Bakıda İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin turizm nazirlərinin V konfransında nitqi
Bakı, “Gülüstan” sarayı
11 sentyabr 2006-cı il
Hörmətli qonaqlar,
Hörmətli nazirlər,
Xanımlar və cənablar!
Mən sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram, ölkəmizə xoş gəlmisiniz.
İslam Konfransı Təşkilatının xətti ilə Azərbaycanda keçirilən çoxsaylı tədbirlər İslam Konfransı Təşkilatı ilə Azərbaycan arasında olan çox fəal əlaqələri daha da möhkəmləndirir. Biz çalışırıq ki, təşkilat çərçivəsində bütün tədbirlərdə çox fəal iştirak edək və bəzi tədbirlərin və görüşlərin təşəbbüskarıyıq. Bu, Bakıda İslam Konfransı Təşkilatının çərçivəsində keçirilən ikinci tədbirdir. Birinci tədbir xarici işlər nazirlərinin görüşü idi və o görüş zamanı çox faydalı və əhəmiyyətli qərarlar qəbul edilmişdir. Bu gün isə biz Azərbaycanda turizm nazirlərinin konfransını keçiririk.
Bugünkü hadisə özlüyündə göstərir ki, Azərbaycan təşkilatın işində çox fəal iştirak edir və çalışır ki, onun möhkəmlənməsinə öz töhfəsini versin. İslam Konfransı Təşkilatı İslam dünyasını birləşdirən təşkilatdır. Təşkilatın nüfuzu, dünyadakı rolu ildən-ilə artmaqdadır və bu, bizi çox sevindirir. Çünki, müsəlman ölkələrinin həmrəyliyi, birliyi indiki zəmanədə daha böyük əhəmiyyət kəsb edir. Bizi birləşdirən tarixi əlaqələr, mədəni tellər, siyasi maraqlar, əlbəttə ki, çox önəmlidir. Bizim mövcud çağırışlara birgə cavablarımız, dünyanı əhatə edən böhranlara münasibətlərimiz, qaynar nöqtələrdə baş verən hadisələrə münasibətimiz, əlbəttə ki, dünyada gedən proseslərə çox əhəmiyyətli dərəcədə təsir göstərir. Təşkilatımız - İslam Konfransı Təşkilatı gücləndikcə, əlbəttə ki, bizim mövqelərimiz güclənəcək, bölgəyə və dünyaya baxışlarımız daha da bərabər şəkildə formalaşacaq və eyni zamanda bölgədə və dünyada gedən proseslərə təsirimiz daha da möhkəmlənəcəkdir. Biz bunu arzulayırıq, bunu istəyirik və İKT-nin tədbirlərinin Azərbaycanda keçirilməsi də bu məqsədi daşıyır.
Eyni zamanda, İslam dünyasının turizm nazirlərinin Azərbaycana gəlməsi Azərbaycanın bir növ təqdimatı deməkdir. Çünki, Azərbaycan gənc müstəqil dövlətdir. Biz müstəqil dövlət kimi cəmi 15 ildir yaşayırıq və hələ ki, özümüzü tanıtmağımıza böyük ehtiyac var. Mən bilirəm ki, nazirlərin böyük əksəriyyəti Azərbaycana ilk dəfədir səfər edirlər və hesab edirəm ki, ölkəmizlə tanışlıq gələcək əlaqələrin möhkəmlənməsinə gözəl şərait yaradacaqdır. Biz İslam Konfransı Təşkilatına üzv olan bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əməkdaşlığın dərinləşməsini istəyirik, buna çalışırıq. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi bu məqsədlərə xidmət edir.
Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkədir. Azərbaycanda gedən proseslər, bölgədə gedən proseslər ölkəmizin mövqelərini möhkəmləndirir. İqtisadi artım baxımından ölkəmiz bu gün dünyada birinci ölkədir. Keçən il Azərbaycanda iqtisadi artım 26 faiz təşkil etmişdir, bu ilin 6 ayında isə 36 faizdir. Bu bizə imkan verir ki, maddi imkanlarımız möhkəmlənsin, ölkənin qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirək. Biz iqtisadiyyatın bütün sahələrini inkişaf etdirmək əzmindəyik və şübhəsiz ki, turizm sahəsinə də böyük diqqət göstərilir. Bir sözlə, Azərbaycanın ildən-ilə artan iqtisadi imkanları ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün çox gözəl zəmin yaradır.
Bununla bərabər, bölgədə və Azərbaycanda ən böyük təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əfsuslar olsun ki, uzun illərdir öz həllini tapa bilmir. Ermənistanın Azərbaycana hərbi təcavüzü və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ona gətirib çıxarıb ki, ölkəmizin, ərazimizin 20 faizi işğal altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağından didərgin düşübdür.
