Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında nitqi

Bakı, “Gülüstan” sarayı

17 noyabr 2007-ci il
 

Hörmətli xanımlar və cənablar! 
Əziz qonaqlar! 
Əziz qurultay iştirakçıları! 

Mən sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram. Bütün qonaqlara “Xoş gəlmisiniz!” deyirəm. 

Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının Azərbaycanda keçirilməsi bütün türk dünyası üçün çox böyük hadisədir. Qurultaylar, adətən, Türkiyədə keçirilirdi. Mən xatırlayıram, keçən il biz Antalyada qurultayda bərabər iştirak etmişdik. Orada çox vacib, çox önəmli qərarlar qəbul edilmişdi, çox maraqlı müzakirələr keçirilmişdi. Mən çox şadam ki, növbəti qurultayın Azərbaycanda keçirilməsi barədə bizim təklifimiz qəbul olundu və bu gün biz bu gözəl qurultayı Bakıda keçiririk. Bu bir daha onu göstərir ki, bütün türk dünyası birləşməyə doğru daha da sürətlə gedir. Buna çox böyük ehtiyac var. 

Bizim müstəqil ölkə kimi yaşamağımız, Sovet İttifaqının dağılmasından sonra 5 türk cümhuriyyətinin meydana gəlməsi nəticəsində yaranmış yeni bir vəziyyət, əlbəttə ki, bizi daha sıx birləşməyə sövq edir. Biz bunu fəal şəkildə edirik. Son qısa müddət ərzində Türkiyədə və Azərbaycanda bizim birliyimizi möhkəmləndirən çox vacib tədbirlər keçirildi. Qeyd etdiyim kimi, ötən il Antalyada qurultay keçirildi. Ondan sonra Antalyada türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü keçirildi. Bu ilin mart ayında Bakıda Azərbaycan və türk diasporları rəhbərlərinin I forumu keçirildi. Bu gün bu gözəl qurultay keçirilir. Gələn il, 2008-ci ildə Bakıda türkdilli dövlət başçılarının növbəti zirvə görüşü keçiriləcəkdir. Yəni bütün bu görüşlər, qurultaylar, tədbirlər bir məqsəd güdür - türk dünyası daha da mütəşəkkil olsun, bir-birilə əlaqələrini və dünyadakı mövqelərini daha da möhkəmləndirsin. Bu, bizim hamımızın marağındadır. Bizim birliyimiz nə qədər güclü olsa, hər bir ölkə öz milli maraqlarını bir o qədər uğurla müdafiə edə bilər. 

İndi dünyada gedən qloballaşma prosesləri, əlbəttə ki, bizim ölkələrdən də yan keçmir. Amma bununla bərabər biz milli dəyərlərimiz üzərində dövlətlərimizi qururuq. Müstəqil olmayan dövrdə bizi bir xalq kimi saxlayan, milli mənsubiyyətimizi qoruyan bizim tariximiz olubdur, mədəniyyətimiz olubdur, ana dilimiz olubdur, bizim milli musiqimiz olubdur, ədəbiyyatımız olubdur. Bu sahədə birliyin və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün çox gözəl imkanlar var. 

Bu gün bu gözəl gündə türk dünyasının iki dahi şəxsiyyətinin unudulmaz kəlamları yada düşür. Ulu öndər Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın kədəri bizim kədərimiz, Azərbaycanın sevinci bizim sevincimizdir”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu kəlamlar bizim münasibətlərimizin təməl prinsipidir. Bu gün Türkiyə-Azərbaycan münasibətləri məhz bu əsasda qurulur və əminəm ki, bizim uğurlu işbirliyimiz bütün türk dünyasına öz müsbət təsirini göstərir. Bu iki məşhur tarixi kəlamda çox böyük məna var və çox böyük məhəbbət var. Bu, bizi birləşdirir və mən çox şadam ki, bu gün bizimlə bərabər bütün türk dünyasını əhatə edən qonaqlar bu qurultayda iştirak edirlər. 

