IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclasında çıxışı
Bakı
23 sentyabr 2015-ci il
2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu, böyük beynəlxalq tədbirdir. Həm dünya, həm İslam aləmi üçün çox önəmli idman yarışmasıdır. Bu Oyunların Azərbaycanda keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir. Azərbaycanda bu günə qədər bütün mötəbər beynəlxalq tədbirlər ən yüksək səviyyədə keçirilmişdir. Eyni zamanda, biz bunu İslam aləminin Azərbaycana, onun inkişafına verdiyi yüksək dəyər kimi qiymətləndiririk və öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, bu Oyunlar yüksək səviyyədə keçirilsin.
Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Oyunların Təşkilat Komitəsi yaradılmışdır. Biz bu gün Təşkilat Komitəsinin birinci toplantısını keçiririk. Oyunların önəmini nəzərə alaraq, bu birinci toplantını mən özüm aparıram. Əminəm ki, bundan sonrakı dövrdə Təşkilat Komitəsi bütün vəzifələri uğurla icra edəcək və bu Oyunlar ən yüksək səviyyədə keçiriləcəkdir.
Təşkilat Komitəsinə rəhbərlik Mehriban Əliyevaya həvalə olunub. Həm “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə, eyni zamanda, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyeva rəhbərlik etmişdir. Nəticələr də göz qabağındadır. Hər iki beynəlxalq tədbir ən yüksək səviyyədə keçirilmişdir. Həm “Eurovision” müsabiqəsində, həm Avropa Oyunlarının gedişatında bütün təşkilati məsələlər öz həllini tapıb və bu yarışmalarda iştirak etmiş bütün idmançılar və Azərbaycana gəlmiş qonaqlar bunu yüksək qiymətləndirmişlər.
Mən xüsusilə birinci Avropa Oyunlarının nəticələrini qeyd etmək istəyirəm. Bu, birinci belə yarışma idi. Bu günə qədər Avropada qitə yarışları keçirilməmişdi. Əlbəttə ki, bu yarışın yüksək səviyyədə keçirilməsi bizim səylərimizdən asılı idi. Biz bu Oyunların standartlarını müəyyən etdik. Bu, ən yüksək standartlar idi. Həm qonaqlar, həm Azərbaycan vətəndaşları bir daha gördülər ki, birinci Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirilmişdir. Məhz qarşıya belə məqsəd qoyulmuşdu. Baxmayaraq ki, bu Oyunların hazırlanmasında bizim cəmi 2 il yarım vaxtımız var idi. Həm yeni idman infrastrukturunun yaradılması, həm mövcud idman obyektlərinin təmiri, bütün təşkilati məsələlərin həlli ən yüksək səviyyədə həyata keçirilmişdir və şübhəsiz, bu işlərdə Təşkilat Komitəsinin xüsusi rolu və əməyi var idi.
