İslam Əməkdaşlıq Təşkilatı
2011-ci ildən İslam Əməkdaşlıq Təşkilatı adlanan İslam Konfransı Təşkilatı Cənubi Amerika, Afrika, Avropa və Asiyanın 57 müsəlman ölkəsini birləşdirən beynəlxalq təşkilatdır. İslam Konfransı Təşkilatı (ərəbcə: Münəzzəmər əl-mü təmar əl-islami) Səudiyyə Ərəbistanı Kralının 1966-cı ildə ortaya qoyduğu “İslam birliyi” lozunqu və 1969-cu ildə Mərakeş Kralının “İslam həmrəyliyi” fikrindən qaynaqlanaraq, 1969-cu ildə Rabatda (Mərakeş) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında yaradılmışdır. İlk konfransın keçirilməsində məqsəd Qüdsdə “Əl-əksa” məscidinin yandırılmasına qarşı etiraz olmuşdur. Eyni zamanda İƏT qarşısına bir sıra digər məqsədləri də qoymuşdur:
- İslam həmrəyliyini siyasi, iqtisadi və sosial planda inkişaf etdirmək;
- Müstəmləkəçiliyə, neomüstəmləkəçiliyə və irqçiliyə qarşı mübarizə aparmaq;
- Müsəlman həmrəyliyinin gücləndirilməsi;
- Müqəddəs yerlərin qorunması;
- Fələstinin müstəqilliyinə nail olmaq.
İƏT hazırkı dönəmdə 57 müsəlman dövlətini özündə birləşdirir. İstənilən müsəlman dövləti təşkilata üzv ola bilər. Yeni üzvlərin qəbulu 2/3 səs çoxluğu ilə həyata keçirilir. Bəzi ölkələrin - Bosniya və Hersoqovina, Mərkəzi Afrika Respublikası, Rusiya Federasiyası, Filippin və Şimali Kipr Türk Cümhuriyyətinin müsəlman icmaları, habelə bir sıra beynəlxalq təşkilatlar: Birləşmiş Millətlər Təşkilatı, Fələstin Azadlıq Təşkilatı və digərləri İƏT yanında müşahidəçi statusuna malikdirlər.
İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. 1975-ci ildən bəri BMT yanında müşahidəçi statusu almışdır. Baş Məclisin 36-cı sessiyasında “BMT ilə arasında əməkdaşlıq haqqında” qətnamə qəbul edilmişdir. Qətnamədə tərəflərin fəaliyyətini əlaqələndirmək üçün xüsusi mexanizm yaratmaq zərurəti qeyd edilir.
1972-ci ildə qəbul edilmiş nizamnaməyə görə, İƏT-in ali orqanı dövlət və hökumət başçılarının konfransıdır. İƏT-in siyasi orqanı xarici işlər nazirləri konfransı, icraçı orqanı isə Baş katiblikdir. Baş katibliyin iqamətgahı Qüds şəhəri İsrail işğalından azad edilənədək müvəqqəti olaraq Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşir. Baş katibliyin tərkibində bir sıra şöbələr, o cümlədən sosial-iqtisadi, elm və texnika, Asiya məsələləri, Afrika məsələləri, beynəlxalq məsələlər, informasiya, insan hüquqları və azsaylı dini icma məsələləri, müsəlmanların qeyri-hökumət təşkilatları məsələləri şöbələri və başqa şöbələr işləyir.
Təşkilatın əsas orqanları:
İslam Zirvəsi
İƏT-in ən səlahiyyətli orqanı olub, dövlət və hökumət başçılarının iştirakı ilə təşkil edilən bir sammitdir. Zirvə 3 ildə bir dəfə toplanır.
İslam ölkələrinin Xarici İşlər Nazirlərinin konfransı
Bu toplantılar ildə ən azı bir dəfə olmaqla keçirilir. Bundan əlavə BMT-in hər ilin oktyabrında keçirilən illik sessiyalarında da eyni mövqeni nümayiş etdirmək məqsədi ilə BMT-in qərargahında toplanırlar.
Baş Katiblik
Qərargah Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşir. Baş katib Xarici İşlər Nazirlərinin toplantısında 4 il müddətinə coğrafi prinsip əsasında (Asiya, Afrika və Ərəb ölkələrindən) təyin edilir və ardıcıl olaraq iki dəfə seçilə bilər.
