Türkdilli ölkələrin dövlət başçılarının VIII zirvə görüşündə nitqi

Türkiyə, Antalya

17 noyabr 2006-cı il

Hörmətli dövlət başçıları! 
Hörmətli xanımlar və cənablar, əziz dostlar! 

İlk növbədə, əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı Əhməd Necdət Sezərə bu zirvə görüşünü təşkil etdiyinə və bizə göstərdiyi yüksək qonaqpərvərliyə görə öz adımdan dərin təşəkkürümü bildirmək istəyirəm. Yenidən qardaş ölkədə olmağımdan çox məmnunam və hesab edirəm ki, bu zirvə görüşünün keçirilməsi, aparılacaq fikir mübadiləsi və qəbul ediləcək qərarlar bizim birgə fəaliyyətimiz üçün yeni imkanlar açacaqdır. 

Bizim ölkələrimiz 15 ildir ki, müstəqil həyat yaşayır. Sovet İttifaqı dağılandan sonra biz müstəqilliyə qovuşduq. Müstəqillik əldə etmək çox böyük nailiyyətdir. Deyə bilərəm ki, ən böyük sərvətimiz bizim müstəqilliyimizdir. Çünki biz uzun illər, əsrlər boyu bu müstəqillikdən məhrum olmuşduq. Ancaq müstəqilliyi möhkəmlətmək, qoruyub saxlamaq daha da çətin işdir və ötən 15 il göstərdi ki, yeni müstəqil dövlətlər müstəqil ölkələr kimi çox uğurlu fəaliyyət göstərir. Bizim qarşımızda duran bütün əsas çətinliklər arxada qaldı və ilk illərdə qardaş Türkiyənin bizə göstərdiyi dəstək bu işdə çox böyük rol oynamışdır. Türkiyə Azərbaycanı müstəqil ölkə kimi tanıyan ilk dövlət olmuşdur. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə Azərbaycana çox böyük dəstək vermiş, kömək göstərmişdir və bizim müstəqil şəkildə fəaliyyətimiz üçün bunun çox böyük rolu olmuşdur. 

İndiki mərhələdə yeni müstəqil ölkələr artıq öz inkişaf dövrünü yaşayır. Demək olar ki, bütün ölkələrdə tənəzzül və iqtisadi çətinliklər arxada qalmışdır. Bizim iqtisadiyyatımız sürətlə inkişaf edir, siyasi proseslər normal məcrada gedir və təbii ki, ikitərəfli əlaqələrimiz də möhkəmlənir. Ölkələrimiz arasında ikitərəfli əlaqələr yüksək səviyyədədir və biz bunu möhkəmləndiririk. Əlbəttə ki, çoxtərəfli əlaqələrin möhkəmlənməsinə də böyük ehtiyac var. Ona görə bu zirvə görüşünün uzun fasilədən sonra keçirilməsinin çox böyük əhəmiyyəti var, buna böyük ehtiyac var. Dünya dəyişir, bölgəmizdə baş verən hadisələr yeni yanaşmalar tələb edir, yeni çağırışlar ortaya çıxır və biz birlikdə bunlara çarə tapmalıyıq. Birgə fəaliyyətimiz nəticəsində bölgəni inkişaf etdirmək üçün, sülhün, təhlükəsizliyin, sabitliyin tam şəkildə bərqərar olunması üçün bizim birgə səylərimiz böyük əhəmiyyət kəsb edir. 

Bizi birləşdirən tarixi köklər, ortaq mədəniyyət, etnik mənsubiyyət, əlbəttə ki, qarşılıqlı, səmərəli fəaliyyətimiz üçün çox böyük əsasdır, böyük amildir. Mədəni əlaqələrimizin inkişaf etdirilməsi insanlar arasında əlaqələrin möhkəmlənməsinə gətirib çıxarır və bu məqsədə nail olmaqda mən TÜRKSOY təşkilatının fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Bu təşkilatın fəaliyyəti nəticəsində bizim xalqlarımız bir-birinə daha da yaxın oldular. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və iqtisadi sahədə böyük işlər görülübdür, bizim münasibətlərimiz hərtərəfli inkişaf edir. 

