Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu zirvə toplantısında nitqi

Bakı, “Gülüstan” sarayı

5 may 2006-cı il 

Əziz dostlar, məni İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu zirvə toplantısının sədri seçdiyinizə görə dərin təşəkkürümü bildirirəm. 
Möhtərəm prezidentlər, hörmətli nümayəndə heyətlərinin başçıları, hörmətli baş nazirlər! 
Xanımlar və cənablar! 

Hər şeydən öncə, fürsətdən istifadə edərək, sizin hamınızı Azərbaycan Respublikasında salamlayır, bugünkü toplantınıza uğurlar və konkret nəticələr əldə etmək arzulayıram. Mən həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının 8-ci zirvə toplantısında sədrlik etmiş Tacikistan Respublikasının Prezidenti zati-aliləri Emoməli Rəhmonova minnətdarlığımı bildirirəm. Bundan əlavə, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsində öz missiyasını başa çatdırmaq üzrə olan cənab Asxat Orazbaya təşkilatın inkişafına yönəlmiş səylərinə görə minnətdarlığımı bildirirəm. Təşkilatın yeni baş katibi Xurşid Ənvərə bu yüksək vəzifəyə seçilməsi münasibətilə öz səmimi təbriklərimi çatdırır və ona gələcək fəaliyyətində uğurlar arzulayıram. 

Bugünkü zirvə toplantısında təşkilatın fəaliyyəti təhlil ediləcək, əldə olunmuş nailiyyətlər haqqında fikir mübadiləsi aparacağıq. Əminəm ki, eyni zamanda, təşkilatın gələcək perspektivləri haqqında çox səmərəli dialoq aparılacaqdır. 

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra biz müxtəlif beynəlxalq təşkilatlara və təşəbbüslərə qoşulmuşuq. O cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olduq və bu təşkilatda fəaliyyətimizə böyük önəm veririk. Təşkilatın üzv dövlətlərini çox dərin tarixi, mədəni tellər bağlayır. Müştərək tariximiz, adət-ənənələrimiz bizi daha da sıx birləşdirir və təşkilatın uğurlu fəaliyyəti üçün çox gözəl zəmin yaradır. Eyni zamanda, regional əməkdaşlıq baxımından İqtisadi Əməkdaşlıq Təşkilatının rolu artmaqdadır. Bildiyiniz kimi, üzv ölkələrin iqtisadi potensialı çox sürətlə artır, bütövlükdə bizim bölgədə, bəlkə də, dünyada müşahidə olunan ən yüksək iqtisadi artım sürəti mövcuddur. Üzv ölkələrin iqtisadi imkanları artmaqdadır və əlbəttə ki, həm ikitərəfli, həm də çoxtərəfli uğurlu əməkdaşlıq üçün yeni imkanlar yaranır. 

Azərbaycan regional əməkdaşlıq məsələlərinə çox böyük önəm verir. Biz bir neçə beynəlxalq, regional layihələrin iştirakçısı, təşkilatçısıyıq və çox istəyirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də konkret layihələr daha çox olsun. Biz konkret məsələlər ətrafında diskussiya aparaq və praktik addımların atılması üçün lazım olan bütün tədbirləri görməliyik. 

Azərbaycanın iqtisadi inkişafı çox sürətlə davam edir. Keçən il Azərbaycanda iqtisadi artım 26 faiz olubdur. Bu, bizim tariximizdə ən yüksək göstəricidir və imkan verir ki, bütün planlarımızı, ilk növbədə, iqtisadi-sosial məsələlərlə bağlı olan planlarımızı həyata keçirək. Bu ilin birinci rübündə isə Azərbaycanda ümumi daxili məhsulun həcmi təxminən 40 faiz artıbdır və yəqin ki, bütövlükdə il ərzində bu səviyyədə qalacaqdır. Son iki il yarım ərzində Azərbaycanda 380 min yeni iş yerinin açılması həm işsizliyin aradan qaldırılmasına xidmət edir, eyni zamanda, yoxsulluq şəraitində yaşayanların sayını kəskin şəkildə azaldır. 