Bu gün Azərbaycanın tarixində də çox əlamətdar bir gündür. Düz 17 il bundan əvvəl, 1990-cı ilin noyabrın 17-də Azərbaycanın milli bayrağı ilk dəfə olaraq, rəsmi bayraq kimi qəbul edilmişdir. O zaman Azərbaycan hələ müstəqil dövlət deyildi. Hələ ki, biz Sovet İttifaqının tərkibində idik. Hələ ki, Bakıda Azərbaycan Kommunist Partiyası iqtidarda idi. Ancaq Azərbaycanın tarixi torpağı, ayrılmaz hissəsi olan Naxçıvanda Muxtar Respublikanın Ali Məclisinin o vaxtkı sədri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, üçrəngli bayraq Ali Məclisin binasında qaldırılmışdır. Əminəm və şübhə yoxdur ki, bu tarixi hadisə Azərbaycanın dövlət müstəqilliyini yaxınlaşdıran bir addım idi. 

Bir daha demək istəyirəm ki, o vaxt Azərbaycan müstəqil deyildi. Bizim müstəqilliyə gedən yollarımız müxtəlif istiqamətlərdən keçibdir. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi, bütün cəmiyyətin birləşməsi və əlbəttə ki, dövlət bayrağının, üçrəngli bayrağın qaldırılması bu istiqamətdə çox vacib bir addım idi. 

Biz gözəl bir gündə toplaşmışıq. Bu da yəqin ki, rəmzi xarakter daşıyır. Müstəqillikdən keçən dövr ərzində bütün türk dövlətləri güclənmişlər. Əgər 1991-ci ildə bizim ölkələrimizdə demək olar ki, həm iqtisadi, həm də siyasi problemlər kifayət qədər idisə, bu gün, 16 il keçəndən sonra biz bütün ağır günlərimizi arxada qoymuşuq, biz bütün böhranlardan şərəflə çıxmışıq. Həm iqtisadi artım, həm siyasi sabitlik, həm də dünyadakı mövqelərimizin möhkəmləndirilməsi bizim ölkələrimizi çox qabağa aparıbdır. Tarix baxımından 16 il o qədər də böyük zaman deyil. Ancaq xalqlarımız sübut etdilər ki, biz müstəqil xalqlar kimi yaşaya bilərik. 

Müstəqillik ən böyük sərvətdir. Azərbaycan xalqının ən böyük nemətidir. Əsrlər boyu Azərbaycan xalqı müstəqilliyə həsrət qalmışdır. Biz başqa ölkələrin tərkibində yaşayırdıq və müstəqil deyildik. Ancaq bu gün Azərbaycan müstəqil ölkədir. Müstəqilliyimiz bu gün təkcə rəsmi atributlarla deyil, eyni zamanda, bizim siyasətimizlə ölçülür. Azərbaycan müstəqil siyasət aparmaq iqtidarındadır. Nəyin hesabına? Əlbəttə ki, ölkədə gedən iqtisadi, siyasi islahatlar nəticəsində, aparılan böyük quruculuq işləri nəticəsində və eyni zamanda, türk dünyası dövlətlərinin bir-birinə dəstək verməsi nəticəsində. 

Mən bizim müstəqil dövlətlərimizin formalaşmasında Türkiyə Cümhuriyyətinin rolunu qeyd etmək istəyirəm. Türkiyə Azərbaycanı müstəqil ölkə kimi tanıyan ilk dövlət olmuşdur. İlk illərdə və bütün dövrlərdə biz Türkiyənin dəstəyini, köməyini hiss etmişik, bu gün də hiss edirik və bu, bizə əlavə güc verir. Biz müstəqil ölkə olanda dünya birliyinə yeni qədəm qoymuşduq. Amma Türkiyə kimi böyük dövlətin, qardaş ölkənin yanımızda olması, əlbəttə, Azərbaycana çox böyük faydalar gətirirdi. 