İqtisadi sahədə bizi birləşdirən konkret, real layihələr var və onların uğurla həyata keçirilməsi həm ölkələrimiz üçün, həm də bölgə üçün yeni imkanlar açır. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsi tarixi hadisədir və bu kəmər bundan sonra uzun illər, onilliklər ərzində bölgənin həm iqtisadi inkişafına, həm də ki, təhlükəsizliyinin möhkəmlənməsinə xidmət göstərəcəkdir. Qardaş Qazaxıstanın bu layihəyə qoşulması ona yeni dinamizm gətiribdir, artıq onu çox böyük mənada regional layihəyə çeviribdir. Əminəm ki, fəaliyyətə başlamış kəmərin uzun illər ərzində istismarı nəticəsində xalqlarımızın rifahı yaxşılaşacaq, bizim əlaqələrimiz daha da möhkəmlənəcək və beləliklə bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsi mümkün olacaqdır. 

Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsi Azərbaycan qazının Türkiyəyə və Avropaya çatdırılması deməkdir, Avropanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün töhfədir və bu istiqamətdə ölkələrimizin birgə fəaliyyəti çox böyük əhəmiyyət kəsb edir. Xəzər dənizi hövzəsində yerləşən ölkələrin çox zəngin təbii ehtiyatları - neft, qaz ehtiyatları var və bunlar artıq ölkələrimizin, xalqlarımızın inkişafı üçün böyük əhəmiyyət daşıyır. Çünki bölgəyə, ölkələrə maddi rifah gətirir. Siyasi proseslərin inkişafına gətirib çıxarır, ölkələrimizdə demokratik proseslərə də müsbət təsir göstərir. Zəngin olmayan ölkələrdə, yaxud kasıb ölkələrdə demokratik proseslər ləng gedir. 

Biz öz siyasətimizi iki istiqamətdə formalaşdırırıq. İqtisadi islahatlar və siyasi islahatlar bir-birini tamamlayır, bir-birini şərtləndirir. Maddi rifahın yüksəlməsi, insanların normal yaşaması, iqtisadiyyatın, özəl sektorun, sahibkarlığın inkişafı, əlbəttə ki, ölkələrimizin demokratikləşməsinə çox mühüm təsir göstərir. 

Bizim uğurlu işbirliyimiz artıq gerçəklikdir, reallıqdır. Vaxtilə əfsanə kimi görünən layihələr bu gün reallığa çevrilir. Bu onu göstərir ki, biz bu işləri görməyə qadirik. Bütün çətinliklərə, bütün maneələrə baxmayaraq, biz bunu bacardıq. 

Ona görə mən şübhə etmirəm ki, Qars-Tbilisi-Bakı dəmir yolu layihəsinin həyata keçirilməsində də qarşımızda duran çətinliklər, süni maneələr aradan qaldırılacaqdır. 

Bu dəmir yolunun tikintisi ölkələrimiz üçün, xalqlarımız üçün, regional əməkdaşlıq üçün lazımdır. O, Türkiyəni Azərbaycanla dəmir yolu vasitəsilə birləşdirəcəkdir. Türkiyəni Orta Asiya ilə, Qazaxıstanla dəmir yolu vasitəsilə birləşdirəcəkdir və bütövlükdə Avropanı Asiya ilə birləşdirəcəkdir. Bu layihə bölgədə ancaq və ancaq sabitliyin, sülhün möhkəmlənməsinə gətirib çıxaracaqdır. Ona görə süni şəkildə yaradılan problemlər bizi bu yoldan çəkindirməyəcək, iradəmizi qırmayacaq, əksinə, bizi daha da mətin edəcək və daha da məqsədyönlü fəaliyyətimizə təkan verəcəkdir. 

