Qurban bayramı münasibətilə Mirmövsüm Ağanın ziyarətgahında keçirilən görüşdə nitqi

8 aprel 1998-ci il

Hörmətli dostlar, hörmətli qardaşlar, ağsaqqallar, bacılar!

Mən sizin hamınızı bizim əziz və müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə cansağlığı, hər birinizə səadət, xoşbəxtlik, uzun ömür arzu edirəm və bütün xalqımıza, Azərbaycan millətinə, vətəndaşlarına sülh və əmin-amanlıq arzulayıram.

Biz, bizim nəsil xoşbəxtik ki, nəhayət, bu günlərə gəlib çıxmışıq və öz milli-dini adət-ənənələrimizi - əziz əcdadlarımızdan, ulu babalarımızdan bizə gəlib çatan ənənələrimizi, bayramlarımızı ürəyimiz istədiyi kimi qeyd edirik. Bu, böyük xoşbəxtlikdir.

Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, islam dininə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dini dəyərləri - hamısı birlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki, xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcür məhrumiyyətlərə məruz  qalaraq bütün bu adət-ənənələri unutmayıbdır. Nə vaxt ki, rəsmi dairələr bunu qadağan edib, yaxud da buna mənfi münasibət göstərib, insanlar bunu  qəlbində, öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzi fədakar insanlar bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər, bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar. 

Bu onu göstərir ki, bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır. Biz, bizim nəsil, hamımız birlikdə - indi yaşayan insanlar xoşbəxtdirlər ki, bu günə gəlib çatmışıq, bizim müstəqil ölkəmiz, müstəqil dövlətimiz var, öz taleyimizin sahibiyik, dini, mənəvi, milli adət-ənənələrimizi bərpa etmişik və daha da geniş təbliğ edirik.

Qurban bayramı bizim əziz bayramımızdır. Ancaq xatırlayın, iyirmi, otuz, qırx il bundan öncə Qurban bayramını bəziləri öz evində edirdi. Kimin imkanı vardı - bir qoyun  kəsirdi, kimin də imkanı yox idi - toyuqdan-xoruzdan kəsirdi və Qurban bayramı edirdi. Amma görün indi nə günə çatmışıq - mən bu gün şəhərdən, bizim məkanımızdan, mənim iş yerimdən buraya gələnə qədər yolboyu neçə dənə qurban kəsildi! Bilirsiniz, sayı-hesabı yoxdur. Bu, mənim gördüyümdür. Amma bütün ölkəmizin ərazisində, hər evdə, hər qəsəbədə, hər kənddə, şəhərdə, hər yaşayış yerində minlərlə, on minlərlə qurban kəsilir. Bu, bir tərəfdən onu göstərir ki, qurban kəsməyə bizim imkanımız var. İkinci tərəfdən də, ən əsası budur ki, biz azadıq, müstəqilik, sərbəstik, istədiyimiz kimi yaşayırıq. Yəni istədiyimiz kimi hərə özbaşına yaşamırıq, əcdadlarımızdan bizə qalmış qanun-qaydalara, adət-ənənələrə riayət edirik və onları həyata keçiririk. Bu da bizim xoşbəxtliyimizdir.

Qurban bayramı sadəcə şənlənmək, yaxud da qurban kəsmək, bir-birini təbrik etmək günü deyildir. Bu gün insan yenidən bütün həyatını  düşünür, yenidən mənəviyyata qayıdır, mənəvi dəyərlərin qiymətini yenidən dərk edir və insan daha da saflaşır, paklaşır. Ona görə də bu gün bayramı bu şəkildə qeyd etmək, məsələn, mən baxıram, üç il, dörd il bundan öncə biz Azərbaycanda bu bayramı nə cür qeyd edirdik, bu gün nə cür qeyd edirik, - nə qədər fərq var. Amma, dedim ki, on il, iyirmi il bundan öncə biz bunu heç rəsmi bayram kimi qeyd edə bilmirdik. Kimi bunu evində edirdi, kimi də çoxdan  unutmuşdu. Bu da həqiqətdir. Amma indi ölkəmizdə hər yerdə bayram əhval-ruhiyyəsi var və insanlar bu bayramdan istifadə edərək öz mənəvi dəyərlərini bir daha  qiymətləndirirlər.

Mən çox sevinirəm, məmnunam ki, bu gün - Qurban bayramı günü Mirmövsüm ağanın qəbrini bir daha ziyarət etdim. Bu, bizim xalqımızın inam yeridir, çox zəngin bir ziyarətgahdır. İnsanlar buna etiqad edir, inanırlar. Mirmövcüm ağa hələ sağ olan vaxtı ona inanırdılar. İnsanlar inanırdılar və burada hələ böyük bir məqbərə olmadığı  zaman bu qəbirə, bu müqəddəs yerə nəzirlər gətirir, gəlib buranı ziyarət edirdilər. İndi insanlar daha da çox inanır və gəlib bu müqəddəs yeri ziyarət edirlər, indi artıq burada böyük bir məqbərə kompleksi yaranıbdır. Bunun özü də son illərin məhsuludur, bizə verdiyi sərvətdir.

