İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının VII zirvə görüşündə nitqi
İstanbul,
«Çırağan Palas» mehmanxanası
14 oktyabr 2002-ci il
H e y d ə r Ə l i y e v: Hörmətli cənab sədr!
Hörmətli dövlət və hökumət başçıları!
Xanımlar və cənablar!
Sizi səmimi-qəlbdən salamlayıram. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün bütün iştirakçılarına uğurlar arzulayıram. VII Zirvə görüşünü yüksək səviyyədə təşkil etdiklərinə və bizə göstərdikləri qonaqpərvərliyə görə Türkiyə Respublikasının prezidenti zati-aliləri cənab Əhməd Necdət Sezərə və Türkiyə Respublikasının Hökumətinə minnətdarlığımı bildirirəm.
Dövlət başçılarının son görüşündən sonra bu təşkilatın üzvü olan Əfqanıstanda baş verən müsbət dəyişiklikləri alqışlayıram. Hörmətli prezident cənab Kərzaiyə ölkənin və xalqın qarşısında duran problemlərin həllində uğurlar arzulayıram.
Bu ilin noyabr ayında Azərbaycanın, habelə Mərkəzi Asiya respublikalarının İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmalarının 10 ili tamam olur. Fürsətdən istifadə edərək, bu əlamətdar tarix münasibətilə hamını təbrik edir, birgə səylərimizlə əməkdaşlığın daha da artmasını arzulayıram.
Hörmətli sammit iştirakçıları!
İlk illərini yaşadığımız yeni əsrdə bəşəriyyətin qarşısında dünyada sülhün bərqərar olması və insanların firavanlıq, əmin-amanlıq şəraitində yaşaması kimi mühüm vəzifələr du¬rur.
Bu vəzifələrin öhdəsindən gəlmək üçün dünya dövlətlərinin ayrı-ayrılıqda göstərdikləri səylərlə yanaşı, regional təşkilatların məqsədyönlü fəaliyyəti də zəruridir.
Bu səbəbdən İqtisadi Əməkdaşlıq Təşkilatının üzərinə böyük tarixi missiya düşür. Güman edirəm ki, sammitdə bizim qəbul edəcəyimiz qərarlar yeni əsrdə regionumuzun siyasi-iqtisadi və mədəni-mənəvi inkişafına öz müsbət təsirini göstərəcək, onun əsas istiqamətlərini müəyyən edəcəkdir.
Bundan başqa, sammitin qərarları regionun sürətli tərəqqisinə yardım etməli, qloballaşma prosesində onun daha fəal iştirakını təmin etməlidir. Biz təşkilatın fəaliyyətinin əsas istiqamətlərini regionda iqtisadi inteqrasiyanın hüquqi bazasının yaradılmasında və icra mexanizminin hazırlanmasında görürük.
Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının qarşısında duran əsas vəzifələrdən biri də dünya miqyasında aparılan yoxsulluğun azaldılması işinə öz töhfəsini verməkdir. 350 milyona yaxın insanın yaşadığı regionu əhatə edən İqtisadi Əməkdaşlıq Təşkilatı yoxsulluğun azaldılması üçün xüsusilə dövlətlərarası əməkdaşlığı inkişaf etdirməli və birgə layihələrin həyata keçirilməsini təşviq etməlidir.
Bu məqsədlə yeni iş yerlərinin açılması üçün regional investisiya layihələrinin təşviqini və ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşlarının həvəsləndirilməsini zəruri hesab edirik.
Azərbaycan Respublikası adından deyə bilərəm ki, ölkəmizə xarici investisiyaların cəlb olunması üçün son illərdə mühüm işlər aparılmış, müvafiq hüquqi baza yaradılmış, bazar iqtisadiyyatına keçid və dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməli addımlar atılmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 1994-cü ildən bu günə kimi Azərbaycan iqtisadiyyatına təxminən 10 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur.
