Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsertin açılışında çıxışı
Paris şəhəri
8 sentyabr 2015-ci il
Hörmətli konfrans iştirakçıları
Xanımlar və cənablar
Əziz qonaqlar
“Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” adlı konfransda sizin hər birinizi salamlayıram. Konfransın hazırlanmasında bizə dəstək olan Parisin 1-ci rayonunun meri cənab Jan Fransua Löqareyə və meriyanın bütün əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm.
Azərbaycan tarix boyu sivilizasiyaların, mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşib. Ölkəmiz Asiya ilə Avropa arasında təbii bir körpüdür. Əlbəttə, bu coğrafi yerləşmə ölkəmizdəki mədəni müxtəliflikdə öz rolunu oynamışdır. Əsrlər boyu bu qədim diyarda müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşamışlar.
Biz minilliklərlə cəmiyyətimizdə formalaşan tolerantlıq və dözümlülük ənənələrini müstəqilliyimizi bərpa etdikdən sonra da qoruyub saxlamışıq və daha da möhkəmləndirməyə çalışırıq.
Azərbaycan nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, öz ənənələrimizə, öz köklərimizə böyük hörmətlə yanaşırıq. Biz öz mədəni, dini və tarixi irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixi olan Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi – bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir. Biz öz ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir ölkəyik.
Bu gün Azərbaycanda digər azadlıqlar kimi, dini azadlıqlar da tam şəkildə təmin edilir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Ölkəmizdə bütün xalqların, bütün dinlərin, bütün etnik qrupların nümayəndələri eyni hüquqlara malikdirlər. Əlbəttə, bu, ölkənin Konstitusiyası ilə təsbit olunub, lakin reallıq da belədir.
Azərbaycan xalqında olan dözümlülük, əsrlər boyu formalaşan bu mühit ona gətirib çatdırıb ki, bizim üçün bu, normal yaşayış, həyat tərzidir. Heç zaman Azərbaycanda dini, milli zəmində heç bir qarşıdurma yaxud anlaşılmazlıq olmayıb və yoxdur. İctimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda xalqlar qarşılıqlı hörmət və anlayış şəraitində yaşayıblar.
Bu sahədə düşünülmüş dövlət siyasəti, cəmiyyətdə formalaşmış dözümlülük, tolerantlıq ənənələri və əlbəttə, ölkəmizin son illər çox sürətli iqtisadi inkişafı dünyada yayılan radikalizm və dini ekstremizm meyillərinin qarşısını almaq üçün ən əsas amillərdir. Bu gün Azərbaycanda bütün dinlərin, millətlərin və etnik qrupların nümayəndələri ölkəmizin inkişafına öz töhfələrini verməkdədirlər. Azərbaycan əhalisinin 96 faizini müsəlman, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Misal üçün, bütün dünyada dağ yəhudilərinin yığcam halda yaşadığı yeganə yaşayış məntəqəsi Azərbaycanın Quba rayonunda Qırmızı qəsəbədir.
Dövlət-din münasibətləri Azərbaycanda xüsusi yer tutur. Tolerantlıq ənənələrini qoruyub saxlamaq dövlət siyasətinin əsas prioritetlərindən biridir. Ölkəmizdə məscidlərin, katolik, pravoslav kilsələrin, sinaqoqların təmiri və tikintisini dövlət öz üzərinə götürür və bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Mən əminəm ki, hər bir insanın digər dinə hörməti öz dinindən başlayır və hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir.
Təsadüfi deyil ki, son illər multikulturalizm, sivilizasiyalararası dialoq, mədəniyyətlərarası dialoq mövzularına həsr olunmuş bir çox beynəlxalq tədbirlər məhz Azərbaycanda, onun paytaxtı Bakıda keçirilir.
Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə görüşlər, açıq müzakirələr və fikir mübadiləsinə ehtiyac böyükdür. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, münaqişələr, qanlı toqquşmalar baş verir. Bəzi hallarda görürük ki, dini nifrət süni şəkildə yaradılır. Dünyanın müxtəlif yerlərində etnik və dini zəmində zorakılığın şahidi oluruq. Bu ilin əvvəlində Parisdə baş verən faciəvi hadisələri hamımız yaxşı xatırlayırıq. Əlbəttə, bu meyillər, dünyada gedən proseslər bizim hamımızı narahat edir. Lakin bu gün yalnız narahat olmaq kifayət deyil. Fikrimcə, siyasətçilərin, ictimai xadimlərin, beynəlxalq təşkilatların və xüsusən də medianın bu məsələlərdə məsuliyyəti artmalıdır.
Ekstremizm və terrorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik. Multikulturalizmin alternativi yoxdur. Son zamanlar bununla bağlı müxtəlif fikirlər, bəzən pessimist ideyalar səslənir. Amma bunun alternativi nədir? Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.