Mən 1994-cü ildə buraya gəlmişdim. 1994-cü ildə bütün bunlar yox idi. Mirmövsüm ağanın xatirəsinə layiq olan həmin o gözəl məqbərə də yox idi, o şəkildə deyildi. Amma bu müddətdə bunlar hamısı yaranıbdır. Bunu  yaradanlar sizlərsiniz və Mirmövsüm ağanın xatirəsinə sadiq qalıb, onun ruhunu daha  da şad etmək istəyən insanlardır. Bununla siz öz xalqınıza, dininizə, millətinizə xidmət edirsiniz. Amma eyni zamanda biz fəxr edə bilərik ki, belə bir ziyarətgahımız var. İnsanlar buna inanır, bu inamla da yaşayır və buraya ziyarətə gəlirlər.

Bilirsiniz, mən həyatımda ilk dəfə bir hadisəni sizə danışacağam. Bunu indiyə qədər heç kəsə danışmamışam və rəhmətlik anamdan savayı heç kəs bunu bilmir. 1943-cü ildə mənim iyirmi yaşım vardı. Bizim ailədə çətinliklər vardı. Mən də, anam da bir nəzir dedik. Mən onda Bakıda yaşamırdım, Naxçıvanda yaşayırdım. Gəldim Bakıya, getdim İçərişəhərdə Mirmövsüm ağanın evinə, onu ziyarət etdim və nəzirimi də verdim. İndi biz onun qəbri üstünə gəlirik, amma mən sağlığında gedib onu ziyarət etmişəm - 1943-cü ildə, 55 il bundan qabaq ziyarət etmişəm. Bacısı da orada idi, evi indi də gözümün qabağındadır.

Getdim ora, əvvəl məni buraxmırdılar, o yan-bu yan, çox yoxladılar, sorğu-sual elədilər. Gördülər ki, cavan bir oğlanam, inandılar və mənə bu imkanı verdilər. İndi olan-olub, keçən-keçib, - o vaxt mən bunu gizlin etmişəm, başa düşürsünüz? Mən onda o  sistemdə, o dövlətdə işləyirdim. Onda din qadağan idi, bütün bu şeylər qadağan idi, bu işlərin lap kəskin vaxtı idi. Amma mənim qəlbim və rəhmətlik anamın məsləhətləri məni gətirib oraya çıxardı. 55 il keçib, mən bunu həyatımda birinci dəfədir ki, danışıram. Oraya gedəndə arxama, o yana-bu yana baxırdım ki, məni burada görürlər, ya görmürlər? Mən onda dövlət işində işləyirdim. Oradan çıxandan sonra da o yana - bu yana baxmışam. Yəni sizə düzünü deyim, mən oraya xəlvət getmişəm. Çıxandan sonra da hələ beş-on gün fikirləşirdim ki, görəsən məni  gördülərmi, oraya-buraya çağıracaqlarmı, qısnayacaqlarmı, mənə bir şey edəcəklərmi? Beş-on gün keçəndən sonra gördüm ki, bir şey yoxdur, başa düşdüm ki, mənim oraya getməyimi heç kəs bilmir - bu, qalıb bir özümün qəlbimdə, bir də anamın qəlbində.

Mən bunu heç vaxt unutmamışam, ancaq o vaxtlar gizlədirdim, deyə bilməzdim. Ondan sonra da ehtiyac olmayıbdır ki, mən bunu  deyim. Durduğum yerdə deyim ki, mən bunu etmişəm, – nə əhəmiyyəti var? Amma indi, 55 il sonra bu ziyarətgaha gələndə mən bunu xatırlayıram. Oranı nə cür axtardığım bugünkü kimi gözümün qabağındadır. Heç oranı  tapa da bilmirdim, çünki kimdən, nə təhər soruşacaqsan? Oradan-buradan araşdırdım, birtəhər gəldim çatdım. Əvvəl o evə gələndə  dedim ki, bəlkə bura deyil, məni aldadacaqlar. Birtəhər araşdırdım, biləndən sonra  ki, hər şey düzdür, ziyarət etdim. 

İndi mən onun qəbrini ziyarət edirəm. Hesab edirəm ki, millətimiz üçün, millətimizi, xalqımızı düzlüyə, saflığa, xeyirxahlığa, əməli salehliyə dəvət etmək üçün belə ziyarətgahlar çox əhəmiyyətlidir. Xüsusən Mirmövsüm ağanın qəbri, bu ziyarətgah. Əminəm ki, bu ziyarətgah sizin kimi insanların səyi nəticəsində daha da genişlənəcək, inkişaf edəcək və xalqımız bu ziyarətgahdan bəhrələnərək mənəvi cəhətdən daha da sağlam, saf olacaqdır.

Bizim bütün milli və dini adət-ənənələrimizin məqsədi insanları saflığa, düzlüyə, paklığa dəvət etməkdən, insanları bu əhval-ruhiyyədə tərbiyə etməkdən ibarətdir. Bu, bir bugünkü problem deyil, min il bundan öncə də olan problemdir. Elə Məhəmməd Peyğəmbərin zamanında da bu problem vardı. Təsadüfi deyil ki, o, millətimiz üçün, müsəlmanlar üçün necə yaşamaq və necə davranmaq qanun-qaydalarının hamısını Qurani-Kərimdə yazıbdır. Niyə yazıbdır? Əgər problemlər, bu məsələlər olmasaydı Quranda bütün ayələri yazmazdı. Onu bir kitab kimi yazmayıbdır, orada hər bir kəlmənin, hər bir ayənin, surənin mənası var və məqsədi var. Bəli, o, hər bir kəlməni məqsədlə yazıbdır.