Bu gün isə qarşılıqlı fəaliyyət nəticəsində bizim gücümüz, Azərbaycanın artan gücü eyni zamanda Türkiyəni gücləndirir. Bu gün qarşılıqlı investisiyaların həcmi ildən-ilə artır. Artıq Azərbaycan investisiyaları Türkiyəyə qoyulur. Bu investisiyalar milyardlarla dollar həcmindədir. Azərbaycanın artan iqtisadiyyatı Türkiyəni gücləndirir və əksinə. Bu yaxınlarda Türkiyə-Azərbaycan biznes forumunun keçirilməsi bu istiqamətdə çox önəmli addımdır. Forumda bütün iqtisadi sahədə olan məsələlər müzakirə edildi və gələcək planlar müəyyən olundu. Ölkələrimizin ildən-ilə artan iqtisadi potensialı, əlbəttə, bütün türk dünyasını birləşdirəcəkdir. Biz elə etməliyik ki, qarşılıqlı ticarətin təşviqi ilə bir-birimizi gücləndirək. Bu gün bizim ölkələrimizdə kifayət qədər imkanlar var. Həm təbii sərvətlər, həm inkişaf etmiş sənaye, həm də liberal müasir bazar iqtisadiyyatı. Biz öz resurslarımızı birləşdirib böyük gücə çevrilməliyik. 

Yeni yaradılmış, gənc müstəqil türk cümhuriyyətlərində çox böyük təbii ehtiyatlar var. Qazaxıstanda, Türkmənistanda, Azərbaycanda birlikdə neft və qazın hasilatı dünyanın ən böyük neft-qaz hasil edən ölkələri səviyyəsindədir. Eyni zamanda, mövcud neft-qaz ehtiyatları dünya enerji bazarına çox böyük təsiretmə gücündə olan həcmdədir. Biz bunlardan səmərəli istifadə etməklə ölkələrimizi inkişaf etdiririk. Eyni zamanda, qardaş Türkiyənin infrastruktur və tranzit imkanlarından istifadə edərək, öz resurslarımızla dünya bazarlarına çıxırıq. Bu, bizi gücləndirir, əlavə maddi imkanlar yaradır, müstəqil siyasət aparmaq üçün bizə çox gözəl şərait yaradır. Eyni zamanda, bütün türk dünyasını birləşdirir. 

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri dünya miqyaslı layihələrdir. Bu layihələr bütün bölgədə coğrafi-siyası və iqtisadi vəziyyəti köklü şəkildə bizim xeyrimizə dəyişdirmişdir. Bu layihələr həyata keçdikcə bizim xalqlarımız bundan çox böyük fayda götürür. Biz Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft-qaz yataqlarından səmərəli istifadə etməklə Türkiyə ərazisi ilə dünya bazarlarına çatdırırıq. Bu yeni iqtisadi, enerji dəhlizlərinin açılması bizim müstəqilliyimizi daha da gücləndirir. İndi enerji müstəqilliyi ölkələrin müstəqilliyi deməkdir. Biz enerji cəhətdən tam müstəqil ölkəyik. Amma dünya bazarlarına çıxışımız yoxdur. Bu çıxışı bizim üçün qardaş Türkiyə təmin edir və bundan bütün türk dünyası faydalana bilər. 

Mən əminəm ki, gələcəkdə bu sahədə mövcud olan əməkdaşlıq daha da dərinləşməlidir, yeni ölkələri əhatə etməlidir. Türkiyə və Azərbaycan uzun illər ərzində bu sahədə çox səmərəli işləyirlər. Vaxtilə əfsanə kimi tanınan layihələri bizim təşəbbüsümüzlə, birgə səylərlə, rəhbərlərin iradəsi və xalqların dəstəyi ilə gerçəkliyə çevirmişik. İndi artıq bu yollar açılıbdır. Bunlar yeni yollardır, gələcəyə aparan yollardır. Bu yollar müstəqilliyin möhkəmlənməsinə gedən yollardır. Mən əminəm ki, bu gözəl imkanlardan bütün türk dünyası istifadə edəcəkdir. 

Əlbəttə, bizi birləşdirən bizim tariximizdir, - xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar, - ənənələrimizdir, bizim mədəniyyətimizdir, dilimizdir, kökümüzdür, etnik mənsubiyyətimizdir. Bu, gələcək inkişaf üçün çox böyük bir əsasdır. Ancaq bununla bərabər, onu da bilirik ki, dünyada başqa ölkələr var ki, onlar da etnik cəhətdən bir-birinə yaxındır, onların da etnik mənsubiyyəti birdir, onlar da əsrlər boyu bir yerdə yaşamışlar və bir yerdə olmuşlar. Amma bu, heç də o demək deyil ki, onların indiki maraqları və ya siyasi baxışları üst-üstə düşür, yaxud da dostluğu yüksək səviyyədədir. 

