Heydər Əliyev Fondunda görkəmli şərqşünas alim Aida İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabının təqdimatına və Heydər Əliyev Fondun prezidenti Mehriban Əliyevaya İSESCO-nun Xoşməramlı səfiri adının verilməsinə həsr edilmiş mərasimdə çıxışı

Bakı şəhəri
23 noyabr 2006-cı il

Hörmətli cənab baş direktor! 
Hörmətli xanımlar və cənablar! 

Əziz qonaqlar! Sizi Heydər Əliyev Fondunda salamlayıram. Sizləri Fondumuzda görməyə çox şadam. Xoşməramlı səfir kimi yüksək ada layiq görüldüyümə görə İslam Ölkələri, Təhsil, Elm və Mədəniyyət Təşkilatına və cənab Əbdüləziz Osman əl-Tuveycri, şəxsən sizə öz dərin minnətdarlığımı bildirirəm. 

İSESCO kimi hörmətli bir təşkilat tərəfindən fəaliyyətimin belə yüksək qiymətləndirilməsi mənim üçün böyük şərəfdir. 

Dünyanın 57 ölkəsini birləşdirən İSESCO çox nəcib bir missiyanı həyata keçirir. Təşkilatın başlıca məqsədi dünya ölkələrinin elm, təhsil və mədəniyyət sahələrində əlaqələrinin yaradılması və xalqlararası dialoqun qurulmasıdır. Bu isə, öz növbəsində sülhün, təhlükəsizliyin və əmin-amanlığın təminatıdır. İslam Ölkələri, Təhsil, Elm və Mədəniyyət Təşkilatı fəaliyyət göstərdiyi 24 il ərzində çox böyük işlər görüb, böyük uğurlar əldə edibdir. Müsəlman ölkələrində elmin, təhsilin və mədəniyyətin inkişafı üçün irimiqyaslı layihələr, proqramlar həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, İSESCO öz fəaliyyətini sırf müsəlman ölkələri ilə məhdudlaşdırmır. Dünyada elə ölkələr, elə dövlətlər var ki, onların əhalisinin tərkibində müsəlmanların ümumi sayı 30, 20 və hətta 10 faizdir. Lakin İSESCO bu ölkələrlə də çox sıx əməkdaşlıq edir, elmin, mədəniyyətin və təhsilin inkişafı üçün proqramlar hazırlayır, kreditlər, qrantlar ayırır. 

İSESCO-nun fəaliyyətinin digər çox mühüm istiqaməti islam dünyasının zəngin tarixi irsinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir. Bu gün müharibə ilə üzləşmiş müsəlman dövlətlərinin olması bu fəaliyyətə xüsusi önəm verir. İraqda müharibə zamanı dini abidələrin dağıdılmasına dair təşkilatın verdiyi bəyanatı biz çox yüksək qiymətləndiririk. Bildiyiniz kimi, bu gün Azərbaycanın da ərazisinin 20 faizi işğal altındadır. Bu torpaqlarda yüzlərlə mədəniyyət, tarix abidələri və dini abidələr var idi. İndi bütün bunlar işğalçılar tərəfindən vəhşicəsinə dağıdılıbdır. Biz bu faktları, bu reallıqları dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırırıq. Bu yolda İSESCO-nun və ümumən İslam Konfransı Təşkilatının dəstəyini çox yüksək qiymətləndiririk.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra islam ölkələri ilə çox sıx əlaqələr qurur, çox gözəl əməkdaşlıq edir və ölkələrimizi birləşdirən İslam Konfransı Təşkilatının fəal üzvüdür. Bildiyiniz kimi, bu il ölkəmizdə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin xarici işlər nazirlərinin sammiti keçirilmişdir. Daha sonra müsəlman ölkələrinin turizm nazirlərinin görüşü keçirildi. Bu il Azərbaycanın təşəbbüsü ilə İslam Konfransı Təşkilatının gənclər forumu yaradıldı. Bütün bunlar ölkəmizin islam aləmi ilə, müsəlman dövlətləri ilə əməkdaşlığının möhkəmlənməsinə çox böyük diqqət göstərdiyini sübut edir. 

Hazırda İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə Heydər Əliyev Fondu arasında əməkdaşlıq üçün çox geniş imkanlar var. Bildiyiniz kimi, Heydər Əliyev Fondu yaradılan vaxtdan elmin və təhsilin inkişafını, milli mədəni irsimizin qorunmasını fəaliyyətinin əsas prioritet istiqaməti kimi müəyyən etmişdir. Qısa zaman ərzində biz bir çox layihələr həyata keçirmişik, uğurlar əldə etmişik. "Yeniləşən Azərbaycana yeni məktəb", "İnternat məktəbləri və uşaq evlərinin inkişafı", "Görmə qabiliyyətini itirən və zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" və sair layihələr artıq həyata keçirilib və bu gün biz onların konkret nəticələrini görə bilirik. Ölkəmizdə iki il ərzində Fondun təşəbbüsü ilə 180-dən çox yeni məktəb inşa olunub, ən müasir avadanlıqla təmin olunub. Hər bir məktəbdə kompyuter sinfi var. 29 internat məktəbində və uşaq evində əsaslı təmir aparılıb, onların maddi-texniki bazası yeniləşdirilmişdir. Görmə qabiliyyəti zəif olan insanlar üçün yeni tədris mərkəzi yaradılıbdır. Mərkəzə dünyada mövcud olan ən müasir kompyuter sistemləri gətirilib, müəllimlərlə treninqlər keçirilibdir.