Görürsünüz, nə qədər vaxt keçib, amma yenə də insanları mənəvi cəhətdən saflığa dəvət etmək, mənəvi saflığı təmin etmək, xalqın içində bədxahlığı, pis yola gedənləri, cinayət edənləri, vətəninə sədaqətli olmayanları aşkar etmək, bunları cəmiyyətdən kənarlaşdırmaq, yaxud tərbiyələndirmək - bu, bizim qarşımızda olan problemdir. Ona görə də hesab edirəm, bu ziyarətgah həmin problemlərin həll edilməsində öz rolunu  oynayacaqdır.

Ümumiyyətlə, bilin, - biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu, müstəqil Azərbaycanın gələcək yolunun ana xəttidir, indiki ifadə ilə desək, strateji  yolumuzdur. Çünki bu, xalqımızın gələcəyi üçün ən düzgün və xalqımızı səadətə aparan ən ağıllı yoldur. Biz bu yolu seçmişik və bu yolla gedirik. Ancaq bununla bərabər, biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz, mənəviyyatımız üçün uyğun cəhətlərini götürüb tətbiq edərək heç vaxt dinimizdən, dini adət-ənənələrimizdən ayrıla bilmərik və imtina da edə  bilmərik.

Ona görə burada ziddiyyət yoxdur. Əksinə, çox qarşılıqlı münasibətlər var. Bu baxımdan, Azərbaycanın Prezidenti kimi mən Azərbaycanda dinin inkişafını təmin etmək üçün nə lazımdır edirəm və bundan sonra da edəcəyəm. Dinimizin bizə tövsiyə etdiyi və qoyduğu bütün adət-ənənələrdən səmərəli surətdə, həyatımızı daha da inkişaf etdirmək üçün istifadə etməliyik.

Buna görə də indi ocaqların yaranması, onların daha da abadlaşdırılması işini, lazımi tədbirlərin görülməsini əhəmiyyətli hesab edirik. Çoxunu xalq özü, xeyriyyəçi insanlar edir, amma dövlət də bir tərəfdən buna dəstək verir, digər tərəfdən də imkanı dairəsində nə lazımdır edir. Məsələn, Bibiheybət məscidinin bərpası bizim üçün tarixi əhəmiyyəti olan bir hadisədir. Çünki Bibiheybət ziyarətgahının Azərbaycanın və bütün islamın tarixində hansı yer tutduğunu siz yaxşı bilirsiniz.

Şübhəsiz ki, vaxtilə təkcə xalqımıza qarşı yox, bütün islam dünyasına qarşı böyük bir cinayət edilib - o məscid partladılıb, dağıdılıb və o ziyarətgah pozulubdur. Amma buna baxmayaraq, insanlar Bibiheybət ziyarətgahını heç vaxt unutmayıblar. Doğrudur, qadağan olduğuna görə oraya əvvəlki kimi  ziyarətlər olmayıb, ancaq o, müqəddəs bir yer kimi yaşayıb və yaşayacaqdır. İndi isə bizim vəzifəmiz Bibiheybət məscidini bərpa etmək, daha da inkişaf etdirmək və oranı – əsrlərdən bəri yaşamış ziyarətgahı yenidən əvvəlki, bəlkə ondan da yuxarı səviyyəyə qaldırmaqdır ki, təkcə Azərbaycan xalqı, müsəlmanları üçün yox, həqiqətən bütün dünya müsəlmanları üçün ziyarətgah olsun. 

Ona görə də məscidin bərpası üçün mənim dövlət tərəfindən vəsait ayırmağım təsadüfi bir şey deyildir. Mən lazım olan vəsaiti ayırmışam, açıq deyirəm, əgər lazım gəlsə, bundan sonra da ayıracağam ki, Bibiheybət məscidi bərpa olunsun. Mənə söz veriblər ki, iyun ayında hazır olacaqdır. Şübhəsiz, sonra onu lap yüksək səviyyəyə qaldırmaq üçün əlavə nə işlər görmək lazımdırsa, bunu edəcəyik. Mən elan etmişəm, - bu, mənim  şəxsi himayəm altındadır. Mən də bunu həm Azərbaycanın Prezidenti, həm də bir müsəlman, vətəndaş kimi özümün vəzifəm hesab edirəm və yerinə yetirəcəyəm.

