İslamiada

İslam Həmrəyliyi Oyunları

Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Bu uğur özünü dünyamiqyaslı yarışlarda əldə edilən qələbələrdə, Azərbaycanda keçirilən nüfuzlu idman yarışlarında, respublikamızda müasir idman infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Bu gün Azərbaycanda yaradılmış müasir səviyyəli idman infrastrukturu istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Bu amil isə ölkəmizin beynəlxalq idman federasiyaları və təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərib. İlk Avropa Oyunlarından sonra daha bir mötəbər yarışın - IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi də Azərbaycan üçün tarixi hadisədir. 

I İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. 2005-ci il aprelin 8-20-də Məkkə, Mədinə və Ciddə şəhərlərində təşkil olunmuş yarışlarda Azərbaycan yığması 12 idman növü üzrə 103 idmançı ilə təmsil olunub və yarışı 15 medalla (4 qızıl, 4 gümüş və 7 bürünc) başa vuraraq medal qazanan ölkələr arasında 8-ci pillədə qərarlaşıb. 

II İslam Həmrəyliyi Oyunları 2009-cu ildə İranda keçirilməli idi. Amma İranla ərəb ölkələri arasında yaranmış mübahisə ucbatından İslamiada baş tutmadı. 

III İslam Həmrəyliyi Oyunları 2013-cü ilin 22 sentyabr - 2 oktyabrında İndoneziyanın Palembanq şəhərində təşkil olunub. Turnirdə Azərbaycanı 9 idman növü üzrə 53 idmançı təmsil edib. Oyunların təşkili üçün ayrılmış vaxt az - bir neçə ay olsa da, təşkilat komitəsi işinin öhdəsindən layiqincə gəldi və idmançıların öz məharətlərini nümayiş etdirməsi üçün lazımi şərait yaratdı. Sevindirici haldır ki, təmsilçilərimiz 24 medalla (7 qızıl, 8 gümüş, 9 bürünc) iştirakçı ölkələr arasında 7-ci yeri tutdular. 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində 44 ölkə iştirak edirdi.

IV İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyasının 24 iyul 2013-cü ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən 8-ci Baş Assambleyasının qəbul etdiyi qərara əsasən 12-22 may 2017-ci il tarixlərində Bakı şəhərində keçirilib. 

V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. 2022-ci il avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycanı İslamiadada 281 idmançı təmsil edib. Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurub. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürüncdür.

VI İslam Həmrəyliyi Oyunları 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.