Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsində nitqi

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin iqamətgahı

26 oktyabr 2005

Hörmətli şeyx həzrətləri! 
Hörmətli qonaqlar! 
Əziz dostlar!

Bu gün xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə hamının qəlbində böyük ehtiram var, böyük hörmət var. Bugünkü Azərbaycan Heydər Əliyevin əsəridir. Hamımızın yadındadır ki, ölkəmiz müstəqilliyini əldə edəndə çox böyük problemlərlə, çətinliklərlə üzləşmişdi. Faktiki olaraq, Azərbaycanın dövlətçiliyinin taleyi şübhə altında idi. Ölkə parçalanma ərəfəsində idi. Ölkədə gedən mənfi proseslər, xaos, anarxiya, özbaşınalıq, vətəndaş qarşıdurması Azərbaycanı faktiki olaraq dünya xəritəsindən silə bilərdi. Heydər Əliyevin qətiyyəti, xalqın ona olan inamı, onun siyasi bacarığı, təcrübəsi və biliyi bizim xalqımızı böyük bəlalardan qurtardı. 

1993-cü ildən başlayaraq Azərbaycan inamla irəliləyib, inkişaf edib, ölkəmizin bütün sahələri inkişafdadır. İlk növbədə, iqtisadi inkişaf göz qabağındadır. Məhz 1990-cı illərin ortalarında başlanmış köklü iqtisadi islahatlar bu gün Azərbaycanın hərtərəfli inkişafına möhkəm zəmin yaratmışdır. Bu əsaslı, möhkəm təməl üzərində bu gün çox inkişaf etmiş iqtisadiyyat irəliləyir. İqtisadi inkişaf sürətinə görə Azərbaycan bu gün dünyada ən qabaqcıl ölkədir. 

Azərbaycanda siyasi proseslər, vətəndaş cəmiyyətinin formalaşması prosesləri də uğurla gedir, ölkədə demokratiyanın inkişafı, qanunun aliliyi təmin olunur. Biz, Azərbaycana indi rəhbərlik edən şəxslər bu böyük məsuliyyəti dərk edirik. Bizə əmanət kimi verilən bu ictimai ab-hava, bu gözəl şərait, milli birlik gərək saxlanılsın. Gərək bu sabitlik möhkəmləndirilsin, asayiş qorunsun. Ona görə biz bu böyük məsuliyyəti dərk edirik. Prezident kimi mən çalışıram əlimdən gələni edim ki, Azərbaycanın davamlı inkişafı təmin olunsun, ölkədə vətəndaşlar rahat şəraitdə yaşasınlar, sabitlik qorunsun. Hesab edirəm, iki il ərzində görülən işlər deməyə əsas verir ki, biz bu yoldan dönməmişik. 

Mən Prezident vəzifəsinə seçilən zaman və andiçmə günündə çıxışımda da qeyd etmişdim ki, biz bu mövqedə möhkəm dayanacağıq və bu yoldan dönməyəcəyik. Bu gün həyat onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında vəhdət, birlik var. 

Heydər Əliyev siyasəti bu gün yaşayır və yaşamalıdır. Ölkəmizin normal inkişafı üçün başqa yol yoxdur. Həm iqtisadi inkişafda əldə edilmiş nailiyyətlər, həm Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi, həm sosial məsələlərə böyük diqqətin göstərilməsi, həm Azərbaycanda demokratik proseslərin inkişafı, həm də sabitliyin qorunması təmin olunur. Bu sabitliyi pozmaq istəyən qüvvələr bilirlər ki, buna nail ola bilməzlər. Bizim gücümüzü sınamaq istəyən qüvvələr var, bəlkə də bundan sonra da olacaqdır. Amma biz gücümüzü göstərmişik. Lazım olan anda tam qətiyyətlə, cəsarətlə bütün addımları atırıq. 

Mən sülhün tərəfdarıyam. Mən cəmiyyətdə normal əlaqələrin, o cümlədən siyasi müstəvidə normal əlaqələrin tərəfdarıyam və öz işimlə, qəbul edilmiş qərarlarla çalışıram ki, buna nail olum. Ancaq əgər kimsə Azərbaycanda vəziyyəti gərginləşdirmək istəyirsə, qeyri-qanuni yollara əl atırsa, bilməlidir və bilir ki, bizim tərəfimizdən çox ciddi addımlar atılacaqdır. Ən cəsarətli addımlar atılmalıdır və atılıbdır ki, Azərbaycanda sabitlik qorunsun, insanlar normal yaşasınlar. Heç kimə icazə verilməyəcək ki, burada qeyri-qanuni hərəkətlərə yol versinlər. Yaxud da ki, Azərbaycan yenidən 1990-cı illərin əvvəllərində yaşadığı o mühitə sürüklənsin. Bu, artıq tarixdir. 

Azərbaycanın inkişafı imkan verəcək ki, ölkədə hər bir vətəndaş normal yaşasın, ölkəmiz inkişaf etsin və Azərbaycan dünya birliyində yerini daha da möhkəm tuta bilsin. 

