“İslam sivilizasiyasi Qafqazda” mövzusunda beynəlxalq simpoziumun iştirakçılarının böyük bir qrupu ilə görüşdə çıxışı
Prezident sarayı
10 dekabr 1998-ci il
Mən böyük bir elmi toplantının, simpoziumun keçirilməsi və uğurla başa çatması münasibətilə sizi bir daha təbrik edirəm. Hesab edirəm ki, siz hamınız birlikdə çox dəyərli iş görmüsünüz. Ancaq bir daha bunu qeyd etmək istəyirəm ki, bu işin əsasını mənim İstanbulda, İslam Konfransı Təşkilatının Elmi Araşdırmalar Mərkəzində görüşüm qoyubdur. Mən o vaxt orada görülən işlər haqqında müəyyən məlumat alandan sonra və bizim hörmətli dostumuz Ekmələddin İhsanoğlu ilə ətraflı danışıqlar aparandan sonra bu təklifi, yəni mənə verilən təklifi, - bu təşəbbüs bizdən deyil, bunu da etiraf etməliyəm, - qəbul etdim. Məmnunam ki, bu, artıq reallaşdı və simpozium keçirildi.
Mən hesab edirəm ki, bununla böyük bir işin əsası qoyulubdur. İslam sivilizasiyası dünyanın böyük bir hissəsini əhatə edir. Onlardan bir qismi islamın yarandığı ərazi və demək olar ki, islamın mərkəzidir. Digər hissəsi ərəb ölkələri və Yaxın, Orta şərq ölkələridir ki, burada islam dini həmişə yaşayıb, həmişə inkişaf edibdir. Hətta bir çox ölkələrdə islam dini hakimiyyətin də əsasını təşkil edir, dövlətlər islam dövləti adını daşıyırlar və dövlət quruluşunda islam prinsipləri əsas götürülür.
İslamın mövcud olduğu başqa ölkələr isə keçmişdə Sovetlər İttifaqına mənsub olmuş ölkələrdir. Bu, ölkələr daha əvvəl Rusiyanın, yəni çar imperiyasının tərkibində olublar. Çar Rusiyası dağılandan sonra isə inqilab nəticəsində sovet hakimiyyəti yarandıqdan sonra bu ölkələr Sovetlər İttifaqının tərkibində olublar. Sovetlər İttifaqı dağılandan sonra bu ölkələr öz dövlət müstəqilliyini əldə ediblər və öz dinlərini bərpa etməyə başlayıblar. Bu ölkələrin bir qismi, o cümlədən Azərbaycan, Mərkəzi Asiyada yerləşən ölkələr, məsələn, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan müstəqil dövlətlərdir. Bir qismi isə Rusiya Federasiyasının tərkibindədir. Bunlar Şimali Qafqaz respublikaları, Rusiya ərazisinin başqa yerlərində yerləşən Tatarıstan, Başqırdıstan və islam dininə itaət edən insanların yaşadıqları başqa respublikalar, yaxud da vilayətlərdir.
İslama itaət edənlərin başqa bir qismi isə Avropa ölkələrində mövcud olan dövlətlərdədir – Türkiyə Cümhuriyyəti, Albaniya, Bosniya-Herseqovina və başqa yerlər də islam dininə mənsub olan əhalinin ölkələri, dövlətləridir.
Bunları deməklə mən onu bildirmək istəyirəm ki, islam dünyanın bir çox ölkələrində mövcud olduğu halda, hər bir bölgənin özünəməxsus xüsusiyyəti var. Əgər biz, ümumiyyətlə, islamşünaslıqla dərindən məşğul olmaq istəyiriksə və islam sivilizasiyasının bəşər mədəniyyətinə verdiyi töhfələri dünyaya daha da nümayiş etdirmək istəyiriksə və islamın müasir həyatda rolunu daha düzgün müəyyən etmək istəyiriksə, dünyanın hər bir bölgəsinin xüsusiyyətini nəzərə almalıyıq.
