İslam

İslam dünyada 1,5 milyard nəfərə yaxın ardıcılı olan dinin adıdır və geniş yayılmış monoteist dinlərdən biridir.

İslam sözü ərəbcə itaətetmə mənasındadır. İslamın tərəfdarları müsəlman adlandırılır.

İslam VII əsrin əvvəlində Ərəbistan yarımadasının mərkəzində - Məkkə və Mədinə şəhərlərində təşəkkül tapmış və tezliklə dünyanın böyük hissəsinə yayılmışdır.

İslamın banisi müsəlmanların Allahın elçisi və ən böyük Peyğəmbər kimi tanıdıqları Məkkə əhli Həzrəti Məhəmməddir.

İudaizmin və xristianlığın təsiri altında formalaşan ibtidai İslamın nəzəriyyəsi Qurani-Kərimdə izah olunub. Müsəlmanlar Quranı Allah kəlamı, ilahi vəhy hesab edirlər. Həzrəti Məhəmməd İslam adı verilən bu ilahi müjdəni təkcə ərəblərə və ya təkcə Məkkə, Mədinə və Ərəbistana deyil, bütün dünyaya və bütün bəşəriyyətə yetirmişdir.

İslamın VII-VIII əsrlərdə yayılması xristianlıq, iudaizm, zərdüştilik və əsasən maniliyin müqaviməti ilə rastlaşmışdır.

İslamın əsas ehkamı - tək həqiqi ilahini - Allahı tanımaqdır. Allah göylərin və yerin və onların üzərində nə varsa hamısının xaliqidir və insanlar üzərində hökm sürür. Axirətdə səbirli möminləri zövq-ləzzət, günahkarları isə cəhənnəm atəşi gözləyir. Müsəlmanlar hər gün namaz qılmalı, oruc tutmalı və ömürlərində bir dəfə həccə getməlidirlər. Bundan başqa müsəlman zəkat verməli və sədəqə paylamalıdır.

İslamın əsasları öz təcəssümünü Quranda tapmışdır. Quranın əqidə, ibadətlər, əxlaq və şəriət məsələləri ilə bağlı hökmləri müsəlmanların din və dünya işlərini tənzim edir.

Quran Allahın Öz peyğəmbəri Məhəmmədə vəhy mələyi Cəbrail vasitəsilə nazil etdiyi vəhylərin «Oxu» kitabıdır, adını qiraət - oxu sözündən almışdır. Quran ardıcıl olaraq ağızdan-ağıza ötürülmüş və müshəflərdə yazıya alınmış Allah sözüdür. Qurani-Kərim 114 surə, təxminən 6666 ayə və 30 cüzdən ibarət olub, 610-632-ci illər arasında Məkkə və Mədinədə nazil olmuşdur.

Quranın özündə də Peyğəmbər deyimləri, fikirləri, əməlləri ilə müsəlmanlara örnək, nümunə kimi təqdim edilir. Allah Quranı Peyğəmbərə nazil etmişdir ki, insanlar üçün müəyyən edilmiş əmr və qadağanları onlara izah etsin, ixtilafda olduqları məsələləri onlara açıqlasın, ayələri onlara oxusun, onları pis əməllərdən təmizləsin, onlara Quranı və hikməti öyrətsin.

Quran və Sünnə İslamın əsas mənbələri sayılır. Müsəlman cəmiyyətinin qayda-qanunları, əxlaq normaları, mənəvi dəyərləri bu iki mənbə üzərində qurulur. Birinci və ən əsas mənbə Qurandır. İslam sivilizasiyası, mədəniyyəti, elmləri, əxlaqı, fikri, hüququ, incəsənəti Quran əsasında təşəkkül tapmış, Quranın gətirdiyi mənəvi dəyərlərdən qidalanmışdır. Quranın əmr və qadağanları əsrlər boyu müsəlmanların həyat, davranış və təfəkkür tərzini müəyyən etmiş, onların bu və ya digər şəraitdə başqa cür deyil, məhz bu cür hərəkət etməsini şərtləndirmişdir. Əhatəli həyat məramnaməsi kimi Quranda insanı düşündürən bütün problemlərin həllini tapmaq mümkündür.