Bu işdə biz hamımız həmrəyik. Mən çox şadam ki, Azərbaycanda dövlətlə din arasında münasibətlər gündən-günə möhkəmlənir, çox yüksək səviyyədədir. Bunun səbəbi haqqında keçən il burada olarkən öz fikirlərimi bildirdim. Hesab edirəm ki, ulu öndər Heydər Əliyev ilə şeyx həzrətləri arasında olan səmimi dostluq münasibətləri buna çox gözəl təkan verirdi. Bu gün bu münasibətlər davam edir. Şəxsi münasibətlərimiz çox səmimidir, eyni zamanda, dövlətlə din arasında bağlılıq çox möhkəmdir. 

Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq buna baxmayaraq, dövlətlə din arasında əlaqələr, münasibətlər çox möhkəmdir. Mən də öz fəaliyyətimdə çalışıram ki, bu əlaqələri daha da möhkəmləndirim. Biz hamımız çalışırıq, o cümlədən Azərbaycan dindarları çalışırlar ki, Azərbaycan möhkəmlənsin, zənginləşsin və qüdrətli dövlətə çevrilsin. 

Əlbəttə, ölkəmizin hərtərəfli inkişafı üçün iqtisadi potensial əsas rol oynayır. Hər şey buna bağlıdır. Bizim göstəricilərimiz də göz qabağındadır. Büdcəmiz artır, maaşlar artır, iqtisadi inkişaf sürəti artır. Eyni zamanda, hər bir ölkənin normal inkişafı üçün ümummilli həmrəylik mühüm rol oynayır. Azərbaycanda bu da var və gündən-günə möhkəmlənir. Azərbaycanda bütün millətlərin, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və mən çox şadam ki, ölkəmizdə dözümlülük, tolerantlıq çox yüksək səviyyədədir. Bizim ölkəmiz başqa ölkələr üçün də nümunə ola bilər və olmalıdır. Bilirsiniz ki, xüsusilə indiki zəmanədə dünyada sivilizasiyalar arasında gedən dialoqa böyük önəm verilir. Dünyanın bir çox yerlərində bu dialoq ya aparılmır, yaxud da konfessiyalararası münasibətlər lazımi səviyyədə deyildir. Azərbaycanda isə bu, ən yüksək səviyyədədir. Bizim ölkəmizdə yaşayan bütün dinlərin nümayəndələri bunu hiss edirlər. Prezident kimi mən də çalışıram ki, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin nümayəndələri bu qayğını hiss etsinlər. Bunun əyani sübutları da kifayət qədərdir. 

Mən xatırlayıram, Roma Papasının vəfat etdiyi günlərdə şeyx həzrətləri ilə birlikdə biz Romada dəfn mərasimində iştirak etmişdik. Papanın xatirəsinə öz hörmət və ehtiramımızı bildirmişdik. Ondan sonra mənim Vatikana rəsmi səfərim olmuşdu və səfər zamanı Azərbaycanda tikiləcək yeni katolik kilsəsinin torpaq sənədləri təqdim edilmişdir. Mən çox şadam ki, artıq kilsənin tikintisinə başlanmışdır və təməl daşının qoyulması mərasimi keçirilmişdir. 

Ümumrusiya Patriarxı II Aleksi Azərbaycanda səfərdə idi və çox səmimi görüşümüz oldu. Bildiyiniz kimi, II Aleksi məni Rus Provoslav kilsəsinin ən yüksək ordeni ilə təltif etmişdir. Bunlar lazımdır və vacibdir. Çünki bu, bizi daha da birləşdirir. Bilirsiniz ki, mənim Azərbaycanda yaşayan yəhudi icması ilə, - həm onların yığcam yaşadıqları yerlərdə, eyni zamanda, Bakıda və ölkəmizin digər yerlərində, - mütəmadi görüşlərim olur. Bütün bunlar Azərbaycanın normal inkişafı üçün əsas şərtlərdir. Mən çox şadam ki, Azərbaycanda biz ümummilli həmrəyliyə nail olmuşuq. Çox şadam ki, Azərbaycanda millətlərarası münasibətlər yüksək səviyyədədir. Bu sahədə mənim tərəfimdən bütün lazımi addımlar atılır və gələcəkdə də atılacaqdır. 

Mən çox şadam ki, bu gün biz yenidən birlikdəyik. Müqəddəs Ramazan ayında birlikdəyik. Artıq bu, gözəl ənənəyə çevrilibdir. Mən keçən il də burada idim və birlikdə biz iftar süfrəsini açdıq, bu gün də buradayam. Bu, Azərbaycanın inkişafı üçün lazımdır. Şeyx həzrətləri ilə çox səmimi münasibətlərimiz var, biz tez-tez görüşürük, müxtəlif məsələləri müzakirə edirik. Bu bağlılıq həm bizə lazımdır, həm də ölkəyə lazımdır. Bütün dindarlara lazımdır, bütün vətəndaşlara lazımdır. 

Mən bir daha şeyx həzrətlərinə öz hörmətimi ifadə etmək istəyirəm. Məni bu məclisdə iştirak etmək üçün dəvət etdiyinə görə minnətdarlığımı bildirmək istəyirəm. Yadımdadır, keçən il burada çıxış edərkən demişdim ki, əgər dəvət etsəniz, gələn il də gələcəyəm və həmişə sizinlə birlikdə olacağam. Sağ olun.
 

AzərTAc
“Xalq qəzeti”, 26 oktyabr 2005-ci il

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.