İKT-nin VIII Zirvə görüşü başa çatdıqdan sonra Tehrana səfərinin yekunu ilə əlaqədar bəyanatı

11 dekabr 1997-ci il, 
Tehran, Mehrabad hava limanı

Mən İslam Konfransı Təşkilatının VIII zirvə görüşünün nəticələrini çox yüksək qiymətləndirirəm. Birincisi, bu zirvə görüşü çox gözəl təşkil olunmuşdur. İkincisi, zirvə görüşünün iştirakçılarının əksəriyyəti öz ölkələrinin ən yüksək vəzifəli şəxsləri tərəfindən təmsil edilmişdir. Bu zirvə görüşü üç gün müddətində çox işgüzar şəraitdə keçmişdir və çox dəyərli qərarlar, qətnamələr qəbul etmişdir. Mən xüsusən son qərarları yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Tehran bəyannaməsi, zirvə görüşünün yekun sənədi, islam aləminə aid Tehrandakı görüşlər haqqında sənəd və şübhəsiz ki, qəbul olunmuş bütün başqa sənədlər də böyük əhəmiyyət kəsb edir.

Mən Azərbaycanın dostu və yaxın qonşusu, qardaşı olan İran İslam Cümhuriyyətində belə bir zirvə görüşünün keçirilməsini İran İslam Cümhuriyyəti üçün böyük bir tarixi hadisə hesab edirəm. Bu zirvə görüşü müvəffəqiyyətlə başa çatdığına görə mən İran İslam Cümhuriyyətini və onun bütün rəhbərlərini ürəkdən təbrik edirəm. Mən İslam Konfransı Təşkilatının üç il ərzində sədri olacağı münasibətilə də İran İslam Cümhuriyyətini təbrik edirəm.

Mən İranın ali dini rəhbəri Həzrəti Ayətüllah Xamneinin zirvə görüşündə nitqini çox yüksək qiymətləndirirəm. İran İslam Cümhuriyyətinin prezidenti cənab Məhəmməd Xatəminin İslam Konfransı Təşkilatının VIII zirvə görüşünün keçirilməsi üçün qoyduğu səyləri və onun bu zirvə görüşünə çox gözəl sədrlik etməsini də yüksək qiymətləndirirəm.

İslam ölkələrinə daha çox birlik, həmrəylik arzulayıram. Qardaş İran xalqına səadət, xoşbəxtlik və bütün işlərdə uğurlar arzulayıram. Təşəkkür edirəm.

Mehrabad hava limanının fəxri qonaqlar kitabına ürək sözləri:

“İslam Konfransı Təşkilatının VIII zirvə görüşü İran İslam Cümhuriyyətində gözəl keçirildi və tarixi əhəmiyyəti olan qərarlar qəbul edildi. Mən Tehran zirvə görüşünü yüksək qiymətləndirirəm. İnanıram ki, VIII zirvə görüşü islam ölkələrinin birliyinə, həmrəyliyinə kömək edəcəkdir.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 16 dekabr 1997-ci il
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.