Şübhəsiz ki, mən bütün dünyadakı islam ölkələri haqqında söz demək istəmirəm. Ancaq biz artıq üç gündür ki, Qafqaz haqqında müzakirə aparırıq. Bu barədə mən öz fikirlərimi simpoziumun açılışında bildirdim. Onlara əlavə olaraq bu gün demək istəyirəm ki, Azərbaycan həm əhalisinin sayına görə, həm ərazisinin sahəsinə görə, həm də islamı qəbul etmək tarixinə görə Qafqazda ən böyük ölkədir. Mən artıq dedim ki, bizim fikrimizcə, Qafqazda islam islamın mərkəzindən, Azərbaycan ərazisindən keçərək Şimala yayılıbdır. Ona görə də mən istərdim ki, iki gün bundan öncə deyilən fikir reallaşsın ki, Azərbaycanı Qafqazda islam sivilizasiyasının tarixi, keçmişi və bu günü ilə əlaqədar bir tədqiqat, araşdırma mərkəzi etmək olar.
Türkiyədə – İstanbulda görülən işlər qlobal xarakter daşıyır. Azərbaycan isə Qafqazda bunun bir hissəsi ola bilər. Məsələn, Qafqazı götürsək, Qafqaza bağlı olan, islam dininə itaət edən böyük ölkələr bir tərəfdən Türkiyədir, digər tərəfdən İran. Azərbaycan qədimdən islamı qəbul edərək həm İranla, həm Türkiyə ilə çox sıx əlaqədə olubdur. Şübhəsiz ki, islamın mərkəzi ilə – Məkkə və Mədinə ilə, Bağdadla, Kərbəla ilə, islam dininin başqa mərkəzləri ilə də tarixən əlaqədar olubdur.
Ancaq həm coğrafi nöqteyi-nəzərdən, həm də o dediyim amilləri nəzərə alaraq, mən hesab edirəm ki, Azərbaycan burada mühüm rol oynaya bilər. Mən sizin qərarınızı dəstəkləyirəm ki, bu simpozium Azərbaycanda davam etsin. Gü¬man edirəm, müəyyən müddətdən sonra ikinci Bakı simpoziumunu hazırlayıb keçirmək olar. Ancaq bu simpoziuma gərək Qafqazda olan digər ölkələrdən də nümayəndələr gəlsin. Biz islam sivilizasiyasının Qafqazda yayılmasına dair simpozium keçirdik. Ancaq Şimali Qafqaz ölkələrindən bilavasitə bizim bu simpoziumda nümayəndə yoxdur. Doğrudur, Rusiyanın nümayəndələri var, Şimali Qafqaz da Rusiya Federasiyasına daxildir. Ancaq Şimali Qafqazda olan respublikalarda – Dağıstan, Çeçenistan, İnquşetiya, Kabarda-Balkar, Qaraçay-Çərkəz, Adıgey, Osetiya – islam dini çox inkişaf edibdir. Bunlar hamısı Qafqaza məxsusdur, Qafqaz ərazisindədir. Ona görə də gələcəkdə bizim araşdırmalarımızın daha da hərtərəfli olması üçün və bütün Qafqazı əhatə etməsi üçün bu respublikaları da buraya cəlb etmək lazımdır.
Qafqazda üç müstəqil dövlət var. Rusiya Federasiyası Şimali Qafqazı əhatə edir. Amma Cənubi Qafqazda üç müstəqil dövlət var – Azərbaycan, Gürcüstan, Ermənistan. Azərbaycan tam islam dininə itaət edən əhalidən ibarətdir. Gürcüstanda 500 mindən artıq azərbaycanlı yaşayır, bunlar müsəlmanlardır. Bilirsiniz ki, Gürcüstanın bir hissəsində – Acarıstanda müsəlman olan gürcülər də var. Onlar islam dininə çox yüksək əhəmiyyət verirlər. Bu da Qafqazdır.
İndi Ermənistan adlanan ərazidən islamın bütün üzvləri təəssüflər olsun ki, silinibdir. Yəni o ərazidə qədim zamanlardan müsəlmanlar, azərbaycanlılar yaşamışlar. Mən bildiyimə görə, - bunu siz daha da dəqiq deyə bilərsiniz, - Azərbaycanda islam qəbul edilən zaman, demək olar ki, Azərbaycanın bütün ərazisində qəbul olunubdur. İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir. Əgər Qafqazda islam sivilizasiyası haqqında danışırıqsa, həqiqəti demək lazımdır.
Mən güman etmirəm ki, o torpaqlardan islam əbədi olaraq silinibdir, - mən belə hesab etmirəm. İslam harada olubsa, ora bir də gələcəkdir. Mən buna inanıram. İnanıram ki, o yerlərin sahibləri – müsəlmanlar, azərbaycanlılar oraya qayıdacaqlar. Ona görə o yerləri islamın xəritəsindən heç vaxt silmək olmaz.
