İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun Daimi qərargahının təntənəli açılış mərasimində nitqi

3 sentyabr 2006-cı il 

Hörmətli Türkiyə Böyük Millət Məclisinin sədri! 
Hörmətli baş nazirlər! 
Əziz qonaqlar, xanımlar və cənablar! 

İlk növbədə, qardaşım, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana məni Gənclər Forumunun açılış mərasiminə dəvət etdiyinə görə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Doğma Türkiyədə yenidən olmağımdan çox böyük məmnunluq hissi keçirirəm. 

Mən buraya gələrkən ay yarım bundan əvvəl Türkiyədə baş vermiş buna bənzər mərasimi xatırladım. Ay yarım bundan əvvəl biz İstanbulda, boğazda və ondan sonra Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsini bərabər qeyd edirdik. Bu gün isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun açılış mərasimini qeyd edirik. Bəlkə də bu iki hadisə arasında bilavasitə bağlantı yoxdur. Ancaq mən hesab edirəm ki, iki hadisənin qısa müddət ərzində baş verməsi çox böyük rəmzi xarakter daşıyır. 

Bakı-Tbilisi-Ceyhan neft boru xəttinin fəaliyyətə başlaması bizim iqtisadi gücümüzü, bölgədəki mövqelərimizi daha da möhkəmləndirəcəkdir. Bizi bir-birimizə daha da sıx bağlayacaq və nəticədə ölkələrimizin iqtisadi və siyasi çəkisi artacaqdır. İslam Konfransı Təşkilatı Gənclər Forumunun uğurlu fəaliyyəti, eyni zamanda, humanitar sahədə bizim mövqelərimizi daha da möhkəm edəcəkdir. Sirr deyil ki, möhkəm iqtisadiyyat, güclü potensial hər bir işin görülməsi üçün əsas şərtdir və möhkəm zəmindir. Bu gözəl möhkəm zəmində biz maddi dəyərləri insani dəyərlərə çevirməliyik. Bu baxımdan İslam Konfransı Təşkilatı Gənclər Forumunun fəaliyyətə başlaması çox böyük əhəmiyyət kəsb edir və hesab edirəm ki, bu, müsəlman aləmində son illər ərzində baş vermiş hadisələrdən çox önəmlisidir. 

Təşkilat fəaliyyətə çox uğurla başlamışdır. Qısa müddət ərzində bütün təşkilati məsələlər öz həllini tapmış və artıq Gənclər Forumu çox fəal işlərə başlamışdır. Bu gün forumun fəaliyyəti və gələcək planları haqqında burada kifayət qədər söhbət açıldı. Çox gözəl proqramlar var, planlar var. Mən şübhə etmirəm ki, bütün planlar həyata keçiriləcəkdir. Bununla bərabər, qeyd etmək istəyirəm ki, müsəlman gənclərinin birgə fəaliyyəti bizim gələcəyimiz üçün də çox önəmli əhəmiyyət daşıyan məsələdir. 

İslam Konfransı Təşkilatına üzv olan ölkələrin əhalisinin böyük hissəsini gənclər təşkil edir. Gənclər cəmiyyətin ən fəal təbəqəsidir və böyük qüvvədir. Bizim ölkələrimizin gənclərinin indidən bir-biri ilə təmasda olması, əlbəttə ki, gələcəkdə fəaliyyətimizi daha da yüksək pilləyə gətirib çıxaracaqdır. İslam həmrəyliyinin möhkəmlənməsinə çox mühüm töhfəsini verəcəkdir. Biz özümüzü dünyaya daha da geniş şəkildə, olduğumuz kimi təqdim etməliyik. Bəzi hallarda islam ölkələri və islam dini haqqında dünyada çox yanlış və deyə bilərəm ki, təhlükəli rəylər formalaşdırılır. Biz belə cəhdlərin bəzən bilərəkdən, bəzi hallarda bilməyərəkdən edildiyini müşahidə edirik, amma bu, faktdır. Biz özümüzü təqdim etməliyik, dünyaya nümayiş etdirməliyik ki, islam dini sülh dinidir. İslamı heç vaxt terrorla eyniləşdirmək olmaz. Terrora biz məruz qalmışıq. 

Azərbaycanda 1990-cı illərin əvvəllərində erməni terrorist təşkilatları tərəfindən 30-dan yuxarı terror aktı törədilmişdir və onların nəticəsində 2 mindən çox günahsız insan həlak olmuşdur. Azərbaycan uzun illərdir ki, Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. İşğal olunmuş torpaqlarda bizim bütün tarixi abidələrimiz dağıdılıbdır. Məscidlərimiz, məktəblərimiz, tarixi binalarımız yerlə-yeksan edilibdir. Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Azərbaycana qarşı təcavüz nəticəsində torpaqlarımızın 20 faizi işğal altında qalır və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın-köçkün şəraitində yaşayır. Bütün bunlar reallıqdır, faktlardır. Biz həmişə terrora məruz qalmış tərəfik. Biz istəyirik ki, ədaləti bərpa edək. İstəyirik ki, ərazi bütövlüyümüzü bərpa edək və buna nail olacağıq. Çünki beynəlxalq hüquq normaları, haqq-ədalət bizim tərəfimizdədir. Biz daha da fəal olmalıyıq, bütün imkanlardan istifadə etməliyik. Siyasi, iqtisadi, diplomatik, bütün başqa imkanlardan istifadə edib ədaləti bərpa etməliyik. Bu işlərdə gənclərin rolu çox böyükdür. 