Şüvəlan, Mərdəkan Azərbaycanın gözəl guşələrindən biridir. Burada çox gözəl insanlar yaşayır. Bu insanların ən böyük xüsusiyyətlərindən biri də odur ki, onlar bizim milli, dini ənənələrimizi həmişə yaşadıblar. Bu, bu yerlərin xüsusiyyətidir. Bəzi yerlərdə bəlkə bu xüsusiyyət belə deyil, amma Şüvəlan, Mərdəkan bu barədə çox fərqlənir. Ümumiyyətlə, bura Azərbaycanda təbiətin gözəl, mənzərəli yeridir, çox fədakar insanları var. Ona görə də təkcə burada yaşayanlar yox, bizim hamımız, o cümlədən mən də bu yerləri sevirik. Ümumiyyətlə, indi Əzizbəyov rayonu deyilən ərazini əhatə eləyən bütün bu yerlər - ya qəsəbədir, yaşayış yeridir, ya kənddir, fərqi yoxdur, adını nə cür deyəcəksən, - Azərbaycanın həqiqətən gözəl yerləridir. Məsələn, indi mənə «Əli  ayağı»nın medalını təqdim etdilər, çox məmnunam. Oraya ziyarətimi çox məmnuniyyətlə xatırlayıram. Təəssüf edirəm ki, bunu  gedib orada  ala bilməmişəm, burada təqdim etdiniz. Amma sizə söz verirəm ki, oranı  bir daha ziyarət edəcəyəm, mütləq gələcəyəm. Nardaran pirinə də mütləq gedəcəyəm. Bütün bu yerlər bizim üçün - müsəlmanlar, azərbaycanlılar üçün çox əziz yerlərdir. Bundan sonra bizim də vəzifəmiz ondan ibarətdir ki, bu yerləri mühafizə edək, saxlayaq, abadlaşdıraq, inkişaf etdirək ki, insanlar bu yerlərdən daha da səmərəli istifadə edə bilsinlər.

Burada hörmətli dostlarım respublikamızın həyatına aid olan bəzi məsələlər haqqında da öz fikirlərini dedilər. Çox sağ olun, mənim  fəaliyyətim, gördüyüm işlər haqqında dediyiniz müsbət sözlərə görə sizə  təşəkkür edirəm. Mən çox məmnunam və bir daha sizə bildirmək istəyirəm ki, həyatımın mənası və məqsədi xalqa xidmət etməkdir. Bilirsiniz, Allah hər adama bir qismət verir. Biri görürsən istedadlı olur, yazıçılıqla məşğul olur, biri bəstəkarlıq edir, biri başqa sənəti seçir, biri alimlik edir. Allah mənə də bu işi qismət eləyib, yəni xalqın qayğısına qalmaq. Bilirsiniz, məsələn, dövlət işi, yaxud da siyasət - bunlar hamısı birlikdə elə bir şeydir ki, əgər həqiqətən insan özünü belə bir peşəyə, işə həsr edirsə, bunlar  bir peşə kimi insanın özünü yaşatmaq məqsədi daşımır. Demək, əgər sən böyük dövlət işinə, böyük siyasətə  girişirsənsə, bundan öz şəxsi məqsədin üçün istifadə edəcəksənsə, bu, nəticəsiz olacaqdır. Amma bu addımı xalqa xidmət etmək, xalqın qeydinə qalmaq, xalqa qayğı göstərmək üçün, vətəninin problemlərini həll etmək üçün atırsansa, onda şübhəsiz ki, müvəffəq ola bilərsən.

Allah mənim də həyatımı belə gətirib, tale belə gətirib ki, gənc vaxtlarımdan bu  işlərlə məşğul olmuşam. Bu da mənim həyatımın həm mənasıdır, həm də məqsədidir. Görünür, mənim başqa bir sənətim ola bilməyəcək, həyatımın sonuna qədər bununla məşğul olacağam. 

Xüsusən Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra bu, daha da çox lazımdır. Azərbaycan üçün dövlət müstəqilliyini əldə etmək, - o şəraitdə ki, bunu əldə etdik, - elə  bir çətin şey deyildi. Çünki Sovetlər İttifaqı dağıldı və o dağılanda respublikalar  istəsə də, istəməsə də müstəqil olmalı idi. Bəzi respublikalar istəmirdilər müstəqil olsunlar, amma məcbur oldular. Bəziləri deyirdi «Yox, biz Moskvasız yaşaya bilmərik», amma müstəqil olmağa məcbur oldular. Bir var ki, məsələn, hansısa bir xalq hansısa istibdaddan, müstəmləkəçidən xilas olmaq üçün döyüşür, mübarizə aparır, qan tökür və xilas olur, - belə hallar tarixdə çoxdur. Bir də var ki, tarixin prosesləri, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində bu xoşbəxtlik bizə nəsib olubdur.

Bu, böyük nemətdir, - biz bunu qiymətləndirməliyik, - şübhəsiz ki, tarixi hadisədir. Əgər son bir neçə əsrlik tariximizi təhlil etsək, bu, yeganə haldır. 1918-ci ildə  də istiqlal bəyannaməsi verildi, biz müstəqillik elan etdik və Xalq Cümhuriyyəti yarandı, 23 ay fəaliyyət göstərdi. Bu da nədən oldu? O vaxtlar, Birinci dünya müharibəsindən sonra ümumiyyətlə dünyada və xüsusən Avropada və Rusiyada vəziyyət çox qarmaqarışıq oldu. Bunların nəticəsində 1917-ci ilin fevral inqilabında Rusiyada 300 il hakimiyyətdə olan Romanovlar sülaləsi, Romanovlar evi dağıldı. Bundan sonra, 1917-ci ilin Oktyabr inqilabında isə bolşeviklər hakimiyyəti ələ keçirdilər, yeni bir ideologiya  əsasında yeni quruluş yaradılmağa başlandı. Bu zaman Rusiyada vəziyyət o qədər qarmaqarışıq idi ki, onun ayrı-ayrı regionlarında proseslər  daha əvvəlki kimi çar istibdadı tərəfindən idarə oluna bilmirdi.