Bu həm böyük humanitar fəlakətdir, həm böyük ədalətsizlikdir və Ermənistan tərəfindən bütün beynəlxalq normaları pozmaq deməkdir. Bu münaqişəyə dair müxtəlif beynəlxalq təşkilatlar öz qərarlarını vermişdir. Birləşmiş Millətlər Təşkilatı dörd qətnamə qəbul etmişdir və bu qətnamələrdə Ermənistanın işğalçı qüvvələrinin zəbt olunmuş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulmuşdur. Buna baxmayaraq, Ermənistan tərəfi qətnamələrə məhəl qoymur. Avropa Şurası keçən ilin əvvəlində buna bənzər qətnamə qəbul etmişdir və o qətnamədə Ermənistan işğalçı dövlət kimi tanınmışdır. İslam Konfransı Təşkilatı, həmişə olduğu kimi, Azərbaycanın haqq işinə öz dəstəyini əsirgəmir və təşkilatın çoxsaylı qərarları, qətnamələri açıq-aşkar şəkildə Ermənistanın təcavüzkar siyasətinə son qoyulmasını tələb edir. Amma bütün bunlara baxmayaraq, münaqişə öz həllini tapmır. Azərbaycan həm etnik təmizləmə siyasətinə düçar olmuşdur, eyni zamanda, Azərbaycanda çoxsaylı terror aktları törədilmişdir. Bu terror aktları nəticəsində 2 mindən artıq soydaşımız həlak olmuşdur.
Bu gün sentyabrın 11-dir və hamımız yaxşı xatırlayırıq ki, beş il bundan əvvəl Amerika Birləşmiş Ştatlarında dəhşətli terror aktı baş vermişdir. Günahsız insanlar həlak olmuşlar, biz onların xatirəsini bu gün bir daha yad edirik. İslam dünyası o dəhşətli terror aktını pisləmişdir və bu gün bizim birgə səylərimiz o cümlədən dünyada terrorizmə qarşı aparılan mübarizəyə xidmət göstərir. Terrorizmlə mübarizə aparmaq üçün bütün ölkələrin səyləri birləşməlidir. Təkbaşına bu bəla ilə mübarizə aparmaq mümkün deyildir. Azərbaycan bu işə töhfəsini verməyə hazırdır və verir. İslam Konfransı Təşkilatı çərçivəsində çoxsaylı görüşlərdə həmişə bir məsələ də vurğulanıb ki, bəzi qüvvələr İslamı terrorla eyniləşdirmək istəyirlər. Buna qətiyyətlə yol vermək olmaz. İslamı terrorla eyniləşdirmək istəyən qüvvələr sadəcə olaraq, ya bilməyərəkdən, yaxud da ki, qəsdən bizim dinimizə təcavüz etmiş olurlar. İslam dözümlülük dinidir, sülh dinidir, tolerantlıq dinidir. Biz bütün başqa dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyirik və buna nail olacağıq.
Beləliklə, təşkilat çərçivəsində həm iqtisadi, həm siyasi, həm də mədəni xarakter daşıyan çoxsaylı məsələlər var, çağırışlar var. Mən əminəm ki, bizim görüşlərimiz nə qədər çox olsa, biz daha da böyük uğurlara nail olacağıq. İqtisadi sahədə İKT-yə üzv olan ölkələr arasında əməkdaşlıq daha da sürətlə aparılmalıdır. Bizim siyasi sahədə çox gözəl əməkdaşlığımız var, bizi birləşdirən mədəni əlaqələr buna çox gözəl xidmət göstərir. Eyni zamanda, iqtisadi sahədə daha da böyük əməkdaşlığa ehtiyac var. Bizim ölkələrimiz çox böyük potensiala malikdir və hesab edirəm ki, qarşılıqlı ticarətin təşviqi və dəstəklənməsi hər bir ölkənin iqtisadi siyasətində öz yerini tapmalıdır.
Bugünkü konfrans isə turizm sahəsində əməkdaşlığa həsr olunur və bu gün burada nümayiş etdirilən qısa film Azərbaycanın turizm imkanlarını təqdim etmişdir. Ölkəmizin çox gözəl təbii şəraiti var, doqquz iqlim qurşağı var, 800 kilometrdən çox dənizsahil zonası var. Yəni Azərbaycanda turizmin inkişafı üçün hər cür şərait var. Biz indi bu sahəyə çox böyük diqqət göstəririk. Turizm infrastrukturunun möhkəmlənməsinə çox böyük vəsait qoyulacaqdır. Bununla bərabər, ölkənin bütünlüklə infrastrukturu yeniləşir. Çünki, turizmi inkişaf etdirmək üçün mütləq infrastrukturun -yolların, aeroportların və digər obyektlərin yaradılması zəruridir.
