Qurban bayramı münasibətilə "Qızılqum" sanatoriyasında müvəqqəti yerləşmiş Şuşa, Xocali, Laçın, Ağdam qaçqınları ilə görüşdə çıxışı

28 aprel 1996-cı il

Əziz bacılar və qardaşlar, əziz həmvətənlər!

Müsəlman dünyasının bir hissəsi kimi, bu gün Azərbaycan xalqı bizim üçün müqəddəs olan Qurban bayramım qeyd edir. Azərbaycanda Qurban bayramının bu qədər geniş və bu qədər təmtəraqlı qeyd olunması onu göstərir ki, xalqımız artıq öz doğma köklərinə, ənənələrinə qayıdır və bunlara sadiqdir.

Bu bayram qədim bayramdır. Bizim əcdadlarımız, ulu babalarımız onu müqəddəs bayram kimi həmişə qeyd ediblər. Təəssüflər olsun ki, XX əsrin çox hissəsində, 70 ildən artıq bir müddətdə belə bayramlar, yəni millətimizə, xalqımıza, dinimizə aid olan bayramlar o vaxt tərkibində yaşadığımız dövlət və ictimai-siyasi sistem tərəfindən qadağan olunmuşdu, yaxud da buna imkan verilmirdi. Ona görə də biz həmin bayramları bu qədər əziz, hörmətlə qeyd edə bilmirdik.

Amma onu da bildirmək lazımdır ki, biz bu bayramı heç vaxt unutmamışdıq. Xalqımız onu həmişə qeyd etmişdir. Hərə öz qəlbində, evində-ocağında qeyd etmişdir. İndi isə o, kütləvi xalq bayramı, milli bayram, dini bayramımız kimi böyük bayram gününə çevrilibdir. Bu bayram münasibətilə sizi – bu salona toplaşan bacı və qardaşlarımı, sizin simanızda Azərbaycanın bütün vətəndaşlarını ürəkdən təbrik edir, sizə cansağlığı, səadət, gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Bu gün ölkəmizin hər bir guşəsində bu bayram qeyd olunur. Minlərlə qurban kəsilir, insanlar bir-birini təbrik edir, bir-birinə qonaq gedir. Bu gün bu salonda – Pirşağı qəsəbəsindəki "Qızılqum" sanatoriyasının binasında da yerindən-yurdundan didərgin düşmüş və burada məskunlaşmış bacı-qardaşlarımız bayram mərasiminə toplaşmışlar. Şübhəsiz ki, mən də bu gün ya öz evimdə bayram edə bilərdim, yaxud Azərbaycanın hər hansı bir guşəsinə gedə bilərdim və güman edirəm ki, hər yerdə vətəndaşlarımızla birlikdə bayramı çox gözəl qeyd edə bilərdik.

Ancaq mən bu gün buraya, sizin yanınıza gəlmişəm, bu bayramı sizinlə birlikdə qeyd etmək istəyirəm. Ona görə ki, siz Azərbaycanın bütün başqa vətəndaşlarından fərqli olaraq daha ağır, çətin günlər keçirmisiniz və bu gün də belə günlər içərisindəsiniz. On-on beş gündən sonra Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin dörd ili tamam olacaqdır. Eyni zamanda may ayında Laçının işğalının dörd ili tamam olacaqdır. Fevral ayında biz Xocalı soyqırımının dördüncü ilini qeyd etdik. Kəlbəcərin işğalının ildönümü ilə əlaqədar mart ayında mən kəlbəcərlilərin nümayəndələri ilə görüşdüm, söhbət etdim. Bunlar bizim tariximizin acı, dəhşətli səhifələridir, faciəli, qara səhifələridir. Ancaq siz, biz bu səhifələri yaşamışıq və bunları heç vaxt unutmayacağıq. Ona görə unutmayacağıq ki, xalqımıza, onun köksünə böyük zərbələr vurulubdur, millətimiz yaralanıbdır. Şuşanın, Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması Azərbaycan millətini yaraladı, başqa ərazilərimizin də işğal edilməsinə geniş yol açdı. Bunlar hamısı bizim faciəmizdir.

