Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında Qətnamə

27 iyun 2000

İslam Konfransı Təşkilatı (İKT) Xarici İşlər Nazirlərinin XXVII Konfransı:

İslam Konfransı Təşkilatı (İKT) xarici işlər nazirlərinin Malayziyanın paytaxtı Kuala-Lumpuıda 24-27 Rəbiul Əvvəl 1421-ci Hicri il (27-30 iyun 2000-ci il) tarixində keçirilən XXVII Konfransı:

İKT Nizamnaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 20 faizdən artıq Azərbaycan ərazisinin işğalından dərin narahat olaraq;

Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqının aqibəti və humanitar problemlərin böyük həcmindən təsirlənərək;

Ötən konfransların bu problemlə bağlı müvafiq bütün qətnamələrini, xüsusilə, İran İslam Respublikasının Tehran şəhərində 9-11 Şaban 1418-ci Hicri il (9-11 dekabr 1997-ci il) tarixində keçirilmiş İKT Dövlət və Hökumət Başçılarının VIII Zirvə konfransının 12/8-P(IS) saylı qətnaməsini bir daha təsdiq edərək;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaratdığını dərk edərək;

BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qətnamələrinin tam şəkildə icrasına ciddi surətdə əməl edilməsinə çağıraraq;

Münaqişənin həlli üzrə edilən bütün diplomatik və digər səyləri alqışlayaraq;

Bütün dövlətlərin Azərbaycan Res-publikasının ərazi bütövlüyünə və suverenliyinə ehtiramını bir daha təsdiq edərək;

Ərazilərin güc tətbiq etmə yolu ilə alınmasının qəbul edilməzliyini bir daha təsdiq edərək;

Ermənistan Respublikasının davam etdirdiyi təcavüzkar siyasətin ATƏT çərçivəsində aparılan sülh prosesinə dağıdıcı təsirini dərk edərək;

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında İKT Baş katibinin məruzəsini (ICFM/27-2000/PIL/D.7 saylı sənədi) nəzərə alaraq:

  1. Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü kəskin şəkildə pisləyir.
  2. Təcavüz nəticəsində işğal edilmiş Azərbaycan ərazisində mülki Azərbaycan vətəndaşlarına qarşı edilən hərəkətləri bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirir.
  3. İşğal edilmiş Azərbaycan ərazisində arxeoloji, mədəni və islam abidələrinin talan və məhv edilməsini qətiyyətlə pisləyir.
  4. BMT Təhlükəsilik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin dönmədən yerinə yetirilməsini, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş bütün Azərbaycan ərazisindən, o cümlədən Laçın və Şuşa rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını qəti surətdə tələb edir. Ermənistanı ciddi surətdə Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə dəvət edir.
  5. Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarının Ermənistan tərəfindən yerinə yetirilməməsindən narahat olduğunu bildirir.
  6. Azərbaycana qarşı edilən təcavüzün Təhlükəsizlik Şurası tərəfindən etiraf edilməsinə; BMT Nizamnaməsinin 7-ci bəndinə uyğun olaraq, öz qətnamələrinin yerinə yetirilməsinin təminatı üçün lazımi addımların atılmasına; Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı olan təcavüzü pisləyərək, təcavüzə son qoyulmasına çağırır və bu məqsədlə BMT-də koordinasiyalı fəaliyyətdə olmağı qərara alır.
  7. Bütün üzv dövlətləri Ermənistanı - təcavüzkarı münaqişəni şiddətləndirməyə və Azərbaycan ərazisinin işğalını davam etdirməyə təşviq edən, silah və hərbi sursat təqdim etməkdən imtina etməyə çağırır. İKT-yə üzv dövlətin ərazisi bu kimi yüklərin tranziti üçün istifadə edilməməlidir.
  8. Ermənistanın təcavüzə və Azərbaycan torpaqlarının işğalına son qoyması üçün bütün üzv dövlətlərə və beynəlxalq birliyin digər dövlətlərinə müraciət edərək, hər cür təsirli iqtisadi və siyasi tədbirlərdən istifadə etməyə çağırır.
  9. Ermənistan və Azərbaycan arasındakı münaqişəni dövlətlərin ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ehtiram əsasında ədalətlə və sülh yolu ilə həll etməyə çağırır.
  10. Ermənistanı, Azərbaycanı və Minsk qrupuna daxil olan bütün üzv dövlətləri, BMT-nin Təhlükəsizlik Şurasının bu haqda müvafiq qətnamələrinə və ATƏT-in 24 mart 1992-ci il tarixli Şuranın Birinci Əlavə Görüşünün, ATƏT-in 5-6 dekabr 1994-cü il Zirvəsinin, ATƏT-in 2-3 dekabr 1996-cı il tarixli Zirvəsinin, ATƏT-in 18-19 dekabr 1997-ci il tarixli Nazirlər Şurasının görüşünün qətnamə və sənədlərinə əsasən ATƏT-i davam edən sülh prosesində konstruktiv surətdə iştirak etməyə dəvət edir və problemin sülh yolu ilə həllini çətinləşdirə biləcək hər cür əməldən çəkinməyə çağırır.
  11. ATƏT-in 1996-cı ildə Lissabonda keçirilmiş Zirvə görüşünün İcraçı sədrinin Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişənin həlli üzrə üç prinsipi - Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağın yüksək idarəetmə hüququnu, Dağlıq Qarabağın və onun bütün sakinlərinin təmin edilmiş təhlükəsizliyini əhatə edən bəyanatını tamamilə dəstəklədiyini bildirir.
  12. Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişənin mərhələlərlə həlli istiqamətində Minsk Qrupu Həmsədrlərinin təkliflərini ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar üçün əsas hesab edir və dərk edir ki, bu şəkildə yanaşma Azərbaycan Respublikasına qarşı təcavüzün ciddi nəticələrinin aradan qaldırılmasını dərhal təmin etməlidir.
  13. Azərbaycan hökuməti və xalqının, ölkəsinin müdafiəsi üçün etdiyi cəhdləri bütünlüklə dəstəklədiyini və onlarla tam şəkildə həmrəy olduğunu bir daha təsdiq edir.
  14. Qaçqın və köçkünlərin öz yaşayış yerlərinə təhlükəsiz, hörmət və şərəflə dönmələrinə imkan yaratmağa çağırır.
  15. Qaçqın və köçkünlərə humanitar yardım göstərmiş bütün üzv dövlətlərə öz təşəkkürünü bildirir və digər dövlətləri onlara yardım göstərməyə çağırır.
  16. Azərbaycan Respublikası ərazisində 1 milyondan artıq qaçqın və köçkünün qarşılaşdığı kəskin humanitar vəziyyətlə əlaqədar narahat olduğunu bildirir və üzv dövlətlər, İslam İnkişaf Bankı və digər islam institutlarından Azərbaycan Respublikasına təcili maliyyə və humanitar yardımı göstərmələrini xahiş edir.
  17. Hesab edir ki, Azərbaycan ona dəymiş ziyanın müqabilini almaq hüququna malikdir və Ermənistan bu ziyanın müqabilini ödəmək üzrə tam məsuliyyət daşıyır.
  18. Baş katibdən bu qətnamənin yerinə yetirilməsinə nəzarət və bu haqda İKT Xarici İşlər Nazirlərinin XXVIII konfransına məruzə etməsini xahiş edir.

 
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.