Avropa Oyunları bizə imkan verdi ki, öz potensialımızı ortaya qoyaq. Azərbaycan Avropaya və bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri rahat bir ailə kimi yaşayır və biz bütün qonaqları qəbul etməyə hazırıq, buna qadirik. Azərbaycan xalqı öz qonaqpərvərliyini, öz tolerantlığını, qonaqlara olan hörmətini bir daha ifadə etdi. Eyni zamanda, bizim təşkilatçılıq qabiliyyətimiz də ən yüksək səviyyədə idi. Bu da ölkəmizin ümumi inkişaf potensialının göstəricisi kimi artıq qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Baxmayaraq ki, Avropa Oyunları ərəfəsində və Oyunlar zamanı Azərbaycana qarşı çox çirkin kampaniya aparılırdı. Bu kampaniya əlaqələndirilmiş şəkildə aparılırdı. Bəzi xarici dairələr Azərbaycanda gedən inkişafı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında həqiqətə uyğun olmayan rəy yaratmaq üçün sanki yarışa çıxmışdılar. Azərbaycan haqqında yalan, böhtan, uydurma informasiyalar xarici media orqanlarında da geniş yer almışdı. Əlbəttə, biz yaxşı başa düşürdük və bilirdik ki, bu, təsadüfi deyil. Bu, çox düşünülmüş, məqsədyönlü təşkil edilmiş qarayaxma, şər-böhtan kampaniyası idi. Bu kampaniyanı aparan və onu sifariş edən qüvvələr bir məqsədi güdürdü ki, Azərbaycanı gözdən salsınlar və Oyunlara ləkə vursunlar. Ancaq onların bütün səyləri Azərbaycanda alt-üst edildi. Ona görə ki, ölkəmizə, Oyunlara gəlmiş idmançılar, nümayəndə heyətlərinin üzvləri, qonaqlar Azərbaycan reallıqlarını öz gözləri ilə gördülər. Gördülər ki, Azərbaycan müasir, dinamik inkişaf edən, demokratik ölkədir. Azərbaycan multikulturalizmin mərkəzidir. Son illər ərzində Azərbaycanda quruculuq, abadlıq işləri o qədər sürətlə gedir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Gördülər ki, Azərbaycan gəncləri və bu Oyunlarda fəal iştirak etmiş könüllülər öz Vətənini sevirlər, öz Vətəni ilə fəxr edirlər. Fəxr edirlər ki, onlar Azərbaycan vətəndaşlarıdır. Gördülər ki, Azərbaycan idmançıları həm peşəkar, həm vətənpərvər idmançılardır.
Bu Oyunlar Azərbaycan dövlətinin təntənəsi idi. Bizə qarşı bu çirkin əməlləri sifariş və icra edən qüvvələr heç bir məqsədə nail ola bilməmişlər. Baxmayaraq ki, Oyunlar ərəfəsində Avropa Parlamenti anti-Azərbaycan qətnaməsi qəbul etməyə çalışırdı. Ancaq məqsədə çata bilməmişdir, o qətnamə qəbul edilməmişdir. Oyunların açılış günündə - iyunun 12-də Almaniya Bundestaqı Azərbaycanın əleyhinə yalan-böhtan üzərində qurulmuş çirkin bir qətnamə qəbul etmişdir. Onu da Azərbaycan xalqı və dövləti rədd etmişdir. Yəni, bütün bu səylər onu göstərir ki, biz hətta misli görünməmiş təzyiqlər şəraitində yolumuzdan dönmədik, Azərbaycan bir daha öz imkanlarını ortaya qoydu.
Əlbəttə, Oyunlardan sonra da bizə qarşı təzyiqlərin olacağını proqnozlaşdırırdıq. Çünki Azərbaycan öz müstəqil siyasətinə sadiqdir. Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki, yaratdıqları stereotiplərə sığmır. Əfsuslar olsun ki, bu gün İslam aləmi daha çox münaqişələr zonası kimi təqdim edilir, islamofobiya meyilləri güclənir, İslam dininə qarşı təhqir-böhtan kampaniyası aparılır və görəndə ki, müsəlman aləmində belə gözəl, dinamik inkişaf edən, müasir ölkə var, əlbəttə, bu da onların planlarını alt-üst edir.
Oyunlarla bağlı qeyd etməliyəm ki, idmançılarımız bizi sevindirdilər. Azərbaycan tarixi qələbə qazanmışdır, komanda hesabında ikinci yerə layiq görülmüşdür. İdmançılarımız 21-i qızıl olmaqla 56 medal qazanmışdır. Yəni, birinci Avropa Oyunları Azərbaycan dövlətinin, xalqının hərtərəfli bayramı, təntənəsi idi. Əminəm ki, gələcəkdə belə bayramlar, qələbələr çox olacaq.
İslam Həmrəylik Oyunlarının keçirilməsi də qeyd etdiyim kimi, çox önəmli beynəlxalq yarışma olacaqdır. Azərbaycan İslam aləminin bir parçasıdır. Bu, bizim ailəmizdir və biz çalışmalıyıq ki, bu Oyunlar da ən yüksək səviyyədə keçirilsin. Bütün idmançılara, qonaqlara, nümayəndə heyətlərinin üzvlərinə gözəl şərait yaradılmalıdır ki, ölkəmizlə tanış olsunlar, Azərbaycanın qədim tarixini görsünlər, öyrənsinlər və Azərbaycanda özlərini rahat hiss etsinlər.
