İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin VIII zirvə görüşündə nitqi

Tehran
11 dekabr 1997-ci il

Hörmətli cənab sədr! Hörmətli dövlət və hökumət başçıları!
Əziz qardaşlar!

Sizi, İslam Konfransı Təşkilatının VIII zirvə görüşünün iştirakçılarını Azərbaycan xalqı adından ürəkdən salamlayıram və Ulu Tanrıdan uğurlar diləyirəm. Bizə göstərilən qonaqpərvərliyə və zirvə görüşünün işinin gözəl təşkilinə görə möhtərəm prezident Məhəmməd Xatəmiyə, İran hökumətinə və xalqına, İslam Konfransı Təşkilatının baş katibi möhtərəm İzzəddin Larakiyə təşəkkürümü bildirirəm.

Azərbaycan öz istiqlaliyyətini bərpa etdikdən sonra 1991-ci ildən İslam Konfransı Təşkilatının üzvüdür və onun çoxtərəfli fəaliyyətində yaxından iştirak edir. Biz İslam Konfransı Təşkilatının müsəlman aləmində və beynəlxalq sahədə apardığı işlərə böyük əhəmiyyət veririk. Müsəlman ölkələri arasında əməkdaşlığı möhkəmləndirmək, xalqlarımızın əmin-amanlığını təmin etmək, onların rifahını yüksəltmək, dinimizi, ənənələrimizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi qoruyub inkişaf etdirmək İslam Konfransı Təşkilatının ən ümdə vəzifəsidir. Bu müqəddəs amalları həyata keçirmək üçün biz daim çalışmalıyıq. Mən hamınızı daha da fəal əməkdaşlıq etməyə dəvət edirəm.

Müsəlman xalqları və ölkələri dünyada gedən mürəkkəb proseslərlə üzləşirlər. Bir tərəfdən elm və texnika güclü surətdə inkişaf edir, yeni ixtiralar, texnologiyalar yer kürəsinin simasını dəyişdirir, o biri tərəfdən bir çox xalqlar aclıqdan, yoxsulluqdan, cəhalətdən əzab çəkirlər. Ona görə biz tərəqqi ilə ayaqlaşmalıyıq, inkişaf etmiş ölkələrin səviyyəsinə qalxmalıyıq. Son illər ərzində Azərbaycan müsəlman ölkələri ilə siyasi, iqtisadi, ticarət və mədəni əlaqələri xeyli inkişaf etdirmişdir. Həm İslam Konfransı Təşkilatı, həm də başqa beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız məhsuldar və faydalı olmuşdur.

İslam aləminin qlobal miqyaslı məsələlərinin həllində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün Azərbaycan Respublikası əlindən gələni etməkdədir.

İslam Konfransı Təşkilatının Ərəb-İsrail münaqişəsinin sülh yolu ilə həllinə, Cammu və Kəşmir münaqişəsinin ədalətli nizamlanmasına yönəldilmiş bütün addımlarını və səylərini biz ürəkdən dəstəkləyirik.

Ermənistan Respublikasının təcavüzünə məruz qalmış Azərbaycan xalqı bütün müsəlman xalqları kimi Əfqanıstanda, Somalidə, Bosniya-Hersoqovinada, başqa dövlətlərdə mövcud olan vəziyyətdən olduqca narahatdır.

Müsəlman xalqlarının təhlükəsizliyini və ölkələrimizin ərazi bütövlüyünü təmin etmək, müsəlman azlıqlarının və icmalarının hüquqlarını qorumaq, müsəlman aləminin sabit inkişafını təmin etmək bizim müqəddəs vəzifəmizdir.

Böyük nüfuza malik olan İslam Konfransı Təşkilatı səylərimizi birləşdirməyə və əlaqələndirməyə hər cür imkanlar yaratmalıdır. Əminəm ki, bizim bu zirvə görüşümüz bunun üçün öz töhfəsini verəcəkdir.

Sovet İttifaqının süqutundan sonra bir çox müsəlman xalqları istiqlaliyyətə nail olmuş, onların qarşısında yeni imkanlar açılmışdır. Bu gün onlar həm dünyanın digər ölkələri və xalqları ilə, həm də özləri arasında müstəqil əlaqələr qururlar. Milli maraqlardan doğan təbii inteqrasiya get-gedə güclənir və böyük regionları çiçəklənən iqtisadi əməkdaşlıq məkanına çevirmək üçün gözəl zəmin yaradır.

Əziz qardaşlar!

Azərbaycan Respublikası öz müstəqil demokratik dövlətinin quruculuğu yolunda inamla irəliləyir. Bizim əldə etdiyimiz uğurlar göz qabağındadır.

Bununla belə, inkişafımıza mane olan, dövlətimizə təhlükə törədən, hamınıza məlum bir problemimiz də vardır. Bu problem Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın 20 faizini işğal etməsi və bu təcavüzün nəticəsində bir milyondan çox vətəndaşlarımızın yurdlarından didərgin düşməsi, qaçqın və köçkün olmasıdır.