Dərin multikulturalizm köklərinə malik ölkə kimi Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır. Ölkəmiz müxtəlif dini, mədəni və tarixi abidələrin qorunub saxlanılmasına da öz töhfəsini verir. 2012-ci ildə Parisdə dünyanın ən böyük muzeyi olan Luvr muzeyində İslam mədəniyyəti bölməsi açılmışdır. Azərbaycan bu bölmənin yaradılmasına öz töhfəsini vermişdir. Bu, əslində bizim bütün İslam mədəniyyətinə verdiyimiz töhfədir.
Heydər Əliyev Fondunun dəstəyi ilə Romada müqəddəs katakombalar bərpa edilir. Vatikan tarixində ilk dəfədir ki, müsəlman ölkəsində fəaliyyət göstərən təşkilat Romada müqəddəs xristian abidələrinin bərpasına kömək edir. Paytaxt Bakıda yaşayan yəhudi uşaqlar üçün Fondun dəstəyi ilə “Xabad-Or-Avner” təhsil mərkəzi inşa edilib. Həmçinin Fond Azərbaycanda yerləşən katolik, pravoslav kilsələrin, sinaqoqların təmirinə öz töhfəsini verir.
Məmnuniyyətlə qeyd etmək istərdim ki, Heydər Əliyev Fondu Fransada bir neçə iri layihə həyata keçirib. 2005-ci ildə Fond Strasburq Kafedral Kilsəsinin bərpasına maliyyə yardımı göstərib. Fond Fransanın müxtəlif regionlarında qədim kilsələrin bərpasında iştirak edir. Aşağı Normandiya regionunda 20-yə yaxın katolik kilsəsinin bərpasına Fond öz dəstəyini göstərib. Bütün bunlar sülh, dözümlülük, humanizm dəyərlərinin təbliği və təşviqinə, xalqlararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Əfsuslar olsun ki, ölkəmiz və xalqımız müasir tarixdə etnik təmizləmə və soyqırımı ilə üzləşib. Azərbaycan qonşu Ermənistan tərəfindən təcavüzə məruz qalıb, torpaqlarımızın 20 faizi işğal altındadır, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xocalı şəhərində bir gecə ərzində 613 dinc vətəndaş - qadınlar, qocalar, uşaqlar vəhşicəsinə öldürülüb. Azərbaycanın işğal olunmuş torpaqlarında 876 tarixi, mədəni və dini abidə mövcud idi və demək olar ki, onların hamısı tamamilə məhv edilib.
Bütün bunlara baxmayaraq, biz çalışırıq ki, münaqişə sülh yolu ilə öz həllini tapsın. İstəyirik ki, bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq genişlənsin. Azərbaycan gələcəkdə də digər ölkələrlə bərabər, bu ümumbəşəri dəyərlərin qorunmasına öz töhfəsini verməyə hazırdır.
Əziz dostlar, ümidvaram ki, bugünkü görüşümüz səmərəli keçəcək və bütün müzakirələr ölkələrimiz, xalqlarımız və dinlər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.
Bu gün bu konfransda iştirak etdiyinizə görə hər birinizə bir daha öz dərin minnətdarlığımı bildirirəm, xalqlarımıza sülh və əmin-amanlıq arzu edirəm. Çox sağ olun.
X X X
Konfransdakı çıxışlara münasibət bildirən Mehriban Əliyeva dedi:
Hörmətli qonaqlar, mən ilk növbədə, burada ölkəmiz haqqında çıxış edən, Azərbaycanda olan konfrans iştirakçılarının sözlərinə görə onlara öz dərin minnətdarlığımı çatdırıram. Mən sizin hər birinizi Azərbaycana dəvət etmək istəyirəm.
Bəzi suallara mən də öz fikrimi bildirmək istəyirəm. Terrorizmin, radikalizmin heç bir dini və milləti yoxdur. Bu cür həssas məsələlərdə çox dəqiq olmaq lazımdır. Düşünmək lazımdır ki, bu kəlmələr milyonlarla insanın hisslərinə toxunur. Çünki mən yenə də demək istəyirəm, bu halların İslama heç bir aidiyyəti yoxdur.
Siz sual verdiniz ki, Azərbaycanda bu mühit necə əldə edilib. Əlbəttə, burada tarixi köklər çox vacibdir. Əsrlər boyu insanlar bir-birinə qarışıb, müxtəlif mədəniyyətlər, müxtəlif dinlər arasında yaşayıb. Digər tərəfdən, əlbəttə, bu, dövlət siyasəti olmalıdır. Çünki dövlət bu tolerantlıq ənənələrinin saxlanmasına, qorunmasına böyük diqqət verir.
Həmçinin çox vacib məsələ, əlbəttə, iqtisadi və sosial problemlərin həllidir. Çünki biz nəzər salsaq görərik ki, bu pis meyillər hansı ölkələrdə hökm sürür. O ölkələrdə ki, sabitlik, iqtisadi inkişaf yoxdur, yoxsulluq var, təhsilin səviyyəsi çox aşağıdır.
