Bakıda Heydər Əliyev Fondunda bu qurumun və Vaşinqton Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda I Beynəlxalq konfransda çıxışı
Bakı şəhəri
12 iyun 2006-cı il
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
"Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda keçirilən beynəlxalq konfransın bütün iştirakçılarını ürəkdən salamlayıram. Sizi Heydər Əliyev Fondunda görməyə çox şadam.
Əminəm ki, konfransda iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən paytaxtımıza gələn qonaqların qədim Azərbaycan torpağı ilə tanışlığı unudulmaz olacaq, konfrans çox səmərəli keçəcək və gələcək əməkdaşlığımıza güclü təkan verəcəkdir.
Heydər Əliyev Fondu yarandığı ilk gündən qarşısına çox mühüm vəzifələr qoymuşdur. Sosial problemlərin həlli, cəmiyyətimizin ən zəif təbəqələrinə yardımla yanaşı, tarixi, mədəni, mənəvi irsimizin qorunub saxlanılması, ona dərin hörmətlə yanaşma fondun ən vacib məqsədlərindən biridir.
Fəaliyyət göstərdiyi iki il ərzində Fond təhsil, səhiyyə, elm və texnologiya, beynəlxalq əməkdaşlıq sahəsində mühüm layihələr həyata keçirmiş, bir çox uğurlar əldə etmişdir. Konfrans iştirakçılarına Fondun fəaliyyətini əks etdirən kitab təqdim olunacaqdır. Ona görə mən yalnız səhiyyə sektorunda görülən bəzi layihələr barəsində məlumat vermək istərdim. "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi çərçivəsində respublikamızda 14 yaşınadək olan və bu xəstəlikdən əziyyət çəkən uşaqların tibbi preparatla təmin edilməsi həyata keçirilmiş, eyni zamanda, cəmiyyətimizin diqqətini bu problemə cəlb etməyə, insanlara müxtəlif cür kömək göstərilməsinə çalışırıq. "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində ölkəmizdə müasir talassemiya diaqnostika və müalicə mərkəzinin yaradılması nəzərdə tutulub və artıq inşaat işləri başlanmışdır.
Səhiyyə sektorunda həyata keçirilən layihələrdə dünya təcrübəsini öyrənib istifadə etmək üçün Fond beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edir.
Biz müxtəlif ölkələri, xalqları, dinləri, təmsil edən insanların dialoqunu beynəlxalq əməkdaşlığın qurulmasında ən optimal yol hesab edirik və bu sahədə keçirilən tədbirlərin sayı getdikcə artır.
Bu ilin aprelində Latın Akademiyası ilə birgə "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzusunda keçirilən beynəlxalq konfransı qeyd etmək olar. Hər bir belə tədbir mühüm elmi nəticələr verməklə yanaşı, ölkəmizi dünyada olduğu kimi tanıdır, bu gün Azərbaycanda olan yeniləşməni, inkişafı, reallıqları göstərir.
Əziz dostlar!
Heydər Əliyev Fondunun milli-mədəni irsimizin qorunub saxlanılması, qədim mədəniyyət və tariximizin dünyada təbliği istiqamətində gördüyü işlərə YUNESKO tərəfindən böyük maraq göstərilir və dəstək verilir. Son illər biz dünyada böyük nüfuza malik olan təşkilatlarla çox səmərəli əməkdaşlıq edirik və bugünkü konfransı da Heydər Əliyev Fondu və YUNESKO arasındakı əməkdaşlığın növbəti mərhələsi kimi qiymətləndiririk. Azərbaycanda saxlanılan tibbə dair 3 nadir əlyazma 2005-ci ilin iyulunda YUNESKO-nun Dünya Yaddaşı Proqramının Beynəlxalq registrinə daxil edilmişdir.
Mən fərəh hissi ilə qeyd etmək istərdim ki, Dünya Yaddaşı Proqramına yalnız ayrı-ayrı dövlətlər və xalqlar üçün deyil, ümumilikdə bəşəriyyət üçün əhəmiyyət daşıyan yazılı abidələr daxil edilir və cəmi 120 nadir əlyazmanın daxil edildiyi bu proqramda artıq Azərbaycana məxsus 3 əlyazma da var.
Yeri gəlmişkən, Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda hazırda XIII-XIV əsrlərə aid olan 12 minə yaxın əlyazma saxlanılır. Xalqımızın milli sərvəti hesab etdiyimiz bu əlyazmalar tariximizin və mədəniyyətimizin ayrılmaz bir hissəsidir.
Tibb elminə aid olan 3 nadir əlyazmamıza YUNESKO tərəfindən bu cür yüksək qiymət verilməsi, onların qədim yazılı abidə olması ilə yanaşı, həm də orta əsrlərdə Azərbaycanda tibb elminin yüksək inkişaf səviyyəsinə çatmasının göstəricisidir.
Biz bu gün texnika və yüksək texnologiyalar əsrində yaşayırıq. Ümumiyyətlə, elm və xüsusilə tibb elmi XX əsrdə inanılmaz kəşflər və qələbələr əldə edibdir. Tibb elmində bir sıra yeni istiqamətlər aşkar olunub və bu da insan ömrünün uzadılmasına xidmət edir.
Eyni zamanda, tarixin qaranlıq qalmış səhifələri çoxdur. Elm sübut edir ki, bütün kəşflər və yeniliklərin kökündə əsrlər boyu yoxlanılmış və təsdiqlənmiş həqiqətlərin toplusu durur. Bu toplunun əsasını isə əsrdən-əsrə, nəsildən-nəslə keçərək bizim dövrümüzədək gəlib çatmış qədim əlyazmalar təşkil edir. Bu əlyazmaların hər biri ayrı-ayrı dövrlərin, bizim ümumi tariximizin və mədəniyyətimizin məhsuludur. Ona görə də onların qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün biz məsuliyyət daşıyırıq.
Məhz bu nöqteyi-nəzərdən Heydər Əliyev Fondu və Vaşinqton Elmlər Akademiyası Bakı şəhərində "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda I Beynəlxalq konfransın təşkil edilməsini qərara almışdır.
Çıxışımın sonunda mən bir daha bütün qonaqlarımızı zəngin tarixə malik olan Azərbaycan torpağında salamlayıram və konfransın işinə uğurlar arzulayıram.
İndi isə sizi Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Yaşayan tarix" filminə tamaşa etməyə dəvət edirəm.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.