Deyə bilərəm ki, bu Oyunlardan başqa Azərbaycan müxtəlif beynəlxalq yarışlara da ev sahibliyi edəcəkdir. 2016-cı ildə “Formula-1” yarışması ilk dəfə olaraq Azərbaycanda keçiriləcəkdir. Bu da futbol üzrə dünya çempionatı ilə bir səviyyədə olan yarışmadır. Bütün dünyanın gözü yenə də Azərbaycanda olacaq. Əminəm ki, biz bu yarışmanı da yüksək səviyyədə keçirəcəyik. Gələn il Azərbaycanda Dünya Şahmat Olimpiadası keçiriləcək. Yəni, biz bu yolla gedirik və gedəcəyik. Çünki bizim imkanımız var və eyni zamanda, biz bu yolla ölkəmizi dünyaya tanıdırıq.
Bədxahlara, anti-Azərbaycan, islamofob qüvvələrə ən yaxşı cavabımız bizim reallıqlarımızdır. Gəlsinlər, öz gözləri ilə görsünlər. Deyə bilərəm ki, Azərbaycana gələn xarici qonaqların mütləq əksəriyyəti ölkəmizdən ən xoş arzularla ayrılır. Çünki onlar qərəzsizdir, Azərbaycana xoş niyyətlə gəlirlər. Mən demişəm və bir daha demək istəyirəm ki, biz xoş niyyətlə ölkəmizə gələn bütün xarici qonaqlara qucaq açırıq. Azərbaycan multikulturalizm diyarıdır. Azərbaycanda dini, milli zəmində heç bir ayrı-seçkilik yoxdur, heç vaxt olmayıb və olmayacaqdır. Biz bir çox ölkələr üçün nümunəyik, xüsusilə, indiki dövrdə. Bu gün hamımızın gözü qarşısında müsəlman qaçqınlara işgəncələr verilir. Bu, bizi hiddətləndirir. Onu da qeyd etməliyəm, Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz ədalətsizliyə dözə bilmirik. Biz ədalətin, insanlığın tərəfdarıyıq. Bütün vacib beynəlxalq məsələlərlə bağlı bizim öz mövqeyimiz var. Hesab edirəm ki, əgər bizim təcrübəmiz geniş şəkildə öyrənilərsə, o zaman dünyada münaqişələrin və dini, milli zəmində qarşıdurmaların sayı da azalacaqdır.
Azərbaycan bir nümunədir, bir örnəkdir. Bu, normal həyat tərzidir. Mən bir daha demək istəyirəm ki, biz həyata keçirdiyimiz işlərdə hər hansı bir fövqəladə nailiyyət görmürük. Bu, normal həyat tərzidir. Sadəcə olaraq, bəzi ölkələrdə bu normal həyat tərzi pozulub və irqçilik, ksenofobiya, islamofobiya hökm sürür.
Əminəm İslam Oyunları ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda, dünyaya göstərəcək ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir.
Biz çalışacağıq ki, bütün təşkilati məsələlər öz həllini tapsın. Birinci Avropa Oyunlarında əldə edilmiş təcrübə əlbəttə ki, bizə kömək göstərəcək. Nəzərə alsaq ki, Təşkilat Komitəsi təxminən bu tərkibdə Avropa Oyunlarının keçirilməsi ilə də məşğul idi, mən əminəm, qarşıda duran bütün vəzifələr icra ediləcəkdir və bir daha Azərbaycan öz imkanlarını ortaya qoyacaqdır.