Sünnə - Peyğəmbərin həyat yolu, nümunəsi Qurandan sonra İslamın ikinci əsası sayılır. Sünnə IX əsrdə kodeks halına salınmışdır. Sünnənin əsas kimi götürülməsini zəruri edən amillərdən biri ondan ibarətdir ki, Quran bir çox məsələləri yalnız ümumi şəkildə qoyur, onların təfərrüatına varmır. Bu məsələləri təfsilatı ilə Peyğəmbər açıqlayır. Belə hesab olunur ki, Sünnə Quranı izah, təfsir edir. Məsələn, Quran namazı dinin dayaqlarından biri kimi müsəlmanlara vacib buyurur, amma namazın vaxtlarını, rəkətlərinin sayını konkret müəyyən etmir. Hər bir müsəlman yalnız Peyğəmbərin açıqlamasına əsasən gündə beş vaxt namaz qılır. Bütün bunlar Sünnənin əhəmiyyətinə dəlalət edir.

Hələ İslamın mövcud olmasının birinci yüzilliyində bu dində əsaslı parçalanma əmələ gəldi - müsəlmanlar öz dinlərinin iki əsas istiqamətinin tərəfdarlarına — sünnilərə və şiələrə bölündülər. Parçalanmaya Xilafətdə hakim sinfin iki dəstəsi arasında gedən hakimiyyət uğrunda mübarizə səbəb olmuşdu. Ümummüsəlman kütləsindən xəlifə Əlinin, özünü şiə adlandıran tərəfdarları ayrıldılar. Əvvəlcə onlar İraq ərəblərindən ibarət idilər, sonra tədricən onların tərəfinə İran əhalisi keçdi. Şiə məzhəbinin əsas prinsipi Allahı yeganə tanrı kimi tanımaq, Məhəmməd peyğəmbərə və onun Əhli Beytinə tabe olmaqdır. Şiəliyi sünnilikdən fərqləndirən isə ilk üç xəlifəni qəbul etməmələridir. Onlar Əli bin Əbu Talibi möminlərin ilk xəlifəsi kimi tanıyırlar.

"Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Şiə sözü son zamanlarda, dünyada, cəfəri məzhəbinə verilmiş ad kimi də tanınır.

Sünnilərin tərəfində Əməvilər sülaləsinə tabe olan Asiyanın və Afrikanın əksər müsəlmanları qaldılar. Dini və mülkü hakimiyyətə malik olan müsəlman möminlər icmasının (yəni bütün müsəlmanların) başçısı kimi, sünnilər Məhəmməd peyğəmbərin varisi saydıqları xəlifəni tanıyırdılar.

Sünnə sözü ərəbcədən tərcümədə "yol" anlamına gəlir. Sünnilər bu adla Məhəmməd peyğəmbərin‎‎ yoluna sadiq olduqlarını bildirirlər. Sünniliyin 3 etiqadi, 4 fiqh məzhəbi vardır. Əşariyyə, Sələfiyyə, Maturdiyyə etiqadi, Hənəfi, Maliki, Şafii, Hənbəli isə fiqhi məzhəbləridir.

X əsrdən, Bağdad xilafətinin dağılması ilə əlaqədar Abbasilər sülaləsindən olan xəlifə siyasi hakimiyyətini tamamilə itirmiş oldu.

VIII və IX əsrlərdə müsəlman hüququnun qaydaları işlənib hazırlandı. Sünnilər bu məsələlərdə dörd məzhəbə - hənəfilərə, malikilərə, şafeilərə və hənbəlilərə bölündülər.

Müsəlmanlara təsir göstərmək üçün şəriətdə dəqiq və əsaslı surətdə işlənmiş İslamın mürəkkəb mərasimliyi böyük əhəmiyyətə malik oldu. Bu, mömində Allahdan asılı olmaq hissiyyatını yaradır. Bu hissiyyatın inkişafında xüsusi rolu bayramlar oynayır (Qurban bayramı, Merac, Mövlud və həmçinin Ramazan ayının orucluğu). İslamın yayılmasında Quranın təfsirinin və Məhəmmədin tərcümeyi-halının böyük əhəmiyyəti vardır.