Bu fürsətdən istifadə edib Zaqafqaziyada  Azərbaycan, Gürcüstan, Ermənistan əvvəl istədilər bir Zaqafqaziya dövləti yaratsınlar, çox mübahisə apardılar. Azərbaycan nümayəndələri də tərəfdar idilər ki, müstəqil Zaqafqaziya dövləti yaratsınlar. Ancaq sonra bir yola gələ bilmədilər və Gürcüstan öz müstəqilliyini bəyan etdi. Ondan sonra Ermənistan və Azərbaycan da öz müstəqilliyini bəyan etdilər. Yəni biz o vaxt da öz müstəqilliyimizi keçmiş Rusiyanın, çar Rusiyasının ərazisində gedən ictimai-siyasi proseslər və cürbəcür hərbi münaqişələr nəticəsində əldə etməyə imkan tapdıq. Xalq Cümhuriyyətini yaradan insanlar o vaxt bu fürsətdən istifadə etdilər və onların bu fəaliyyəti çox yüksək qiymətə malikdir. Ona görə də, siz bilirsiniz ki, mən fərman vermişəm və bu il may ayının axırına qədər tədbirlər gedir, ilk Azərbaycan Demokratik Respublikasının – Xalq  Cümhuriyyətinin 80 illik  yubileyini qeyd edəcəyik. Bu, bizim üçün  tarixi hadisədir.

Mən yenə də deyirəm, 1920-ci ildə müstəqillik əldən getdi və 1991-ci ilin sonunda Sovetlər İttifaqı dağılarkən biz yenidən müstəqillik əldə etdik.

Bəli, müstəqillik bizim üçün böyük nemətdir, bizə allah-təala tərəfindən bəxş edilmiş böyük sərvətdir, biz bunu qorumalı, saxlamalıyıq. Ancaq bunu qoruyub saxlamaq asan deyil, çox çətindir, çox mürəkkəbdir. Bizim üçün xüsusən ona görə çətindir ki, əgər keçmiş Sovetlər İttifaqına daxil olmuş başqa respublikalar müstəqillik alandan sonra onların içərisində böyük bir hadisə yoxdursa. Bizdə hələ müstəqilliyi almamış, 1988-ci ildə Ermənistan Azərbaycana hücum edərək Dağlıq Qarabağı əlimizdən almaq istəyib və müharibə gedibdir.

Bunun nəticəsində torpaqlarımızın iyirmi faizi  Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş torpaqlardan bir milyon soydaşımız didərgin düşüb, qaçqın vəziyyətində yaşayır. Ona görə də başqa respublikalardan fərqli olaraq, müstəqilliyi qoruyub saxlamaq bizim üçün çox çətindir. Amma nə qədər çətin olur-olsun, biz bunu saxlamalıyıq və bu tarixi şansı heç vaxt əlimizdən verməyəcəyik və verməməliyik.

Ona görə də həyata keçirdiyimiz bütün başqa tədbirlərlə bərabər, şübhəsiz ki, xalqımızın, cəmiyyətimizin birliyi çox vacibdir. Məsələn, Ermənistan-Azərbaycan hərbi münaqişəsində Ermənista-nın Azərbaycan torpaqlarını işğal etməsinin səbəbi bir onda deyil ki, o vaxt Azərbaycanın gücü Ermənistandan az olubdur. Yox. Doğrudur, Ermənistana kömək edənlər çox olub, o cümlədən Rusiya da Ermənistana çox kömək edib, başqa ölkələr də kömək ediblər. Azərbaycana kömək edənlər az olub, yaxud da heç olmayıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın daxilində didişmə, çəkişmə və cürbəcür qüvvələrin - hakimiyyət nə olduğunu anlamayan, amma hakimiyyət iddiasında olan qüvvələrin hakimiyyət mübarizəsi, vuruşması ölkəmizin daxilində sabitliyi pozub və Ermənistan silahlı qüvvələri bundan istifadə edərək çox asanlıqla bizim torpaqların bir qismini işğal ediblər.

Bunu bilmək, dərk etmək lazımdır. Ona görə də son illər bizim gərgin əməyimizin nəticəsində Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik həyatımızın ən əhəmiyyətli cəhəti və əldə etdiyimiz ən böyük nailiyyətdir.

Əgər son illərin nailiyyətlərindən desək, biri odur ki, biz atəşi dayandırdıq. Bir aydan sonra dörd il tamam olacaqdır ki, Ermənistanla Azərbaycan arasında atəş dayanıb və biz danışıqlar aparırıq ki, münaqişəni sülh yolu ilə həll edək. Bu müddətdə biz Azərbaycanın daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirə bilmişik, buna nail olmuşuq. Bu, çox böyük nailiyyətdir. 

İndi  ictimai-siyasi sabitliyi qoruyub saxlamaq müstəqilliyi qorumaq, müstəqilliyi daimi etmək üçün əsas amildir. Bilməlisiniz və arxayın olun ki, bu sabitliyi necə ki yaratmışıq, yaratdığımız kimi də qoruyacağıq. Heç kəsə heç vaxt imkan verməyəcəyik ki, böyük çətinliklərlə, zəhmətlə, böyük əməklə əldə etdiyimiz bu sabitliyi pozsun. Heç kəsə yol verməyəcəyik, bunu hamı bilsin.