X X X
İclasa yekun vuran Prezident İlham ƏLİYEV dedi:
Hesab edirəm ki, məruzələrdə kifayət qədər geniş məlumat verildi. Əminəm ki, Təşkilat Komitəsi qarşıda duran vəzifələri uğurla icra edəcək. Əlbəttə, Təşkilat Komitəsinin üzvləri və digər qurumların rəhbərləri burada fəal iştirak etməlidirlər, işləməlidirlər. Avropa Oyunlarının keçirilməsi bizə çox böyük təcrübə qazandırdı. Bu barədə artıq deyildi. Bütün mərhələlərdə yenə əlaqələndirmə olmalıdır və yüksək peşəkarlıq göstərilməlidir. Qonaqların, idmançıların ölkəmizə gəlişi, aeroportda qarşılanması, viza problemlərinin həlli, onların müasir nəqliyyat vasitələri ilə təmin edilməsi, burada həm qonaqlara, həm idmançılara, nümayəndə heyətlərinin üzvlərinə yüksək qonaqpərvərliyin göstərilməsi, bütün bu məsələlər əminəm ki, öz həllini tapacaq.
Təhlükəsizlik tədbirlərinə xüsusi diqqət göstərilməlidir. Əminəm ki, bizim bu sahəyə rəhbərlik edən şəxslər İslam Həmrəylik Oyunlarını da yüksək səviyyədə təşkil edəcəklər. Avropa Oyunları zamanı təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil edilmişdi. Mən bunu demişəm, bir daha demək istəyirəm. Mən son illər ərzində bir çox Yay Olimpiya Oyunlarının açılışlarında iştirak etmişəm və özüm görmüşəm ki, bəzi hallarda küçələrdə əlisilahlı insanlar, hətta müasir xüsusi qurğular yerləşdirilir. Bəzi hallarda binaların damında hava hücumuna qarşı qurğular yerləşdirilir. Bakıda isə bir dənə də olsun əlisilahlı insana rast gəlmək mümkün deyildi. Yəni, budur bizim yanaşmamız. Təhlükəsizlik ən yüksək səviyyədə təşkil edilmişdir. Eyni zamanda, təhlükəsizlik tədbirləri adi insanlara problem yaratmamalıdır, xüsusilə Bakı sakinlərinə. Qonaqlar da bunu hiss etməməlidir. Ona görə, mən əminəm ki, bu dəfə də bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil ediləcəkdir.
İnformasiya-kommunikasiya sahəsində də Avropa Oyunları ilə bağlı heç bir problem olmamışdır. İndi İslam Həmrəylik Oyunlarına qədər əlavə tədbirlər də görülməlidir ki, bütün informasiya-kommunikasiya sistemləri yaxşı vəziyyətdə işləsin və heç bir problem olmasın.
Şəhər nəqliyyatının tənzimlənməsi prosesi gedir, yeni qurumlar yaradılır, Bakı sakinləri də bunu görür, yeni metro stansiyaları inşa edilir. Şəhər nəqliyyatı ilə bağlı yeniliklər artıq tətbiq edilir. Hesab edirəm ki, Oyunlara qədər bu sahədə təkmilləşmə işləri daha da sürətlə getməlidir. Yenə də Avropa Oyunlarındakı kimi xüsusi nəqliyyat zolaqları müəyyən edilməlidir. Hesab edirəm ki, bu sahədə də heç bir problem olmayacaq.
Bakı şəhərinin abadlaşması prosesi gedir. Bunun Oyunlarla heç bir əlaqəsi yoxdur. 2017-ci ilə qədər əlavə tədbirlər görüləcək. Bakıda yeni küçələr açılır, binalar tikilir, şəhər gözəlləşir. Göstəriş verilmişdir ki, şəhərimizin hər bir yerində çox ciddi və böyük quruculuq işləri davam etdirilsin. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil, bütün mikrorayonlarda, şəhərimizin bütün kənar yerlərində də sürətlə quruculuq-abadlıq işləri, infrastruktur layihələri icra edilməlidir və edilir.
