Türksoy Beynəlxalq Təşkilatının Bakıda keçirilən VIII toplantısında nitqi
Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrı
6 noyabr 1996-cı il
Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar, dostlar!
Bu gün Azərbaycan Respublikasının həyatında çox əlamətdar hadisələr baş verir. Günün birinci yarısında Bakıda türk dünyası yazıçılarının III qurultayı açılıbdır, ikinci yarısında isə TÜRKSOY Beynəlxalq Təşkilatının növbəti toplantısı işə başlayır. Sonra Azərbaycana təşrif gətirmiş qonaqlarımızla görüşlər və nəhayət, noyabrın 8-də böyük şair Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar təntənəli mərasimlər keçiriləcəkdir. Beləliklə, qədim Azərbaycan torpağı, müstəqil respublikamız öz dostları, qonaqları ilə görüşür, qucağını öz dostlarına, qonaqlarına açır və səmimi qəlbdən ölkəmizi sayıb, hörmət edib, Məhəmməd Füzulinin yubileyinə rəğbət göstərib Azərbaycana gələnlərin hamısını ürəkdən salamlayır.
Hörmətli dostlar, TÜRKSOY Beynəlxalq Təşkilatının VIII toplantısının işə başlaması münasibətilə mən sizi ürəkdən təbrik edirəm, bu işinizdə sizə uğurlar arzulayıram.
Böyük məmnuniyyətlə qeyd edirəm ki, TÜRKSOY ötən dövrdə böyük yol keçibdir, yaxşı nailiyyətlər əldə edibdir, özünün çox zəruri və böyük gələcəyi olduğunu həm türkdilli dövlətlərə, həm də dünyaya nümayiş etdiribdir. Böyük məmnuniyyət hissi doğurur ki, TÜRKSOY artıq beynəlxalq təşkilatdır. Birləşmiş Millətlər Təşkilatının bir hissəsi olan YUNESKO ilə bilavasitə əlaqə qurubdur. Böyük məmnuniyyət hissi doğurur ki, bu gün TÜRKSOY təşkilatının növbəti toplantısına artıq Gürcüstan Respublikasının nümayəndələri, mədəniyyət naziri və Rusiya Federasiyasının nümayəndələri, mədəniyyət nazirinin müavini də gəliblər, onlar da bu toplantıda iştirak edirlər. Bunlar hamısı mədəniyyətin nə qədər böyük imkanlara malik olduğunu sübut edir. Bunlar hamısı mədəniyyətin müasir dövrdə insanların qarşısına çıxmış ağır, çətin, siyasi-iqtisadi, sosial problemlərin həllində nə qədər əhəmiyyət kəsb etdiyini və böyük xidmətlər göstərə biləcəyini sübut edir.
Ona görə də biz – Azərbaycan Respublikası, dövlətimiz TÜRKSOY Beynəlxalq Təşkilatının yaranmasından indiyə qədər onun zəruri olduğunu qeyd etmişik, bu barədə öz fikrimizi bildirmişik. Bu gün TÜRKSOY təşkilatının VIII toplantısında iştirak edərək xalqımız və dövlətimiz adından bəyan edirəm ki, bu təşkilatın gələcəkdə də uğurlu fəaliyyət göstərməsi üçün biz əlimizdən gələni əsirgəməyəcəyik.
Bu gün mən TÜRKSOY təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərini dinləyərək çox böyük hissiyyatlar keçirirəm. Bu, yeni bir aləmdir, dövrdür. Biz XX əsri sona çatdırırıq. Bir çox mərhələlərdən keçmişik. Həyatımızın çox xoşbəxt günlərini də yaşamışıq, eyni zamanda qanlı-qadalı, faciəli günlərini də görmüşük. Ona görə də hər bir yeni hadisə, şübhəsiz ki, bizi maraqlandırır və öz mənasına görə qiymətlidir.
TÜRKSOY-un yaranması və indi artıq geniş fəaliyyət göstərməsi bizim xalqlarımızı, ölkələrimizi həqiqətən ən çox sevindirən hadisələrdən biridir.
Vaxtilə biz Mərkəzi Asiyada olan türkdilli, türk kökünə mənsub xalqlarla, respublikalarla, ölkələrlə sıx əlaqədə olmuşuq.