Ancaq  iş onda deyil ki, təkcə sabitlik olsun. Bizə lazımdır ki, cəmiyyətimizdə birlik, qarşılıqlı anlaşma olsun. Biz demokratik cəmiyyət yaradır, demokratik dövlət qururuq. Əgər belə deyiriksə, demək, belə  bir qərar qəbul etmişik. Bu nə deməkdir? O deməkdir ki, burada cürbəcür fikirli adamlar, cürbəcür partiyalar, cəmiyyətlər ola bilər və onların fikri bir-biri ilə üst-üstə düşməz. Bu, demokratiya deməkdir. Bizim bütün hakimiyyət, dövlət orqanları da demokratik prinsiplər əsasında yaranmalıdır. Biz bunu təmin etmişik. Edəcəyik. Məsələn, 1995-ci ildə Konstitusiyanı qəbul etmişik. Bunun özü Azərbaycanda demokratiyanın böyük bir nailiyyətidir. 1995-ci ilin noyabrında ilk dəfə demokratik prinsiplər, çoxpartiyalı sistem əsasında parlament seçmişik. Orada cürbəcür partiyalar var, müxalifət də, hakimiyyətə bağlı olan qüvvələr də var. Bu özü demokratiyanın yaranması deməkdir. Biz demokratiyanı yaradırıq və bundan sonra da yaradacağıq.

Ancaq demokratiyanı təhrif etmək olmaz. Siz ki, indi bəzi adamlar haqqında fikirlər deyirsiniz, onlar demokratiyanı təhrif etmək cəhdi göstərənlərdir. Demokratiyanı təhrif etmək olmaz, sağlam demokratiya olmalıdır, demokratiya həqiqi demokratik prinsiplər əsasında qurulan bir sistem olmalıdır.

Bu baxımdan ayrı-ayrı qüvvələr,  – siz burada prezident seçkilərini xatırlatdınız, - prezident seçkilərində iştirak etmək istəyirlər və prezident olmaq arzusuna düşürlər. Bu təbiidir, buna təəccüblənmək lazım deyildir. Çünki biz demokratiyanı inkişaf etdirmək üçün hətta özümüz bundan ötrü geniş şərait yaratmalıyıq. Geniş şərait yaratmalıyıq ki, bizim cəmiyyətdə olan potensial, yəni siyasət işi ilə məşğul olmaq potensialı daha da aşkar olunsun və üzə çıxsın, onlar Azərbaycanın siyasi həyatında sağlam fikirlərlə iştirak edə bilsinlər. Buna  özümüz şərait yaratmalıyıq və bilin ki, bir prezident kimi, mən buna şərait yaradıram və bundan sonra da yaradacağam.

Əlbəttə ki, bu gün Azərbaycanda Heydər Əliyev Prezidentdir, müəyyən bir vaxtdan sonra  başqa bir adam prezident olacaqdır. Bu dünyada heç kəs əbədi, daimi deyil, heç  kəs bu dünyanı tutub axıra qədər qalmayacaqdır. Bu, təbii bir şeydir. Ancaq mənim arzum  nədir və başa düşürəm, sizin də arzunuz nədir – qeyri-sağlam qüvvələrin Azərbaycanda hakimiyyəti ələ keçirməsinə yol verilməsin. Məsələn, məni çox istəyən  dostum dedi ki, Sizə alternativ yoxdur. Mən isə hesab edirəm ki, gərək mənə bir çox alternativ olsun, – mən  belə istəyirəm, - alternativ olsun. Amma nədir alternativ? O demək deyil ki, kimsə  yerindən qalxıb deyir «mən alternativəm». Həqiqi alternativ, layiqli alternativ olsun. Əgər alternativ olmasa, demək, cəmiyyətimizdə, dövlətçiliyimizdə boşluq əmələ gələ bilər. Bu boşluğa imkan vermək olmaz. Alternativ olmalıdır.

Mən hətta bizim incəsənət xadimləri ilə – müğənnilərlə, bəstəkarlarla və yazıçılarla danışanda həmişə deyirəm ki, siz gərək çalışasınız işinizin davamçıları olsun. İncəsənət xadimləri bu barədə bir az qısqanc olurlar, bəziləri hesab edir ki, qoy onlardan savayı heç kəs olmasın, elə onlar qalsınlar. Amma mən isə bir azərbaycanlı kimi, həmişə fikirləşirdim ki, məsələn, bizim böyük müğənnimiz Bülbüldən sonra  kim olacaq, Bülbülsüz necə yaşayacağıq? Yəni bundan sonra Bülbül kimiləri, bəlkə Bülbüldən daha yüksəyə qalxan olmalıdır. Məsələn, Rəşid Behbudovdan sonra bir neçə  Rəşid Behbudovlar dünyaya gəlməlidir. Gəlir və gələcəkdir. Heç kəs də başqa cür düşünməsin. Bizim Azərbaycan xalqı o qədər istedadlı xalqdır ki, bunu əsrlər boyu nümayiş etdiribdir. Əgər belə olmasaydı bizim bu qədər böyük-böyük şairlərimiz olardımı? Bizim X əsrdə də böyük şairimiz var, XII əsrdə də, XV əsrdə də, XVI əsrdə də, XVIII, XIX, XX əsrlərdə də nə qədər böyük şairlərimiz var. Bu, xalqın istedadını göstərir. Eləcə də bəstəkarlarımız, müğənnilərimiz.

