Müqəddəs Ramazan bayramı münasibətilə açılmış iftar süfrəsində nitqi
Qafqaz Müsəlmanları İdarəsinin İqamətgahı
11 noyabr 2004-cü il
Hörmətli şeyx həzrətləri!
Hörmətli qonaqlar!
Əziz dostlar!
Ramazan bayramı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Azərbaycan xalqı bütün dövrlərdə bu müqəddəs bayramı qeyd edir. Ancaq təbii ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra bu bayram rəsmi bayram kimi qeyd olunmağa başladı. Bu, çox gözəl bayramdır. Mən əminəm ki, bu bayram Azərbaycan xalqını, Azərbaycanda yaşayan bütün xalqları birləşdirəcək, bizim həmrəyliyimizi daha da gücləndirəcəkdir. Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik, bu dəyərləri qoruyuruq, saxlayırıq, ənənələri yaşadırıq və bizim gücümüz də bundadır.
Azərbaycanın çox zəngin tarixi var, çox böyük nailiyyətləri var. Milli-mənəvi dəyərləri, ənənələri var. Bu ənənələr, bu dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün vacibdir və hər bir Azərbaycan vətəndaşının gələcəyi, inkişafı üçün böyük rol oynayır.
Azərbaycanda dövlət və din arasında bütün dövrlərdə çox gözəl münasibətlər olmuşdur. Xüsusilə, son on il ərzində bu münasibətlər daha da güclənmişdir. Bunun səbəblərindən biri də odur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevi və Şeyx həzrətlərini birləşdirən dostluq münasibətləri çox güclü idi. O cümlədən bu münasibətlərə görə də hesab edirəm ki, Azərbaycanda, ümumiyyətlə, din ilə dövlət arasında əlaqələr çox yüksək səviyyədədir. Bu ənənə yaşayır, bütün sahələrdə olduğu kimi, Azərbaycanda bu sahədə də Heydər Əliyev siyasəti davam etdirilir.
Hesab edirəm ki, Azərbaycan xalqına xas olan dözümlülük, tolerantlıq müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biridir. Azərbaycanda heç vaxt milli, dini, etnik zəmində qarşıdurma olmamışdır, ayrı-seçkilik olmamışdır və bundan sonra da olmayacaqdır. Bu, bizim siyasətimizin əsas prioritet istiqamətlərindən biridir. Azərbaycan xalqının gücü, Azərbaycanın xoşbəxt gələcəyi bunu tələb edir. Tələb edir ki, millətindən, dinindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları bir ailədə yaşasınlar, bir-birimizə daim kömək edək və bir-birimizi zənginləşdirək.
Azərbaycan dövlətində yaşayan bütün insanlar bizim üçün əzizdir. Azərbaycanda hökm sürən bu gözəl ab-hava, bu mühit, hesab edirəm ki, nadir mühitdir. Mən tam əminliklə deyə bilərəm ki, bizdə bu məsələdə olan vəziyyət başqa ölkələr üçün də yaxşı örnək ola bilər. Azərbaycanda bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Biz öz keçmişimizi, tarixi irsimizi daha da dərindən öyrənəcəyik. Eyni zamanda, Azərbaycandakı bütün başqa millətlər, xalqlar Azərbaycanda rahat, sərbəst yaşayacaqlar, bütün bu hüquqlardan bundan sonra da istifadə edəcəklər. Azərbaycanda son il ərzində bu yönümdə də mühüm addımlar atılmışdır və Heydər Əliyev siyasəti bu istiqamətdə də inkişaf etdirilmişdir.
Şeyx həzrətləri burada qeyd etdi, mən buraya gələrkən dedim ki, bir il necə tez keçdi. Həqiqətən, bir il bundan əvvəl burada buna bənzər görüş keçirilmişdi. O vaxt Prezident seçkilərindən bir ay ötmüşdü. Əlbəttə, demək çətin idi ki, Azərbaycan necə inkişaf edəcək, Azərbaycanı nələr gözləyir, Azərbaycanın yeni rəhbərliyi vəzifənin öhdəsindən necə gələcəkdir. Əlbəttə, ölkə Prezidenti kimi, Heydər Əliyevin siyasi xəttinin davamçısı kimi mənim üçün çox vacib idi ki, Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı nəzərdə tutulmuş proqramları qiymətləndirsin, dəstəkləsin və bizim səsimizə səs versin.