Vaxtilə biz Tatarıstan və Başqırdıstan ilə sıx əlaqədə olmuşuq, görüşlərimiz keçirilib, mədəniyyət xadimlərimiz yaxından əməkdaşlıq ediblər, bir-birimizin ölkələrində mədəniyyət günləri keçirmişik. Ancaq mədəniyyətlərimizin bugünkü qədər yaxın, bu qədər sıx olduğunu görməmişik. Şəxsən mən dəfələrlə Mərkəzi Asiya ölkələrində olmuşam və o ölkələrin dövlət başçıları, respublikaların rəhbərləri, mədəniyyət nümayəndələri də Azərbaycanda olublar. Ancaq öz kökümüzə mənsub olan dildə bizim bir-birimizə müraciət etməyimiz, belə görüşlərdə öz dilimizdən istifadə etməyimiz və öz mədəniyyətimizin mənasını öz dilimizlə ifadə etməyimiz indiyədək olmamışdır. Mən bunları görərkən çox sevinirəm və hesab edirəm ki, bu, bizim böyük gələcəyimizin başlanğıcıdır.
Türkiyə Cümhuriyyəti ilə Azərbaycanın dövlətlərarası əlaqələrinin beşillik tarixi var. Ancaq Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələri əsrlərdən-əsrlərə keçibdir. Təəssüflər olsun ki, XX əsrdə bizim bu əlaqələrimiz çox məhdudlaşdırılmış, hətta kəsilmişdir. Türkiyədə baş verən hadisələr barədə məlumatı biz ancaq dünya mətbuatından alırdıq. Türkiyədəki qardaşlarımız, bacılarımız Azərbaycana həsrətlə baxır, burada olan hadisələrdən, gedən proseslərdən çox cüzi məlumatlar alırdılar. Ancaq indi biz müstəqillik əldə edəndən, sərbəst, azad olandan sonra bizim qısa bir müddətdə geniş əlaqələrimiz yaranıbdır. Türkiyə ilə Azərbaycan arasında indi olan əlaqələr bəlkə də tarix boyu bu qədər geniş, dərin olmayıbdır.
Bizim dilimiz, mədəniyyətimiz eynidir, bir-birimizlə də qonşuyuq. Ancaq bir-birimizdən nə qədər uzaqda olmuşuq, nə qədər aralı düşmüşük, bir-birimizin həsrətini çəkmişik. Bu gün artıq bir yerdəyik. Bu gün artıq hamımıza aydın olan, hamımızın anladığı dildə danışırıq və öz ürək sözlərimizi bir-birimizə çatdırırıq.
Tatarıstanın və Başqırdıstanın TÜRKSOY-a üzv olması xüsusən əlamətdar bir hadisədir. Bu, sevindirici bir haldır. Tatarıstan da, Başqırdıstan da böyük respublikalardır. Biz çox sevinirik ki, bu respublikalar Rusiya Federasiyasının tərkibində özlərinə çox böyük səlahiyyətlər əldə ediblər. Bu səlahiyyətlər çox yüksək səviyyəlidir. Onlar artıq öz mədəniyyətini, milli irsini, milli tarixini istədikləri kimi həm geniş təhlil, həm də təbliğ etmək imkanı əldə ediblər.
Mən Tatarıstanın nümayəndələri ilə mərasimlərdə də, toplantılarda da və təkbətək də dəfələrlə görüşmüşəm. Ancaq biz ikimiz də anladığımız dildə heç vaxt danışmamışıq. Bu gün mən Tatarıstanın və Başqırdıstanın mədəniyyət nazirlərinin burada öz ana dillərində danışmasına çox sevinmişəm və bu ölkələri vaxtilə yaxşı bildiyimə baxmayaraq indiyədək heç təsəvvür edə bilmirdim ki, bu dillər bizim Azərbaycan dilinə bu qədər yaxındır və bu qədər də anlaşıqlıdır.
Bunlar hamısı dünyada gedən böyük ictimai-siyasi dəyişikliklərin nəticəsidir. Bunlar hamısı xalqlarımızın dövlət müstəqilliyini əldə etməsinin, milli azadlığa nail olmasının bəhrəsidir. Bunlar hamısı bizim üçün yeni bir eranın, yeni bir parlaq gələcəyin başlanğıcıdır. Biz xoşbəxt adamlarıq ki, bunlar bizə nəsib olubdur. Biz belə bir gələcəyin təməlini qoyanlardanıq. Ümidvaram ki, biz bu gələcəyi də görəcəyik, gələcək nəsillər görülən işləri layiqincə qiymətləndirəcəklər.
