Bakıda dünya dini liderlərinin sammitinin açılış mərasimində çıxışı
Bakı, “Gülüstan” sarayı
26 aprel 2010-cu il
Hörmətli şeyx həzrətləri!
Hörmətli zati-müqəddəsləri!
Hörmətli din xadimləri!
Xanımlar və cənablar!
Əziz qonaqlar!
Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Dünya dini liderlərinin Bakı sammiti çox böyük əhəmiyyətə malik olan bir hadisədir. Təsadüfi deyildir ki, bu görüş məhz Bakıda keçirilir. Bakıda dünya dini liderlərinin görüşləri artıq ənənəvi xarakter almışdır. Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, müxtəlif dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində, bir ailə kimi yaşamışlar. Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli bir tarixi vardır. Biz çox şadıq ki, son vaxtlar Bakıda sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə böyük töhfə verən mötəbər beynəlxalq tədbirlər keçirilir. Biz keçən ilin noyabr ayında dini dialoqun gücləndirilməsi üçün böyük tədbir keçirmişdik. Azərbaycanın böyük dostu, zati-müqəddəsləri, Moskva və Bütün Rusiyanın patriarxı Kirill bu gün olduğu kimi, o tədbirdə də iştirak etmişdir. Bu, çox böyük və gözəl göstəricidir. Bu gün bütün dinlərin nümayəndələrinin, rəhbərlərinin Azərbaycana gəlməsi, dünən, bu gün və sabah birlikdə keçirilən və keçiriləcək müzakirələrdə iştirak etmələri böyük əhəmiyyətə malik olan bir hadisədir.
Mən şübhə etmirəm ki, bu gözəl görüşün çox gözəl nəticələri olacaq, dinlər, millətlər və ölkələr arasında daha da yaxşı anlaşmanın əldə edilməsinə xidmət göstərəcəkdir. Buna böyük ehtiyac vardır. Bir daha vurğulamaq istəyirəm ki, biz Bakının, Azərbaycanın dinlərarası dialoqun bir növ mərkəzinə çevrilməsinə də çox böyük ümidlərlə baxırıq. Bir tərəfdən, bunu Azərbaycanda dini və milli zəmində vəziyyətin çox yaxşı olmasının təzahürü kimi qiymətləndiririk. Bu, bizim üçün böyük şərəfdir. Digər tərəfdən, dinlərarası dialoqun praktiki nöqteyi-nəzərdən gücləndirilməsi işinə Azərbaycan öz töhfəsini verə bilər, verir və verməyə davam edəcəkdir.
Azərbaycan Avropa ilə Asiya arasında təbii bir körpüdür. Əsrlər boyu bu diyarda müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi yaşamışlar. Bu gün Azərbaycanın müasir həyatında da bu iki vacib amil özünü göstərir. İyirmi ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür. On ilə yaxındır ki, Azərbaycan Avropa Şurasının üzvüdür. İslam bizim müqəddəs dinimizdir. Biz öz dini və milli ənənələrimizə çox sadiqik. Çalışırıq ki, gənc nəsil də vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alsın. Eyni zamanda, Azərbaycan bütün dünyaya açıq olan, bütün ölkələrlə əməkdaşlığa meyilli ölkədir.
Keçən il Bakı islam mədəniyyətinin paytaxtı seçilmişdi və bir il ərzində bununla əlaqədar çoxsaylı tədbirlər keçirilmişdir. Mən keçən dəfə də söyləmişdim, bu gün də söyləmək istəyirəm və ümid edirəm ki, gün gələcək, Bakı Avropa mədəniyyətinin də paytaxtı seçiləcəkdir. Beləliklə, Azərbaycan Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin inkişafı işinə daha da böyük töhfə verəcəkdir.