Biz öz fəaliyyətimizdə milli mədəni irsimizin qorunmasına çox diqqətlə yanaşırıq. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun təşəbbüsü və YUNESKO-nun dəstəyi ilə paytaxtımızda Beynəlxalq Muğam Mərkəzi inşa olunur. Mən deyə bilərəm ki, bu bina paytaxtımızın ən gözəl yerində, dənizkənarı Milli parkda tikilir. Bir neçə tarixi və dini abidə – Cavad xan məqbərəsi, Pir Həsən ziyarətgahı, Mövsüm Səlim və Həzrəti Zeynəb məscidləri bərpa olunubdur.

Eyni zamanda, Heydər Əliyev Fondu dünyanın bir sıra elmi mərkəzləri ilə çox sıx əməkdaşlıq edir. Biz bir il ərzində Fondumuzda bir neçə beynəlxalq konfrans keçirmişik. YUNESKO ilə birlikdə "YUNESKO-Azərbaycan: gələcəyə körpü" adlı konfrans Bakıda və Parisdə keçirilib və təhsildə olan islahatlara həsr edilibdir. 

Bakıda Vaşinqton Akademiyası ilə birlikdə "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda 1-ci beynəlxalq konfransı, Latın Mədəniyyət Akademiyası ilə birlikdə "Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan – sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzusunda XIII beynəlxalq konfrans keçirilmişdir. Bütün bu tədbirlərə dünya şöhrətli alimləri dəvət edirik və ölkəmizdə olan reallıqları, həqiqətləri onlara çatdırmağa çalışırıq. Bu da, öz növbəsində, dünyada Azərbaycanın həqiqi imicinin formalaşmasında böyük rol oynayır. 

Heydər Əliyev Fondu İSESCO-nun və YUNESKO-nun prinsiplərinə əsaslanaraq hesab edir ki, çətinliklərlə üzləşmiş digər dövlətlərə və xalqlara da kömək etmək çox vacibdir. Məhz buna görə Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə ümumtəhsil məktəbi inşa olunur. 

Bir sözlə, dediyim kimi, İSESCO ilə Heydər Əliyev Fondu arasında əməkdaşlıq üçün çox gözəl, çox geniş imkanlar var. Mən inanıram ki, gələcəkdə biz birlikdə bir sıra böyük layihələr həyata keçirəcəyik. 

Hörmətli qonaqlar, bu gün mənim üçün ikiqat sevindirici gündür. Çünki bu gün biz görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın ərəb dilində nəşr olunmuş "Yeni ərəb ədəbiyyatının korifeyləri" kitabının təqdimat mərasimini keçiririk. Bu kitab İSESCO-nun təşəbbüsü ilə ərəb dilinə tərcümə olunub və nəşr edilibdir. Mən bu təşəbbüsə görə İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatına, şəxsən cənab baş direktora dərin minnətdarlığımı bildirirəm. 

Aida xanım unudulmaz bir şəxsiyyət idi. O, qısa, amma çox parlaq və xoşbəxt həyat yaşamışdır. Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirmişdi. Yüksək savadlı, ziyalı, vətənpərvər, prinsipial bir alim, eyni zamanda çox zərif, çox gözəl, bütün sevgisini ailəsinə bağışlayan, hər zaman ürəkdən kömək göstərməyə hazır olan bir qadın idi. Aida xanımın bütün elmi yaradıcılığı Azərbaycan ilə Şərq dünyası arasında əlaqələrin qurulub möhkəmlənməsinə yönəldilmişdir. Eyni zamanda, o, Azərbaycan elminin düşüncələrinin, fəlsəfəsinin islam aləmində yayılmasına nail olmuşdur. Bu gün müstəqil Azərbaycanda demək olar ki, Aida xanımın bütün arzuları artıq reallıqdır və respublikamız müsəlman ölkələri, islam dünyası ilə nəinki elmi, mədəni əlaqələr, həm də ən yüksək səviyyədə iqtisadi, siyasi əlaqələr qurubdur. Bütün bu sahələrdə Aida xanımın məktəbinin yetirmələrini, onun davamçılarını görürük. Ona görə Aida xanımın arzuları, onun elmi irsi bu gün də yaşayır və dövlətimizə xidmət edir. 

Mən bu təşəbbüsə görə İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatına və şəxsən cənab baş direktora bir daha dərin minnətdarlığımı bildirirəm. 

Sonda mənim haqqımda, fəaliyyətim haqqında deyilən ürək sözlərinə görə sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Heydər Əliyev Fondu ilə İSESCO-nun dostluq və birlik naminə gələcək fəaliyyəti daha da uğurlu olacaqdır. Mən sizə cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram. Çox sağ olun. 


 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.