Qurani-Kərim
Qurani Kərim milyard yarımdan çox insanın etiqad etdiyi islam dininin Müqəddəs Kitabı, ərəb ədəbi dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların ən sonuncusu və mükəmməlidir. İlahi gözəlliyə malik olan bu əsər Ulu Tanrının öz möcüzəsi kimi milyonlarla insanların qəlbinə hakim kəsilmiş, beyninə nüfuz etmişdir. Onun ilahi gözəlliyini təsdiq etməyə təkcə bu kifayətdir ki, ərəb dilini bilməyənlər belə onu dinləməkdən doymur, yorulmurlar.
Əl-Quran («bərkdən, əzbər oxuma»; «müqəddəs mətnin oxusu», «nəsihət»), Əl-Quran Əl-Kərim - 610-632-ci illər arasında Məhəmməd (s) tərəfindən əsasən Məkkə və Mədinədə Allahdan nazil olan, «peyğəmbər vəhyləri»nin sonradan kitab halında yaranmış şəklidir.
Quran və digər müqəddəs kitablar Allah tərəfindən nazil edildiyi, yəni göydən yerə, peyğəmbərlərə endirildiyi üçün bu hadisəyə nazil olma deyilir. Vəhy isə Allahın istər müqəddəs kitablarını, istərsə də digər əmr və qadağalarını Öz yaratdıqlarına, xüsusilə peyğəmbərlərinə nazil etmə, göndərmə qaydasıdır, açıqlamasıdır. Vəhyin əsas məqsədi insanı hidayət etmək, şəxsiyyəti kamilliyə, mənəvi tərəqqiyə doğru aparan yolu insana göstərməkdir.
İslam nöqteyi-nəzərindən bir müqəddəs kitabı başqa müqəddəs kitaba qarşı qoymaq düzgün deyildir. Quranda onun özündən başqa yalnız iki müqəddəs kitab - Tövrat və İncil öz xüsusi adları ilə zikr edilmişdir. Davud peyğəmbərə nazil edilmiş Zəbur, həmçinin İbrahim və Musa peyğəmbərlərə göndərilmiş səhifələr də Quranda konkret adları ilə göstərilmişdir.
Quranın məna yüklü vahidi, bitmiş bir fikri ayə adlanır. Ayə bir və ya bir neçə kəlmədən, bir və ya bir neçə cümlədən ibarət olur. Ayələr nazil edildikcə bunları Həzrəti Peyğəmbər əzbərləmiş, sonra isə səhabələrindən bir çoxuna əzbərlətmiş, bu arada vəhyi yazmaqla məşğul olan vəhy katiblərinə də yazdırmışdır.
Peyğəmbər vəhy almağa başladığı vaxtdan etibarən 12 il 5 ay 13 gün Quranı Məkkədə təbliğ etmiş, sonra Mədinəyə hicrət etmiş və 9 il 9 ay 9 gün orada müsəlman icmasının quruculuq işləri ilə məşğul olmuşdur. Ona Məkkədə nazil olmuş ayələr Məkkə ayələri, Mədinədə nazil olmuş ayələr isə Mədinə ayələri adını almışdır. Məkkə və Mədinə dövrlərində bu şəhərlərdən kənarda nazil olan ayələr belə həmin şəhərlərin adları ilə tanınmışdır. Quranda hər bir surənin başında onun Məkkədə, yaxud Mədinədə nazil olduğu və ayələrinin sayı göstərilir.
Surə Quran ayələrindən düzələn fəsildir, bölümdür. Quran 114 surədən ibarətdir. Bu surələrdən ən uzunu 286 ayədən ibarət əl-Bəqərə surəsi, ən qısaları isə 3 ayədən ibarət əl-Kəusər, ən- Nəsr və əl-Əsr surələridir.
Qurani-Kərim əl-Fatihə surəsi ilə başlanır və ən-Nas surəsilə bitir. 90 surə Məkkədə, 24 surə Mədinədə nazil olmuşdur.