Beləcə də siyasətçilərimiz olmalıdır ki, birinin yerini o birisi tuta bilsin, yer boş qalmasın, demokratik, hüquqi dövlət ki qururuq, - o, daimi olsun, yaşasın, bizim müstəqilliyimizi yaşada bilsinlər. Ona görə bu  baxımdan mən çox istəyirəm ki, Azərbaycanda  prezident olmaq üçün bir yox, bir çox layiqli adamlar olsun və onların arasında sağlam rəqabət getsin. Xalq da kimə daha çox etibar  edərsə, kim xalqa daha çox sədaqət göstərə bilərsə və xalq onu daha çox tanıya bilərsə, gələcəkdə ona səs versinlər. Bu barədə mənim siyasətim bundan ibarətdir və fikrim də belədir.

Yenə deyirəm, Azərbaycanın bu dövləti hər bir insan üçün əzizdir. Ancaq razılaşın ki, mənim üçün daha çox əzizdir. Çünki bu dövlətin yaranmasında mən nə qədər zəhmət çəkmişəm. Bu dövlətin yaranması Azərbaycanın  elə təkcə müstəqilliyi ilə başlamayıbdır. Dövlətin yaranması çoxdan, XX əsrin əvvəlindən başlayıbdır. Mən 1969-cu ildə  Azərbaycanda rəhbər seçiləndən ta indiyə qədər, demək olar, otuz ilə yaxın bir zamandır ki, bu dövlətin dərdini çəkirəm, xalqın həyatı ilə yaşayıram. Hətta o illərdə ki, məni həyatdan təcrid etmişdilər. Moskvada ev dustağı etmişdilər, heç bir yerə buraxmırdılar, yaxud da oradan gəldim buraya, Bakıda qoymadılar yaşayım, getdim üç il Naxçıvanda yaşadım – o illərdə də Azərbaycan xalqının dərdi ilə yaşamışam, Azərbaycan xalqının aqibəti məni narahat eləyibdir. 

Bəli, mən xeyli bir müddət respublikaya rəhbərlik etmişəm. Moskvada böyük bir dövlətin başçılarından biri olaraq yenə də respublikaya qayğı göstərmişəm. İndi gəlmişəm, beş ildir ki, müstəqil Azərbaycana rəhbərlik edirəm. Belə olan halda mənə  Azərbaycanın bu günü və gələcəyi hər bir vətəndaş üçün olduğundan qat-qat qiymətlidir və qat-qat vacibdir. Ona görə mən düşünürəm, Azərbaycanın gələcəyi haqqında düşünürəm. Mən də istəyirəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun. Amma bunun üçün indi siyasət aləminə çıxan, siyasətlə məşğul olmaq istəyən adamlar və hakimiyyət iddiasında olan adamlar gərək – Azərbaycanda bir söz var, - papağını qoysun qabağına və dərindən fikirləşsin: sən bu suya girə bilərsən, ya girə bilməzsən? Əgər girə bilməyəcəksənsə, girmə, girib boğulacaqsan.

Amma təəssüf ki, - bu da dövrün xəstəliyidir, - bizdə bir çox adamlar var, heç fikirləşmir ki, bu suyun dərinliyi nədir, üzə biləcək, ya bilməyəcək. Elə hesab edir ki, «keçərəm, üzərəm». Belələri var. Hesab edirəm, xırda-xırda bunlar da sahmana düşəcəkdir. Bilirsiniz, keçid dövrü ki deyirik, bunun bir çox xəstəlikləri var. Bir xəstəlik ayrı-ayrı siyasətbazların meydana çıxması və siyasət aləmində yeri olmayan adamların gəlib böyük bir siyasi vəzifə tutmasıdır. Bir xəstəlik iqtisadiyyatımızda olan xəstəliklərdir. İndi bazar iqtisadiyyatına keçir, özəlləşdirmə aparırıq, insanların psixologiyasında dəyişiklik olmalıdır. Bu da bir xəstəlik dövrüdür. Bunlar hamısı təbiidir. Bu da keçəcəkdir.

Bilirsiniz, respublikaya həqiqətən rəhbərlik etmək üçün təkcə istək, iddia azdır. Gərək biləsən, - sənin biliyin, bacarığın, elmin, savadın buna çatır, yoxsa yox? İkincisi, bunun üçün sənin iradən, xarakterin varmı? Üçüncüsü, sənin təcrübən, idarəçilik təcrübən varmı? Bilirsiniz, Azərbaycanın bu keçid dövründə idarəçilik təcrübəsi olmayan adam Azərbaycana rəhbərlik edə bilməz. Nəinki rəhbərlik edə bilməz, rəhbər vəzifədə ola bilməz. Bunu bütün başqa respublikaların təcrübəsi də göstərir, Avropadakı ölkələrin təcrübəsi də göstərir, keçmiş Sovet İttifaqında olan ölkələrin təcrübəsi də göstərir. Bunları düşünmək lazımdır. Əgər bunlar doğrudan da varsa, sən qabağa gəl. Amma bunlar yoxdursa, bir sənin ambisiyan var, bir də istəyirsən necə olur-olsun hakimiyyətə gələsən. Nədən ötrü hakimiyyətə gəlmək istədiyini özün də bilmirsən. Amma bir az dərindən baxsan, məlum olur nədən ötrü gəlirsən - hakimiyyətin verdiyi imkanlardan öz şəxsi məqsədin üçün istifadə etməkdən ötrü. Başqa bir şey yoxdur. Belələri, əlbəttə ki, gəlib alternativ ola bilməzlər. Alternativ olacaqlar, amma həqiqətən ola bilməzlər.