Qeyd etdiyim kimi, əsrlər boyu Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşamışlar, ölkəmizin inkişafına öz dəyərli töhfələrini vermişlər. Bu gün də bu proses uğurla davam edir. Azərbaycanda bütün azadlıqlar mövcud olduğu kimi, dini azadlıqlar da tam şəkildə təmin edilir. Azərbaycanda gündəlik fəaliyyət göstərən mindən çox məscid mövcuddur. On bir kilsə, altı sinaqoq və digər dini məbədlər fəaliyyət göstərir. Bu, bizi gücləndirir.
Ölkənin gücü təkcə onun iqtisadi imkanları ilə ölçülmür. Baxmayaraq ki, Azərbaycanda bu istiqamətdə də böyük uğurlar əldə edilmişdir. Bizim gücümüz birliyimizdədir, Azərbaycanda hökm sürən sabitliyin möhkəmlənməsindədir, dini və milli sülhün mövcudluğundadır. Bu amillər ölkəmizi gücləndirir. Bu amillər ölkəmizi gələcəkdə də hərtərəfli inkişaf etdirmək üçün bizə kömək göstərəcəkdir.
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Biz milli dəyərlərimizə çox sadiqik. Ümumbəşəri dəyərləri bölüşürük. Eyni zamanda, əlbəttə ki, ölkədə gedən ümumi meyillər ölkənin müasirləşməsinə, modernləşməsinə xidmət göstərəcəkdir.
Bu gün Azərbaycanda işləmək və yaşamaq üçün bütün şərait mövcuddur: sabit ictimai-siyasi vəziyyət, artan iqtisadi imkanlar, bütün azadlıqların mövcudluğu, vətəndaş cəmiyyətinin formalaşması. Son 6 il ərzində ölkəmiz iqtisadi inkişaf baxımından dünyada birinciliyi saxlayır. İqtisadiyyatımız son altı ildə 2,8 dəfə, təxminən 300 faiz artmışdır. Ölkədə köklü sosial problemlər öz həllini tapmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı altı il ərzində 49 faizdən 11 faizə düşmüşdür. Bu onu göstərir ki, ölkəyə gələn maddi resurslar ədalətli şəkildə bölünür. Sosial ədalət bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə ki, ədalət, sosial ədalət hər bir dində yüksək yerə malik olan bir anlayışdır. Ədalət olmadan insanlar razı ola bilməzlər. Ən böyük faciələrdən biri də məhz ədalətsizlikdir. Ədalətsizliyin aradan qaldırılması, ölkələr, xalqlar arasında daha da yaxşı münasibətlərin qurulması üçün dini liderlərin birgə fəaliyyəti çox böyük əhəmiyyətə malik olan məsələdir. Biz Azərbaycanda istəyirik ki, bölgəmizdə sülh, əməkdaşlıq təmin olunsun, heç bir qarşıdurma, heç bir ədavət olmasın. Azərbaycan dövləti regional əməkdaşlıq baxımından öz töhfəsini verir.
Mən ümid edirəm ki, dünya dini liderlərinin birgə fəaliyyəti nəticəsində, dünən, bu gün və sabah qəbul olunmuş və qəbul olunacaq qərarların icrası nəticəsində həm xalqlararası münasibətlər daha da yüksək səviyyəyə qalxacaq, eyni zamanda, bölgəmiz və dünyamız daha da əmniyyətli olacaqdır. Biz elə etməliyik ki, bütün münaqişələr tezliklə öz həllini tapsın. Elə etməliyik ki, insanlar bir-biri ilə xoş, mehriban ünsiyyətdə olsunlar. Bu işdə təkcə siyasətçilərin fəaliyyəti kifayət ola bilməz. Cəmiyyətdə yüksək hörmətə malik olan dini liderlərin sözünə böyük ehtiyac vardır. Bu söz eşidilir. Bu gün Bakıdan səslənən sözlər, verilən bəyanatlar əlbəttə ki, dünyada da geniş əks-səda yaratmışdır.