Deyə bilərəm ki, indi Azərbaycanda - ölkənin qərbində, cənubunda və şimalında üç yeni beynəlxalq aeroport tikilir, baxmayaraq ki, ölkənin ərazisi o qədər də böyük deyildir. Üç yeni, beynəlxalq standartlara cavab verən aeroportun tikintisi o cümlədən turizmin inkişafına xidmət göstərəcəkdir. Avtomobil yolları Azərbaycanda sürətlə inşa edilir. O cümlədən kənd yolları, magistral yollar. Azərbaycanın ən ucqar kəndlərinə yeni yollar çəkilir ki, həm insanlar daha da rahat gedib-gələ bilsinlər, eyni zamanda, turistlər üçün əlverişli şərait yaradılsın. Həm Bakı şəhərində, həm də Azərbaycanın müxtəlif bölgələrində yeni müasir hotellərin tikintisi nəzərdə tutulur.
Bir sözlə, dövlət öz tərəfindən əlindən gələni etməyə çalışır ki, turizmin inkişafı üçün bütün infrastruktur layihələri tezliklə həyata keçirilsin. Eyni zamanda, əlbəttə ki, özəl bölmə də bu gözəl imkanlardan istifadə edib yeni, müasir turizm obyektləri yaratmalıdır.
Bu gün bu fürsətdən istifadə edib təşkilata üzv olan ölkələrin şirkətlərinə və dövlət orqanlarına da müraciət etmək istəyirəm ki, Azərbaycanın turizm imkanlarından siz də bəhrələnin. Çünki bu sahə Azərbaycanda çox sürətlə inkişaf edəcək, bütövlükdə ölkəmizə çox böyük həcmdə xarici sərmayə qoyuluşu nəzərdə tutulubdur. İstərdik ki, bizim dost, qardaş ölkələrin nümayəndələri turizm sahəsində də iştirak etsinlər. Turizm həm mədəniyyət deməkdir, həm də əlbəttə ki, iqtisadiyyatın böyük sektoru deməkdir, eyni zamanda, ölkələrimizi birləşdirən amildir. Çünki, insanların müxtəlif ölkələrə gəlişi, ölkələrin vəziyyəti, tarixi abidələrlə tanış olması, əlbəttə ki, ölkələri bir-birinə daha da yaxın edir. Əlbəttə, siyasi əlaqələr çox mühümdür və bunlar var. Mən iqtisadi əlaqələrdən söhbət açdım və hesab edirəm ki, iqtisadi əlaqələr təşkilata üzv olan ölkələri daha da sıx birləşdirəcəkdir. Bununla bərabər turizm imkanlarından istifadə edilməsi də insanları bir-birinə daha da yaxın edəcəkdir. Buna da böyük ehtiyac var.
Bir daha demək istəyirəm ki, bizim çox zəngin birgə tariximiz var, bizi birləşdirən İslam dini var, bizim mədəniyyətimiz var. İnsanlarımız bir-biri ilə nə qədər çox təmasda olsalar, bizim üçün bir o qədər də yaxşı olacaq, İslam dünyası bir o qədər möhkəmlənəcək, İslam Konfransı Təşkilatı daha da böyük nailiyyətlərə malik olacaq və bütövlükdə, dünya daha da dolğun şəkildə inkişaf edəcəkdir.
İslam dünyası çox böyük qüvvədir. Bu qüvvədən biz səmərəli istifadə etməliyik. Bölgədə və dünyada sülhün, təhlükəsizliyin, əmin-amanlığın bərqərar olunmasında İslam dünyasının çox böyük rolu var və bu rol getdikcə artmaqdadır. Biz hamımız, hər birimiz çalışmalıyıq ki, İslam ölkələrini birləşdirən əlaqələr daha da möhkəm olsun və mövqelərimiz daha da möhkəmlənsin. Bütün bu məsələləri nəzərə alaraq, bir daha demək istəyirəm ki, Azərbaycanda İslam Konfransı Təşkilatı ölkələrinin turizm nazirlərinin konfransının keçirilməsi bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Mən bir daha bütün qonaqları ürəkdən salamlayıram, Azərbaycana gəldiyiniz üçün sizə öz minnətdarlığımı bildirirəm və konfransın işinə uğurlar arzulayıram. Sağ olun.
(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).
AzərTAc
11 sentyabr 2006-cı il
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.