İqtisadi göstəricilər artdıqca, təbii ki, ölkənin imkanları da artır. İkitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi üçün daha da əlverişli şərait yaranır. Əminəm ki, bizim ölkələrimizi birləşdirən iqtisadi layihələr gələcəkdə səmərə verəcəkdir. Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünya bazarlarına çatdırılması üçün Azərbaycanda və qonşu ölkələrdə çox işlər görülür. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsindən sonra bölgədə iqtisadi vəziyyət və eyni zamanda, təhlükəsizlik tədbirləri daha da güclənməlidir. Biz hesab edirik ki, regional əməkdaşlıq layihələri hər məqsədə xidmət etməlidir. Həm iqtisadi əlaqələrin möhkəmlənməsinə, iqtisadi potensialın artmasına, eyni zamanda, bölgədə sülhün, əmin-amanlığın bərqərar olunmasına müsbət təsir göstərəcəkdir. Bununla yanaşı, Azərbaycan üçün, qonşu ölkələr üçün böyük önəm daşıyan, Azərbaycan qazını Türkiyəyə daşıyacaq və ondan sonra Avropa ölkələrinə də çıxış imkanına malik olan Bakı-Tbilisi-Ərzurum kəmərinin tikintisi bir neçə aydan sonra başa çatmalıdır. Bu, çox böyük regional iqtisadi layihədir və bir daha onu göstərir ki, iradə, xoş niyyət olan yerdə, səmərəli işgüzar əməkdaşlıq, dostluq, qardaşlıq münasibətləri olan yerdə ən böyük, ən nəhəng iqtisadi və enerji layihəsini həyata keçirmək mümkündür. Biz qonşu ölkələrlə bu böyük layihələri həyata keçirməklə həm öz imkanlarımızı artırırıq, eyni zamanda, əminəm ki, bunun bütün regionun inkişafına çox gözəl təsiri olacaqdır. 

Azərbaycanı Türkiyə ilə birləşdirən neft, qaz kəmərləri, eyni zamanda, qonşu İran İslam Respublikası ilə enerji sahəsindəki uğurlu əməkdaşlığımız, qaz və elektrik enerjisi layihələrinin həyata keçirilməsi, mübadilə yolu ilə qarşılıqlı əməkdaşlığın təmin olunmasında çox böyük önəm daşıyır. Deyə bilərəm ki, bütün üzv dövlətlərlə bizim çox gözəl ikitərəfli münasibətlərimiz var və bunları olduqca yüksək qiymətləndiririk. 

Nəqliyyat infrastrukturunun möhkəmlənməsi bizim bölgə üçün, ölkələrimiz üçün çox böyük önəm daşıyır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin açılmasında öz rolunu oynayır və bunu davam edəcəkdir. Bu layihələr bizi daha da sıx birləşdirəcəkdir. Çünki nəqliyyat infrastrukturunun mövcudluğu bizim iqtisadi imkanlarımızı artırır, iqtisadi əməkdaşlıq üçün yeni gözəl şərait yaradır. Bildiyiniz kimi, Azərbaycan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyət göstərməsində çox maraqlıdır, TRASEKA proqramının iştirakçısıdır. Bununla yanaşı, Avropanı Asiya ilə birləşdirən dəmir yolu layihəsi də çox böyük maraq doğurur. Bakı-Tbilisi-Qars dəmir yolu təkcə bizim ölkələrimiz üçün deyil, bütün bölgə üçün böyük əhəmiyyət daşıyır. Əgər biz bunu həyata keçirə bilsək, - mən buna şübhə etmirəm, - o zaman Asiyanı Avropa ilə qısa yolla birləşdirəcək nəqliyyat infrastrukturu meydana çıxacaqdır. Şübhəsiz ki, tranzit ölkə kimi Azərbaycanın dost ölkələr üçün bütün nəqliyyat infrastrukturunu təmin etməsi məsələləri də öz həllini tapmalıdır. 

Bir sözlə, hərtərəfli iqtisadi əməkdaşlıq üçün hər cür şərait var. Bunu daha da dərinləşdirmək üçün, şübhəsiz ki, bölgədə sülh, təhlükəsizlik tədbirləri daha da gücləndirilməlidir. Azərbaycan öz tərəfindən bu məsələlərdə fəal iştirak edir və gələcəkdə də fəaliyyətini davam etdirəcəkdir. Ancaq narahatlıq doğuran məsələlər də az deyildir. İlk növbədə, beynəlxalq terrorizmlə mübarizə məsələləri bütün ölkələri birləşdirməlidir. Bütün dünya öz səylərini birləşdirməlidir. Çünki bu sahədə təkbaşına ciddi nailiyyətlər qazanmaq çox çətin olacaqdır. Bütün terrorist təşkilatlara eyni gözlə baxılmalıdır, heç bir ayrı-seçkilik edilməməlidir. Çünki ancaq bütün səylərin birləşdirilməsi nəticəsində biz bu bəla ilə mübarizə apara bilərik. 

