Diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşdə çıxışı
Bakı şəhəri
18 mart 2016-cı il
Hörmətli xanımlar, ilk növbədə mən sizin hamınızı burada səmimi qəlbdən salamlayıram. Sizi görməyimə çox şadam.
Mənim haqqımda dediyiniz sözlərə, fəaliyyətimi belə yüksək qiymətləndirdiyinizə görə sizə xüsusi minnətdarlığımı bildirirəm. Mənim üçün, əlbəttə, ən xoş təəssürat odur ki, siz deyirsiniz biz Azərbaycanda özümüzü çox rahat və xoşbəxt hiss edirik. Təbii ki, sizlərdən bəziləri uzun, bəziləri isə qısa müddətdir Azərbaycandadır. Amma mən ümidvaram ki, siz Azərbaycan xalqının qonaqpərvərliyini, istiqanlılığını, mərhəmətini artıq hiss etmisiniz.
Əlbəttə, Azərbaycan, xüsusilə də paytaxt Bakı bu gün demək olar ki, dünyanın ən gözəl şəhərlərindən biridir. Burada rahat və çox gözəl həyat tərzi sürmək üçün bütün imkanlar var. Əminəm ki, siz ölkəmizin və paytaxtımızın tarixi ilə tanışsınız. Bakı özündə həm Qərb, həm Şərq mədəniyyətini, həm qədimliyi, həm müasirliyi birləşdirir. Yəqin ki, siz də bu şəhərdə yaşamağın ləzzətini duyursunuz. Fikrimcə, hər yerdə olduğu kimi, Azərbaycanda da insanların qəlbində olan münasibət ən əsas məqamdır. Əlbəttə, ölkələrimiz arasında olan münasibətlərin möhkəmlənməsi işinə siz də böyük töhfə verirsiniz. Əminəm ki, görüşdə iştirak edən bütün səfirlərin xanımları və səfirlər Azərbaycan ilə öz ölkələri arasında əlaqələrin daha da möhkəm, daha da geniş, daha da sıx qardaşlıq əsasında qurulmasında səylərini göstərirlər.
Siz bu gün fəaliyyətiniz haqqında mənə ətraflı danışdınız. Əlbəttə, mən Heydər Əliyev Fondu ilə gələcəkdə mümkün olan əməkdaşlığı alqışlayıram. Siz qeyd etdiniz ki, Heydər Əliyev Fondu təkcə Azərbaycanda yox, xaricdə də humanitar sahədə həyata keçirdiyi layihələri ilə tanınır. Mən inanıram ki, insanlar, xüsusilə də qadınlar dünyada məhz bu sahədə böyük işlər görə bilərlər. Çünki mədəniyyət, təhsil, sosial sahə insanları bir-birinə daha yaxşı tanıdan, daha dolğun məlumat verən gözəl universal imkandır. Siz təklif etdiniz ki, biz gələcəkdə daha tez-tez görüşək və mümkün olan əməkdaşlığı müzakirə edək. Mən əminəm ki, biz doğrudan da birlikdə gözəl işlər görə bilərik. Mən bu əməkdaşlığa hazıram və açığam.
Mən sizə bu görüşə və ölkəmizdə göstərdiyiniz fəaliyyətə görə bir daha minnətdarlığımı bildirirəm. Qarşıdan gələn Novruz bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Sizə və ailələrinizə xoşbəxtlik, cansağlığı diləyirəm. Ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram.
Sonra çıxış edən Niderlandın ölkəmizdəki səfirinin xanımı Ursula ÇEHNER təşkilatın xeyriyyə layihələrindən danışdı.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu sahədə bir çox işlərin görülə biləcəyinə əminliyini bildirdi. O, həmçinin Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatının layihələrini dəstəkləməyə hazır olduğunu qeyd etdi.
Görüş çay süfrəsi arxasında gələcəkdə reallaşdırılması mümkün olan layihələr, görüləcək işlərlə bağlı söhbətlə davam etdirildi.
Sonda xatirə şəkli çəkdirildi. Diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarına Novruz sovqatları təqdim olundu.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.