IX-XI əsrlərdə, feodal münasibətlərin inkişafı dövründə İslamın mistik-asketik istiqaməti - sufilik inkişaf etmişdir.

İslamda insan hüquqları və azadlıqları: islama görə, insan hər şeydən əvvəl yaşamaq hüququna malikdir. İnsan həyatı müqəddəs və toxunulmazdır. Bu həyat insana Allah tərəfindən bəxş edilmişdir və Allahın iradəsi olmadan ona heç kim qəsd edə bilməz.

İnsanın vətəndaşlıq haqları vardır. O özünü müdafiə etmək, sağlamlığını qorumaq, ailə qurmaq, nəslini artırmaq, uşaqlarını böyüdüb tərbiyə etmək, şikayət etmək, məhkəməyə müraciət etmək hüquqlarına malikdir.

İnsanın azadlıq hüququ vardır və bu hüquq təbii hüquqdur. İnsan azad yaradılmışdır və onun azad yaşamaq hüququna qəsd edilməməlidir. İnsan Quranda heç bir insanın qulu kimi vəsf edilmir, o yalnız Allaha qulluq - bəndəlik edir. İnsanın öz vətənində, xalqın öz yurdunda azad yaşamaq hüququ vardır və əgər bu hüquqa təcavüz edilirsə, insan da, xalq da özünü müdafiəyə qalxmalıdır.

Azadlıq fərdin istər təbii, istərsə də sonradan qazanılan hüquqlardan sərbəst şəkildə istifadə edə bilməsi deməkdir. Azadlıq insanlığın xoşbəxtliyi və yüksəlməsi üçün zəruridir. Buna görə də İslam azadlığın insanların təbii bir hüququ olduğunu elan etmişdir.

İslam insanı dünya və axirət səadətinə çatdıracaq hər cür azadlığı təbii hüquqlardan sayır. Lakin o hər cür məhdudiyyətlərdən uzaq yaşamaq mənasına gələn azadlığı əsla doğru hesab etmir. Bir fərdin sahib olduğu yaşayış, düşüncə, inam, fikir və etiqadı ifadə etmək kimi müxtəlif azadlıqlarının həddi digər fərdin azadlıqlarının başladığı nöqtədə bitir. Azadlıqlar bu şəkildə müəyyənləşdirilməzsə, cəmiyyətin həyatında hərc-mərclik yaranar və azadlıqdan əsər-əlamət qalmaz.

İnsanlar qanun qarşısında bərabərdirlər. Hər bir fərdin əmək fəaliyyəti ilə məşğul olmaq və əməyi müqabilində əmək haqqı almaq hüququ vardır.

İnsan azadlıqları insanın etiqad azadlığını da nəzərdə tutur. İslam etiqad məsələsində təqlidçiliyi rədd edir, şüurlu seçimə üstünlük verir, eyni zamanda bildirir ki, dində məcburiyyət yoxdur.

Düşüncə azadlığı fərdin düşüncəsində və etiqadında sərbəst və azad olmasıdır. Əxlaqa, ədəbə və vicdana zidd olmamaq şərtilə heç kim başqasının düşüncə və baxışını sərbəst ifadə etməsinə mane ola bilməz. Peyğəmbərimizin yanında səhabələr düşüncələrini sərbəst söyləyirdilər. Rəsulullah buna icazə verirdi.

İslam dini Allahdan başqa heç kimsəyə bir kəsin vicdanına nəzarət etmək, etiqadına qarışmaq və təsir etmək səlahiyyətini verməmişdir. Hətta Həzrəti Peyğəmbər də Allahın əmrlərini və hökmlərini ancaq bildirməyə və lazım gəldikdə xatırlatmağa səlahiyyətli idi. O yalnız təbliğ etmiş, vicdanları təftiş etməmiş, qəlblərə nəzarət etməmiş, xalqın etiqadlarına qarışmamış, heç kəsə təzyiq göstərməmişdir.