Azərbaycan da terrorizmdən əziyyət çəkmiş ölkədir. Erməni terrorist təşkilatları tərəfindən Azərbaycana və azərbaycanlılara qarşı 30-dan çox terror aktı törədilmişdir. Onların nəticəsində 2000-dən çox günahsız insan həlak olmuşdur. Bu gün də regional əməkdaşlığın inkişafına ən böyük maneə, ən böyük əngəl Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti, bu siyasət nəticəsində bir milyondan artıq azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsidir. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik və hesab edirik, hələ ki, buna imkanlar var. Ona görə biz hər bir imkanı sınamalıyıq. Ancaq eyni zamanda, Azərbaycan xalqının səbri tükənməz deyildir. Biz hesab edirik ki, bu məsələ, Ermənistan-Azərbaycan münaqişəsi ancaq beynəlxalq hüququn prinsipləri əsasında öz həllini tapa bilər. Ermənistanın işğalçı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır və azərbaycanlılar öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar və beləliklə, ədalət bərpa olunmalıdır. Bunun xaricində hər hansı bir razılaşma mümkün deyil, çünki beynəlxalq hüquq bunu tələb edir. Azərbaycanın ərazi bütövlüyü, Ermənistan istisna olmaqla, bütün dövlətlər tərəfindən tanınmışdır. Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınıb və əlbəttə ki, danışıqlar mövzusu deyil və ola bilməz. Bu fürsətdən istifadə edərək, bütün üzv dövlətlərə Azərbaycanın mövqeyini dəstəklədiklərinə görə dərin minnətdarlığımı bildirirəm. 

Risklərin azaldılması, uğurlu iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi - bütün bu məsələlər dünyanın inkişafını təmin edəcəkdir. Biz çox mühüm və çox həssas bölgədə yerləşirik. Bölgədə münaqişələr, təhlükələr, risklər var. Bu şəraitdə, əlbəttə ki, bizim əməkdaşlığımızdan çox şey asılıdır. Mən şübhə etmirəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatı öz üzərinə düşən bu vəzifəni şərəflə yerinə yetirəcək, əməkdaşlığımız daha da möhkəmlənəcək, həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu işbirliyimiz bütün bölgəyə çox müsbət təsir göstərəcəkdir. 

Əziz dostlar və qonaqlar, sizi Azərbaycanda bir daha salamlayıram və işimizə uğurlar arzulayıram. Sağ olun. 

X X X

Sonra nümayəndə heyətlərinin başçıları çıxış etdilər. 

Əfqanıstan Prezidenti HƏMİD KƏRZAİ təşkilatın növbəti toplantısının Bakıda keçirilməsinin təsadüfi olmadığını vurğulayaraq dedi: 

- Mən Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevə və qardaş Azərbaycan xalqına öz minnətdarlığımı bildirirəm. Onlar bu tədbirin yüksək səviyyədə keçirilməsinə səylərini əsirgəməmişlər. Mən həmçinin bu zirvə toplantısının hazırlanmasına, əməkdaşlığın genişləndirilməsinə göstərdikləri səylərə görə İƏT-in Katibliyinə təşəkkür edirəm. Biz bilirik ki, dünyamız əməkdaşlıq müstəvisinə keçməkdədir, qloballaşma təzahürləri iqtisadi, siyasi, mədəni əlaqələrin gücləndirilməsində özünü bildirir. Mənim fikrimcə, əgər biz qloballaşan dünyadan danışırıqsa, bu zaman vahid coğrafi, mədəni, iqtisadi amilləri birləşdirən regionlar nəzərdə tutulur. İƏT ölkələrini çox qədim tarixi, mədəni əlaqələr birləşdirir. Biz bu əlaqələri və münasibətlərimizi tarixən inkişaf etdirmişik, qədim mədəniyyətin davamçılarıyıq. Bu gün geosiyasi şərait çətinləşir. Ancaq gözlənilməz imkanlar yaranmışdır və bunun sayəsində əlaqələrimizi daha da genişləndirib gücləndirə bilərik. 

İƏT ölkələrinin yerləşdiyi region, doğrudan da, dünyanın strateji enerji resursları baxımından ən öndə gedən məkandır. Bu da insanlarımız, böyüyən gənc nəslimiz üçün bir imkandır. Biz kəşf edilməmiş və istismar olunmamış təbii ehtiyatlardan istifadə etməyə başlamalıyıq. Bizim münasibətlərimiz, əməkdaşlığımız iqtisadi və mədəni sahələrdə də özünü büruzə verməkdədir. 

Əfqanıstan rəhbəri müharibələrdən ciddi ziyan çəkmiş ölkəsinin dirçəldilməsi üçün İƏT ölkələri ilə daha sıx əlaqələrin yaradılmasına ümid bəslədiyini bildirdi. 

İran İslam Respublikasının Prezidenti MAHMUD ƏHMƏDİNEJAD Bakıya gəlişindən sonsuz məmnunluğunu ifadə edərək dedi: 

- Mən Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına səmimi minnətdarlığımı bildirmək istəyirəm. Ona görə ki, onlar İƏT-in 9-cu zirvə toplantısını yüksək səviyyədə təşkil etmiş, bizə öz qonaqpərvərliklərini əsirgəməmişlər. Mən çox məmnunam ki, doğrudan da gözəl, ecazkar, tarixi şəhər sayılan Bakıya gəlmişəm. Şübhəsiz ki, bu sammitin keçirildiyi mühit iştirakçılar arasında tam şəkildə anlayış, səmimilik əsasında qurulmuşdur. Ona görə də bizim əsas qərarlarımızın qəbul edilməsinə çox gözəl şərait yaradacaqdır. Nəticədə isə regional əməkdaşlığa təkan veriləcək, təşkilat çərçivəsində həyata keçirilən proqram və tədbirlərin reallaşdırılmasına imkan yaranacaqdır. Bilavasitə bunu düşünərək, İran xalqının bir nümayəndəsi kimi mən bütün iştirakçıların əllərini sıxaraq, əmin etmək istərdim ki, bu sammitdən çox gözəl, səmərəli nəticələr gözləyirik. 