Çox sevindirici haldır ki, bu gün TÜRKSOY-un növbəti toplantısında Rusiya Federasiyasının və Gürcüstan Respublikasının nümayəndə heyətləri də iştirak edirlər. Mən qonşu Gürcüstanın mədəniyyət naziri cənab Asatianini çox məmnuniyyətlə dinlədim. Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini, bizim üçün çox yaxın və hörmətli olan cənab Şerbakovun çıxışını çox böyük məmnuniyyətlə dinlədim. Hər iki çıxışda TÜRKSOY-a çox doğma, müsbət münasibət, bu təşkilatla əməkdaşlıq etmək arzusu və gələcək əməkdaşlığa ümid verən sözlər həddindən artıq sevindiricidir.
Cənab Şerbakovun çıxışındakı bir nöqtə çox maraqlıdır. O bildirdi ki, Rusiya Federasiyasında slavyandilli xalqlardan sonra ikinci yerdə türkdilli xalqlar durur və onların da sayı 12 milyondur. O bildirdi ki, slavyandilli xalqlarla türkdilli xalqların əməkdaşlığına Rusiya Federasiyasında çox böyük diqqət və qayğı göstərilir. Bu, sevindirici haldır. Keçmişdə bu məsələlərə biz heç vaxt toxunmurduq, toxuna bilmirdik. Yəni toxunmaq istəsəydik də, bu, keçmiş dövrün tələblərinə uyğun ola bilməzdi. Ancaq görürsünüz dünyada, o cümlədən keçmiş Sovetlər İttifaqı məkanında baş vermiş hadisələr, meydana gəlmiş dəyişikliklər və dövlətlərin, respublikaların öz müstəqilliklərinə nail olmaları və Rusiya Federasiyasının keçmişdə Sovetlər İttifaqına mənsub olmuş respublikaların dövlət müstəqilliyinə böyük hörmət və ehtiram hissi ilə münasibət göstərməsi belə bir yeni amillərin meydana çıxmasına, onlardan istifadə edilməsinə şərait yaradır.
Bir daha qeyd edirəm ki, bu son illərdə meydana çıxmış dəyişikliklərin nəticəsidir. Bunlar bizim hamımızın – həm türkdilli dövlətlərin, həm də türkdilli ölkələrlə qonşu olan dövlətlərin bir-biri ilə sıx əməkdaşlıq etməsi üçün çox gözəl imkanlar yaradıb və böyük yollar açıbdır.
Türkdilli ölkələrin dövlət başçılarının toplantılarında TÜRKSOY təşkilatına xüsusi əhəmiyyət verilir. Oktyabrın 21-də Daşkənddə türkdilli ölkələrin dövlət başçılarının 4-cü görüşündə biz mədəniyyət sahəsi ilə əlaqədar bir çox məsələləri müzakirə etdik və artıq bəyan edilmiş Daşkənd Bəyannaməsində bu təşkilatın qarşısında bir çox vəzifələr irəli sürdük. Bunlar sizə məlumdur. Hesab edirəm ki, türkdilli ölkələrin dövlət başçılarının Daşkənddə qəbul etdikləri bəyannamə TÜRKSOY beynəlxalq təşkilatı üçün yeni böyük vəzifələr meydana gətiribdir. Onların həyata keçirilməsi bu təşkilatın işinin daha da canlanmasına gətirib çıxaracaqdır. Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, burada – Bakıda keçirilən VIII toplantıda Daşkənd Bəyannaməsində irəli sürülmüş vəzifələr sizin tərəfinizdən diqqətlə müzakirə olunacaqdır və onların həyata keçirilməsi üçün lazımi tədbirlər görəcəksiniz.
Ümumiyyətlə, türkdilli dövlət başçılarının görüşlərinin əsas məqsədi iqtisadi əməkdaşlığı inkişaf etdirməkdən, ölkələrimiz arasında olan bütün başqa əlaqələri genişləndirməkdən ibarətdir. Biz bəyan edirik ki, bizim bu görüşlərimiz siyasi xarakter daşımır. Eləcə də TÜRKSOY təşkilatı siyasi xarakter daşımır. Eyni zamanda, biz ölkələrimizin həyatı ilə əlaqədar olan ictimai-siyasi məsələlərə də biganə qala bilmirik və qala bilmərik. Ancaq bir daha deyirəm, bizim fəaliyyətimizin əsas istiqaməti iqtisadiyyat, elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməkdən ibarətdir.