Yəni, bu, çox böyük bir üstünlükdür, çox böyük bir zəmindir. Bu zəmin üzərində qurulan münasibətlər xalqların bir-birinə bağlı olmasından, siyasətçilərin bir-birinə yaxın olmasından, maraqların üst-üstə düşməsindən asılıdır. Bizim aramızda, Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri bütün sahələrdə özünü büruzə verir. Həm xalqlarımız birdir, həm xalqlara rəhbərlik edən insanlar dostdur, qardaşdır, həm də qeyri-hökumət sektoru - millət vəkilləri, bütün elm adamları, ziyalılar bir-biri ilə sıx bağlıdır. Bu, bizim birliyimizi daha da gücləndirir. Mən bugünkü qurultaya bu prizmadan baxıram. Bu qurultay, əlbəttə, çox gözəl qərarlar qəbul edəcəkdir. Əminəm ki, burada aparılan müzakirələr həm praktik cəhətdən, həm elmi cəhətdən, həm də bizim bütün sahələrdə işbirliyimiz baxımından çox önəmli olacaqdır. Ancaq bununla bərabər, əminəm ki, Azərbaycanda keçirilən bu qurultay bütün türk dünyasının birləşməsində çox mühüm bir addımdır. Mən şübhə etmirəm ki, qurultayın nəticələri bizim birliyimizi daha da möhkəmləndirəcəkdir. 

Biz indi elə bir mərhələdəyik ki, bütün imkanlardan istifadə edib öz mövqelərimizi daha da möhkəmləndirməliyik. Bu sahədə, əlbəttə, xaricdə yaşayan soydaşlarımızın fəaliyyətindən çox şey asılıdır. Təsadüfi deyil ki, bu ilin mart ayında Bakıda Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilmişdir. Forum türk və Azərbaycan diaspor təşkilatlarının birləşməsi işində çox mühüm rol oynamışdır. Biz artıq bunun nəticələrini görməkdəyik. Demək olar ki, indi bütün ölkələrdə türk və Azərbaycan diaspor təşkilatları birgə fəaliyyət göstərirlər, birgə işlər görürlər. Bizi narahat edən, bizim əleyhimizə yönəldilən tədbirlərin qarşısını almaqda da birlikdə çıxış edirlər. Bir-birinin imkanlarından, təşkilatlanma imkanlarından istifadə edirlər. Bəzi hallarda bizə qarşı aparılan ədalətsiz kampaniyalara qarşı çox əsaslandırılmış mövqe ortaya qoyurlar. Əvvəllər bizim buna imkanımız yox idi. 

Azərbaycan gənc müstəqil ölkə idi. Müstəqilliyimizin ilk illərində bu sahədə o qədər də böyük imkanlarımız yox idi. Amma bu gün bu sahəyə böyük diqqət göstərilir. Türk diaspor təşkilatlarının bütün dünyada çox böyük tarixi var. Azərbaycan diaspor təşkilatları gəncdir. Amma bunlar birləşərək, bir nöqtəyə vuraraq öz məqsədlərinə nail olurlar, ölkələrimizi müdafiə edirlər, ölkələrimizin milli maraqlarını müdafiə edirlər. Biz dövlətlər də öz dəstəyimizlə onları gücləndiririk. Onların orada bütün strukturlarda fəal olması bizim gücümüzdür. Onlar həm iqtisadi sektorda, həm də siyasi müstəvidə - yaşadıqları ölkələrin parlamentlərində təmsil olunmalıdırlar. Onların təsir imkanları daha da güclü olmalıdır. O təsir imkanları ölkələrimizin milli maraqlarına xidmət edəcəkdir. 

Biz, Türkiyə və Azərbaycan, bəlkə də, dünyada nadir ölkələrik ki, bizə qarşı çox böyük təşkilatlanmış, böyük maliyyə imkanlarına malik olan erməni lobbisi  və dünya erməniləri bizə qarşı kampaniya aparırlar. Başqa ölkələrin belə problemləri yoxdur. Amma bizə qarşı əsassız ittihamlar, əsassız iddialar, düşmənçilik addımları var və əlbəttə, bu, bizi biganə qoya bilməz. Biz buna hazır olmalıyıq. Ermənistanın, erməni lobbisinin və onun himayəsi ilə bəzi inkişaf etmiş ölkələrin riyakar siyasətçilərinin əsassız ittihamlarına qarşı biz öz həqiqətimizi qoymalıyıq. Çünki haqq-ədalət bizim tərəfimizdədir. 