Müsəlmanlığın öyrətdiyi din və məzhəb azadlığı sağlam şüura və insan fitrətinə uyğundur. Buna görə də bütün İslam tarixi boyu təkallahlılığı təbliğ edən başqa din və məzhəbdə olanların öz dini ayinlərini sərbəst icra etmələrinə qarışılmamışdır.

İslam insanlar üçün geniş bir vicdan azadlığı tanımışdır. İnsan istədiyi kimi düşünməkdə, istədiyi kimi inanmaqda, istədiyi din və məzhəbi seçməkdə sərbəstdir.

İnsanın öz rəyini sərbəst olaraq bildirmək, azad düşünmək, tənqid etmək, yaxud təqdir etmək hüququ vardır.

İslam hər bir şəxsin şərəf və heysiyyatını qoruyur. Müsəlmanlar qardaşdırlar. İnsan insana qardaşdır. İnsanlar bərabərdirlər.

İslam insana insan olduğu üçün dəyər vermişdir. Kişi-qadın, qara-ağ, güclü-zəif, yoxsul-varlı olmasından asılı olmayaraq, əsil-nəcabət, qəbilə, millət fərqi qoymadan hər kəs şərəfli, heysiyyatlı, ləyaqətli və bir varlıq olaraq hörmət edilməyə layiq görülmüşdür.

İslam hər kəsin canını, izzətini, namusunu, şərəfini, heysiyyatını, haqqını, azadlığını, malını və evini qorumuş və bunların toxunulmazlığını bəyan etmişdir. Beləliklə, həm fərdin, həm də cəmiyyətin asayiş və toxunulmazlığı İslamda mühüm sayılmışdır. Bunu təmin etmək üçün də İslam insanların bir-birinə sevgi, hörmət və qardaşlıq duyğuları ilə münasibət göstərmələrini istəmişdir. Bu, Quranda və hədislərdə bildirilmiş və ruhlara işləmişdir.

Qardaşlığa zərər verəcək, qarşılıqlı haqlara təcavüz sayılacaq söz, hərəkət və davranışlar qadağan edilmişdir. Küsmək, sıxılmaq, savaşmaq, qüsur axtarmaq, qeybət etmək, söz gəzdirmək, iftira söyləmək, yalan danışmaq, yalandan şahidlik etmək, fırıldaqçılıq, qəsbkarlıq, talançılıq etmək, içki içmək, zina etmək, qumar oynamaq kimi əməllərə qadağalar insan heysiyyatını, ləyaqətini və şərəfini qorumaq üçün qoyulmuşdur. Qeyd olunan bu pis davranışlardan birini edən insan həm öz heysiyyat və şərəfini ləkələr, həm də qarşısındakı şəxsin ləyaqətini alçaltmış və onu incitmiş olar.

İslam ümumbəşəri dindir. İslamın bir çox xüsusiyyətləri onun ümumbəşəri din olduğuna dəlalət edir. Quranın 80-ə yaxın ayəsində Allahın aləmlərin Rəbbi olduğu vurğulanır. Rəbb sözü tərbiyə edən, bəsləyib böyüdən, görüb nəzər yetirən, yetişdirib ərsəyə çatdıran, yaradan, malik olan, sahib olan mənalarını ifadə edir. Bu ona dəlalət edir ki, bütün aləmlərin Rəbbi olan Allah dünyadakı bütün insanların - ərəblərin, türklərin, fransızların, qarədərililərin, ağdərililərin, möminlərin, kafirlərin - Rəbbidir. Aləmlərin Rəbbi yalnız Allahdır.

Allah bütün insanların, görünən və görünməyən varlıqların yaradıcısı və Rəbbidir. Həzrəti Məhəmməd bütün insanlığı Allahın varlığına və birliyinə iman gətirməyə dəvət etdi. Ondan başqasını Rəbb və Allah qəbul etməməyə çağırdı.