Cənab Prezident, mötəbər iştirakçılar, bildiyiniz kimi, İƏT üzvlərini vacib dəyərlər birləşdirir. Biz bu dəyərlərin əsasında əməkdaşlığımızı bütün sahələrdə daha da inkişaf etdirməliyik. İlk əvvəl, bizim ümumi tariximiz, mədəniyyətimiz var. Bu da əlaqələrimizin davamlı şəkildə inkişafında mühüm rol oynayır. Bu kimi istəklər, maraqlar xalqlarımızın iradəsini təmin edir. Bizdən tələb olunur ki, siyasi və iqtisadi qərarlar qəbul edək. Bunlar elə şəkildə qəbul edilsin ki, ümumi tarixi, mədəni əlaqələrimizə cavab versin. 

İƏT-ə gəldikdə isə, biz iqtisadi təşəbbüsləri irəli sürürük ki, doğrudan da üzv ölkələr arasında tərəqqiyə dəstək verə bilək. Əgər sülhdən, təhlükəsizlikdən danışırıqsa, bunlar doğrudan da çox vacib zəminlərdir. 

İƏT çərçivəsində regional əməkdaşlığa gəldikdə, demək istəyirəm ki, qarşımızda olan imkanları daha da genişləndirməyə çalışmalıyıq. Gərək imkanlarımızdan elə istifadə edək ki, təşkilatımız daha da böyüsün. Bilirsiniz ki, İƏT ölkələri 8 milyon kvadratkilometrlik bir ərazini əhatə edir və burada 380 milyon insan yaşayır. Burada çox böyük potensial var və bundan istifadə etmək lazımdır ki, üzv ölkələrin gələcəyi rifahla nəticələnsin. 

Qazaxıstanın Baş naziri DANİAL AXMETOV İƏT-in dünyaya inteqrasiyası istiqamətində görülən işləri təqdir etməklə yanaşı, sabitliyi pozmağa çalışan, xüsusilə narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan qüvvələrə qarşı üzv ölkələrin səylərini daha da gücləndirmək zərurətindən danışaraq dedi: 

- Əziz iştirakçılar, gözəl bilirsiniz ki, dünyada qloballaşma prosesi gedir. Bunu, müasir şəraiti nəzərə almalıyıq. Qarşımızda duran məqsədlərdən biri ondan ibarətdir ki, İƏT ölkələrinin dünya miqyasında inteqrasiyasını təmin edək. Dünyada mövcud olan vəziyyəti nəzərə alaraq, Qazaxıstan və onun Prezidenti Nursultan Nazarbayev çalışır ki, İƏT çərçivəsində yeni inkişafa qədəm qoyaq. İnanırıq ki, Bakıda keçirilən bu zirvə toplantısı regional əməkdaşlığımızın daha da inkişafına və dərinləşdirilməsinə zəmin yaradacaqdır. Bu gün heç kim belə bir faktı şübhəyə almayacaq ki, müasir dünya bir-birindən asılılığı təmin edən bir dünyadır. Görürük ki, qüdrətli ölkələrin iqtisadiyyatı sosialyönümlüdür və onlar çalışırlar ki, xalqlarının maraqlarını təmin etsinlər. Demək istərdim ki, İƏT ölkələrinin bəziləri Dünya Ticarət Təşkilatının üzvüdür və ya üzv olmağa hazırlaşır. Ölkələrimizin hamısı bu təşkilata üzv olduqda bu, bilavasitə regionun potensialına cavab verəcək, regionda əməkdaşlığı pozmayacaqdır. Ona görə çalışacağıq ki, bu təşkilat çərçivəsində tərəfdaşlarımızla əlaqələri daha da inkişaf etdirək. Təşkilatımızın qarşısında duran önəmli layihələr var və bunların həyata keçirilməsi çox vacibdir. 