Təfsir Quran ayələrinin mənasını geniş şəkildə izah etməyə, açıqlamağa deyilir. Bu məqsədlə yazılan əsərlərə də təfsir deyilir.
İslamın birinci və ən başlıca mənbəyi Qurandır. Bu dinin əsasları öz təcəssümünü Quranda tapmışdır. Quranın əqidə, ibadətlər, əxlaq və şəriət məsələləri ilə bağlı hökmləri müsəlmanların din və dünya işlərini tənzim edir.
İslam sivilizasiyası, mədəniyyəti, elmləri, əxlaqı, fikri, hüququ, incəsənəti Quran əsasında təşəkkül tapmış, Quranın gətirdiyi mənəvi dəyərlərdən qidalanmışdır. Quranın əmr və qadağaları əsrlər boyu müsəlmanların həyat, davranış və təfəkkür tərzini müəyyən etmiş, onların bu və ya digər şəraitdə başqa cür deyil, məhz bu cür hərəkət etməsini şərtləndirmişdir. Əhatəli həyat məramnaməsi kimi Quranda insanı düşündürən bütün problemlərin həllini tapmaq mümkündür.
Qurani-Kərim hələ Həzrəti Peyğəmbərin sağlığında tam şəkildə yığılmış bir kitab halına gətirilməmişdi. Buna imkan da yox idi, çünki Həzrəti Peyğəmbərin yaşadığı müddətdə vəhy davam etməkdə idi.
Həzrəti Peyğəmbər vəfat edəndən sonra, səhabələri arasında Quranı əzbər bilənlər azalmağa başlayanda Qurani-Kərimin qismən və ya tamamilə yox olması qorxusu yarandı. Həzrəti Əbu Bəkrin xəlifəliyi dövründə Həzrəti Ömərin israrlı təkidi ilə səhabələrin ən yaxşı Quran oxuyanlarından, vəhy yazanlarından olan Zeyd ibn Sabitə Quranı başdan-başa bir kitab halında toplamaq vəzifəsi tapşırıldı. Zeyd də iki şahidin köməkliyi ilə əzbərlənmiş və yazılmış mətnləri toplayıb nəzərdən keçirtdi, sıraladı və təxminən bir illik cidd-cəhddən sonra Qurani-Kərimin mətni bugünkü şəkildə tərtib edildi.
Quranın ecazkarlığı onun forma və məzmunca bənzərsizliyini, təkraredilməzliyini nəzərdə tutur. Hicrətin II əsrinin əvvəllərindən etibarən Quranın ecazkarlığına həsr edilmiş əsərlər yazılmağa başlamış və bu gün də yazılmaqdadır. İrəli sürülən müddəalarda hər şeydən əvvəl Quran hökmləri əsas götürülür, çünki Quran öz ləfzinin və mənasının Allah dərgahından olduğunu elan edərək buna şəkk gətirənlərə, onun Peyğəmbərin özündən uydurduğu bir şey, bəşər kəlamı olduğunu iddia edənlərə meydan oxuyur.
Quranın kompozisiyası, qeybdən verdiyi xəbərlər, keçmişə, indiyə və gələcəyə dair dosdoğru məlumatları da onun ecazkarlığına dəlil kimi izah edilir.
Bəzi Quran ayələri müasir elmi kəşflərlə əlaqələndirilir. Quranın müsbət elmlər sahəsinə daxil olan mövzularda söylədikləri ilə elmin söylədikləri arasında bu günə qədər bir təzad ortaya çıxmamış, əksinə, hər ikisi arasında tam uyğunluq olduğu aşkar edilmişdir.
Quran qorunub saxlanılması cəhətdən də möcüzədir. Quran on dörd əsr əvvəl nazil olmuş və bu günə qədər gəlib çatmışdır. Onu bu günümüzə qədər gətirib çıxaran bir tərəfdən, yazılı şəkildə olması, digər tərəfdən isə əzbərlənib hafizələrdə qalmasıdır. Həzrəti Peyğəmbərə gəldiyi şəkillə bugünkü şəkli arasında ən kiçicik belə dəyişiklik yoxdur. Özündən sonra yeni bir ilahi kitab gəlməyəcəyinə görə son ilahi kitab olan Quran dünya durduqca pozulmaq və dəyişdirilməkdən hifz olunmalıdır.