İƏT yanında onun konfranslarının qərarları ilə yaradılmış bir sıra müstəqil təşkilatlar fəaliyyət göstərir. Onların fəaliyyətini baş katiblik əlaqələndirir:
İƏT-in strukturu və alt qurumları
- İslam Ölkələrinin Statistik, İqtisadi, Sosial Tədqiqatlar və Təlim Mərkəzi – Statistical, Economic, Social Research and Training Centre for Islamic Countries (SESRIC-Ankara, Türkiyə)
- İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi – Research Center for Islamic History, Art and Culture (IRCICA-İstanbul, Türkiyə)
- Ticarətin İnkişafı üzrə İslam Mərkəzi – Islamic Center for the Development of Trade (ICDT-Kasablanka, Mərakeş)
- Beynəlxalq İslam Fiqh Akademiyası – International Islamic Fiqh Academy (IIFA-Ciddə, Səudiyyə Ərəbistanı)
- İslam Həmrəylik Fondu və Vəqfi – Islamic Solidarity Fund and its Waqf (ISF-Ciddə, Səudiyyə Ərəbistanı)
- İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası –Islamic Chamber of Commerce, Industry and Agriculture (ICCIA-Karaçi, Pakistan)
- İslam Ölkələri Paytaxtları və Şəhərləri Təşkilatı – Organization of Islamic Capitals and Cities (OICC-Məkkə, Səudiyyə Ərəbistanı)
- İslam Həmrəyliyi İdman Federasiyası – Islamic Solidarity Sports Federation (ISSF-Riyad, Səudiyyə Ərəbistanı)
- Ümumdünya Ərəb-İslam Beynəlxalq Məktəbləri Federasiyası – World Federation of Arabo-Islamic International Schools (WFAIIS-Qahirə, Misir)
- İslam Gəmi Sahibləri Assosiasiyası – Organization of the Islamic Shipowners Assosiation (OISA-Ciddə, Səudiyyə Ərəbistanı)
- Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu – Islamic Conference Youth Forum for Dialogue and Cooperation (ICYF-İstanbul, Türkiyə)
- Beynəlxalq Müsəlman Skautları Birliyi – International Union of Muslim Scouts (IUMS-Ciddə, Səudiyyə Ərəbistanı)
- İslam Ölkələri Məsləhətçilər Federasiyası – Federation of Consultants from Islamic Countries (FCIC-İstanbul, Türkiyə)
- İslam Dünyası Elmlər Akademiyası – Islamic World Academy of Sciences (IAS-Amman, İordaniya)
- İƏT Fövqəladə Hallarda Kompüter Müdaxilə Qrupu – OIC Computer Emergency Response Team (OIC CERT-Saybercaya, Malayziya)
- İslam Ölkələri Standartlar və Metrologiya İnstitutu – Standards and Metrology Institute for Islamic Countries (SMIC-İstanbul, Türkiyə)
- İslam Ölkələri Vergi Orqanları Assosiasiyası – Assosiation of Tax Authorities of Islamic Countries (ATAIC-Xartum, Sudan)
- İslam İnkişaf Bankı – Islamic Development Bank (IDB-Ciddə, Səudiyyə Ərəbistanı)
- İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı – Islamic Educational, Scientific and Cultural Organization (ISESCO-Rabat, Mərakeş)
- İslam Yayım Birliyi – Islamic Broadcasting Union (IBU-Ciddə, Səudiyyə Ərəbistanı)
- İƏT-ə üzv ökələrin Xəbər Agentlikləri Birliyi – Union of News Agencies of the OIC Member States (UNA-Ciddə, Səudiyyə Ərəbistanı)
- Beynəlxalq Aypara İslam Komitəsi – Islamic Committee of the International Crescent (ICIC-Benqazi, Liviya)
- Elm, Texnologiya və İnnovasiya Təşkilatı – The Science, Technology and Innovation Organization (STIO-İslamabad, Pakistan)
- Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatı – Islamic Organization for Food Security (IOFS-Astana, Qazaxıstan)
- İslam Texnologiya Universiteti – Islamic University of Technology (IUT-Dəkkə, Banqladeş)
- Uqanda İslam Universiteti – Islamic University In Uganda (IUIU-Kampala, Uqanda)
- Niger İslam Universiteti – Islamic University Niger (IUN-Niamey, Niger)
- Malayziya Beynəlxalq İslam Universiteti – International Islamic University Malaysia (IIUM-Kuala Lumpur, Malayziya)
- Qüds Komitəsi – AlQuds Committee (Rabat, Mərakeş)
- Məlumat və Mədəniyyət Məsələləri üzrə Daimi Komitə – Standing Committee for Information and Cultural Affairs (COMIAC-Dakar, Seneqal)
- İqtisadiyyat və Ticarət Sahəsində Əməkdaşlıq üzrə Daimi Komitə – Standing Committee for Economic and Commercial Cooperation (COMCES-Ankara, Türkiyə)
- Elmi və Texniki Əməkdaşlığa dair Daimi Komitə – Standing Committee for Scientific and Technological Cooperation (COMSTECH-İslamabad, Pakistan)
- Müstəqil Daimi İnsan Hüquqları Komissiyası – The Independent Permanent Human Rights Comission (IPHRC-Ciddə, Səudiyyə Ərəbistanı)
1999-cu ildən İƏT üzvü olan dövlətlərin Parlamentlərarası İttifaqı yaradılıb.
İƏT BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır.
İşçi dilləri: ərəb, ingilis, fransız.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.