Burada çıxış edən şuşalı qardaşım dedi ki, biz aciz deyilik, bəsdir dözdük, torpaqlarımızı azad etməliyik. Mən də bu fikirlə razıyam. Biz torpaqlarımızın işğal altında qalmasına heç vaxt razı ola bilməyəcəyik. Ölsək də, ola bilər hamımız məhv olsaq da, torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalmasına dözə bilməyəcəyik. Dözməyəcəyik və şübhəsiz ki, torpaqlarımızı azad edəcəyik. Buna heç bir şübhəniz olmasın.

Ancaq məlumdur ki, Şuşa qalasını əsrlər boyu qoruyanlar dörd il bundan öncə də qoruya bilərdilər. Şuşa qalasını qorumaq o, işğal olunandan sonra, dörd ildən sonra geriyə almaqdan, azad etməkdən çox-çox asan idi. Ancaq təəssüf ki, satqınlar, xainlər, Azərbaycanın daxilindən olan düşmənlər bizi belə bir faciəli vəziyyətə gətirib çıxardılar. Mən heç vaxt razılaşa bilmərəm ki, Azərbaycan xalqı kimi qəhrəman bir xalq Şuşa qalasını, Laçın dağlarını qoruya, saxlaya bilməyəydi. Yox, bu, qətiyyən mümkün deyildir. Əgər satqınlıq, xəyanət olmasaydı, daxildən Azərbaycana düşmən olan adamlar öz şəxsi mənafelərinə çatmaq üçün cürbəcür hoqqabazlıqla, hakimiyyət uğrunda mübarizə ilə məşğul olmasaydılar, Şuşa qalası da Azərbaycanın məğrur qalası kimi yaşayacaqdı, Laçın dağları da və indi biz sadəcə olaraq başqa ərazilərimizdən erməni silahlı qüvvələrinin çıxarılması ilə məşğul olacaqdıq. Bu satqınlıq, xəyanətlər xalqımızın qəlbinə böyük yaralar vurubdur, o yaralar sağalmayıb, sarınmayıbdır, o yaralar sızıldayır. Ancaq biz sızıldamırıq. Nə qədər ağır, çətin olsa da, nəyin bahasına olsa da biz torpaqlarımızı geriyə qaytaracağıq, yəni işğaldan azad edəcəyik, onların sahibi olacağıq. Müstəqil dövlət kimi Azərbaycan öz ərazisinin hüdudları çərçivəsindəki bütün torpaqlarının sahibi olmalıdır. Bunu haqq-ədalət, beynəlxalq hüquq normaları, dünya demokratiyası, dünya ədaləti tələb edir. Biz buna nail olacağıq.

Eyni zamanda bilirsiniz ki, buna nail olmaq üçün çox çətinliklər də var. Dörd il bundan öncə Şuşa qalası, Şuşa rayonu və Laçın Ermənistan silahlı qüvvələrinə təslim edildikdən sonra Azərbaycanın başına çox böyük bəlalar gəldi. Azərbaycanın ərazisinin başqa hissələri də işğal olundu. İndi ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beş ildir ki, siz yerinizdən didərgin düşmüsünüz, qaçqın vəziyyətində, ağır, çətin vəziyyətdə yaşayırsınız. Amma sizinlə bərabər Azərbaycanın bir milyon vətəndaşı Ermənistanın təcavüzü nəticəsində, torpaqlarımızın işğal olunması nəticəsində yerindən-yurdundan zorla çıxarılıb, didərgin düşüb və respublikamızın başqa bölgələrində sizin kimi qaçqın vəziyyətində yaşayır. Bu, Azərbaycan Respublikasının həyatında böyük gərginlik, çətinlik yaradır. Tarixdə heç vaxt biz belə ağır vəziyyətə düşməmişik ki, torpaqlarımızın 20 faizi işğal olunsun, bir milyondan artıq vətəndaşımız yerindən-yurdundan qaçqın düşsün.