Erməni lobbisi və Ermənistan 1915-ci ilin hadisələrinə görə Türkiyəni daim bütün ölkələrdə günahlandırmaq istəyir. Bütün ölkələrin parlamentlərində qondarma “soyqırımı”nı tanıtdırmaq istəyir. Bu, böyük erməni yalanıdır, böyük erməni təxribatıdır. Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub, yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma “faktları” əsasında qərar qəbul edirlər. Biz buna qarşı öz siyasətimizi, öz həqiqətimizi qoymalıyıq, öz təbliğatımızı, öz gücümüzü qoymalıyıq. Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, bütün dünyaya yaymaq bizim işimizdir – dövlətlərin, diaspor təşkilatlarının, hər bir vətənpərvər insanın işidir. 

Biz indi bunu edirik və bu sahədə Türkiyə dövlətinin, türk xalqının fəal çalışmaları nəticəsində Amerika Konqresinin Xarici əlaqələr komitəsində qəbul edilmiş ədalətsiz qərarın müzakirəsi dayandı və onun davamı olmadı. Yəni bu, Türkiyənin gücü hesabına mümkün oldu. Amma burada, əlbəttə ki, müxtəlif amillərin mövcudluğu vacibdir. Təbliğat, bizim həqiqətə əsaslanmış sözlərimiz və eyni zamanda, bizim gücümüz. Bizim gücümüz isə birliyimizdədir. Biz nə qədər güclü olsaq, bizim həqiqətimiz də bir o qədər üstün olacaqdır. O qədər də bizim sözümüzü eşidəcəklər, bizim sözümüzlə hesablaşacaqlar. Ona görə bir daha mən bu məsələyə qayıtmaq istəyirəm ki, bizim birliyimiz ölkələrimizin gələcəyi üçün başlıca şərtdir və bizim gücümüz bundadır. 

Azərbaycana qarşı uzun illər aparılan işğalçı siyasət, əfsuslar olsun ki, dünya birliyi tərəfindən lazımi səviyyədə pislənmir. Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox soydaşımız qaçqın, köçkün vəziyyətinə düşübdür. Azərbaycanın işğal olunmuş əraziləri tamamilə dağıdılıbdır. Bizim məscidlərimiz, qəbirlər, bütün binalarımız orada yerlə-yeksan edilibdir. Heç kim buna reaksiya vermir. Heç kim buna görə Ermənistanı cəzalandırmır. Bizim qarşımızda seçim qalmır. Biz nə etməliyik?! Biz artıq 13 ildir sülh danışıqları aparmaqla çalışırıq ki, öz ərazi bütövlüyümüzü danışıqlar yolu ilə bərpa edək. Amma görəndə ki, bu baş vermir, biz başqa üsullara əl atmağa məcburuq. 

Yenə də qayıdıram bizim əsas mövzumuza - yenə də birlik, yenə də bizim gücümüz. Biz bütün işlərimizdə öz gücümüzə əsaslanmalıyıq və öz haqqımızı bərpa etməliyik. Mən şübhə etmirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Azərbaycanın işğal altındakı bütün bölgələri azad olunacaq və bizim soydaşlarımız oraya qayıdacaqlar və o gün uzaqda deyildir. 

Əziz dostlar! 

Mən bu gözəl gündə sizi bir daha ürəkdən salamlayıram. Azərbaycana gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram. Sizə “Xoş gəlmisiniz!” deyirəm. Siz öz gəlişinizlə, burada olmağınızla Azərbaycana böyük sevinc gətirdiniz. Bu gün bütün türk dünyası Azərbaycandadır. Bu gün bütün türk dünyası birdir. Mən arzu edirəm ki, türk dünyası həmişə bir olsun. Həmişə bir yerdə olsun və gələcək işlərimiz nəticəsində bizim gücümüz artsın, imkanlarımız artsın, türk dünyası rifah içində yaşasın və bütün türk dövlətləri çiçəklənsin, inkişaf etsin. 
Sağ olun. 


AzərTac
17 noyabr 2007-ci il

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.