Mən bu dəstəyi prezident seçkiləri zamanı hiss etdim. O cümlədən, dindarlar tərəfindən. Azərbaycanın bütün dindarlarına bu münasibətlə, mənə göstərdikləri dəstəyə görə, seçkilərdə verdikləri səslərə görə bir daha öz minnətdarlığımı bildirirəm. Çox vacib idi ki, Prezident seçilməyimdən sonra birinci il ərzində Azərbaycan daha da inamla, uğurla inkişaf etsin. Bu gün çox şadam ki, nəzərdə tutulmuş bütün vəzifələr yerinə yetirilir. Hesab edirəm ki, görülmüş bütün tədbirlər Azərbaycanın gələcəyi üçün böyük zəmin yaradır.
Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, Azərbaycan xalqı rahat, sərbəst yaşayır, maddi rifah yaxşılaşır. Görülmüş tədbirlərin nəticəsində insanlarımızın real pul gəlirləri, əmək haqları, pensiyaları artırılır. İqtisadi inkişaf baxımından ölkə çox böyük addım atmışdır və həm iqtisadi göstəricilər, eyni zamanda, reallıq, real həyat bunu göstərir.
Azərbaycan beynəlxalq səviyyədə öz mövqelərini möhkəmləndiribdir. Beynəlxalq təşkilatlarla əlaqələrimiz daha da səmərəli qurulubdur. Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın mövqeyinin dəstəklənməsi daha da çox hiss olunur.
Azərbaycanın ən ağrılı probleminin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində mühüm addımlar atılıbdır. Sizə deyə bilərəm ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi daha da möhkəmlənibdir. Azərbaycanın haqlı olması faktı artıq daha da geniş qəbul edilir. Bu, bizə imkan verir ki, öz haqlı tələblərimizi daha da böyük qətiyyətlə ortaya qoyaq və bunu edirik. Biz bütün fürsətlərdən istifadə edib Ermənistanın işğalçı mahiyyətini ifşa edirik və beynəlxalq aləmdən də tələb edirik ki, bu məsələ ədalətli, beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın.
Mən iki gün bundan əvvəl bölgələrə ənənəvi səfər etmişdim, cənub bölgəsində olmuşdum. Mən seçkilərdən əvvəl də cənub bölgəsində oldum. Bir il keçəndən sonra istəyirdim ki, gedən prosesləri özüm öz gözlərimlə müşahidə edim və görülən işlərə baxım. Çox şadam ki, cənub bölgəsində işlər yaxşı gedir. Orada görülən işlər, xüsusilə yeni iş yerlərinin açılması istiqamətində atılan addımlar məni çox sevindirir.
Burada qeyd olundu ki, Azərbaycanda bütün sahələrdə inkişaf var. Məscidlər, zavodlar, məktəblər, xəstəxanalar tikilir, bir sözlə, Azərbaycan cəmiyyətinin bütün təbəqələri bu inkişafdan fayda görməlidir. Hər bir Azərbaycan vətəndaşı gündəlik həyatında hiss etməlidir ki, onun həyatında müsbət dəyişiklik baş verir.
Əlbəttə, problemlər də çoxdur. Azərbaycanda əhalinin böyük hissəsi hələ ki, yoxsulluq şəraitində yaşayır. Hələ ki, işsizlik bizim üçün böyük problemdir. Amma o da faktdır ki, son bir il ərzində görülən işlərin nəticəsində müsbət meyillər daha da güclənir. Bu, onu göstərir ki, biz düz yoldayıq, düz istiqamətdə irəliləyirik. Görülən bu işlərin əsasında Azərbaycanda həyata keçirilən Heydər Əliyev siyasəti durur. Bu siyasət ölkəmizi 1993-cü ildə xaosdan, anarxiyadan, bəladan, vətəndaş müharibəsindən qurtardı. Bu siyasət Azərbaycanı inkişaf etdirdi, tərəqqi yoluna qoydu. Bu gün bu siyasət bizə imkan verir və gələcəkdə də imkan verəcək ki, zəngin, qüdrətli dövlət yaradaq. Azərbaycan xalqı daha da yaxşı yaşasın, Azərbaycan xalqının rifah halı daha da yaxşılaşsın. Bir sözlə, ölkəmiz həm beynəlxalq müstəvidə, eyni zamanda, ölkə daxilində daha da möhkəmlənsin, xalqımız daha da yaxşı yaşasın.
Xatırlayıram, keçən il Şeyx həzrətləri mənə müraciət etdi və dedi, biz Sizi dəvət edirik ki, gələn il də gələsiniz. Əlbəttə, mən də dedim ki, gələcəyəm və bu gün də buradayam. Əminəm ki, indi Şeyx həzrətlərindən bir daha dəvət alacağam. Gələn il də gələcəyəm.
Əziz dostlar, mən sizin hamınızı bir daha salamlayıram. Qarşıdan gələn Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.