Bilirsiniz ki, iki il öncə – 1994-cü ilin mayında biz döyüşləri dayandırdıq, Ermənistanla atəşkəs haqqında saziş bağladıq. İki ilə yaxındır ki, xalqımız atəşkəs şəraitində yaşayır. Bu atəş-kəs zəruri idi. Bilirsiniz ki, iki il bundan öncə, həmin bu günlərdə, aprel ayında Ağdam – Tərtər bölgəsində qanlı döyüşlər gedirdi. Erməni işğalçıları öz havadarlarının gücünə arxalanaraq, onların köməyindən istifadə edərək Azərbaycanın başqa ərazilərini də işğal etmək, bizi diz çökdürmək istəyirdilər. Biz onların qarşısını aldıq. Qırx gün gedən döyüşlər Azərbaycan xalqının, Azərbaycan əsgərinin, oğullarının nəyə qadir olduğunu bildirdi. Ermənistan silahlı qüvvələrinə də göstərdi ki, daha onlar irəliləyə bilməzlər. Biz onları dayandırdıq. Qırx günlük döyüşlərdən sonra başa düşdülər ki, belə vəziyyətdə müharibə aparmaq mümkün deyil. Onlar atəşkəs haqqında saziş imzalamağa təşəbbüs göstərdilər və biz də buna razı olduq. Beləliklə atəş dayandırıldı.

Atəşkəs müddətində biz Ermənistanla Azərbaycan arasındakı hərbi münaqişəni sülh yolu ilə aradan qaldırmaq istəyirik. Biz sülhsevər xalqıq, sülh istəyirik. Bunu dünyaya da bildirmək istəyirik və bildiririk. Ona görə də sülh danışıqları aparırıq, bunu bilirsiniz. Mən dəfələrlə çıxışlarımda bunu demişəm, fikirlərim televiziya, radio vasitəsilə sizə çatır. Bu iki il müddətində biz saysız-hesabsız tədbirlər görmüşük, danışıqlar aparmışıq. Beynəlxalq təşkilatların, böyük dövlətlərin vasitəsilə danışıqlar aparmışıq və aparırıq. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində Minsk qrupu var, o bu işlə məşğul olur, – həmin səviyyədə də danışıqlar aparırıq. Amerika Birləşmiş Ştatlarının, Rusiyanın, Türkiyənin və başqa dövlətlərin vasitəçiliyi ilə danışıqlar aparırıq. İki il müddətində dünyanın ən böyük dövlətlərinin prezidentləri, hökumət başçıları ilə dəfələrlə görüşmüşəm, həmin ölkələrdə, beynəlxalq təşkilatlarda danışıqlar aparmışam. Mən bütün beynəlxalq təşkilatlarda olmuşam, dünyanın elə bir beynəlxalq təşkilatı yoxdur ki, bu iki il müddətində orada olmayım, Azərbaycanın əsas problemini, tələblərini deməyim. Dünyanın elə bir böyük dövləti yoxdur ki, mən onun başçısı ilə görüşməmiş olam. Amerika, Rusiya prezidentləri, Çin Dövlət Şurasının sədri, İngiltərənin baş naziri, Fransa, Almaniya, Türkiyə, İran prezidentləri ilə görüşmüşəm. Bu siyahını uzatmaq da olar.

Bu görüşlərin, danışıqların hamısı bir məqsəd daşıyır: Azərbaycanın haqq-ədalət işini dünyaya sübut etmək, ölkəmizə qarşı olmuş hərbi təcavüzü dünya ictimaiyyətinə anlatmaq, sübut etmək və beynəlxalq ictimaiyyətin, dünyanın böyük dövlətlərinin, beynəlxalq təşkilatların köməyi ilə, onların vasitəsilə məsələni sülh yolu ilə həll etmək. Hətta Ermənistanla birbaşa danışıqlara getmişik. Bu danışıqları aparırıq ki, məsələni sülh yolu ilə həll edək. Yəni bizim vicdanımız təmizdir, pakdır. Baxmayaraq ki, nə qədər qurbanlar, şəhidlər vermişik, işğal edilmiş torpaqlarımız viran olunubdur, əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə qurulub yaradılmış tarixi abidələrimiz, maddi nemətlərimiz dağıdılıbdır, millətimizə nə qədər mənəvi zərbələr vurulubdur, – biz məsələni yenə də sülh yolu ilə həll etmək istəyirik. Biz bölgəmizdə, Qafqazda sülh istəyirik, dünyada sülh istəyir və bu yolla məqsədimizə nail olmaq istəyirik.

