Azərbaycan Respublikasına İqtisadi Yardım Haqqında 10/33-E saylı qətnamə
19 iyun 2006
İKT Xarici İşlər Nazirlərinin 33-cü sessiyası
İKT Xarici İşlər Nazirlərinin Azərbaycan Respublikasının Bakı şəhərində keçirilən 19-21 iyun 2006-cı il tarixli 33-cü sessiyası,
İKT-nin 7-8 dekabr 2005-ci il 3-cü Fövqəladə Məkkə zirvə görüşünün On İllik Fəaliyyət Proqramını xatırladaraq,
İKT dövlət və hökumət başçılarının X Zirvə Toplantısının qəbul etdiyi 21/10-E saylı Qətnaməni xatırladaraq,
Eləcə də, İKT Xarici İşlər Nazirlərinin XXXII Konfransının qəbul etdiyi 10/32-E saylı qətnaməni xatırladaraq,
Ölkənin tarixindəki təhlükəli dövr və böhran vəziyyətində İKT üzvü olan dövlətlərin Azərbaycan hökuməti və xalqı ilə tamamilə həmrəyliyini təsdiq edərək,
BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar müvafiq qətnamələrinə istinad edərək,
Ermənistanın Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində apardığı, təqribən 20%-dək ərazinin işğalı və bu təcavüz, insan hüquqlarının kobud şəkildə pozulması və qəddarlıqla həyata keçirilən hücumlar nəticəsində 1 milyon Azərbaycan xalqı övladının öz doğma yurdlarından zorla qovulması ilə müşayiət olunan təcavüzkar əməllərini pisləyərək,
Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycana dəymiş iqtisadi zərərin həcminin 60 mlrd. ABŞ dollara olduğunu nəzərə alaraq,
Bir sıra İKT üzv dövlətlərinin və müvafiq qurumların, BMT təsisatlarının, beynəlxalq təşkilatların təqdim etdiyi yardımı alqışladığını ifadə edərək,
Eləcə də Baş Katibin məruzəsini nəzərə alaraq:
- Üzv dövlətləri və islam qurumlarını Azərbaycan xalqının əzablarını yüngülləşdirmək məqsədi ilə Azərbaycan hökumətinə lazımi iqtisadi və humanitar yardım göstərməyə çağırır.
- Beynəlxalq təşkilatları Azərbaycanı təxirəsalınmaz maliyyə və humanitar yardım ilə təmin etməyi davam etdirməyə dəvət edir.
- Baş Katibdən bu Qətnamənin yerinə yetirilməsinə nəzarət etməsini və bu barədə İKT Xarici İşlər Nazirlərinin XXXIV Konfransına hesabat verməsini xahiş edir.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.