Biz müstəqilliyimizin 15 ilini yaşadıq. Bu illər ərzində problemlər də oldu, çətinliklər də, böhranlar da oldu. Bizim bir-birimizə dəstək verməyimiz, əlbəttə ki, çətinliklərin aradan qaldırılmasına böyük imkanlar yaratdı. Azərbaycanın sürətli iqtisadi inkişafı artıq reallıqdır. Avropa Yenidənqurma və İnkişaf Bankının bu yaxınlardakı hesabatına görə, Azərbaycan iqtisadi artımın sürəti baxımından dünyada lider dövlətə çevrilibdir. 2005-ci ildə bizim iqtisadiyyatımız 26 faiz, 2006-cı ildə isə 34 faiz artmışdır. Sənaye istehsalı 40 faiz artmışdır. Bu, ölkənin dinamik inkişafına imkanlar yaradır, eyni zamanda, bizim iqtisadi potensialımızı möhkəmləndirir. Çox istəyirik ki, bizə qardaş olan ölkələr bu imkanlardan faydalansınlar və biz də o ölkələrin imkanlarından faydalanaq. Artıq bizim ölkələrimiz dinamik inkişafa qədəm qoyubdur. Yeni iş yerləri, yeni müəssisələr, neft-qaz kəmərləri yaradılır, nəqliyyat strukturu müasirləşir, modernləşir və dünya standartlarına cavab verir. Ona görə iqtisadi sahədəki əməkdaşlığımız və gələcək fəaliyyətimiz, əminəm ki, ölkələrimiz arasında olan münasibətlərə çox böyük təkan verəcəkdir. 

Ancaq bizi narahat edən problemlər də kifayət qədərdir. Biz yerləşdiyimiz bölgənin problemləri ilə yaşayırıq. Əfsuslar olsun ki, bölgəmizdə, o cümlədən Azərbaycanda hələlik sülh, sabitlik, təhlükəsizlik bərqərar olunmayıbdır. Azərbaycanın ən ağrılı problemi Ermənistanın Azərbaycana qarşı davam edən işğalıdır. Bu, həm bizim üçün böyük problemdir, həm də bölgə üçün sabitliyi poza biləcək amildir. Biz məsələni sülh yolu ilə həll etmək niyyətindəyik. Beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll etmək niyyətindəyik. Hər bir münaqişə, hər bir mübahisə müəyyən çərçivələr, dünyada mövcud olan prinsiplər, normalar əsasında həll edilməlidir. Xüsusilə dünyanın ən aparıcı təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının qərarları əsasında həll olunmalıdır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası məsələnin həllinə və Ermənistan qoşunlarının torpaqlarımızdan qeyd-şərtsiz şəkildə çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Ermənistan bunlara məhəl qoymur. İslam Konfransı Təşkilatının bu məsələdə dəstəyinə görə biz təşkilata üzv olan ölkələrə minnətdarıq. O təşkilat da müvafiq qərarlar qəbul edibdir. Avropa Şurası kimi mötəbər təşkilat keçən ilin yanvar ayında Ermənistan-Azərbaycan münaqişəsinə dair qərar qəbul edib və orada Ermənistanı işğalçı dövlət kimi tanıyıbdır. 