Mən böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, artıq qısa müddət ərzində Gənclər Forumunun təşəbbüsü ilə Qarabağ münaqişəsinə dair kitab çapdan çıxmışdır və ilk dəfə olaraq, ərəb dilinə də tərcümə edilmişdir. Yəni, bu, onu göstərir ki, Forumun fəaliyyəti artıq praktik nəticələrə gətirir. Bu, çox təqdirəlayiq bir hadisədir. Bütövlükdə, gənclərin təşkilatlanması, maarifləndirilməsi bütün islam dünyası üçün çox böyük önəmli məsələdir. Bizim gənclərimiz dünyada gedən bütün proseslərdə fəal iştirak etməlidirlər. Bütün mütərəqqi işlərdə fəal iştirak etməlidirlər. Yaxşı təhsil almalı, yaxşı oxumalıdırlar. Mövcud olan bütün yeni texnologiyalara yiyələnməlidirlər. 

Biz Azərbaycanda bu məsələyə böyük diqqət göstəririk. Azərbaycanın bütün orta məktəblərində kompyuter sinifləri yaradılır və onlar birbaşa internetə qoşulacaq ki, gənclərimiz, uşaqlarımız dünyada gedən bütün prosesləri izləsinlər və bu proseslərin iştirakçıları olsunlar. Biz yeni, güclü gənc nəslin formalaşmasında çox mühüm rol oynamalıyıq, çox böyük işlər görməliyik. Bu sahədə bir tərəfdən təhsil, ikinci tərəfdən idman, sağlamlıq, sağlam həyat tərzi, üçüncü tərəfdən, gənclərin fəal olması, bizim ictimai-siyasi həyatımızda onların fəal iştirakı – bütün bunlar ölkələrimizi möhkəmləndirəcəkdir. İslam Konfransı Təşkilatına üzv olan ölkələr arasında həmrəyliyi daha da gücləndirəcəkdir. 

Bir müddətdən sonra indiki gənclər bizim ölkələrdə rəhbər vəzifələrə gələcəklər, ölkələrimizi idarə edəcəklər. Onların fəaliyyətindən ölkələrimizin müqəddəratı asılı olacaqdır. Çox vacibdir ki, gənclərimiz həm bilikli, savadlı olsunlar, həm müasir olsunlar, eyni zamanda, bütün milli və dini ənənələrə sadiq olsunlar, vətənpərvərlik ruhunda böyüsünlər ki, bizim ölkələrimiz gələcəkdə də inkişaf etsin və möhkəmlənsin. 

Mən Forumun yaradılmasını alqışlayıram. Bunu çox böyük hadisə kimi qiymətləndirirəm və əminəm ki, Forumun fəaliyyəti nəticəsində görüləcək işlər bizi daha da sıx birləşdirəcək, bütövlükdə, İslam Konfransı Təşkilatının möhkəmlənməsinə gətirib çıxaracaqdır. 

Azərbaycan İslam Konfransı Təşkilatının çox fəal üzvüdür. Biz bu yaxınlarda Bakıda üzv ölkələrin xarici işlər nazirlərinin toplantısını keçirmişdik. Bir neçə gündən sonra Bakıda üzv ölkələrin turizm nazirləri yığışacaqlar. Bir sözlə, hesab edirəm, bu istiqamətdə bizim fəaliyyətimiz çox önəmlidir və çalışırıq ki, ölkələrimiz bir-biri ilə daim sıx təmasda olsunlar. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Çox vacibdir ki, bizim ölkələr iqtisadi sahədə bir-biri ilə daha da sıx əməkdaşlıq etsinlər. 

Əziz dostlar, mən əminəm ki, Gənclər Forumunun fəaliyyətində böyük işlər görüləcəkdir, böyük nəticələr olacaqdır. Biz bu gün Forumun fəaliyyətinə öz xeyir-duamızı veririk, onu dəstəklədiyimizi göstəririk. İstərdim ki, bu dəstək, eyni zamanda, Forumun təşkilatlanma prosesinə öz müsbət təsirini göstərsin. Bu məqsədlə Azərbaycan dövləti Forumun büdcəsinə 100 min dollar köçürülməsi haqqında qərar qəbul edibdir. Əminəm ki, bu kiçik töhfə sizin işlərinizin daha da yaxşı getməsi üçün əlverişli zəmin yaradacaqdır. Əlbəttə ki, gələcəkdə Forumun maddi-texniki bazasının möhkəmlənməsində bizim bütün ölkələrimiz fəal iştirak edəcəkdir. 

Mən bu gözəl hadisə münasibətilə sizin hamınızı bir daha ürəkdən təbrik edirəm. Qardaş türk xalqına öz sevgi və məhəbbətimi ifadə edirəm. Sağ olun.

AzərTAc
3 sentyabr 2006-cı il

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.