İslamı ümumbəşəri din edən xüsusiyyətlərdən biri də onun peyğəmbərinin bütün aləmlərə, bütün bəşəriyyətə mərhəmət olaraq göndərilməsidir. Qurani-Kərimdə Məhəmməd peyğəmbərin bəşəriyyətə müjdə verən, xəbərdar edən və aləmlərə mərhəmət olaraq göndərildiyi və peyğəmbərlərin sonuncusu olduğu bildirilir.

İslamın universal bir din olmasının başqa bir dəlili də onun bütün zamana və məkana müraciət etməsidir.

İslam Adəmdən Həzrəti Məhəmmədə qədər bütün peyğəmbərlərin təbliğ etdiyi dinlərin ümumi adıdır. İslam Quranla ən son və ən mükəmməl şəklini almışdır.

İslam dininin bəşəriyyətə çatdırdığı missiya universal ölçüdədir. İslam prinsipləri insanın yaradılışına uyğundur. O, insana gücü çatdığından artıq bir şey yükləmir. Onda çətinlik yoxdur, asanlıq əsasdır. İslam insanlara təzyiq göstərmir, etiqad və vicdan azadlığını qəbul edir, insanı inkişaf etdirmək, ucaltmaq və xoşbəxtliyə çatdırmağı başlıca məqsəd hesab edir.

İslam bütün insanları, bütün zaman və məkanı əhatə edəcək qədər geniş və asanlıqla tətbiq oluna bilən hökmlər ehtiva edir. Təbiət elmləri ilə Quranın bildirdiyi həqiqətlər ziddiyyət törətmir. Əksinə, elmin inkişafı ilə bəzi Quran ayələri daha yaxşı başa düşülməkdədir.

İslam son və universal din olaraq hər zaman və hər yerdə tətbiq oluna biləcək qaydalar qoymuş və bütün insanlara müraciət etmişdir.

Bütün bunlar göstərir ki, İslam universal, yəni hər cür zaman və məkan tələblərinə cavab verən dindir. Bu xüsusiyyətinə görədir ki, Məkkədə yaranan və təşəkkül tapan İslam çox qısa bir zaman içində bütün dünyaya yayılmışdır.

Fəth edilmiş ərazilərin çoxunda əhali İslamı şüurlu surətdə qəbul edirdi və bu məhz İslamın ümumbəşəri xarakteri, qəlblərə təsir göstərmək gücü sayəsində mümkün olmuşdu.

İslam bütün bəşəriyyəti sevməyi, onun dilini anlamağı, dərdinə çarə qılmağı, dünyadakı bütün müsəlmanları düşünüb onların sevincinə-kədərinə şərik olmağı müsəlmanlığın idealı hesab edir.

İslam demokratiya, hüquq, ədalət, bərabərlik və azadlıq ideyalarını tərənnüm etmiş, din, vicdan, inanc və əqidə məsələlərində müsəlmanlarla qeyri-müsəlmanlar arasında bərabərliyin təminatçısı olmuşdur.

İslam əxlaqi sistemi elə həyat tərzi təbliğ edir ki, müsəlman yaxşılıq etməyə və pislikdən çəkinməyə çalışsın.

Hazırda Yaxın Şərqin (Türkiyə, Suriya, İordaniya, İraq, Ərəbistan yarımadasının ölkələri, Misir, Sudan, Somali, Eritreya), Orta Şərqin (İran, Əfqanıstan, Pakistan), Məğribin (Mərakeş, Əlcəzair, Mavritaniya, Tunis, Liviya), İndoneziyanın, Malayziyanın, Bruneyin əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edir. Bundan başqa, müsəlmanlar Livanda, Hindistanda, Çində, Həbəşistanda, Nigeriyada, Albaniyada, keçmiş Yuqoslaviyada, Bolqarıstanda və başqa ölkələrdə yaşayırlar.

Müsəlmanlar keçmiş SSRİ ərazisində Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Gürcüstan dövlətlərində, eləcə də  Rusiyanın Tatarıstan, Başqırdıstan, Çeçenistan, Dağıstan və bir çox vilayətlərində yaşayırlar.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.