Baxmayaraq ki, bu görüşdə müxtəlif mövzular haqqında fikir mübadiləsi aparılacaq, bu gün bütün dini konfessiyaların nümayəndələrinin bir masa arxasında oturması özlüyündə böyük bir hadisədir. Dünən mənə verilən məlumata görə, Təzəpir məscidində çox gözəl görüş keçirilmişdir. Bütün dinlərin nümayəndələri bir-birinin sözlərinə qulaq asırdılar, fikir mübadiləsi aparırdılar. Əlbəttə ki, bu gün də açıq, səmimi fikir mübadiləsi üçün çox gözəl şərait yaradılacaqdır.
Bununla bərabər, müzakirələrin mövzusunun biri də qloballaşma ilə bağlı olan məsələlərdir. Bu, əlbəttə ki, dünya üçün nisbətən yeni bir mövzudur. Ancaq çox sürətlə yayılan bir prosesdir. Əlbəttə ki, hər bir ölkə, hər bir xalq öz milli, mənəvi dəyərlərinin qorunması üçün öz tədbirlərini görməlidir.
Azərbaycan müasir, müasirləşən, dünya birliyinə sürətlə qovuşan ölkədir. Baxmayaraq ki, bizim dini, milli ənənələrimiz çox güclüdür, Azərbaycan dünyəvi dövlətdir. Təbii ki, qloballaşma prosesləri bizdən də yan keçə bilməz. Sadəcə olaraq, mən hesab edirəm, biz elə etməliyik ki, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmayaq. Biz milli dəyərlərimizə sadiq olmalıyıq. Hər bir ölkə, hər bir xalq üçün onun milli dəyərləri hər şeydən üstün olmalıdır. Bu dəyərlər, müxtəlif xalqların dəyərləri bir-biri ilə ziddiyyət təşkil etməməlidir. Ona görə biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, dostluğu nəzərdə tuturuq. Qloballaşma adı altında xalqlara zidd olan, milli mentalitetə xas olmayan dəyərlər aşılanmamalıdır. Hər halda biz buna hazır olmalıyıq ki, milli mənliyimizi qoruyaq.
Azərbaycan xalqı böyük tarixə malik olan bir xalqdır. Ancaq müstəqillik dövrümüz o qədər də uzun deyildir. Baxmayaraq ki, əvvəlki dövrlərdə Azərbaycan müstəqil ölkə kimi yaşamırdı, biz öz milli dəyərlərimizi, ənənələrimizi qoruya bilmişik. Elə etməliyik ki, qloballaşmaya qarşı bəzi dairələrdə olan şübhələr ərisin, bu şübhələr aradan götürülsün. Bunu etmək üçün, əlbəttə, bütün dünya birliyi bu məsələ ilə bağlı yəqin ki, öz fikrini bildirməlidir. Bu anlayışa müəyyən düzəlişlər edilməlidir.
Biz öz milli və dini dəyərlərimizə sadiqik. Biz gənc nəsli vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək istəyirik və bunu edirik. Eyni zamanda, biz müasirliyə doğru uğurla addımlayırıq. Təhsil sahəsində böyük islahatlar aparılır. Əminəm, bu gözəl fürsət hər bir iştirakçıya imkan verəcək ki, öz fikirlərini səmimi, açıq şəkildə bildirsin. Bu fikir mübadiləsi bizi zənginləşdirəcəkdir. Eyni zamanda, əminəm ki, açıq və səmimi fikir mübadiləsi mövcud olan problemlərin də müəyyən dərəcədə aradan qaldırılması üçün gözəl bir fürsət olacaqdır.
Mən bir daha bütün görüş iştirakçılarını səmimiyyətlə salamlayıram. Bir daha Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm. Sammitin işinə uğurlar arzulamaq istəyirəm. Ümid etmək istəyirəm ki, gələcəkdə də Bakıda, Azərbaycanda belə mötəbər, tədbirlər keçiriləcək və Bakı haqlı olaraq dünya dinlərinin dialoqu, inkişafı üçün dünya mərkəzlərindən birinə çevriləcəkdir. Diqqətinizə görə sağ olun.
“Xalq qəzeti”.- 2010.- 27 aprel.- N 89.- S.1-2.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.