Bu baxımdan bizim üçün, yəni dövlət başçıları üçün TÜRKSOY təşkilatının fəaliyyəti çox böyük əhəmiyyət kəsb edir. Daşkənd Bəyannaməsində öz əksini tapmış qərarların əksəriyyəti elmə, mədəniyyətə, təhsilə aiddir. Onların çoxu da TÜRKSOY vasitəsilə həyata keçirilməlidir. Ona görə də mən güman edirəm ki, gələcəkdə bütün bu əlaqələrin genişlənməsi üçün siz lazımi tədbirlər həyata keçirəcəksiniz.
Bizim ölkələrimizdə gedən ictimai-siyasi proseslər, sosial-iqtisadi çətinliklər, şübhəsiz ki, mədəniyyətə istənilən qədər qayğı göstərməyə və maddi yardım etməyə imkan vermir. Bilirsiniz ki, Azərbaycanın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində işğal olunubdur. İşğal olunmuş torpaqlarımızdan 1 milyondan artıq vətəndaşımız, azərbaycanlılar yerindən-yurdundan zorla çıxarılıb, didərgin düşüb qaçqın vəziyyətində yaşayırlar. Belə bir şəraitdə, şübhəsiz ki, bütün fəaliyyətimizin əsas hissəsi Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqlarımızı azad etmək, yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımızı öz evlərinə, ellərinə-obalarına qaytarmaq və bununla yanaşı, iqtisadi islahatları həyata keçirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdan ibarətdir. Bunlar bizim dövlətimizin, hökumətimizin işinin demək olar ki, bütün məzmununu təşkil edir, yəni biz fəaliyyətimizi əsasən buna yönəldirik. Bu vaxtımızın çox hissəsini alır və işimizin hamısını buna həsr etməyə məcburuq. Ancaq buna baxmayaraq, mədəniyyət, elm, təhsil bizim üçün ən əsas vəzifələrdəndir.
Mədəniyyətimizi, elmimizi, təhsilimizi, insanların mənəviyyatını daha da yüksəklərə qaldırmaq üçün mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi çox zəruri vəzifələrdən biridir. TÜRKSOY bu işi görür və indiyə qədər, qısa müddətdə – üç il ərzində toplanmış təcrübə sübut edir ki, bu təşkilat bundan sonra da çox səmərəli fəaliyyət göstərə bilər və ölkələrimiz, xalqlarımız üçün daha çox iş görə bilər. Bu da ondan ibarətdir ki, xalqlarımızın əlaqələrini bir-biri ilə daha da sıx bağlasın. Mədəniyyət, ədəbiyyat vasitəsilə bu əlaqələri daha da genişləndirmək xalqlarımız üçün çox lazımdır, zəruridir.
Burada çıxış edən natiqlər də dedilər ki, müxtəlif tədbirlər keçirilməsi artıq öz nəticəsini veribdir. Ancaq qarşıda böyük vəzifələr durur. Məsələn, Daşkənd Bəyannaməsində biz TÜRKSOY-a tövsiyə etdik ki, bu təşkilat ona daxil olan türkdilli ölkələrin xalqlarının ümumi bir təqvimini tərtib etsin və bu təqvim, ola bilər, gələcəkdə hər bir xalqın tarixinə, mədəniyyətinə, tarixi keçmişinə aid hadisələrin birlikdə qeyd olunmasını, lazım gələrsə yubiley mərasimlərinin, təntənələrinin bir yerdə keçirilməsini təmin etsin.
Məhəmməd Füzulinin yubileyinin keçirilməsi xalqlarımızın son illərdə bu baxımdan əlaqələrinin inkişaf etməsinin nəticəsidir. Artıq Azərbaycana bir çox ölkələrdən – türkdilli, qonşu və başqa ölkələrdən bu yubiley mərasimlərində iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyətlərinin gəlməsi respublikamızın, xalqlarımızın, ölkələrimizin həyatında yeni bir mərhələnin yarandığını göstərir. Bunlar hamısı sevindirici haldır. Bunlar TÜRKSOY təşkilatı üçün gələcəkdə də yaxşı əsas yaradır.
Mən sizinlə bugünkü görüşümdən çox məmnunam. Sizin hamınıza bu işinizdə müvəffəqiyyətlər arzu edirəm. Bu fürsətdən istifadə edib TÜRKSOY təşkilatına daxil olan ölkələrin xalqlarına və bu mərasimdə iştirak edən nümayəndə heyətlərinin təmsil etdikləri ölkələrin xalqlarına hörmət və ehtiramımı bildirirəm və dostluq salamımı göndərirəm. Sağ olun, işləriniz uğurlu olsun, gələcək görüşlərə qədər.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.