Azərbaycan - İqtisadi Əməkdaşlıq Təşkilatı əlaqələri
Azərbaycan Respublikası İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Nazirlər Şurasının 1992-ci ilin 28 noyabr tarixində İslamabadda keçirilmiş növbədənkənar iclası zamanı təşkilatın üzvlüyünə qəbul olunub.
Azərbaycan ECO-nun təsis edilməsi haqqında 1987-ci il tarixli İzmir müqaviləsinə və müqavilənin 1990-cı il 18 iyun və 1992-ci il 28 noyabr tarixli protokollarına Azərbaycan Respublikası Milli Məclisinin 3 sentyabr 1993-cü il tarixli 699 nömrəli qərarı ilə qoşulub.
1997-ci ildən bəri Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Nümayəndələr Şurasında Azərbaycan Respublikasının daimi nümayəndəsidir.
Azərbaycan təşkilata daxil olduğu ilk gündən ECO çərçivəsindəki çoxtərəfli regional münasibətlərə və üzv ölkələrlə ikitərəfli əlaqələrə böyük əhəmiyyət verir. Çünki, ECO Xəzər-Qara dəniz hövzəsi, Cənubi Qafqaz və İran körfəzi rayonunda, Mərkəzi Asiyanın Qazaxıstan və Türkmənistan kimi ölkələrinin zəngin karbohidrogen yataqlarında həyata keçirilən qlobal enerji layihələrinin, Şərq-Qərb nəqliyyat-kommunikasiya (TRASEKA), Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin və Bakı-Tbilisi-Kars dəmir yolunun çəkilişi kimi mühüm işlərin görüldüyü bir regionu əhatə edir. Bundan başqa, ECO-nun işləyib hazırladığı və inşaatında iştirak etdiyi digər transmilli və regional nəqliyyat-kommunikasiya magistralları İranı, Türkiyəni, Azərbaycanı, Pakistanı, Əfqanıstanı və Türkmənistanı bir-biri ilə birləşdirərək, eyni zamanda Avropa və Asiya arasındakı qitələrarası nəqliyyat-kommunikasiya əlaqələrinə ciddi təsir göstərir. Bu xətt üzrə yaradılan yeni nəqliyyat-kommunikasiya magistralının bir başı Mərkəzi Asiya və Hind okeanını Fars körfəzi və Afrikaya, digər başı isə Cənubi Asiyanı - Pakistanı, Əfqanıstanı və digər ölkələri Türkiyə və Avropaya birləşdirir.
İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı və ECO Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası 16 oktyabr 2012-ci il və 15 oktyabr 2012-ci il tarixlərində Bakı şəhərində keçirilib. Bu iclaslar təşkilatın 1992-ci ildə genişlənməsinin, yeni üzvlərin qoşulmasının 20-ci ildönümünə təsadüf edib. Eyni zamanda, 15 oktyabr tarixindən ECO-ya sədrlik Azərbaycan tərəfinə keçmişdir. Zirvə toplantısında Bakı bəyannaməsi qəbul edilmişdir.
ECO-nun Bakı Sammitində həm də üzv ölkələrin qarşılaşdığı ictimai-siyasi, beynəlxalq problemlər, təhdidlər və digər regional məsələlərə münasibət bildirməsi isə xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ECO-ya üzv olan ölkələrin mövqeyini əks etdirən sənədin müzakirə edilməsini xüsusi qeyd etmək lazımdır.
Azərbaycanın sədrliyi dövründə ECO-nun Tehranda keçirilən Regional Planlaşdırma Şurasının, Daimi Nümayəndələr Şurasının iclasları Azərbaycan nümayəndələrinin rəhbərliyi ilə həyata keçirilib. 2013-cü ilin 6-8 may tarixlərində keçirilmiş Regional Planlaşdırma Şurasının 23-cü iclasında Azərbaycan Respublikası geniş tərkibdə nümayəndə heyəti ilə iştirak edib.
Azərbaycan ECO çərçivəsində əməkdaşlığa önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Azərbaycan ECO-nun iqtisadyönlü təşkilat kimi inkişaf etməsində və bu istiqamətdə layihələr həyata keçirilməsini dəstəkləyir. Sədrlik dövrü ərzində təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması, regional əməkdaşlığın genişləndirilməsi, regionda konkret layihə və proqramların həyata keçirilməsində davamlılığın təmin edilməsi üçün zəmin yaratmaq Azərbaycan Respublikasının qarşısında duran əsas hədəflərdir.