Azərbaycana gəldikdə isə, hesab edirəm, Azərbaycan Qafqazda bütün dinlərin bir-biri ilə mehriban əlaqələrdə yaşadığı bir ölkədir. Biz bununla fəxr edirik. Məsələn, Qafqazda olan Ermənistandan əgər bütün başqa millətlər, dinlər qovulub çıxarılıbsa, - təkcə müsəlmanlar yox, artıq orada yəhudilər də yoxdur, erməni millətindən başqa və xristianlığın erməniyə mənsub olan qolundan savayı başqa bir millət, din yoxdur, - erməni şovinizmi, erməni ekstremizmi buna illər, əsrlər boyu nail olmağa çalışıbdır. Onlar öz ölkəsini monomilli ölkə etməklə fəxr edirlər.
Biz belə siyasətin əleyhinəyik. Biz nəinki belə siyasəti qəbul edə bilmərik, buna tərəfdar çıxa bilmərik, buna tam ziddik, bunun əleyhinəyik. Allah-təala insanları harada yaradıbsa, onlar orada da yaşamalıdırlar. İnsanlar öz iradələri, öz arzuları ilə hansı dini qəbul edirlərsə, o dinə itaət etməlidirlər. Demək, onlar məskunlaşdıqları yerdə yaşamalı, öz dinlərini də qoruyub saxlamalıdırlar.
Azərbaycanda yəhudilər 2500 ildir yaşayırlar, indi də yaşayırlar. Xristian dini Azərbaycanda əsrlər boyu olub, bu gün də var. Azərbaycanda müsəlman məscidləri ilə yanaşı, pravoslav xristian kilsələri də, yəhudi sinaqoqları da var. İnsanlar hərə öz iradəsi ilə öz mənəviyyatını istədiyi kimi ifadə edir. Hesab edirəm ki, bu, Azərbaycanın Qafqazda və xüsusən Cənubi Qafqazda üstünlüyüdür. Mən hesab edirəm ki, bütün bunlara görə Azərbaycan Qafqazda İslam sivilizasiyası problemi ilə əlaqədar elmi tədqiqatlar, araşdırmalar mərkəzinə çevrilə bilər.
Bir amili, bir məsələni də qeyd etmək istəyirəm. O da ondan ibarətdir ki, - bunu simpoziumda da hamınız dediniz, mən də bu fikirləri söylədim ki, - biz heç vaxt islamı donmuş vəziyyətdə saxlamaq istəmirik. Dünya inkişafdadır, insan cəmiyyəti inkişafdadır, bəşəriyyət inkişafdadır. Belə olan halda islam donub əvvəlki vəziyyətində qala bilməz. Bu heç də hansısa bir dinin köklərinə, yaxud onun qoyduğu yola, ənənələrinə müxalifət deyildir. Əksinə, dünyaya gələn hər yeni nəsil öz köklərini daha da gücləndirməlidir. Elə etməlidir ki, o köklər daim qidalansın, inkişaf etsin, şaxələnsin, donmuş vəziyyətdə qalmasın və çürüməsin. Biz hər şeyə belə münasibət göstərməliyik və güman edirəm ki, islama da belə münasibət göstərməliyik.
Siz Azərbaycanda olduğunuz günlərdə hiss etdiniz – Azərbaycan islam mədəniyyətinin, islam milli-mənəvi ənənələrinin ümumbəşəri mənəvi dəyərlərlə vəhdətindən doğulan bugünkü Azərbaycandır. Bunu siz gördünüz. Azərbaycan gələcəyə də bu yolla gedəcəkdir. Biz dünyanın tərəqqisindən kənarda qala bilmərik. Dünya xalqlarının tərəqqi yolu ilə müsəlmanlar da getməlidirlər, o cümlədən azərbaycanlılar da getməlidirlər. Kim bir balaca ləngiyirsə, o, sıradan çıxır. Azərbaycan bu siyasəti aparır, bu yolla gedir. Biz Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quraraq, öz milli-mənəvi, dini dəyərlərimizlə birləşdirərək Azərbaycanı inkişaf etdirdik. Güman edirəm, bunlar hamısı əsas verir ki, Azərbaycan bir mərkəz statusu alsın. Elədir, ya yox?
