İslam həmrəyliyi
Qədim tarixə, zəngin mədəni irsə, böyük təbii və insan resurslarına malik İslam aləmi müasir dünya nizamının, beynəlxalq münasibətlər sisteminin yaranması və inkişafında əhəmiyyətli rol oynamışdır. İslam dini həmişə sülh, tolerantlıq, humanizm ideyalarını təlqin etmiş və dünya sivilizasiyasına sanballı töhfələr vermişdir.
Tarix boyunca müxtəlif dini etiqadlara malik olan insanların sülh şəraitində, bir-biri ilə qarşılıqlı hörmət və ehtiram ruhunda yaşamasının dərk edildiyi dünyanın nadir məkanlarından biri də Azərbaycandır. Azərbaycan tarixən sivilizasiyalararası dialoqa önəmli töhfələr verən, dözümsüzlüyün bütün formalarını rədd edən humanist mənəvi məkan kimi öz mövqeyini qoruyub saxlaya bilmişdir.
İslam və Türk sivilizasiyalarının unikal vəhdət məkanlarından və önəmli mərkəzlərindən biri olmuş Azərbaycan da islam dininin maddi və qeyri-maddi irsinin zənginləşməsinə hər zaman töhfəsini vermiş, islam mədəniyyətinin ümumdünya əhəmiyyətinin yüksəlməsində mühüm rol oynamışdır. Bu baxımdan, Azərbaycan islam dünyasında öz aparıcı mövqeyini qoruyub saxlamış, islami dəyərləri mühafizə edən və gələcək nəsillərə tolerant bir əxlaqla ötürən müqəddəs torpaqdır.
Müsəlman dünyasının mühüm tərkib hissəsi olan Azərbaycan İslam mədəni irsinin yaranması və qorunub saxlanmasında önəmli məkanlardan biri kimi tanınır. VII-VIII əsrlərdən etibarən Azərbaycan ərazisində geniş yayılmış İslam dini xalqımızın mənəvi həyatını daha da zənginləşdirmiş, tarixin sonrakı mərhələlərində onun həyat tərzini və birgəyaşayış normalarını müəyyən edən əsas amillərdən birinə çevrilmişdir.
Xalqımız həmişə öz tarixi keçmişinə, mənəvi sərvətlərinə hörmətlə yanaşmış, hətta 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlət simvolu olan bayrağında İslama mənsubluğunu əks etdirmişdir. SSRİ-nin tərkibində olduğu dövrdə basqılara məruz qalmasına baxmayaraq, xalqımız dini ibadətgahların və məscidlərin bir hissəsini qoruyub saxlamış, dini dəyərlərinə sadiq qalmışdır.
Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir. Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlamış, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilmişdir. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı olmuşdur. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurmuş, bu çərçivədə həyata keçirilən bir çox layihələr qarşılıqlı münasibətlərin möhkəmlənməsinə yönəlmişdir.
İslam həmrəyliyinə nail olunması bütün dünyada mədəniyyətin, elmin, təhsilin inkişafına dəstək göstərən ISESCO-nun qarşısına qoyduğu prioritet vəzifələrdən biridir. Bakı şəhəri 2009-cu ildə ISESCO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan edilmiş, 2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim şəhərimiz olan Naxçıvan layiq görülmüşdür.
2012-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində İslam ölkələrinin böyük rolu olmuşdur. Bu, Azərbaycanla İslam ölkələri arasında siyasi əlaqələrin yüksək səviyyəsinin, qarşılıqlı dəstək və həmrəyliyin təzahürü kimi qiymətləndirilir. Azərbaycan da BMT Təhlükəsizlik Şurasının üzvü olduğu dövrdə İslam dünyasının maraqlarına xidmət edən bir sıra təkliflər irəli sürmüş və həyata keçirmişdir. Terrorçuluğa qarşı mübarizə üzrə yüksək səviyyəli beynəlxalq konfransın keçirilməsi təşəbbüsü ilə yanaşı, həm də BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi mövzusunda yüksək səviyyəli görüşün təşkilinə nail olunmuşdur.
Azərbaycan İslam dünyasında mövcud münaqişələrin həllinə öz töhfəsini əsirgəmir, problemlərin ədalətli həlli ilə bağlı müzakirələrdə birmənalı olaraq beynəlxalq hüququ müdafiə edir və öz prinsipial mövqeyini həmişə qoruyub saxlayır. Azərbaycan 2013-cü ildə “Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı”na, eləcə də “Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması” adlı konfransa ev sahibliyi etmiş və bu məqsədlər üçün ciddi məbləğdə ianə ayırmışdır.
2015-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid tarixi-mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması”na dair qəbul olunmuş qətnamə dini zorakılıq və ayrı-seçkiliyin Ermənistan tərəfindən yürüdülən siyasətin tərkib hissəsi olduğunu bütün dünyaya açıq şəkildə bəyan etmişdir.