Bir həftə idi ki, mən Avropada – Lüksemburqda, Belçikada, Norveçdə böyük səfərdə idim. Lüksemburqda Avropa Birliyi kimi böyük, mötəbər bir təşkilatın toplantısında olmuşam. Avropa Birliyi ilə Azərbaycan arasında çox tarixi əhəmiyyət kəsb edən sənəd – ölkəmizin bu təşkilatla əməkdaşlıq və tərəfdaşlıq etməsi haqqında saziş imzalanıbdır. Bu, tarixi hadisədir. Yəni biz Avropa Birliyi kimi yüksək iqtisadiyyata, mənəviyyata, demokratiyaya malik olan təşkilatla əməkdaşlığa getmişik. Eyni zamanda bu, Azərbaycanın müstəqil dövlət kimi, demokratik, hüquqi dövlət kimi tanınması deməkdir. Həmin saziş imzalanarkən Avropa Birliyinin yüksək vəzifəli şəxsləri və Avropanın digər ölkələrində olduğum zaman dövlət, hökumət başçıları Azərbaycanda böyük dəyişikliklərin mövcud olduğunu, demokratik islahatların, iqtisadi islahatların həyata keçirildiyini məmnuniyyətlə qeyd etdilər. Demək, Azərbaycan dünya birliyinin ən yüksək pillələrinə addımlayır. Bu, bizim böyük nailiyyətimizdir.

Bununla yanaşı, mən Lüksemburqda da, Brüsseldə də Avropa Birliyinin nümayəndələri ilə fərdi danışıqlar da aparmışam. Həmin saziş imzalanarkən Avropa Birliyinin yüksək kürsüsündə söylədiyim nitqdə Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüzü, respublikamızın belə ağır vəziyyətdə olduğunu, eyni zamanda Azərbaycanın bu münaqişəni sülh yolu ilə aradan qaldırmaq istədiyini dünyaya bir daha bildirmişəm. Avropa dövlətlərinin nümayəndələri ilə fərdi danışıqlarda da bu məsələlərin həll olunmasının yollarını araşdırmış, təkliflər vermişəm.

Brüsseldə olarkən NATO kimi böyük beynəlxalq təşkilatların Baş Qərargahına gedərək onun baş katibi ilə görüşüb NATO ilə "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmağımız haqqında prezentasiya sənədini təqdim etmiş, ətraflı danışıqlar aparmışam.

Azərbaycana maddi yardım, maliyyə yardımı göstərilməsi, respublikamızın inkişafı üçün cürbəcür proqramların ölkəmizdə tətbiq olunması barədə Avropa Birliyi komissiyasının sədri ilə, başqa rəsmi şəxslərlə geniş danışıqlar aparmışam. Nəhayət, Norveçə rəsmi dövlət səfəri edərkən bu ölkənin baş naziri, kralı, parlamentin sədri ilə və digər şəxslərlə danışıqlarımız olubdur. Bütün bu danışıqların hamısında Azərbaycan ilə bu təşkilatlar, dövlətlər arasında münasibətləri inkişaf etdirmək problemləri ilə yanaşı, ən ön cərgədə, planda Azərbaycanın ağır problemini – Ermənistanın təcavüzündən xilas olmaq problemini irəli sürmüşəm və bu barədə təkliflərimi vermişəm. Bunların hamısı ona görədir ki, biz başımıza gəlmiş bəlanı sülh yolu ilə aradan qaldırmaq istəyirik.