Allahın Quranı hifz etmək yollarından biri də bəndələrinə onu əzbərləmək bacarığını verməsidir. Həqiqətən, böyüklü-kiçikli əksər adamlar mənasını dərk edər-etməz Quranı bütünlüklə səhvsiz və qüsursuz əzbərləmiş və zaman-zaman təkrar etməklə ömür boyu unutmamışlar. Bu da Quranın möcüzəliliyini sübut edən xüsusiyyətlərdən biridir.
Quran islamın təməl kitabı, islam da bəşəriyyətin son dinidir. Bu etibarla, Quran bəşəriyyətin bütün ehtiyaclarını istər fərdi, istərsə də ümumi şəkildə qiyamətə qədər ödəyəcək əsasları əhatə edir.
Qurani-Kərim etiqadi hökmlərlə insanın ağlını, əməli hökmlərlə insanın davranışını, əxlaqi hökmlərlə də insanın könlünü və ruhunu tərbiyə edib yetişdirmək məqsədi daşıyır.
Qurani-Kərim ayrıca olaraq aşağıdakı mövzuları da əhatə edir: keçmiş ümmətlərə və peyğəmbərlərə dair xəbərlər; yerin və göyün xəlq edilməsi; insanın xəlq edilməsi və kainatda yeri; ölümdən sonrakı həyat; əməllərə görə məsuliyyət.
Qurani-Kərim bütün insanlara göndərilmiş son müqəddəs kitabdır. Hər bir adam ondan faydalanacaqdır. Allahı dərk etmək və savab qazanmaq niyyəti ilə Quranı əzbərləmək və ya üzündən oxuyub savab qazanmaq ondan faydalanmaq yollarından ən sadəsidir. Qurani-Kərimdən tam faydalanmaq yalnız onun mənasını anlamaqla mümkündür. Kişili-qadınlı hər bir müsəlmanın Quranı oxuması, həqiqətləri öyrənməsi və yolunu da ona əsasən qaydaya salması vacibdir. Bu, Quranın müsəlmanlara tapşırdığı vəzifədir və Quran da bu məqsədlə nazil olmuşdur. Quranda buyurulmuşdur: «(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!»
Hər kəs Qurani-Kərimin mənasını ərəbcə əslindən araşdırıb öyrənmək imkanına malik olmadığına görə din mütəxəssisləri Quranı öz dillərinə çevirməlidirlər. Bu ən ümdə dini vəzifədir. Bu edilməzsə, Quran və Allah qarşısında ən mühüm vəzifə yerinə yetirilməmiş olar.
Türk xalqları İslamı qəbul etdikdən qısa bir müddət sonra Quranı türkcəyə çevirmişlər. Qurani-Kərim Azərbaycan dilinə orta əsrlərdən etibarən tərcümə edilməyə başlamışdır. Bu tərcümələr əlyazması şəklində mövcuddur. Bakı qazısı Mir Məhəmməd Kərim ağanın 1904-1906-cı illərdə nəşr olunmuş “Kəşf əl-həqaiq” adlı təfsir-tərcüməsi, Şeyxülislam Məhəmməd Həsən Mollazadə Şəkəvinin 1908-ci ildə hazırladığı “Kitab əl-bəyan fi təfsir əl-Quran” adlı təfsir-tərcüməsi sanballı əsərlərdir. Quranın Ziya Bünyadov və Vasim Məmmədəliyev tərəfindən 1991-ci ildə Azərbaycan dilinə edilmiş tərcüməsi müasir dövrdə ən mükəmməl tərcümələrdən sayılır.
Qeyri-müsəlman millətləri də Quranı öz dillərinə çevirmişlər. Bu gün yer üzündə Quranın tərcümə edilmədiyi dil, demək olar ki, qalmamışdır.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.