İslam dini-mənəvi dəyərlərinə sıx bağlı olan Azərbaycan həm də dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Azərbaycanda mədəni müxtəlifliyin, etnik və dini tolerantlıq mühitinin təmin olunması böyük nailiyyətdir. Azərbaycanda heç vaxt dini və milli ayrı-seçkilik olmamış, bütün dinlərin nümayəndələri dinc və qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Bu, Azərbaycan xalqının həyat tərzidir, irəliyə doğru inamla getməyin ən optimal yoludur.
Azərbaycan mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün praktiki addımlar atır. Hər il Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum və digər bu kimi böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı şəhəri artıq “Humanitar Davos” adını qazanmışdır. Hazırda bütün dünya Yaxın Şərq və Afrika ölkələrindən Avropaya pənah aparan miqrantların necə aqressiv qarşılandığının, islamofob meyillərin açıq şəkildə özünü büruzə verdiyinin şahidi olur. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi bir daha dünyaya göstərdi ki, müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri bir ölkədə, eyni səma altında rahat, ləyaqətlə yaşaya bilərlər. Azərbaycan nəinki ölkə daxilində etnoslararası, dinlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyir, həm də dünyaya tolerantlıq və multikulturalizmin mütərəqqi modelini təqdim edir.
Müsəlman ölkələri arasında həmrəyliyin bərqərar olması istiqamətində Azərbaycanla yanaşı, Türkiyə Cümhuruiyyəti də ciddi tədbirlər həyata keçirir. Bir sıra Yaxın və Ortaq Şərqin müsəlman ölkələrində mövcud münaqişələrin həlli və müharibələrin dayandırılması üçün Türkiyə hökuməti bütün mümkün vasitələrdən istifadə edir. İraq və Suriyada gedən müharibələrdən canını qurtarıb Türkiyəyə pənah gətirən üç milyona yaxın qaçqına bu ölkədə sığınacaq verilmiş və onların bütün ehtiyaclarının təmin edilməsi Türkiyə hökumətinin üzərinə düşür.
Ekstremist və radikal islami qruplaşmaların dağıdıcı və terrorçu fəaliyyətlərinin qarşısının alınması zəruriyyəti də müsəlman ölkələrinin həmrəyliyini şərtləndirən başlıca amillərdəndir.
Müasir dünyada irqçilik, ksenofobiya, islamafobiya təzahürləri getdikcə güclənməkdədir.
Azərbaycan islamofobiyaya qarşı açıq şəkildə çıxış edir və dünyada İslam dəyərlərinin təbliği üçün ardıcıl iş aparır. Azərbaycan məşhur Luvr muzeyində İslam bölməsinin təşkilində fəal iştirak etmiş, həmçinin Vatikanda öz sərgisini nümayiş etdirən ilk müsəlman ölkəsi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamı bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. 12-22 may 2017-ci il tarixlərində Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı kimi deyil, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri kimi yaddaşlara yazıldı.
“İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. İslam coğrafiyasında yerləşən ölkələr arasında Azərbaycan ilk ölkədir ki, islam həmrəyliyini siyasi akt səviyyəsinə yüksəltmişdir və bütün ili həmin ideyaların təbliğinə yönəlmiş sistemli tədbirlərin həyata keçirilməsinə həsr edir. Azərbaycanın dövlət başçısı tərəfindən irəli sürülmüş İslam həmrəyliyi təşəbbüsü müsəlman dünyasının bu gün qarşılaşdığı problemlərin köklü şəkildə həlli, mövcud konfliktlərin dialoq platformasında çözümü istiqamətində də konstruktiv fəaliyyətlərə təkan verəcəkdir. "İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən kompleks tədbirlər İslam dininin sülh və mərhəmət dini olduğunu göstərməklə yanaşı, islam coğrafiyasında genişmiqyaslı humanitar əməkdaşlığın da yeni perspektivlərini açır.
Şərqlə Qərb arasında mədəniyyətlər və ideyalar ortaqlığı yaradan, həmrəylik körpüsü funksiyasını yerinə yetirən Azərbaycan bununla həm universal dəyərlərə bağlılığını, həm də tarixi keçmişində xüsusi yer tutmuş və bu gün də qoruyub saxladığı islam dininin ali dəyərlərinə sadiq qaldığını sübut edir. Beləliklə, Azərbaycan qloballaşan dünyada davamlı sabitliyin bərqərar edilməsi üçün bütün vasitələrdən istifadə edir, günümüz üçün zəruri olan sülhyaradıcı, barışdırıcı mövqeyini özünəməxsus formada irəli sürür.
İslam həmrəyliyi siyasəti ilə Azərbaycan İslam dünyasının vəhdətyaradıcı məkanı kimi bu dini dəyərlərin gerçəkdən bəşəri-humanist, mənəvi-əxlaqi dəyərlər olduğunu təsdiqləyir, bu ideyaların təkcə islam coğrafiyasında deyil, bütövlükdə dünyada birgəyaşayış və sabitlik mühitini yaradan təsirli vasitə olduğuna inamı möhkəmləndirir.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.