Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin Bakıdakı diplomatları ilə görüşdə söhbəti
Prezident sarayı
27 dekabr 2000-ci il
H e y d ə r Ə l i y e v: Mən bu bayram günü sizi narahat etmək istəmirdim. Amma mənə məlumat verildi ki, bu bayramı keçirən müsəlman ölkələrinin səfirləri mənimlə görüşmək, məni təbrik etmək istəyirlər. Mən buna çox şad oldum. Çünki bu bayramla əlaqədar sizinlə birinci dəfə görüşürük. Azərbaycanda böyük islam dininə etiqad göstərən xalqların, ölkələrin səfirləri vardır. Azərbaycan da uzun illərin dini məhrumiyyətindən qurtarıbdır. Xalqımız indi sərbəstdir, azaddır və dini bayramları da keçirir. Mən şübhə etmirəm ki, sizin hər biriniz, yəni səfirlər Ramazan ayında oruc tutublar, ac qalıblar, dini adətlərə riayət ediblər və bu gün bayram edirlər.
Mən sizin ölkələrin, dövlətlərin başçılarına Ramazan bayramı münasibətilə təbriklərimi göndərmişəm, amma bu fürsətdən istifadə edərək, sizin hər birinizi Ramazan bayramı münasibətilə bir daha təbrik edirəm. Eyni zamanda ölkələrinizi, xalqlarınızı bu bayram münasibətilə ürəkdən təbrik edirəm.
Mənə verilən məlumatlara görə, indi Azərbaycanda Ramazan ayının adətlərinə riayət edənlər, yəni oruc tutanlar bəlkə də bir çox ölkələrdə olduğundan çoxdur. Bu da müsbət haldır. Demək, Azərbaycanda biz tarixi, mənəvi, dini ənənələrimizi bərpa edirik.
Burada səfirlər var ki, onların ölkələrində kommunist ideologiyası olmayıbdır. Amma elə səfirlər də vardır ki, onlar bizimlə birlikdə Sovetlər İttifaqının tərkibində yaşayıblar. O illər bu ölkələrdə dinin əleyhinə təbliğat gedirdi O vaxt belə bir söz vardı ki, din xalq üçün tiryəkdir. Bu, Marksın sözləridir. Ona görə də 70 il təbliğ ediblər ki, əgər dinlə məşğul olsanız, demək, tiryək çəkəcəksiniz. Yəqin bunu o mənada deyiblər ki, insanları qorxutsunlar. Necə ki, insanlar narkotik maddələrdən, tiryəkdən bihuş olur, sonra xəstələnir, dindən də belə xəstələnə bilər. Ancaq din insanların əksəriyyətinin qəlbində yaşayıbdır. Əlbəttə ki, Azərbaycanda gənc nəslin çox hissəsi dindən uzaq olubdur, amma dinə etiqad nəsildən-nəslə keçibdir.
İndi isə biz müstəqil dövlət olandan sonra dini adət və ənənələrimizin hamısı bərpa olunur. O cümlədən Ramazan bayramımız da bərpa olunmuşdur. Biz də Azərbaycanda həm Ramazan ayını keçiririk, həm də bu gün bayram edirik. Doğrudur, biz bir gün bayram edirik, amma bəzi ölkələrdə 3–4 gün bayram edirlər. Mən çox məmnunam ki, sizinlə görüşürəm və bayramı qeyd edirik.
Mən Ramazan ayının müsəlmanlar üçün nə qədər əhəmiyyətli olması barədə danışmaq istəmirəm. Bunu siz məndən yaxşı bilirsiniz. Bir də qeyd etmək istəyirəm ki, Azərbaycanda bu bayram öz yerini tutubdur. Sizi Ramazan bayramı münasibətilə bir daha təbrik edirəm. Mənim sizə deyəcəklərim budur.
Q ə d r i E c v e t T e z c a n (Türkiyənin Azərbaycandakı səfiri): Cənab Prezident, mən bizim dinimizin ən qiymətli bayramı olan Ramazan bayramı münasibətilə müsəlman ölkələrinin – Liviya, Özbəkistan, Pakistan, Misir, Səudiyyə Ərəbistanı, İran, İraq, Türkmənistan, Qazaxıstan və Türkiyənin səfirləri adından Sizi təbrik edir və bizi qəbul etdiyinizə görə öz minnətdarlığımızı bildirirəm.
