Türk Dövlətləri Təşkilatı
Türk Dövlətləri Təşkilatı (əvvəl Türk Şurası və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adlanıb) fəaliyyətinin əsas məqsədi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türk dövlətləri başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Daha sonra Özbəkistan da bu təşkilata qoşulub. Türkmənistan və Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi ölkə qismində təmsil olunurlar.
2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.
Türk Dövlətləri Təşkilatı 1992-ci ildən etibarən keçirilən türk dövlətləri başçılarının zirvə görüşlərindən qaynaqlanan ümumi siyasi iradənin nəticəsi olaraq yaranıb.
Hər il 3 oktyabr tarixi Türk Dövlətlərinin əməkdaşlığı günü kimi günü qeyd olunur.
2010-cu ildə İstanbulda keçirilən 10-cu Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatının Katibliyi fəaliyyətə başlayıb.
Türk Dövlətləri Təşkilatı təsis edildikdən sonra zirvə görüşləri “Türk Dövlətləri Təşkilatının Zirvə Görüşləri” olaraq adlandırılır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının birinci Zirvə Görüşü 2011-ci il 20-21 oktyabrda “İqtisadi əməkdaşlıq” mövzusu adı altında Qazaxıstanın Almatı şəhərində keçirilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ikinci Zirvə Görüşü 2012-ci il 22-23 avqustda "Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” mövzusu adı altında Qırğızıstanın Bişkek şəhərində keçirilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü Zirvə Görüşü 2013-cü il 15-16 avqustda "Nəqliyyat və bağlantı” mövzusu adı altında Azərbaycanın Qəbələ şəhərində keçirilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dördüncü Zirvə Görüşü 2014-cü il 4-5 iyunda “Turizm sahəsində əməkdaşlıq” mövzusu adı altında Türkiyənin Bodrum şəhərində keçirilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının beşinci Zirvə Görüşü 2015-ci il 10-11 sentyabrda “Media və informasiya sahəsində əməkdaşlıq” mövzusu adı altında Qazaxıstanın Astana şəhərində keçirilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının altıncı Zirvə Görüşü 2018-ci il 3 sentyabrda "Gənclər və Milli İdman Növləri" mövzusu adı altında Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci Zirvə Görüşü 2019-cu il 15 oktyabrda “Kiçik və orta sahibkarlığın inkişafı” mövzusu adı altında Azərbaycanın Bakı şəhərində keçirilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının səkkizinci Zirvə Görüşü 2021-ci il 12 noyabrda “Rəqəmsal əsrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusu adı altında Türkiyənin İstanbul şəhərində keçirilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının doqquzuncu Zirvə Görüşü 2022-ci il 11 noyabrda “Türk Mədəniyyəti üçün Yeni Dönəm: Ortaq İnkişaf və Rifaha Doğru” mövzusu adı altında Özbəkistanın Səmərqənd şəhərində keçirilib.
Türk Dövlətləri Təşkilatının strukturu, məqsəd və vəzifələri:
Türk Dövlətləri Təşkilatının əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilmiş və aşağıdakılardan ibarətdir:
- Tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;
- Regionda və dünyada sülhün bərqərar edilməsi;
- Xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi;
- Beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;
- Ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;
- Ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;
- Hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;
- Elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;
- Kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi;
- Hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi;
Türk Dövlətləri Təşkilatının öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya qoyulan məqsədlərə nail ola bilməsi üçün strukturu aşağıdakı kimi formalaşdırılmışdır:
- Dövlət Başçıları Şurası
- Xarici İşlər Nazirləri Şurası
- Yüksək Vəzifəli Şəxslər Komitəsi
- Ağsaqqallar Şurası
- Katiblik
Dövlət Başçıları Şurasının toplantısına ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə qədər Türk Dövlətləri Təşkilatına sədrlik edir. 16 iyul 2014-cü ildən 3 iyul 2018-ci ilədək Ramil Həsənov Türk Dövlətləri Təşkilatının baş katibi olub. 3 iyul 2018-ci ildən Türk Dövlətləri Təşkilatının baş katibi Qazaxıstandan Bağdad Amreyevdir. 11 noyabr 2022-ci ildən Türk Dövlətləri Təşkilatının baş katibi Qırğızıstandan Kubanıçbek Ömüraliyevdir.
Əlaqəli qurumlar:
- TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı)
- TÜRKPA
- Türk Akademiyası
- Türk Mədəniyyəti və İrsi Fondu
- Türk Biznes Şurası
Beynəlxalq əməkdaşlıq
Türk Dövlətləri Təşkilatı beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verir. Təşkilat artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur.
Zirvə görüşləri
- 30 Oktyabr 1992 ( Ankara,Türkiyə)
- 12 İyul 1993 (Almatı, Qazaxıstan)
- 18 Oktyabr 1994 (İstanbul, Türkiyə)
- 28 Avqust 1995 (Bişkek, Qırğızıstan)
- 21 Oktyabr 1996 (Daşkənd, Özbəkistan)
- 9 İyun 1998 (Astana, Qazaxıstan)
- 8 Aprel 2000 (Bakı, Azərbaycan)
- 26 Aprel 2001 (İstanbul, Türkiyə)
- 17 Noyabr 2006 (Antalya, Türkiyə)
- 21 Noyabr 2008 (İstanbul, Türkiyə)
- 3 Oktyabr 2009 (Naxçıvan, Azərbaycan)
- 15 Sentyabr 2010 (İstanbul, Türkiyə)
- 20-21 Oktyabr 2011 (Almatı, Qazaxıstan)
- 22-23 Avqust 2012 (Bişkek, Qırğızıstan)
- 15-16 Avqust 2013 (Qəbələ, Azərbaycan)
- 4-5 İyun 2014 (Bodrum, Türkiyə)
- 10-11 Sentyabr 2015 ( Astana, Qazaxıstan)
- 3 Sentyabr 2018 (Çolpon-Ata, Qırğız Respublikası)
- 15 Oktyabr 2019 (Bakı, Azərbaycan)
- 12 Noyabr 2021 (İstanbul, Türkiyə)
- 11 Noyabr 2022 (Səmərqənd, Özbəkistan)
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.