Siz bu günlərdə yəqin ki, Bakı ilə tanış oldunuz, gördünüz. Azərbaycanda tarixə, keçmişə böyük hörmət var. Bunun əlamətlərindən biri də Azərbaycanda, o cümlədən onun paytaxtı Bakıda tarixi şəxsiyyətlərə qoyulan, onları əbədiləşdirən heykəllər, abidələrdir. Simpoziumun başlanğıc günü biz danışırdıq ki, Azərbaycanın dahi şəxsiyyətləri islam mədəniyyətinin, sivilizasiyanın inkişafında böyük xidmətlər göstəriblər. Nizaminin, Füzulinin, Nəsiminin adları çəkildi. Siz Nizaminin abidəsini də, Füzulinin abidəsini də, Nəsiminin abidəsini də gördünüz. İslam aləminin, Azərbaycan mədəniyyətinin bu üç dahi insanı Azərbaycan xalqının qəlbindədir. Baxmayaraq ki, onların yaşadıqları dövrdən indiyə qədər çox əsrlər keçibdir, Azərbaycanda Nizami adı daşıyan nə qədər insanlar var, nə qədər Füzuli adı daşıyanlar var, nə qədər Nəsimi adı daşıyanlar var. Biz hesab etmirik ki, Nizami, Füzuli, Nəsimi yalnız azərbaycanlılara məxsusdur. Onlar Azərbaycan çərçivəsindən elə yaşadıqları zaman çıxıblar. Sonrakı dövrlərdə isə onların əsərləri o qədər geniş yayılıbdır ki, onlar ümumbəşəri olublar və xüsusən bütün islam aləminə mənsub insanlardır. Onların xidmətlərinə verilən böyük qiymət və XX əsrin ikinci yarısında, - mən bunu xüsusi qeyd edirəm, - bu şəxsiyyətlərin xidmətlərinə verilən böyük qiymət və onların adlarının, xidmətlərinin əbədiləşdirilməsi, əsərlərinin nəşr edilib geniş yayılması və təbliğ olunması, Bakının ən gözəl meydanlarında onların abidələrinin, heykəllərinin ucaldılması bizim həm tariximizə, həm şerimizə, həm mədəniyyətimizə, həm də islam sivilizasiyasına olan sədaqətimizin əlamətidir.
Bəlkə də dünyada Azərbaycan kimi belə bir ölkə tapmaq çətindir. Bəziləri hətta gəlib Bakını, Azərbaycanı görəndən sonra təəccüb edirlər ki, burada nə qədər çox şair, yazıçı olub ki, bu qədər heykəl var. Həqiqətən Azərbaycan bu barədə zəngin bir ölkədir, Azərbaycan xalqı zəngin xalqdır. Ancaq onu da qeyd etmək lazımdır ki, Azərbaycanın bugünkü nəsilləri, yəni XX əsrdə yaşayan nəsilləri öz tarixinə, keçmişinə, milli-mənəvi ənənələrinə çox böyük hörmət göstəriblər və göstərirlər. Bu heykəllər, abidələr məhz belə bir münasibətin nəticəsidir.
Təkcə Nizami, Füzuli, Nəsimi deyil, başqa böyük şəxsiyyətlər də islam sivilizasiyasını inkişaf etdirməkdə xidmət göstərmişlər. Bunlar hamısı kiçik bir ərazidə olan Azərbaycana məxsusdur. Azərbaycan özündə bu qədər böyük, zəngin sərvətləri qoruyub saxlayıbdır. Mən çox arzu edirdim ki, siz elmi müzakirələrlə yanaşı, Azərbaycanla, Bakı ilə tanış olasınız. Bilmirəm, Elçin Əfəndiyev bunu təmin edə bilib, ya bilməyibdir.
Mən sizə əlavə olaraq bu fikirləri çatdırmaq istəyirdim. Əgər mənim bu fikirlərim gələcəkdə bizim ümumi işimizi irəliyə apara biləcəksə, mən bundan çox məmnun olacağam. Sizi bir daha təbrik edirəm. Gələcək işlərinizdə uğurlar, hər birinizə cansağlığı, səadət arzulayıram. Ölkələrinizə, xalqlarınıza tərəqqi arzulayıram. Sağ olun.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.