Cənab Prezident, bu bayram başqa əlamətdar günə təsadüf etmişdir. Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Eyni zamanda qarşıdan Yeni il gəlir. İcazə versəydiniz, mən bütün bunlarla bağlı Sizi və bizim üçün çox dəyərli olan Azərbaycan xalqını təbrik etmək istəyirəm.
Siz çox dərin və mənalı fikirlər söylədiniz. Həqiqətən, bizim dinimizdə Ramazan ayının, bu bayramın xüsusi yeri vardır. Əgər kimin imkanı varsa, səhhəti buna yol verirsə, Ramazan ayında oruc tutmaq insana iki mənada çox böyük fayda verir. Bunun birincisi, insanın dünyada ən çətin olan hallardan biri ilə, öz nəfsi ilə mübarizə aparmasıdır. İkincisi isə, dünyada kasıb insanların nə vəziyyətdə olduqlarını başa düşməkdir.
Amma bizim dinimiz, sadəcə, mərasimlərdən ibarət deyildir. Bizim dinimiz ürəkdədir. Düşünürəm ki, təkcə bizim dinimizdə Allahla bəndə arasında heç bir elçiyə ehtiyac yoxdur. Dinimiz insanlara o qədər sevgi, məhəbbət, hörmət bəsləyən bir dindir ki, bütün ömrümüzü etiqad etmədən keçirsək belə, son nəfəsimizdə kəlmeyi-şəhadətimizi deməklə, bütün digər müsəlmanların sahib olduqları savablardan yararlanmaq imkanı əldə etmiş oluruq. Cənab Prezident, bir olan Allah dünyada bütün insanların birliyini, onların yaşaması üçün bütün nemətləri istər.
İslam dininin gözəl bir tərəfi də budur ki, həmişə insan sevgisindən, rifahından, dinlərin dözümlülüyündən – tolerantlığından danışır. Biz hamımız bilirik və Siz də öz nitqlərinizdə dəfələrlə demisiniz ki, Azərbaycan gənc dövlətdir. Amma Azərbaycan xalqında, azərbaycanlılarda qədim olan bir xüsusiyyət vardır. Bu da insanların bütün dinlərə dözümlülüyü, tolerantlığı, insanlara xoş arzularıdır.
Bu gün hamımız bilirik ki, Azərbaycanda yaşayanlar təkcə müsəlmanlar deyildir. Burada yəhudilər də, xristianlar da yaşamaqdadırlar. Amma onların hamısı eyni şəraitdə, bir-birinə hörmət etməklə, Sizin başçılıq etdiyiniz məmləkətdə əmin-amanlıq və sakitlik içərisində yaşamaqdadırlar.
Cənab Prezident, Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, digər müsəlman ölkələri də dünyəvi dövlətlərdir. Yəni bizdə din və siyasət bir-birindən ayrıdır. Amma insanlar dinsiz yaşaya bilməzlər. Din insanları birləşdirən, böyüyün kiçiyə, kiçiyin böyüyə hörmətlə, ehtiramla yanaşmasını öyrədən ən önəmli amildir.
Cənab Prezident, Siz qeyd etdiniz ki, sovetlər dövründə din tiryək hesab edilmiş, belə təbliğ olunmuşdur. Əgər dinin insanlara nə səbəbə göndərildiyini daxilən, həqiqi mənada başa düşməsək, ondan kənara çıxmağa, yəni fanatikliyə, radikallığa yol versək, cəhd etsək, bu, doğrudan da insanları yolundan azdırar, mədəniyyətdən, tərəqqidən, xoşbəxtliklərdən – bütün nemətlərdən təcrid edər. Bu mənada dindən danışmaq istəyən bəlkə də ilahiyyatçı olmalıdır. Hər kəsin bu barədə danışması ilə din düzgün yolla gedə bilməz. Heç bir din insanlara əzab vermək üçün yaradılmamışdır. Bu dinlərin də ən gözəli mənim, Sizin və burada əyləşən insanların dinidir. Burada 8 milyon azərbaycanlı, dünyada isə bir milyard müsəlman bu dinə etiqad edir.
Cənab Prezident, mən dünyanın çox yerində olmuşam. Amma Sizin qədər gözəl nitqə malik bir prezidentin yanında danışmaq mənim üçün çətindir.
Cənab Prezident, sözümün sonunda arzum budur ki, ev-eşiklərindən didərgin düşmüş Azərbaycan vətəndaşları gələcəkdə bu bayramı öz doğma yurdlarında, ev-obasında keçirsinlər. Allah onlara bu günü nəsib etsin.