Pakistanın Baş naziri ŞÖVKƏT ƏZİZ təşkilatın fəaliyyətinin genişləndirilməsi baxımından Bakı sammitinin xüsusi əhəmiyyətini vurğulayaraq dedi: 

- Biz XXI əsrdə inkişafla bağlı bəzi imkanlardan bəhrələnməliyik. Artıq sərhədlər texnologiyanı və biliyi dayandıran amil deyildir. Çünki xalqlar və dövlətlər inkişaf edirlər. Biz regionda əməkdaşlığımızı inkişaf etdirə bilərik. Bu, insanlar üçün vacib olan amildir. Tranzit nəqliyyatla, ticarətlə, bankla bağlı sənədlər çox vacibdir. Bilirsiniz ki, üzərimizə götürdüyümüz öhdəliklərin siyahısı böyüməkdədir. Gələcəyə olan əminliyimiz də artmaqdadır. İqtisadi əməkdaşlığa gəldikdə, biz heç zaman sosial-iqtisadi miqyasımızı daraltmamalı, əksinə, genişləndirməliyik. Bizim regionda çətin məsələlər, problemlər var. İƏT müsbət təşəbbüslər irəli sürməyə çalışmışdır. Müəyyən qurumlar yaradaraq, üzləşəcəyimiz bəzi təhlükələrin qarşısını səmərəli şəkildə alaq. İnanırıq ki, qarşımızda duran məsələlər ümumiləşdiriləcək, səylərimizi birləşdirəcəyik. 

Tacikistanın Baş naziri AKİL AKİLOV təşkilatın xoşməramlı qonşuluq əlaqələrinin möhkəmləndirilməsindəki rolundan danışarkən iqtisadi münasibətlərdə idxal-ixracla kifayətlənməyərək, həyatın bütün sahələrində əməkdaşlığı genişləndirmək zərurətindən bəhs etdi. Bu baxımdan Bakı sammitində qəbul olunacaq qərarlara xüsusi önəm verdiyini bildirərək dedi: 

- Biz milli məqsəd və maraqlarımızı qorumalıyıq. İstərdim ki, bu təşkilatda inkişaf, xüsusilə çoxşaxəli əməkdaşlıq baxımından qarşımızda duran maneələri dəf edək. Əməkdaşlığımızı daha yüksək müstəviyə keçirməliyik. İƏT ölkələrinə belə bir imkan yaranıb ki, əlimizdə olan üsul və yollardan istifadə edərək, beynəlxalq əməkdaşlığı inkişaf etdirərək, yerimizi dünya məkanında daha da gücləndirək. Qeyd etdiyim məsələlər Bakı bəyannaməsində əksini tapmışdır. Bu sənəd İƏT ölkələri arasında əməkdaşlığın inkişafı, qarşıya qoyduğumuz məqsədlərə çatmaq baxımından vacibdir. Bu baxımdan sizin hamınıza uğurlar arzulayıram. 

Türkiyənin Baş naziri RƏCƏB TAYYİB ƏRDOĞAN enerji ehtiyatları ilə zəngin olan regionda ölkələrarası dialoqun intensivləşdirilməsinin həm iqtisadi tərəqqiyə, həm də kollektiv təhlükəsizliyə təkan verdiyini söylədi, təşkilatın fəaliyyətində özəl sektorun inkişafına diqqət yetirilməsinin üstünlüklərindən danışdı. O dedi: 

- Hörmətli sədr, dəyərli dövlət və hökumət başçıları, iştirakçılar, İƏT-in 9-cu zirvə toplantısı ilə əlaqədar Bakıda olmağımdan və burada iştirak etməyimdən məmnunluq duyuram. Prezident cənab İlham Əliyevi sammitin sədri seçilməsi münasibətilə təbrik edirəm, xeyirli olsun. 

İƏT-in böyük potensialı vardır. Bölgəmizin zəngin enerji ehtiyatları nəzərə alınarsa, İƏT-in vacibliyi daha yaxşı başa düşüləcəkdir. Avrasiya xarici siyasətimizdə önəmli bir yer tutur. Asiya ölkələri ilə əlaqələrimizi, işbirliyimizi inkişaf etdirmək, Avropanı və Asiyanı enerji dəhlizləri vasitəsilə bir-biri ilə bağlamaq, regional işbirliyi üçün yeni imkanlar qazanmaq əsas məqsədlərdir. İqtisadi işbirliyi və inkişaf ölkələr arasında dialoqu artırmaqdadır. Bu, İƏT-in də hədəfidir. Bu məqsədlə İƏT bölgədə iqtisadi işbirliyinin və inkişafın asanlaşdırılmasında önəmli rol oynayacaqdır. Beləliklə, İƏT-in səmərəliliyi daha aydın bilinəcəkdir. Bu, regional işbirliyinə yeni bir güc verəcəkdir. İƏT-in Ticarət və İnkişaf Bankının yaradılmasının və fəaliyyətə başlamasının önəm daşıdığını düşünürəm. Bank regional layihələrə, işgüzar əlaqələrin inkişafına kömək edəcəkdir. Bu zirvə görüşünün regional sülhə, təhlükəsizliyə dəyərli fayda verəcəyinə inanıram. Bu vəsilə ilə dəyərli qardaşım, ev sahibi və Azərbaycanın Prezidenti İlham Əliyevə qarşınızda öz adımdan və nümayəndə heyəti adından bir daha çox təşəkkür edir, sizləri hörmət və ehtiramla salamlayıram. 

