Cümə məscidində mömin soydaşlarımızla görüşdə çıxışı

Tbilisi

9 mart 1996-cı il

Əziz bacılar və qardaşlar!
Əziz dostlar!

Azərbaycan Respublikasının Prezidenti kimi mən Gürcüstan Prezidenti Eduard Şevardnadzenin dəvəti ilə buraya rəsmi səfərə gəlmişəm. Biz iki gündür ki, gürcü xalqının qonaqpərvərliyi ilə əhatə olunmuşuq və burada gürcü xalqı ilə Azərbaycan xalqı arasında və respublikalarımız arasında olan dostluq əlaqələrinin möhkəmlənməsi və inkişaf etməsi üçün lazımi tədbirlər görürük.

Mən buraya Azərbaycanın böyük şəxsiyyətləri Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh və Fətəli xan Xoyskinin qəbirlərini ziyarət edəndən sonra, Azərbaycanın böyük şəxsiyyəti, Azərbaycanın ilk demokratik respublikasının Baş naziri Fətəli xan Xoyskinin qəbri üzərindəki abidənin açılması mərasimindən sonra gəlmişəm.

Bura Azərbaycan müsəlmanlarının məscididir. Bu, Allah evidir, müqəddəs evdir. Məscidə gəlmək, Allaha itaət etmək, Allahın əmrlərini yerinə yetirmək hər bir insanın, müsəlmanın borcudur. Mən çox məmnunam ki, Gürcüstan torpağında, Tbilisi şəhərində azərbaycanlıların belə bir ibadət yeri var, özlərinin məscidi var. Bu məsciddə hər bir azərbaycanlı, hər bir müsəlman gəlib Allaha ibadət edir, dua edir, öz müsəlmanlıq borcunu yerinə yetirir. Bu, böyük nemətdir. Eyni zamanda bu, gürcü xalqının Azərbaycan xalqına və bütün xalqlara nə qədər xoş münasibəti olduğunu göstərir. Bu, gürcü xalqının başqa dinlərə çox dəyərli münasibətini göstərir. Mən bunu çox qiymətləndirirəm.

Siz, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın vətəndaşlarısınız. Gürcüstanın həyatının bütün sahələrində öz fəaliyyətinizi göstərirsiniz və bundan sonra da göstərəcəksiniz. Məmnuniyyətlə qeyd edə bilərəm ki, mənim dostum, hörmətli Eduard Şevardnadze Gürcüstana başçılıq edəndən sonra Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti yaxşılaşıb, Gürcüstanda yaşayan azərbaycanlılar, doğrudan da, bütün hüquqlarına malik olublar və bu hüquqlardan istifadə etmək imkanı qazanıblar. Sizin bu hüquqlarınızdan biri də vicdan, din azadlığınızdır. Bizim Azərbaycanda da və Gürcüstanda da indi bütün insan azadlıqları bərqərar olubdur və o cümlədən din, vicdan azadlığı tamamilə bərqərar olubdur.

Siz burada – Gürcüstan torpağında azərbaycanlı, müsəlman kimi öz dininizi indiyədək qoruyub saxlamısınız, bu günlərdə isə dininizi yaşatmaq, inkişaf etdirmək üçün daha da geniş imkanlar əldə etmisiniz. Bu, indi Gürcüstanda hökm sürən demokratiyanın, azadlığın parlaq nümayişidir. Buna görə mən Gürcü xalqına, Gürcüstan dövlətinə və Prezidentinə Azərbaycan xalqı adından öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Bir daha deyirəm, siz Gürcüstanın vətəndaşlarısınız Gürcüstanın bütün qanun-qaydaları həyatınızın qanun və qaydalarıdır. Sizin də borcunuz Gürcüstanda hörmətli Eduard Şevardnadzenin rəhbərliyi altında görülən bütün tədbirlərdə fəal iştirak etməkdir. Gürcüstanın dövlətçiliyinin, müstəqilliyinin möhkəmləndirilməsinə çalışmaq və Gürcüstanda bu ağır vəziyyətdən çıxmaqdan ötrü aparılan tədbirlərdə iştirak etmək, ona dəstək vermək sizin vətəndaşlıq borcunuzdur.

Mən çox məmnunam ki, siz burada azad, sərbəst yaşayırsınız, öz hüquq və azadlıqlarınızdan istifadə edə bilirsiniz. Ancaq eyni zamanda əmin olduğumu bildirmək istəyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar bundan sonra da bütün hüquqlarından istifadə edə biləcək, Gürcüstanın bərabər hüquqlu vətəndaşları kimi yaşayıb-yaradacaq və Gürcüstan Respublikasının, dövlətinin möhkəmləndirilməsi üçün öz səylərini əsirgəməyəcəklər.

Gürcü xalqı ilə Azərbaycan xalqı arasında olan dostluq, qardaşlıq əlaqələri çoxəsrlik tarixə malikdir. Onlar sarsılmazdır və biz də bu günlərdə bundan sonra da bu dostluq əlaqələrinin möhkəmlənməsi üçün çalışmışıq, çalışacağıq.

Mən sizin hər birinizə bütün işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Gürcüstanda yaşayan hər bir azərbaycanlını bağrıma basıram, öpürəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. Gürcüstan Respublikasına, Gürcüstan dövlətinə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsini arzulayıram. Sağ olun.

Buraya gəlişim münasibətilə mən Qurani-Kərimi Azərbaycan dilində öz adımdan sizə təqdim edirəm ki, onu öz dilimizdə oxuya biləsiniz. Sizin məscidə mənim hədiyyəm olan xalçanı qəbul edin və yadigar kimi saxlayın. Sağ olun.

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.