Cənab Prezident, qarşıdakı minillikdə insanlara uğurlar, sülh, rifah, əmin-amanlıq şəraitində yaşamağı arzulayıram. Bizi qəbul etdiyinizə görə zati-alinizə bir daha təşəkkür edir, Azərbaycan xalqına layiq olduğu xoş günlər, rifah və əmin-amanlıq diləyirəm. Sağ olun.
H e y d ə r Ə l i y e v: Hörmətli səfir, təşəkkür edirəm. Siz bu bayramın fəlsəfəsini çox dərindən izah etdiniz. İslam dininin dəyərləri haqqında mühüm fikirlər söylədiniz. Mən bunların hamısı ilə tam razıyam. Güman edirəm ki, hamımız razıyıq. Azərbaycan xalqına arzularınıza görə sizə təşəkkür edirəm. Sağ olun.
Ə h ə d Q ə z a i (İran İslam Respublikasının səfiri): Cənab Prezident, mən də Azərbaycan xalqının Ramazan bayramını təbrik edirəm. Bizi qəbul etdiyinizə görə Sizə öz təşəkkürümü bildirirəm. Səfir həmkarlarıma da bu görüşə göstərdikləri marağa görə öz razılığımı bildirirəm. Bu gün islam ölkələrinin səfirlərini qəbul etməyinizi bu ölkələrə, onlarla əməkdaşlığa göstərdiyiniz diqqət və qayğı kimi dəyərləndiririk. Dünya Azərbaycana müsəlman ölkəsi kimi baxır və dəstəkləyir. İslam Konfransı Təşkilatı iclaslarının qərarları göstərdi ki, bu təşkilata üzv olan ölkələr Azərbaycanla bir yerdədirlər. Qətərdə keçirilmiş sonuncu iclasın qəbul etdiyi qərarın üç bəndi Azərbaycan haqqında idi. Bu bəndlərin birincisində konfrans Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəklədi və ona tərəfdar olduğunu bildirdi. İkinci bənd Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad olunması, üçüncüsü isə, Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə tarixi və mədəni abidələrin qorunması barədə idi. Hər halda, Azərbaycanın müstəqil ölkə kimi islam aləminə daxil olmasının əhəmiyyəti böyükdür.
Dünən Ramazan bayramı münasibətilə müsəlmanlara, Azərbaycan xalqına Sizin çox ətraflı, dərin mənalı müraciətiniz oldu. Bu müraciətdə əsas müddəalar odur ki, Azərbaycan xalqında vətənpərvərlik, vətənə sədaqət hissləri yüksəlsin, islam dininə etiqad artsın, dini dəyərlər qorunsun, müstəqillik əbədi olsun. Bunların hamısı islam əqidəsinə uyğundur. İslam bu dəyərlərə, belə nəsihət və təlim-tərbiyəyə istinad edir, əsaslanır. Siz də öz müraciətinizdə bunları vurğuladınız, Azərbaycan xalqından bunu tələb etdiniz.
Türkiyə səfiri də burada islam dəyərləri barədə geniş və mənalı söhbət etdi.
Cənab Prezident, bizi qəbul etdiyinizə görə yenə də Sizə təşəkkür edirəm. Sizə cansağlığı, Azərbaycan xalqına firavanlıq, asayiş və səadət, işğal olunmuş ərazilərin azad edilməsini, qaçqın və köçkünlərin doğma yurdlarına qayıtmasını, bu bayramı gələcəkdə öz ev-eşiklərində keçirmələrini arzula-yıram.
H e y d ə r Ə l i y e v: Hörmətli səfir, təbriklərinizə, dostluq münasibətinizə və xoş sözlərinizə görə sizə təşəkkür edirəm. Eyni zamanda İslam Konfransı Təşkilatının bir müddət bundan öncə Tehranda keçirdiyi konfransda, yenə də bu yaxınlarda Qətərdə keçirdiyi konfransda Azərbaycanı dəstəkləməsi haqqında dediyiniz fikirlər tamamilə doğrudur və bizim üçün böyük mənəvi dayaqdır.
Sizə onu çatdırmaq istəyirəm ki, Ermənistanın Azərbaycana etdiyi təcavüz bütün günü mənim gözümün qarşısındadır. Çünki Ermənistan Azərbaycana hərbi təcavüz edib, respublikamızın torpaqlarının 20 faizini işğal edibdir. Bir milyondan artıq vətəndaşımız yerindən-yurdundan didərgin düşübdür. Ancaq biz bir çox beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT-də toplaşarkən belə qərarların çıxarılmasına nail ola bilmirik. Doğrudur, 1992–1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz, təcili bu torpaqlardan çıxarılması haqqında qətnamələr qəbul edibdir. Ancaq təəssüflər olsun ki, bu qətnamələr indiyə qədər yerinə yetirilməyibdir, Ermənistan bunlara məhəl qoymur və Birləşmiş Millətlər Təşkilatı da həmin qərarların həyata keçirilməsində acizlik göstərir.