Eyni zamanda mənim bır həftəlik səfərimdə Azərbaycan Respublikasının müstəqil dövlət kimi tanınması üçün çox böyük işlər görülübdür. Bu görüşlərin hamısı Azərbaycanın müstəqilliyinin dünyaya bir daha nümayiş etdirilməsidir. Mən bu görüşlərdə bir daha bildirmişəm ki, dövlət müstəqilliyi, milli azadlıq bizim ən böyük nailiyyətimizdir. Biz bunu tarixi nailiyyət hesab edirik, qoruyub saxlayırıq və bundan sonra da qoruyub saxlayacağıq. Dövlət müstəqilliyimizi heç vaxt əldən verməyəcəyik, heç vaxt başqa bir dövlətin tərkibinə, yaxud tabeliyinə düşməyəcəyik. Biz müstəqilik və müstəqil də yaşayacağıq.

Yenə deyirəm, bütün bu tədbirlərin hamısı münaqişəyə sülh yolu ilə son qoyulmasına yönəldilibdir. Yaxın günlərdə ölkəmizə yeni nümayəndələr gələcəklər. Biz danışıqları davam etdirəcəyik. Ümidvaram ki, bu danışıqlarımız nəticə verəcək, sülh addımlarımız dünya ictimaiyyəti tərəfindən nəhayət, dərk ediləcək və məsələnin sülh yolu ilə həllinə nail olacağıq.

Eyni zamanda burada səslənən çağırışları və çıxışları da dəstəkləyirəm. Əgər bizim səylərimiz nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü bu yolla təmin edə bilməsək, işğal olunmuş torpaqlarımızı azad edə bilməsək, nəyin bahasına olur-olsun məqsədimizə çatmalıyıq. Şuşanı da, Laçını da, Xocalını da, Ağdamı, Kəlbəcəri, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını da, bir sözlə, bütün torpaqlarımızı azad etməliyik.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində gedən müharibədə igid oğullarımız şəhid olublar, Vətən yolunda canlarım qurban veriblər. Sizin ailə üzvləriniz, qohum-əqrəbalarınız şəhid olublar. Çoxunuzun qohumları şikəst olub, ağır xəsarət alıbdır. Bunlar hamısı xalqımızın qəhrəmanlıq nümunələridir, qəhrəmanlıq salnaməsidir. Xalqımız bu döyüşlərdə qəhrəmanlıq göstərib. Əgər şəhidlər vermişiksə, oğullarımız həlak olublarsa, demək, xalqımız qəhrəman xalqdır, cəsurluğunu nümayiş etdiribdir. Güman edirəm ki, bütün bu keçmişi təhlil edəndən sonra xalqımızda qəhrəmanlıq, vətənpərvərlik əhval-ruhiyyəsi daha da yüksəlibdir və ondan da yüksəklərə qalxacaqdır.

Təəssüf ki, bunlarla yanaşı, aramızda satqınlar, xainlər də olubdur. Allah onlara lənət eləsin! Xalqımız onların xəyanətini, satqınlığım daim lənətləyəcək, onlar Azərbaycanda heç vaxt hörmət qazana bilməyəcəklər. Bu gün də olmasa sabah, sabah da olmasa gələcək nəsillər onların cəzalarını verəcəkdir.

Bu gün mən vətən yolunda, torpaqlarımızın müdafiəsi yolunda şəhid olanların hamısının xatirəsini böyük hörmət və ehtiramla yad edirəm. Bu Qurban bayramı günündə şəhidlərin ruhu qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin!

Bütün bunlardan bir nəticə çıxır: xalqımız öz gücünü toplamalı, keçmişdən nəticə çıxarmalıdır. Xalqımız bilməlidir ki, biz özümüz özümüzü qorumalıyıq, qüdrətimizi, qəhrəmanlığımızı göstərməliyik. Bizə heç kəsin torpağı lazım deyil, heç kəsin torpağına göz dikmirik, baxmayaraq ki, keçmiş dövrlərdə torpaqlarımızın başqa hissələri də əlimizdən gedibdir. Ancaq indi beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlərimiz çərçivəsində olan torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq. Başqalarının torpağına göz dikmirik, öz torpaqlarımızı da qoruyuruq və qoruyacağıq. Öz torpaqlarımızın sahibi olmalıyıq! Ona görə də gücümüzü toplamalıyıq, qəhrəmanlığımızı nümayiş etdirməliyik. Sülh zamanı unutmamalıyıq ki, elə bir gün gələr, biz yenə də torpağımızı döyüşlərlə azad etmək zərurətinə gəlib çatarıq. Bunu unutmaq lazım deyil. Əksinə, gərək hamı buna hazır olsun, siz də hazır olun, biz də hazır olaq.