Özbəkistan Parlamentinin Qanunvericilik palatasının sədri ERKİN XƏLİLOV Bakı görüşünün təşkilata daxil olan ölkələrin sonrakı işbirliyinə təkan verəcəyinə əminliyini söylədi: 

- Hazırkı zirvə görüşü ölkələrimiz arasında gələcək əməkdaşlığa gətirib çıxaracaqdır. Bu imkandan istifadə edərək, Azərbaycan hökumətinə, xüsusilə zati-aliləri İlham Əliyevə səmimi minnətdarlığımı bildirirəm. Ona görə ki, bu zirvə toplantısını yüksək səviyyədə təşkil etdilər. Bu görüşdə regionda olan ölkələrin inteqrasiyası da daxil olmaqla, bütün prioritet məsələlər müzakirə edilmişdir. Üzv ölkələrin potensialından istifadə edərək, nəqliyyat və digər vasitələrdən yararlanaraq güclü əməkdaşlığa nail ola bilərik. Özbəkistan iqtisadi rifaha nail olmağa çalışır, biz İƏT-in məram və məqsədlərinə sadiqik, bu təşkilat çərçivəsində ölkələrdə rifahın təmin olunmasına, əmin-amanlığın yaradılmasına səy göstəririk. 

Hörmətli iştirakçılar, qarşımızda duran əsas prioritet məsələlər enerji, nəqliyyat dəhlizləridir ki, bunları inkişaf etdirməliyik. Nəqliyyatın intensiv inkişafı, malların dünya bazarlarına çıxarılması üçün yeni şəbəkələrin yaradılması regionun inkişafına təkan verəcəkdir. Ona görə Özbəkistan nəqliyyat-tranzit imkanlarından istifadə olunmasına böyük önəm verir. Fikrimizcə, okeana çıxışı olmayan ölkələrin də maraqları nəzərə alınmalıdır. 

Biz regional və beynəlxalq təşkilatlarla əməkdaşlığı dəstəkləyirik. Bu, bizim regional əməkdaşlığımıza da zəmin yaradacaq bir amildir. İslahatlar davam etdirildikcə, iqtisadi fəallıq baxımından regionun əhəmiyyəti və rolu daha da artacaqdır. 

Qırğızıstan Respublikası Baş nazirinin müavini ALMANBET MATUBRAİMOV təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsində 9-cu zirvə toplantısının əhəmiyyətini vurğuladı, ölkəsinin tərəqqisində İqtisadi Əməkdaşlıq Təşkilatının dəstəyinə olan ehtiyacdan danışaraq dedi: 

- Qırğızıstan nümayəndə heyətinin adından qardaş Azərbaycan torpağında bizə göstərilən qonaqpərvərliyə və zirvə toplantısının yüksək səviyyədə təşkil edilməsinə görə zati-aliləri İlham Əliyevə təşəkkür edirəm. Bizim bugünkü toplantı ümumi əməkdaşlığımızın nəticələrini tam şəkildə müzakirə etmək, qiymətləndirmək və gələcəkdə ölkələrimizin potensialını hansı şəkildə reallaşdırmaq baxımından müzakirələrin aparılmasına zəmin yaradır. 

Cənab sədr, biz bilirik ki, İƏT ölkələri Qırğızıstanda baş verən hadisələri diqqətlə izləyir. Demək istərdim ki, Qırğızıstan demokratik inkişaf yoluna tam sadiqdir və biz bilavasitə dərin və müfəssəl bazar iqtisadiyyatı islahatlarının aparılmasına tərəfdarıq. 

Hörmətli sədr, hörmətli nümayəndə heyətlərinin başçıları, bu günə qədər İƏT öz qarşısında duran əsas vəzifələri, perspektivləri müəyyən etmişdir. Qarşılıqlı sıx əlaqənin, ticari əməkdaşlığın inkişafı da zəruridir. Əgər bunlara nail ola bilməsək, onda İƏT-in prinsiplərini pozmuş olarıq. Qarşıdakı məqsədlər qəbul etdiyimiz sənəddə öz əksini tapmışdır və bu amallara nail olmalıyıq. 

Ölkəmiz İƏT-də iştiraka xüsusi önəm verir. Biz ölkələrdəki real vəziyyəti də nəzərə almalıyıq. Qırğızıstan elə bir vəziyyətdədir ki, beynəlxalq ictimaiyyətin və İƏT-in yardımına ehtiyacı vardır. Zənnimcə, İƏT Qırğızıstanda iqtisadi layihələrin həyata keçirilməsinə kömək etməlidir. 

