın əsas məqsəd və vəzifələrindən birinin türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılması olduğu qeyd edilib. Bu çərçivədə türk ölkələrinin dövlət başçılarının 2010-cu ildə İstanbulda keçirilən X Zirvə görüşünün Bəyannaməsində (16-cı bənd) Azərbaycanın təşəbbüsü ilə Bakıda Türk Mədəniyyətinə Dəstək və Türk İrsinin Qorunması Fondunun yaradılmasına dair qərar qəbul edilib. 2012-ci il avqustun 23-də Bişkek şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi qəbul edilib və nizamnamə 2012-ci il dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənib. Fondun təsis edilməsi ilə bağlı sənədi imzalayan digər dövlətlər tərəfindən nizamnamə təsdiqləndikdən sonra 2015-ci ildə Prezident İlham Əliyev fondun Azərbaycanda bütün imkanlarla təmin olunması üçün sərəncam imzalayıb. Sərəncama əsasən Günay Əfəndiyeva fondun prezidenti vəzifəsinə təyin olunub. Nizamnaməyə görə, fondun məqsədi türk mədəniyyəti və irsini fəaliyyət, layihə və proqramların dəstəklənməsi və maliyyələşdirilməsi vasitəsilə qorumaq, öyrənmək və təşviq etməkdir. Bu məqsədin həyata keçirilməsi üçün fond vəsait ayırır, elmi və texniki problemlərin həllinə, sərgilərin təşkilinə, elektron və çap formatda elmi məcmuə və elmi nəşrlərin hazırlanmasına kömək edir, bu sahədə mütəxəssislərin hazırlanmasına dəstək verir, müsabiqə, festival və turnirlərin keçirilməsinə yardım göstərir, türk xalqlarının məskunlaşdığı ərazilərdə ənənəvi sənətlərin, tətbiqi incəsənətin dirçəldilməsi, dəstəklənməsi və inkişaf etdirilməsinə kömək edir, sənətkarlara, rəssamlara və digər yaradıcı incəsənət işçilərinə əqli mülkiyyət hüquqlarının müdafiə olunmasında yardım göstərir. Fondun mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Fondun büdcəsi onun prezidenti tərəfindən hazırlanır və Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurası tərəfindən təsdiqlənir. Fond öz fəaliyyətini TÜRKSOY ilə əməkdaşlıq etməklə həyata keçirir. 

Türk Biznes Şurası. Türk Dövlətləri Təşkilatının yaradılması məqsədlərindən biri, Naxçıvan Sazişinə görə, əmtəələrin, kapitalın, xidmət və texnologiyaların hərəkətinin asanlaşdırılması, maliyyə və bank əməliyyatlarının sadələşdirilməsi məqsədilə ticarət, investisiyalar, gömrük və tranzit prosedurlarının gələcəkdə sadələşdirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır. Tərəflər bu istiqamətdə bir çox fəaliyyətlər həyata keçiriblər. Türk Biznes Şurasının yaradılması da bunlardan biridir. 2010-cu il sentyabrın 16-da İstanbulda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının X Zirvə görüşündə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Türk Biznes Şurasının yaradılması qərara alınıb. Türk Biznes Şurası 2011-ci ildə təsis edilib. Bu qurum Türk Dövlətləri Təşkilatına üzv ölkələrin işgüzar dairələri və digər təşkilatları vasitəsilə türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin özəl sektorları arasında münasibətlərin inkişaf etdirilməsi məqsədilə 2014-cü ildən etibarən Biznes Şurası tərəfindən mütəmadi olaraq biznes forumları və ixrac malları sərgilərinin təşkil edilməsi qərara alınıb. 2014-cü ilin fevral ayında İstanbulda üzv dövlətlərin qeyri-neft sektorlarını təmsil edən şirkətləri arasında biznes forumu və eyni tarixdə Türk Biznes Şurasının ikinci iclası keçirilib. 2022-ci il sentyabrın 16-da Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu keçirilib.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.