Sülh istəməklə yanaşı, biz eyni zamanda dövlətimizin hərbi qüdrətini möhkəmləndirməliyik. Azərbaycanın hər bir vətəndaşı işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə qalxmağa hazır olmalıdır. Əgər bizim sülh təşəbbüslərimiz nəticə verməsə, əminəm ki, birləşib torpaqlarımızı azad edəcəyik və Şuşada da, Laçında da, işğal olunmuş başqa torpaqlarımızda da belə bayram məclisi quracağıq, Qurban bayramını o yerlərdə qeyd edəcəyik.

Bilirəm ki, siz çox böyük əzab-əziyyətlərə dözürsünüz. Sizin vəziyyətinizi heç olmasa müəyyən qədər yüngülləşdirmək üçün əlimizdən gələni edirik. Burada sizlərə kömək edən, əl tutan ayrı-ayrı təşkilatlara, dövlət orqanlarına təşəkkürünüzü bildirdiniz. Bu, məlumdur, ancaq heç kəs minnət qoymasın. Hamı sizə borcludur. Ona görə də hamının borcu yerindən-yurdundan didərgin düşmüş vətəndaşlara – bacı və qardaşlarımıza qayğı göstərməkdir. Biz azərbaycanlılar belə yaşamışıq: nəyimiz var, həmişə bir-birimizlə bölüşmüşük. Bu gün də kimin imkanı varsa, gərək imkansıza kömək eləsin. Hər bir təşkilat – həm dövlət təşkilatı, həm ictimai və başqa təşkilatlar yerindən-yurdundan didərgin düşənlərə kömək etməlidir. Bu gün təkcə sizə yox, ümumiyyətlə, didərgin düşmüş bütün vətəndaşlarımıza göstərilən köməyə görə məmnuniyyətlə razılığımı bildirir, eyni zamanda hesab edirəm ki, hələ bundan artıq iş görmək lazımdır. Bu sahədə hələ hər şeydən razı deyiləm, nöqsanlar, çatışmazlıqlar da var. Bəzi adamlar öz vəzifəsini layiqincə yerinə yetirə bilmir, bəziləri vəzifəsindən sui-istifadə edir. Bunlar da bizə məlumdur. Bu gün siz bunları bəlkə də demirsiniz. Amma bilin ki, biz bundan xəbərdarıq. Ona görə də bu gün hamını sədaqətlə işləməyə dəvət edirəm. Hamı öz borcunu, vəzifəsini şərəflə yerinə yetirsin. Sizə göstərilən qayğı təbiidir, bundan sonra da olmalıdır və biz çalışacağıq ki, onu daha da artıraq.

Türkiyədən olan qardaşlarımız Azərbaycanın Qurban bayramı mərasimlərində iştirak ediblər, qurbanlar kəsiblər. Burada da çıxış edib öz sözlərini dedilər. Mən bilirəm, onlar başqa yerlərdə də xeyirxah işlərini görüblər. Ona görə də Türkiyə Cümhuriyyətindən, başqa müsəlman ölkələrindən Azərbaycana gəlib Qurban bayramında iştirak edənlərin, qurban kəsənlərin və bayramı bizimlə bölüşdürənlərin hamısına təşəkkür edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, əlaqələrimiz bundan sonra da genişlənəcək, inkişaf edəcək və gələn Qurban bayramlarını da birlikdə keçirəcəyik.

Sizi bir daha ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik arzulayır, hamınıza hörmət və ehtiramımı bildirirəm. Hamınızı qucaqlayır, bağrıma basıram. Sizə uğurlar olsun. Qurban bayramınız mübarək olsun!
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.