Zirvə toplantısının gündəliyinə daxil olan digər məsələlərin müzakirəsindən sonra Azərbaycanın xarici işlər naziri ELMAR MƏMMƏDYAROV təşkilatın Nazirlər Şurasının bir gün əvvəl keçirilmiş 16-cı iclasının yekunları barədə hesabat verdi. 

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi ASXAT ORAZBAY Bakı görüşünün nəzərdə tutulan proqramların reallaşmasına yeni təkan verəcəyinə əminliyini bildirərək dedi: 

- Hökumət və dövlət başçılarının görüşü bizim proqramlarımızın həyata keçirilməsi istiqamətində göstərilən birgə səylərə xidmət edəcəkdir. Mən öz hesabatımı sizə oxuyaraq, Azərbaycan Respublikasının Prezidentinə öz minnətdarlığımı bildirirəm. O, bu tədbirin baş tutması üçün çox çalışmış və köməyini göstərmişdir. Hazırkı toplantının keçirilməsi keçmiş illər ərzində görülmüş işlərin nəticəsidir. Mən eyni zamanda, Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm. Onlar bu tədbirin çox gözəl və yüksək səviyyədə keçirilməsinə nail olmuşlar. İƏT-in 9-cu zirvə görüşü məhz burada keçirilmişdir. 

Cənab Prezident, biz bu gün bütün bəyanatları, çıxışları dinlədikdən sonra burada səslənmiş fikirlərin gələcək illər ərzində həyata keçirilməsi üçün lazımi səylər göstərəcəyik. Düşənbədə keçirilmiş görüşdən sonra biz bir çox sahələrdə lazımi tərəqqiyə nail ola bilmişik. Lakin bütün sahələrdə aparılmış fəaliyyət ürəyimiz istəyən kimi olmamışdır. Bununla belə, biz kənd təsərrüfatı, ticarət, sərmayə, sənaye, nəqliyyat və infrastruktur sahələrində bir çox işləri görə bilmişik. 

Keçirilmiş görüşlərin nəticəsi olaraq, biz müvafiq sahələrdə əməkdaşlığın genişlənməsinə nail olmuşuq. İşlərin lazımi səviyyədə qurulmasına və inkişaf etdirilməsinə zəmin yaranmışdır. Gələcəkdə toplantının keçirilməsi daha vacib işlərin görülməsinə əlavə imkanlar açacaqdır. Biz artıq təşkilat çərçivəsində qəbul olunmuş proqramların həyata keçirilməsinin növbəti mərhələsinə qədəm qoyuruq. İƏT çərçivəsində bu gün ən ümdə məqsədlərimiz məhz ölkələr arasında və daxilində iqtisadi inkişafın davam etdirilməsinə yönəlməlidir və biz bu məqsədlərə nail olmaq üçün əlimizdən gələni edəcəyik. 

Mən öz fikrimi yekunlaşdıraraq, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına Xarici İşlər Nazirləri Şurasının XVI iclasının və bu cür gözəl zirvə toplantısının Bakıda keçirilməsinə görə minnətdarlığımı bildirir, işimizə çox qiymətli töhfəsinə görə təşəkkür edirəm. 

X X X


Zirvə toplantısında sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyat, elm, texnologiya, kənd təsərrüfatı, ətraf mühit, tarix, mədəniyyət, ədəbiyyat və təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə Əfqanıstan, Azərbaycan, İran, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın nümayəndələrinə İƏT-in xüsusi mükafatlarını təqdim etdi. Prezident İLHAM ƏLİYEV dedi: 

- Hörmətli qonaqlar, verdiyiniz töhfəyə görə və bu mükafat münasibətilə mən sizin hamınızı bir daha təbrik edirəm. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. 

Hazırda biz zirvə toplantısı çərçivəsindəki görüşümüzün sonuna çatırıq. Mən Azərbaycana gəlmiş nümayəndə heyətlərinin rəhbərlərinə zirvə toplantısında iştirak etdiklərinə görə bir daha minnətdarlığımı bildirirəm. Bu, bizə qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparmağa imkanlar yaratdı. Mən əminəm ki, rəhbərlər həm də ikitərəfli görüşlər keçirmişlər. Mən özüm də nümayəndə heyətlərinin rəhbərləri ilə görüşmüşəm. Hesab edirəm ki, bu, gələcək imkanlarımızı və real əməkdaşlıq məsələlərini müzakirə etmək üçün çox yaxşı bir fürsətdir. 