Ancaq Ermənistana bunun heç bir təsiri yoxdur. Belə olan halda, beynəlxalq tənzimləmə mexanizmlərinə bizim ümidimiz azalır. Belə olan halda, bölgədə vəziyyət gərginləşə bilər. Azərbaycan torpağının 20 faizini itiribdir, etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız qaçqın-köçkün vəziyyətində yaşayır. İşğal olunmuş torpaqlarımızdakı bütün tarixi, mədəni, dini abidələr dağıdılıbdır, daş daşüstə qalmayıbdır. Torpaqlarımız yandırılır, meşələrimiz qırılır, dini məbədlərimiz dağıdılır, vandalizm aktları törədilir. Dağlıq Qarabağ adlı qeyri-qanuni, kriminal qurum beynəlxalq nəzarətdən tamamilə kənardadır. Orada nə baş verir - beynəlxalq ictimaiyyət bundan xəbərsizdir. Bizdə olan məlumata görə, orada kriminal əməliyyatlar baş verir, narkotrafik inkişaf edir, qanunsuz silah alveri gedir, terrorçular hazırlanır. Terrorizmdən əziyyət çəkmiş ölkə kimi Azərbaycan terrorizmin nə olduğunu yaxşı bilir. Ona görə biz tələb edirik ki, məsələ yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır. Bu, hansısa ölkənin xülyaları əsasında həll oluna bilməz. Biz də çox şey istəyə bilərik. Bizim tarixi torpağımız olan İrəvan xanlığının ərazisi bu gün Ermənistan dövlətinin tərkibindədir. Ancaq biz məsələyə reallıqla yanaşırıq. Biz bilirik ki, əgər dünyada mövcud olan sərhədlərə toxunularsa, bu, çox xoşagəlməz hadisələrə gətirib çıxara bilər, çox böyük fəlakətlərə gətirib çıxara bilər. 

Ona görə hər bir ölkənin ərazi bütövlüyü tanınmalıdır. Azərbaycanın da ərazi bütövlüyü Ermənistandan başqa, bütün dünya dövlətləri tərəfindən tanınır. Mən bir daha qeyd etmək istəyirəm ki, biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq və bunun üçün əlimizdən gələni edirik. Bizə göstərilən diqqətə, qayğıya və dəstəyə görə qardaş dövlətlərə minnətdarıq. Bu dəstək bizim üçün çox önəmlidir və çalışacağıq ki, bütün imkanlardan istifadə edib, məsələnin ədalətli həllinə nail olaq. Bunu etmək üçün biz güclü olmalıyıq. İqtisadiyyatımızı möhkəmləndirməliyik, potensialımızı gücləndirməliyik, bölgədə daha da möhkəm mövqelərə malik olmalıyıq. Əlbəttə ki, belə olan halda, danışıqlar prosesində bizim mövqeyimiz daha da güclü olacaqdır. 

Əziz dostlar, əminəm ki, bu zirvə görüşü tarixə yazılacaqdır. Çünki, bir daha demək istəyirəm ki, uzun fasilədən sonra Türkiyə dövlətinin təşəbbüsü və ev sahibliyi ilə bu zirvə görüşünün təşkili çox böyük əhəmiyyət kəsb edir. Mən əminəm ki, bundan sonra uzun fasilələr olmayacaq və biz mütəmadi qaydada görüşəcəyik, öz səylərimizi birləşdirəcəyik. Biz bir-birimizi daim dəstəkləməliyik. Hər bir türkdilli ölkənin problemi digərlərinin probleminə çevrilməlidir. Biz Türkiyənin Avropa Birliyinə üzv olmaq cəhdlərini alqışlayırıq, dəstəkləyirik. Bəzi hallarda Türkiyəyə qarşı olan ədalətsizliyi görəndə biz də çox üzülürük, bu, bizə də çox böyük təsir göstərir. Çünki, dünyada ədalət olmalıdır, çərçivələr olmalıdır, davranış qaydaları olmalıdır. Hər bir insan, hər bir dövlət ədalətsizliyi görəndə, əlbəttə ki, buna dözə bilmir. Bizim işimiz haqq işidir. Biz ədalətin, sülhün tərəfdarıyıq, əməkdaşlığın tərəfdarıyıq. Şübhə etmirəm ki, bu görüşdə və gələcəkdə zirvə görüşlərində qəbul ediləcək qərarlar bizim birliyimizi daha da möhkəmləndirəcəkdir. 

Bu zirvə görüşünün təşkilinə görə Türkiyə dövlətinə və şəxsən əziz qardaşım Prezident Əhməd Necdət Sezərə bir daha öz təşəkkürümü bildirirəm. Əminəm ki, qəbul olunacaq qərarlar bizi daha da birləşdirəcək və türk dünyası daha sürətlə inkişaf edəcəkdir. 

Təşəkkür edirəm.

AzərTAc 
17 noyabr 2006-cı il

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.