Bu gün ölkəmizdə xarici investorlar üçün lazımi investisiya mühitinin yaradıldığını tam əminliklə deyə bilərəm və iş adamlarını Azərbaycanda investisiya layihələrinin həyata keçirilməsində fəal iştirak etməyə dəvət edirəm.
Məlum olduğu kimi, Azərbaycan artıq Şimal–Cənub nəqliyyat dəhlizinə qoşulmaq haqqında qərar qəbul edibdir. Bu ilin may ayında İran İslam Respublikasına səfərim zamanı mən əməkdaşlığımızın bu mühüm sahəsini İranın hörmətli prezidenti ilə müzakirə etmişəm və ümidvaram ki, bu, İqtisadi Əməkdaşlıq Təşkilatı daxilində də işbirliyinə öz müsbət töhfəsini verəcəkdir.
İqtisadi Əməkdaşlıq Təşkilatının regional əməkdaşlıq sahəsində ciddi uğurlar əldə etməsi üçün hər cür şərait var. Xalqlarımızın tarixi yaxınlığı, din, bir sıra hallarda isə dil ümumiliyi, ölkələrimizdəki bənzər cəhətlər və mədəni-mənəvi bağlılıq bunun üçün etibarlı zəmin yaradır.
Yarandığı dövrdən bu günədək təşkilatın fəaliyyətinin genişləndirilməsi və qarşısında duran məsələlərin həlli üçün bir sıra sənədlər imzalanmış və müvafiq qurumlar yaradılmışdır. Regionun iqtisadiyyatının inkişaf istiqamətlərini müəyyən etmək, iqtisadi təhlillər aparmaq və birgə layihələr hazırlamaq üçün təşkilatın iqtisadi təhqiqatlar mərkəzinin yaradılması zəruriyyəti meydana çıxmışdır. Azərbaycanın böyük məmnuniyyətlə belə bir mərkəzə ev sahibliyi etməyə hazır ol¬duğunu bildirirəm.
Hörmətli sammit iştirakçıları!
Bizim ölkəmiz, eləcə də region dövlətləri üçün Bakı–Novorossiysk və Bakı–Supsa neft kəmərlərinin işə düşməsinin mühüm əhəmiyyəti olmuşdur. Bu il sentyabrın 18-də isə Bakıda region üçün çox böyük əhəmiyyətə malik olan Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin inşa edilməsinin təməlatma mərasimi keçirilmişdir. Mərasimdə Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Əhməd Necdət Sezər, Gürcüstan prezidenti hörmətli Eduard Şevardnadze və Azərbaycan Respublikasının prezidenti iştirak etmişlər.
Bu əlamətdar hadisə Azərbaycanın yeni neft strategiyası əsasında 1994-cü ildə Xəzərin Azərbaycan sektorunda neft yataqlarının istismarı məqsədi ilə imzalanmış ilk hasilatın pay bölgüsü müqaviləsi – «Əsrin müqaviləsi» ilə əsası qoyulmuş nəhəng layihənin nəticəsidir.
Bu gün Xəzər dənizi hövzəsində neft və qaz ehtiyatlarının işlənilməsi sahəsində böyük işlər aparılır. Lakin regionun enerji ehtiyatlarından daha səmərəli istifadə edilməsi Xəzər dənizinin hüquqi statusunun müəyyən olunmasını tələb edir.
Bu sahədə son illərdə çox işlər görülür. Bunlardan Xəzəryanı dövlətlərin ilk dəfə bir araya gəldiyi Aşqabad sammitinin çox böyük əhəmiyyəti olmuşdur. Mən bu ilin may ayında İranda olarkən prezident cənab Xatəmi ilə də bu sahədə səmərəli danışıqlar apardığımızı qeyd edirəm. Bundan başqa, bizim Rusiya və Qazaxıstanla imzaladığımız sazişlər də Xəzərin statusu ilə bağlı məsələnin həll olunmasına yardım edəcəkdir.
Cənab sədr!