Bütün müsəlman dövlətlərinin daxil olduğu İslam Konfransı Təşkilatı mənim iştirak etdiyim toplantılarda – həm Mərakeşdə, həm də İranda, habelə Qətərdə daim bizi dəstəkləmiş, Azərbaycanın vəziyyəti ilə əlaqədar ardıcıl mövqe tutmuş və yekdillik göstərmiş, Ermənistanın təcavüzkar olması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qərarlar çıxarmışdır.
İslam ölkələrinin birliyini nümayiş etdirən bir mühüm faktı da qeyd etmək istəyirəm. Birləşmiş Millətlər Təşkilatının son sessiyasında Birləşmiş Millətlər Təşkilatı ilə ATƏT arasında əməkdaşlıq barədə qətnamənin layihəsində Dağlıq Qarabağın Azərbaycana məxsus olması barəsindəki sözlər yox idi.
Biz bundan çox narahat olduq. Ona görə də bizim həm ABŞ-dakı səfirimiz, həm də BMT-dəki nümayəndəmiz mənim göstərişimlə bu işlərlə ciddi məşğul oldular. Məlumat verdilər ki, ATƏT-in Minsk qrupunun həmsədrləri guya Ermənistan–Azərbaycan prezidentlərinin bilavasitə görüşlər keçirdiyi zaman bu cümlənin oraya salınmasını münasib bilməyiblər. Mən buna etiraz etdim. Minsk qrupunun həmsədrləri bu otaqda mənimlə görüşə gəlmişdilər, mən onlara etirazımı çox ciddi şəkildə bildirdim. Onlar öz mövqelərini dəyişdilər və həmin sənəddə Dağlıq Qarabağın Azərbaycana məxsus olması barədə fikir əvvəlki illərdə olduğu kimi saxlandı. Onlar bu sənədin qəbul olunmasına səs verdilər. Ancaq bu düzəlişin qəbul olunmasının həllini müsəlman dövlətlərinin nümayəndələrinin hamısının verdiyi səslə hesablayırlar. Eyni zamanda qeyd etməliyəm ki, az da olsa, bir neçə islam dövləti, keçən ildən fərqli olaraq, nədənsə bu düzəlişə Azərbaycanın xeyrinə səs verməkdən imtina etmişlər. Halbuki keçən illərdə onlar bizim xeyrimizə səs vermişdilər. Təbiidir ki, biz bunu araşdıracağıq, səbəblərini öyrənəcəyik.
Yenə də deyirəm, müsəlman dövlətlərinin əksəriyyəti həmrəylik, birlik göstərmiş, Azərbaycanın bu problemi haqqındakı vacib fikirlərin sənəddə bərpa olunmasını özlərinin birliyi ilə təmin etmişlər.
Bütün bunları xatırlayaraq, bir daha onu demək istəyirəm ki, bizim islam dininə müxsus olan xalqlarımız, dövlətlərimiz bir çox hallarda birlik, həmrəylik nümayiş etdirirlər və bu da hər bir islam ölkəsinin sabit nailiyyətlərə çatmasına kömək edir.
Mən arzu edərdim ki, bu birlik, həmrəylik daimi, əbədi olsun. Bu da islam dövlətlərinin, xalqlarının gələcək inkişafı üçün əsas şərtlərdən biridir.
Mən bu fürsətdən istifadə edib sizin hamınızı qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm. Dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bu bizim üçün çox əziz gündür. Siz də bizim dostlarımızsınız. Yəqin bu günü də unutmayacaqsınız. Bizim hər birimiz, yəni hər bir müsəlman dövləti, xalqı XXI əsrə, üçüncü minilliyə müstəqil, azad bir dövlət kimi, xalq kimi daxil oluruq. Arzu edirəm ki, müstəqilliyimiz, milli azadlığımız daimi və əbədi olsun.
Hər birinizə və sizin şəxsinizdə ölkələrinizin vətəndaşlarına, dövlətlərinizə Yeni il salamlarımı çatdırıram. Yeni ildə hər birinizə cansağlığı, səadət və xalqlarınıza, ölkələrinizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. Sağ olun.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.