Müqəddəs Ramazan bayramı münasibətilə iftar süfrəsində nitqi

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin iqamətgahı

22 noyabr 2003-cü il

Hörmətli şeyx həzrətləri!
Hörmətli qonaqlar! 

İlk növbədə, mən sizə öz təşəkkürümü bildirmək istəyirəm. Ramazan bayramı həmişə - keçmişdə də, indi də Azərbaycan xalqının ürəyində yaşayıbdır. Ancaq Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra bu bayram ölkəmizdə rəsmi qaydada qeyd olunur. 

Bizim müstəqilliyimiz çox böyük nailiyyətdir. Azərbaycan müstəqil dövlət kimi bütün sahələrdə azad, sərbəst şəkildə inkişaf edir. Azərbaycanda xalqımızın milli-mənəvi dəyərləri, ənənələr daim qorunur, saxlanılır, bundan sonra da buna böyük diqqət göstəriləcəkdir. 

Azərbaycanda dini dözümlülük var. Bu gün bu məclisdə müxtəlif konfessiyaların nümayəndələrinin iştirakı və çıxışları bunu bir daha göstərir. Bu, çox böyük nailiyyətdir, sərvətdir. Həmişə belə olubdur. Milli, dini dözümlülük, tolerantlıq Azərbaycan xalqına xas olan xüsusiyyətdir. Azərbaycanın tarixində qısa bir müddət bu sahədə gərginlik müşahidə olunmuşdu. Ancaq Azərbaycan xalqının tələbi ilə hörmətli Prezident Heydər Əliyev hakimiyyətə qayıdandan sonra bu sahədə keçmişdə buraxılan səhvlər aradan qaldırıldı. 

Şeyx həzrətləri cənab Prezidentin 40 illik dostudur. Bəlkə də bu dostluğun nəticəsində Azərbaycanda dövlət və din arasında mehriban münasibətlər, işgüzar əlaqələr mövcud olmuşdur. Bizim hamımızın borcudur ki, bu istiqamətdə işimizi davam etdirək. 

Mən dəfələrlə bəyan etmişəm ki, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm. O cümlədən bu sahədə də davam etdirəcəyəm. Mənim üçün çox xoş idi və əziz idi ki, seçkilərə qədər dindarlar, hörmətli şeyx həzrətləri başda olmaqla bu prosesdə çox fəal iştirak etmiş, məni birmənalı şəkildə dəstəkləmişlər. Bu, bir tərəfdən onu göstərir ki, Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət, ab-hava, sabitlik, əmin-amanlıq davam etməlidir və bütün Azərbaycan xalqı kimi, dindarlar da bu siyasətin davam etməsini istəyirlər. 

Digər tərəfdən, biz hamımız, cəmiyyətin bütün üzvləri, sağlam qüvvələr Azərbaycanda Heydər Əliyevin siyasətinin davam etməsini arzulayırıq. Əlbəttə, yəqin bu amillər dindarları çox fəal hərəkətə sövq etmişdir. Mən bu münasibətlə hörmətli şeyx həzrətləri başda olmaqla bütün dindarlara dərin təşəkkürümü bildirirəm. Mən bilirəm ki, seçkilərə qədərki proseslərdə onlar məni dəstəkləyirdilər və əminəm ki, bu gün də dəstəkləyirlər. Mən də öz fəaliyyətimdə daim çalışacağam ki, dövlətlə din arasında yaranmış bu gözəl münasibətlər davam etsin. 

Azərbaycan uğurla inkişaf edən ölkədir, onun çox gözəl perspektivləri vardır. Azərbaycan hərtərəfli inkişafa nail olacaqdır. Məqsədimiz də budur ki, Azərbaycan daha yaxşı, sülh, əmin-amanlıq, rifah içində yaşasın. Bütün bunlara nail olmaq üçün Azərbaycanda son on il ərzində yaranmış ictimai-siyasi vəziyyət saxlanılmalı, möhkəmlənməlidir. Azərbaycanda sabitlik qorunmalıdır. Seçkilərdən sonra baş vermiş hadisələr bir daha göstərdi ki, əgər bu seçkilərdə radikal qüvvələr hakimiyyətə gəlsəydi, Azərbaycan yenə böyük bəlalarla üzləşə bilərdi. Ancaq Azərbaycan xalqı öz müdrikliyini, iradəsini göstərdi və oktyabrın 15-də yenidən Heydər Əliyev siyasətinə səs verdi. 

Mən seçkilərə qədərki çıxışlarımda, seçkilərdən sonra andiçmə mərasimində və ondan sonrakı çıxışlarımda dəfələrlə öz mövqeyimi bildirmişəm. Demişəm ki, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam. Hər bir Azərbaycan vətəndaşına qayğı göstərəcəyəm. Azərbaycanda heç vaxt dini zəmində, milli zəmində ayrı-seçkilik olmayacaqdır. Hər bir Azərbaycan vətəndaşı dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, eyni hüquqlara malikdir və bu siyasət gələcəkdə də davam edəcəkdir. 

Hörmətli şeyx həzrətləri çıxışında dedi ki, mən bu məclisdə keçən il də iştirak edirdim. Qeyd elədi ki, mən o məclisə İlham müəllim kimi qatılmışdım. Sizi əmin etmək istəyirəm ki, mən bu gün də İlham müəllim, İlham Əliyev kimi bu məclisdə iştirak edirəm. Düzdür, mənim vəzifəm artıq Prezident vəzifəsidir. Amma öz yaxınlarıma, dostlarıma, o cümlədən şeyx həzrətlərinə, öz dostuma demişəm ki, çalışacağam, mən dəyişməyim. Necə varamsa, elə də qalım. Sadəcə olaraq, mənim məsuliyyətim artıbdır. Mənim vəzifə borcum dəyişibdir və genişlənibdir. Amma əmin ola bilərsiniz ki, mən İlham Əliyev kimi, Heydər Əliyevin oğlu kimi, öz fəaliyyətimi davam etdirəcəyəm və atamın siyasətinə layiq olacağam. Əlbəttə, əgər məni gələcəkdə də dəvət etsəniz, məmnuniyyətlə belə məclislərə qatılacağam, daim sizinlə birlikdə olacağam. Sağ olun. 

Dövlətimizin başçısı İlham Əliyevin nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı. 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.