Hörmətli sammit iştirakçıları!
Təəssüf hissi ilə qeyd etməliyəm ki, bəşəriyyət insanlıq üçün firavanlıq və əmin-amanlıq gətirən bütün bu işlərlə yanaşı, yeni minilliyə köhnə minillikdən miras qalmış bir sıra problemlərlə də qədəm qoymuşdur. Bunlardan ən təhlükəlisi etnik münaqişələr və terrordur.
2001-ci ilin 11 sentyabrında Amerika Birləşmiş Ştatlarında törədilmiş dəhşətli terror hadisəsi əslində tərəqqipərvər bəşəriyyətə ciddi bir siqnal oldu. Bir necə saat ərzində bütün dünya terrorun nə qədər dəhşətli, bəşəriyyət və insanlıq üçün nə qədər təhlükəli və faciəli olduğunu müşahidə etdi.
Bir çox dövlətlər üçün bu dəhşətli faciə yeni bir hadisə idi. Lakin bizim ölkələrimizin bir çoxunda etnik münaqişələrin və dinc insanlara qarşı çevrilmiş terrorçuluğun, təcavüzkar separatçılığın və şovinizmin nə olduğunu çox yaxşı bilirlər. Minlərlə insan bunun ağrı-acılarını öz şəxsi həyatlarında yaşayıb və bu gün də yaşamaqdadır.
Etnik münaqişələrdən və terrordan zərər çəkən bir dövlət olaraq, Azərbaycana bu münaqişələr daha yaxşı tanışdır. Odur ki, biz dərhal antiterror mübarizəsində ölkəmizin bütün imkanlarından istifadə etməyi, bu dəhşətli faciə ilə mübarizəyə hazır olduğumuzu birmənalı bəyan etdik.
Biz neçə ildir ki, Azərbaycanda etnik separatizm və bunun nəticəsində yaranmış terrorçuluqla təkbaşına mübarizə aparırıq. Qonşu Ermənistanın Azərbaycana qarşı 14 il əvvəl əsassız ərazi iddiaları ilə başladığı hərbi təcavüz nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan çox azərbaycanlı öz doğma yurdlarından zorla çıxarılaraq qaçqın və köçkünə çevrilmişdir. Bu münaqişə nəticəsində 35 min azərbaycanlı öz torpaqlarında həlak olmuş, yaxud qətlə yetirilmişdir. İşğalın nəticələri ölkəni ciddi iqtisadi və sosial problemlərlə üz-üzə qoymuşdur.
Biz dəfələrlə bəyan etmişik ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dinc yolla həll olunmalıdır. Biz müharibə istəmirik. Biz sülh tərəfdarıyıq. Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur.
Azərbaycan sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla, ələlxüsus öz qonşuları ilə qarşılıqlı anlaşma, mehriban qonşuluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir. Lakin Ermənistanla belə əməkdaşlıq yalnız və yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən, qaçqınlar öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra mümkün ola bilər.
Hesab edirik ki, terrora qarşı mübarizə bütün dövlətlərin və beynəlxalq təşkilatların əlbir fəaliyyətini tələb edir. Bununla bağlı düşünürəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatı da üzərinə düşən tarixi vəzifəni yerinə yetirməli və bundan sonra da ümumbəşəri dəyərlər uğrunda mübarizəni davam etdirməli, bu təşkilatın üzvü olan Azərbaycanın haqq işinə dəstək verməlidir.
Hörmətli sədr!
Hörmətli sammit iştirakçıları!
Sonda bir daha əmin olduğumu bildirmək istəyirəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbul Zirvə görüşü yeni əsr üçün regionun inkişafının başlıca istiqamətlərini müəyyən edəcək və qarşımızda duran əsas maneələrin aradan qaldırılmasında, xalqlarımızın və dövlətlərimizin daha da yaxınlaşmasında mühüm addım olacaqdır.
Diqqətinizə görə təşəkkür edirəm.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.