Bu məqsədlə Azərbaycanın təşkilata sədrliyi dövründə bir sıra iclaslarda təkliflər irəli sürülüb. Azərbaycan əmindir ki, təşkilat çərçivəsində hazırda daha çox ehtiyac duyulan əməkdaşlıq istiqamətlərinin prioritetləşdirilməsi, kəmiyyət artımından keyfiyyət artımına keçid, region dövlətləri üçün yaranan çağırışların vaxtlı-vaxtında qiymətləndirilməsi, proqnozlaşdırılması və müvafiq cavab tədbirlərinin həyata keçirilməsi bütöv təşkilatın və onun struktur bölmələrinin fəaliyyətinin səmərəliliyinin artımına xidmət edə bilər.
ECO-nun Ticarət və İnkişaf Bankı (EKOBANK) 2008-ci ildə fəaliyyətə başlamışdır və onun əsas məqsədi ECO ölkələrinin daxili regional ticarətini genişləndirmək və iqtisadi inkişafını sürətləndirmək üçün maliyyə vəsaitlərinin təşkil və təmin olunmasıdır. 2012-ci il 28 sentyabr tarixində Bankın Nizamnaməsi Azərbaycan Respublikası tərəfindən imzalanıb, 15 fevral 2013-cü il tarixində Milli Məclis tərəfindən təsdiq olunub. Hazırda Azərbaycan bankın səhmdarlarından biridir. Bankın baş ofisi Türkiyənin İstanbul şəhərində yerləşir.
İqtisadi Əməkdaşlıq Təşkilatının prioritet istiqamətlərindən biri 1998-ci il 9 may tarixində Almatı şəhərində keçirilmiş ECO-nun 5-ci Sammitində imzalanmış Tranzit Nəqliyyatı Çərçivə Sazişinin həyata keçirilməsidir. ECO üzvü olan 10 ölkədən 8-i artıq bu sazişə qoşulub. Saziş 2006-cı il 19 may tarixindən qüvvəyə minib.
Azərbaycan Respublikası Tranzit Nəqliyyatı Çərçivə Sazişi üzrə əlaqələndirici təyin edilib. Tranzit nəqliyyatı məsələlərinin monitorinqinin və koordinasiyasının həyata keçirilməsi üzrə Tranzit Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb. Şurasının fəaliyyətinin daha da artırılması məqsədi ilə Hüquq, Sığorta, Dəmir yolu, Avtoyol və Tranzit ticarəti üzrə alt komitələr yaradılıb. ECOçərçivəsində Tranzit Nəqliyyatı üzrə Koordinatorlar Şurasının ilk iclası 25 sentyabr 2006-cı il tarixində Bakı şəhərində keçirilib və iclas zamanı saziş üzrə əlaqələndirmə həmin Şuraya keçib.
2012-ci il 28 sentyabr tarixində ECO-nun Ticarət və İnkişaf Bankının Nizamnaməsi Azərbaycan Respublikası tərəfindən imzalanıb, 15 fevral 2013-cü il tarixində Milli Məclis tərəfindən ratifikasiya olunub.
ECO regionun nəqliyyat və kommunikasiya sisteminin və əsas nəqliyyat dəhlizləri olan “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin inkişaf etdirilməsi çərçivəsində Azərbaycan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu layihəsinin iştirakçısıdır. Layihə üzrə Yüksək səviyyəli İşçi qrupunun ilk iclası 22 may 2013-cü il tarixində Bakı şəhərində keçirilib.
Layihənin reallaşdırılması region dövlətləri üçün daha yeni imkanlar, o cümlədən regionda ümumi dəmir yolu şəbəkəsinin yaradılmasına, dəmir yol xətlərinin modernləşdirilməsinə, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə və ECO dəmir yolu şəbəkəsinin Avropa və Yaxın Şərq dəmir yolu şəbəkəsinə birləşdirilməsinə imkan yaradacaqdır.
6 sentyabr 2013-cü ildə ECO üzv ölkələrinin “Enerji, regional inteqrasiya və sosial iqtisadi inkişaf” mövzusunda 1-ci beynəlxalq konfransı Bakıda keçirilib.