Bizim çox maraqlı müzakirələrimiz, çox yaxşı təqdimatlarımız oldu, iqtisadi fəaliyyətlə və ölkələrimiz arasında iqtisadi əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi etdik. Hesab edirəm ki, bu, çox gözəldir və biz bunu yekdil qaydada qeyd etdik. Biz bu müzakirələr zamanı qeyd etdik ki, İƏT-ə üzv olan ölkələrdə təqribən 400 milyon insan yaşayır. Bu, böyük bir təşkilatdır və onun çox parlaq gələcəyi vardır. Şübhəsiz ki, bu təşkilat bizə arxalanır, bizim apardığımız fəaliyyətə, göstərdiyimiz səylərə arxalanır. Biz əməkdaşlığımızın yeni yollarını araşdırmalıyıq. Bizim ölkələr sürətlə inkişaf edir, regiondakı vəziyyətin yaxşılaşmasını müşahidə edirik. Buradakı təhlükəsizlik daha da artır və bütün bunlar daha fəal əməkdaşlığın yaradılmasına imkan verir. 

Şübhəsiz ki, burada boru kəmərlərindən söhbət gedir. Eyni zamanda artıq mövcud olan nəqliyyat dəhlizlərindən söhbət gedir və gələcəkdə də bu işlər davam etdiriləcəkdir. Əminəm ki, gələcək əməkdaşlıq perspektivləri çox müsbətdir. Biz gələcəkdə hər hansı bir imkanın araşdırılması üçün bütün səylərimizi əsirgəməyəcəyik. 

Hörmətli qonaqlar, icazənizlə, sizin hamınıza minnətdarlığımı bildirmək istəyirəm. Hörmətli iştirakçılar, nümayəndə heyətlərinin rəhbərləri, sizin verdiyiniz bu töhfəyə görə minnətdaram və sizə gələcək işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq arzulayıram. 

Hörmətli xanımlar və cənablar, bugünkü sammitin gündəliyi artıq başa çatmışdır. 

X X X

İran İslam Respublikasının Prezidenti MAHMUD ƏHMƏDİNEJAD zirvə toplantısının yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə təşəkkür edərək dedi ki, İƏT-in 9-cu zirvə toplantısı uğurla başa çatmaq üzrədir. İcazə verin, ilk növbədə, cənab İlham Əliyevə müdrik rəhbərliyinə görə minnətdarlığımı bildirim. 

Qardaş və dost Azərbaycan bu təşkilatın sədri olarkən, onun rəhbərliyi altında biz bütün sahələrdə ən gözəl tərəqqiyə, nəticələrə nail ola biləcəyik. Hazırda, İƏT yeni proqramlara qədəm qoyduğu bir məqamda bu təşkilatın uğurla idarə edilməsində, nəzərdə tutulmuş məqsədlərə nail olunmasında, regional əməkdaşlıq çərçivəsində bir çox nailiyyətlər əldə edəcəyik. Hesab edirəm ki, biz digər ölkələr və təşkilatlar üçün nümunə ola bilərik. Nümayəndə heyətləri rəhbərlərinin çıxışlarında regional əməkdaşlıq xüsusi vurğulanmışdır. Bütün bu işlərin əsasında üzv ölkələrin siyasi iradəsi dayanır və bu, bizi maraqlandıran bütün sahələrdə əməkdaşlığımızın genişləndirilməsinə xidmət edir. 

Mən xoş qonaqpərvərliyə görə öz tərəfimdən və digər nümayəndə heyətləri tərəfindən Azərbaycan xalqına və hökumətinə minnətdarlığımı bildirirəm. Onlar bu sammitin ən yüksək səviyyədə təşkil olunması üçün çox iş görmüş və səylər göstərmişlər. Eyni zamanda, İƏT-in Baş katibinə və əməkdaşlarına sənədlərin hazırlanması və məsələlərin müəyyən edilməsinə, digər şəxslərə hazırlıq işlərində iştiraklarına görə təşəkkür edirəm. Azərbaycan xalqına uğurlar, sülh və əmin-amanlıq, bütün həmkarlara xoşbəxtlik, möhkəm cansağlığı arzulayıram. Bütün üzv dövlətlərə ulu Tanrıdan uğurlar diləyirəm. 

İLHAM ƏLİYEV: Cənab Prezident, xoş sözlərinizə görə çox sağ olun. Bunlar müzakirələrimizin və dostluğumuzun ruhunu tamamilə əks etdirir, ölkələrimiz arasında olan əlaqələrin tarixi ənənələrə, mədəni dəyərlərə əsaslandığını bir daha göstərir. Əlbəttə ki, ölkələrimizin tərəqqisi, eyni zamanda, ikitərəfli münasibətlərin inkişafına da xüsusi töhfəsini verəcək və biz qardaş, dost ölkələrlə münasibətlərimizi inkişaf etdirəcəyik. 

İndi isə mən İƏT-in 9-cu zirvə görüşünü bağlı elan edirəm. Bütün nümayəndə heyətlərinin rəhbərlərini rəsmi foto çəkilişinə dəvət edirəm. 

X X X

İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu zirvə toplantısında iştirak edən dövlət və hökumət başçıları birgə xatirə şəkli çəkdirdilər. 

AzərTAc
5 may 2006-cı il

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.