Əlbəttə, biz ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra keçdiyi yola nəzər salsaq, - 24 ildir ki, müstəqilliyimizi bərpa etmişik, - görərik ki, bu qısa zamanda çox böyük nailiyyətlər əldə etmişik. Misal üçün, 10 il bundan əvvəl Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faiz idi. Bu gün 5 faizdir. Bu gün işsizliyin səviyyəsi 5 faizə düşüb. Bu gün bütün dünyaya bəllidir ki, Azərbaycanın iqtisadiyyatı necə böyük sürətlə inkişaf edir.
Biz bu gün siyasətimizdə təhsilə ən vacib prioritet istiqamət kimi baxırıq. Çünki biz yenə də nəzər salsaq görərik ki, əhalinin hansı təbəqəsi radikalizmə, ekstremizmə meyillidir. Əfsuslar olsun ki, bunlar gənclərdir. O gənclər ki, nə biliklərə malikdir, nə də təhsil ala bilir. Odur ki, radikalizmin qarşısını almaqda təhsilin çox böyük əhəmiyyəti var və biz Azərbaycanda buna böyük diqqətlə yanaşırıq. Biz öz gənclərimizi xarici ölkələrə təhsil almağa göndəririk. İstəyirik ki, onlar bütün dünyada mövcud olan ab-havanı görsünlər. Əlbəttə ki, sabitlik, iqtisadi inkişaf bu məsələlərdə çox böyük rol oynayır.
Mən bir daha demək istəyirəm ki, tolerantlıq, dözümlülük Azərbaycanda hər bir vətəndaş üçün çox normal və adi yaşam tərzidir. Biz heç vaxt heç kimə milli, dini mənsubiyyətinə görə fərq qoymamışıq. Bir insanla tanış olanda heç ağlımıza da gəlmir ki, onun dini, milləti nədir? Çünki biz hər zaman özümüzü bir millət kimi hiss etmişik və doğrudan da biz çox xoşbəxtik.
Bilirsiniz, bu gün biz elə dünyada yaşayırıq ki, hasarlar qurmaq, öz məkanında qalmaq və əldə edilən nailiyyətləri qoruyub saxlamaq çətindir. Çünki müasir dünyada ətrafda gedən proseslər istər-istəməz sənin də dövlətinə təsirini göstərir. Ona görə biz bu mövzunu qaldıranda, bu konfransı keçirəndə, Azərbaycanın təcrübəsini bütün dünyaya göstərəndə istəyirik dünyaya çatdıraq ki, birgə yaşamaq mümkündür. Dostluq və anlayış şəraitində yaşamaq mümkündür.
Ona görə, bizim üçün çox vacibdir ki, Azərbaycanın təcrübəsi bu gün dünyada tanınsın. Əlbəttə, biz bir çox ölkələrlə, o cümlədən Fransa ilə bu sahədə əməkdaşlığa hazırıq və istərdik ki, gələcəkdə də əməkdaşlıq edək. Bizim istəyimiz odur ki, bu təcrübə dünyada tanınsın və geniş təbliğ olunsun. Təşəkkür edirəm.
X X X
“Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” adlı konfransa birinci xanım Mehriban Əliyeva yekun vuraraq dedi:
Mən sonda konfransın bütün iştirakçılarına bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Cənab mer, sizə bir daha təşəkkür edirəm. Siz həm bu konfransın, həm də on gün Parisin 1-ci rayonunda Azərbaycan şəhərciyinin təşkilində bizə böyük yardım göstərmisiniz.
Mən bugünkü konfransı aparan moderatora öz dərin minnətdarlığımı bildirirəm. Fürsətdən istifadə edərək fransız xalqına bir daha öz dərin hörmətimi və məhəbbətimi çatdırmaq istəyirəm. Siz bilirsiniz ki, mən sizin ölkənizə tez-tez səfər edirəm və hər dəfə biz çalışırıq ölkəmiz haqqında yeni layihələr həyata keçirək, Azərbaycanı daha da yaxşı tanıdaq, xüsusən də humanitar sahədə, mədəniyyət sahəsində.
Hər dəfə belə tədbirlərin böyük uğurla keçməsi, böyük maraqla qarşılanması, əlbəttə, məni sevindirir. Onu da qeyd etmək istəyirəm ki, hər gəlişimdən sonra mən Fransada yeni dostlar tapır, Azərbaycana hörmətlə yanaşan, Azərbaycanla maraqlanan yeni insanlarla tanış oluram. Bu da özlüyündə ölkələrimizin, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına böyük töhfə verir.
Hesab edirəm ki, bugünkü konfrans uğurla keçdi. Mənim bir təklifim var. Konfransın ikinci sessiyasını sizin hamınızın iştirakı ilə Azərbaycanda, Bakıda keçirməyi təklif edirəm. Mən sizin hamınızı Bakıya dəvət edirəm. Bir daha çox sağ olun.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.