Azərbaycanda yaradılacaq Tədqiqat Mərkəzinin təsis edilməsi prosesi ilə tanış olmaq məqsədilə 2016-cı il 27-29 yanvar tarixlərində təşkilatın Baş Katibi Halil İbrahim Akçanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub.
5-8 dekabr 2016-cı il tarixlərində İran İslam Respublikasının Tehran şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının 27-ci iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti iştirak edib.
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin strateji coğrafi məkanlarda yerləşməsi, Qərblə Şərqi birləşdirən ən qısa və səmərəli nəqliyyat dəhlizinə malik olmaları, təbii sərvətlərlə zənginliyi bu təşkilatın əhəmiyyətini artıran amillərdəndir. Qeyd olunan keyfiyyətlər baxımından Azərbaycan bu təşkilatda xüsusi çəkiyə malikdir. Azərbaycan ECO-da islahatların aparılmasında və bu təşkilatın səmərəliliyinin artırılmasında maraqlı olan ölkələrdəndir.
2017-ci il martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.
26 oktyabr 2018-ci il tarixində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclasında iştirak etmək məqsədilə Bakıda səfərdə olan ECO-nun Baş katibi Hadi Soleimanpour dövlət rəsmiləri ilə görüşüb. 17-20 dekabr 2018-ci il tarixlərində Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Regional Planlaşdırma Şurasının 29-cu iclasında Azərbaycan nümayəndə heyəti ölkəmizi təmsil etmişdir.
2021-ci il martın 4-də keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı çərçivəsində üzv dövlətlərin rəhbərləri bir daha Azərbaycanın dövlət başçısı İlham Əliyevi qazanılmış Zəfər münasibətilə təbrik edib və bundan sonra da əməkdaşlığın daha da dərinləşdirilməsində hər bir tərəfin maraqlı olduğunu ifadə ediblər. İlham Əliyev Azərbaycanın ECO vasitəsilə ortaq maraq kəsb edən layihələri dəstəklədiyini, bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etdiyini diqqətə çatdırıb.
2021-ci il 22-23 iyunda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) enerji üzrə yüksək səviyyəli mütəxəssislər qrupunun 4-cü iclası, 24 iyun tarixində isə ECO-nun energetika nazirlərinin 4-cü iclası keçirilib. Azərbaycanın ev sahibliyi ilə keçirilən videokonfransda təşkilatın üzv ölkələri - İran, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Əfqanıstan və bır sıra beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri iştirak edib. İclasa energetika naziri Pərviz Şahbazov sədrlik edib. İclasın yekununda İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində enerji əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə “Bakı Bəyannaməsi”, həmçinin təşkilatın 2030-cu ilədək “Enerji Strategiyası” və “Fəaliyyət Planı”, “Təmiz Enerji Mərkəzinin Nizamnaməsi” və “Regional Elektrik Enerjisi Bazarı”nın Yol Xəritəsi qəbul edilib.
2021-ci il 27 noyabrda Aşqabadda keçirilmiş ECO Xarici İşlər Nazirləri Şurasının 25-ci iclasında Azərbaycanın ECO Təmiz Enerji Mərkəzinə ev sahibliyi rəsmi şəkildə təsdiq edilib.
16 mart 2022-ci il tarixində BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi ilə birgə təsis edilən və beynəlxalq Katibliyi Bakı şəhərində yerləşəcək ECO Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar zəruri tərəfdaşlıqların qurulması məqsədilə virtual formatda konfrans keçirilib. Energetika nazirinin müavini Samir Vəliyev və ECO-nun baş katibi Xusrav Nozirinin iştirakı ilə keçirilən tədbirdə Təmiz Enerji Mərkəzinin yaranması və əsas fəaliyyət istiqamətləri barədə təqdimatlar dinlənilib, mərkəzin fəaliyyəti üçün atılacaq addımlar, görüləcək işlər və digər mövzular barədə müzakirələr aparılıb.
2022-ci il mayın 17-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ECOPA) “Postpandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusuna həsr olunmuş Üçüncü Ümumi Konfransı keçirilib.
2023-cü il oktyabrın 9-u və 10-u Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi çərçivəsində Şuşa şəhərində Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilib.
2023-cü il noyabrın 9-da İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında iştirak edib.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.