İslam Konfransı Təşkilatının bu təcavüzü pisləyən qərarlarını, Azərbaycana dəstək verməsini Azərbaycan xalqı yüksək qiymətləndirir. İslam Konfransı Təşkilatının 1994-cü il Mərakeş zirvə görüşünün və 1996-cı ildə Cakartada keçirilmiş XXIV konfransının qərarlarına biz böyük əhəmiyyət veririk. Xüsusilə ATƏT-in Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair qəbul olunmuş prinsiplərə bu konfransın dəstək verməsinə görə biz İslam Konfransı Təşkilatı dövlətlərinin hamısına təşəkkürümüzü bildiririk.

Azərbaycan xalqının müsəlman dövlətlərinin həmrəyliyinə, mənəvi və maddi köməyinə böyük ehtiyacı vardır. İşğalçı Ermənistan öz diasporlarının köməyi ilə həm Amerikadan, həm Avropadan, ələlxüsus Rusiyadan mənəvi, siyasi, iqtisadi, hərbi dəstək alır. 1993-1996-cı illərdə Rusiya Ermənistana qeyri- qanuni, gizli bir milyard dollar dəyərində silah, sursat və hərbi texnika göndəribdir. Bundan əlavə bu il avqust ayının 29-da Rusiya ilə Ermənistan arasında güclü hərbi əməkdaşlıq bəndləri olan müqavilə bağlanmışdır.

Beləliklə, təcavüzkar Ermənistan dövləti hərbi cəhətdən güclənərək nəinki Azərbaycan üçün, regionumuzun bütün dövlətləri üçün ciddi bir təhlükə yarada bilər.

Azərbaycan Respublikası Ermənistanla münaqişəni sülh yolu ilə həll etməyi qarşısına məqsəd qoyubdur. 1994-cü ilin may ayında biz müharibəni dayandırmağa və atəşkəs əldə etməyə nail olmuşuq. ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqları aparırıq. 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə münaqişənin ədalətli həlli prinsipləri 53 dövlət tərəfindən təsdiqini tapmışdır. Bununla da münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə yaranıbdır.

ATƏT-in Minsk konfransının həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa bu il ərzində gərgin iş aparmış, münaqişəni iki mərhələdə həll etmək barədə yeni təkliflər hazırlayıb tərəflərə təqdim etmişlər: Birinci mərhələdə Dağlıq Qarabağın ətrafında Azərbaycanın işğal olunmuş altı rayonunu azad etmək, müharibə nəticəsində dağıdılmış yolları və nəqliyyat vasitələrini bərpa etmək; İkinci mərhələdə Azərbaycan dövlətinin tərkibində

Dağlıq Qarabağın hüquqi statusunu təyin etməklə bərabər Laçın və Şuşa rayonlarım işğaldan azad etmək. Biz bu təklifləri qəbul etmişik. Qeyd etməliyəm ki, verilən təkliflər Ermənistanın da milli maraqlarına tamamilə cavab verir.

Lakin ermənilərin inadkar, qeyri-konstruktiv mövqelərinə görə hələlik müsbət nəticə əldə olunmamışdır. Mən bir daha bəyan edirəm ki, biz münaqişənin yalnız sülh yolu ilə həllinin tərəfdarıyıq və buna nail olmaq üçün bundan sonra da çalışacağıq.

Ermənistanın təcavüzü nəticəsində yerlərindən didərgin düşmüş və çadırlarda ağır vəziyyətdə yaşayan bir milyondan artıq azərbaycanlı qaçqınlara göstərilən humanitar yardıma görə biz Türkiyəyə, İrana, Səudiyyə Ərəbistanına,

Pakistana, Misirə, Küveytə, Birləşmiş Ərəb Əmirliklərinə dərin minnətdarlığımızı bildiririk. Onlara və İslam Konfransı təşkilatının üzvü olan digər dövlətlərə üz tutaraq xahiş edirik ki, bu sahədə köməklərini artırsınlar, müsəlman qardaşlarını bu bəladan qurtarmaqda öz imkanlarım əsirgəməsinlər. Gün o gün olacaqdır ki, Azərbaycan dövləti bu təcavüzdən xilas olacaq, qısa müddətdə inkişaf edib çiçəklənən dövlətə çevriləcək və özü qardaşlarına kömək etmək iqtidarında olacaqdır.

Bu yüksək kürsüdən İslam Konfransı Təşkilatının rəhbərliyinə və burada iştirak edən bütün dövlət və hökumət başçılarına üz tutaraq, Azərbaycanın haqq işinə verdikləri dəstəyə görə minnətdarlığımı ifadə edirəm. Ümidvaram ki, Tehran zirvə görüşü Ermənistanın Azərbaycana qarşı təcavüzü barəsində tutarlı qərarlar qəbul edəcək və bir milyon qaçqın azərbaycanlı müsəlmanlara fəal yardım proqramını təklif edəcəkdir.

Əmin olduğumu bildirirəm ki, İslam Konfransı Təşkilatı islam ümmətinin tərəqqisi, xoşbəxt gələcəyi, məzlum xalqların rifahı yolunda bütün imkanlarından istifadə edəcəkdir. Bu müqəddəs məqsədlərə nail olmaq üçün Allah-təalanm köməyi ilə Azərbaycan Respublikası da öz töhfələrini verəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

“Azərbaycan” qəzeti, 13 dekabr 1997-ci il

 
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.