Bizim sizinlə vəzifəmiz ondan ibarətdir ki, cəmiyyətimizdə dəyərli insanları tapıb üzə  çıxaraq və inkişaf etdirək. Ən əsas xüsusiyyətlərdən biri də ondan ibarətdir ki, bu işə girmək istəyən adamlar gərək mənəvi cəhətdən sağlam olsunlar. Mənəvi cəhətdən sağlam olmayan adam böyük dövlət işi ilə məşğul ola bilməz. Mən bunu keçən illərdə də görmüşəm. Bilirsiniz ki, mənim həyatım çoxillikdir, təcrübəm də çoxdur. Çoxlarını  görmüşəm, vaxtilə çoxlarını  sınamışam. Mənəvi cəhətdən möhkəm olmayan, saf, təmiz olmayan adam böyük dövlət işində işləyə bilməz.

Ona görə də mən hesab edirəm ki, qarşıdan gələn oktyabr ayında Azərbaycanda prezident seçkilərinin demokratik, ədalətli, sərbəst keçirilməsi üçün bütün şərait yaradılacaqdır. Arzusunda olan adamlar gəlib bu seçkidə iştirak edə bilərlər və bu işə yararlı olub-olmamasından asılı olmayaraq, əvvəlcədən, nə təhər deyərlər, heç kəsə damğa vurulmayacaq ki, sən yararlısan, yaxud yararsız. Seçki qanununun şərtlərinə uyğun olaraq kim daxil ola bilirsə, gəlib bu seçkidə iştirak edəcəkdir. Xalq da öz sözünü deyəcəkdir. Bizim Azərbaycanda yaxşı bir söz var: xalqın gözü tərəzidir. Hesab edirəm ki, oktyabr ayında bu tərəzi çox dəqiq işləyəcəkdir.

Mən sizə çox təşəkkür edirəm ki, gördüyüm  işləri qiymətləndirirsiniz və mənə dəstək verirsiniz. Bilirsiniz, böyük  siyasətlə  məşğul olan, xüsusən dövlət başında olan bir adam daim xalqın dəstəyini hiss etməli  və xalqın rəyi ilə hesablaşmalıdır. Biliyimə, bacarığıma, təcrübəmə, səriştəmə görə mən nə qədər böyük imkanlara malik insan olsam da, daim cəmiyyətin, xalqın rəyi ilə hesablaşmışam, hesablaşıram və həmişə hesablaşacağam. Xalqın dəstəyi də mənə həmişə çox ruh verir.

Mən bu gün şəhərdən buraya gələrkən bir çox yerlərdə qurban kəsildi. Rayonların vətəndaşları, sakinləri bayram münasibətilə yola çıxmışdılar, məni salamlayırdılar. Bunların hamısında məni ən çox sevindirən səmimilikdir.Bilirsiniz, süni şeylər tez görünür və süni işlərə  girişmək lazım  deyildir. Mən süni şeylər istəmirəm. Amma xalqın səmimi münasibəti mənim üçün çox əhəmiyyətlidir. Xalqın, cəmiyyətin tam əksəriyyətinin mənə  olan səmimi, xoş münasibətini daim hiss edirəm. Bu, mənə daha da güc-qüvvət verir və gecə-gündüz çalışmaq üçün məni ruhlandırır.

Bilirsiniz ki, mənim həyatım gecə-gündüz işləməkdir, başqa bir şey yoxdur. İşləyirəm nə üçün - xalqımızı daha da yaxşı  günlərə çıxarmaq üçün. Əmin olun ki, xalqımız daha da yaxşı günlərə çıxacaqdır. Bizim apardığımız iqtisadi siyasət, dünyanın böyük neft şirkətləri ilə imzaladığımız müqavilələr və ümumiyyətlə dünya iqtisadiyyatı ilə sıx inteqrasiya olmağımız, insanlara sərbəstlik verilməsi, sahibkarlığın, şəxsi mülkiyyətin yaranması respublikanın iqtisadi həyatını tamamilə dəyişdirir. Bunu özünüz görürsünüz. Ona görə də mən tam  ümidvaram ki, bir neçə il keçəcək, Azərbaycanın iqtisadi, sosial vəziyyəti çox yaxşılaşacaqdır. Mənim də məqsədim ondan ibarətdir ki, birinci, buna nail olum, bunu təmin edim, ikinci də o günləri özümüz görək. Güman edirəm ki, sizinlə birlikdə biz o günləri görəcəyik.

Mən Qurban bayramı münasibətilə sizi bir daha təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun, salamat qalın. 
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.