Tibbi xidmətlə bağlı deyə bilərəm ki, indi Azərbaycanda, son vaxtlar xüsusilə Bakıda tikilmiş yeni böyük tibb mərkəzləri fəaliyyət göstərir, ən müasir avadanlıq quraşdırılıbdır. Hesab edirəm, Oyunlar zamanı xüsusi briqadalar təşkil olunacaq, xüsusi mərkəzlər müəyyən ediləcəkdir ki, əgər hər hansı bir bədbəxt hadisə baş verərsə dərhal tibbi xidmət göstərilsin.
Atletlər və Media kəndləri ən yüksək səviyyədə qurulubdur. Avropa Oyunlarında orada qalmış idmançılar, nümayəndə heyətlərinin üzvləri bunu xüsusilə qeyd edirdilər. Mənə verilən məlumata görə, bəzi idmançılar, hətta onların yarışları başa çatandan sonra da Bakını tərk etmək istəmirdilər. Çünki Media və Atletlər kəndlərində özlərini çox rahat hiss edirdilər. Bütün işlər ən yüksək səviyyədə təşkil edilmişdi. Təbii ki, 2017-ci ilə qədər həm Atletlər Kəndi, həm də Media Kəndi boş qalacaq. Ona görə, əlbəttə, baxmaq lazımdır ki, orada cari təmir işləri də aparılsın, Oyunlara qədər biz yenə də o yüksək səviyyəni saxlaya bilək.
İdman obyektlərimiz ən yüksək səviyyədədir. Burada qeyd edildi ki, heç bir yeni obyektin tikintisinə ehtiyac yoxdur. Yəni, bu Oyunların keçirilməsi üçün heç bir kapital qoyuluşu nəzərdə tutulmur. Əlbəttə ki, istismar xərcləri olacaqdır. Biz Oyunların keçirilməsi üçün yenə xarici mütəxəssisləri də cəlb edəcəyik. Onlar yerli mütəxəssislərlə bərabər çalışacaqlar. Yəqin yenə də Beynəlxalq Əməliyyat Şirkəti yaradılacaqdır ki, biz bu Oyunları da Avropa Oyunlarının səviyyəsində keçirək.
Oyunlar zamanı çox geniş mədəni proqramların - tamaşaların, konsertlərin keçirilməsi nəzərdə tutulmalıdır ki, qonaqlar bizim zəngin mədəniyyətimizlə tanış olsunlar. Xüsusi ekskursiya turları təşkil edilməlidir. Əgər ehtiyac olarsa, əlavə səyahət avtobusları da alına bilər. Çünki bildiyimə görə, bu avtobusların indi çox böyük funksiyaları var. Həm şəhər sakinləri, həm də turistlər onlardan istifadə edirlər. Biz öz zəngin tariximizi, mədəniyyətimizi təqdim etməliyik. Eyni zamanda, bu Oyunlar iki həftədən çox davam edəcək. Buraya gələcək turistlər üçün bölgələrə ekskursiya turları da təşkil edilməlidir. Hər bir mehmanxana xüsusi bukletlər, broşürlərlə təmin olunmalıdır. Bu sahədə sizin təcrübəniz var.
Yenə də əlbəttə ki, biz könüllülərin fəaliyyətini səbirsizliklə gözləyirik. Könüllülər üçün də bu, yeni bir imkan olacaq ki, öz məharətini, peşəkarlığını göstərsinlər. Mən bilirəm ki, Avropa Oyunları başa çatandan sonra könüllülər də bir qədər darıxırlar. Biz hamımız darıxırıq. Biz əlbəttə, istəyirik ki, o unudulmaz günləri bir daha yaşayaq. Əminəm ki, İslam Həmrəylik Oyunlarında da könüllülərimiz çox fəal işləyəcəklər. Onların rolu həddindən artıq böyükdür. Bildiyiniz kimi, bütün könüllülər tərifnamə ilə təltif olunmuşlar. Onlar gələcəyimizdir, gənclərdir, hazırlıqlı, vətənpərvər, bilikli, artıq böyük təcrübəyə malik olan insanlardır. Ümumiyyətlə, idarəetmə sistemlərimizdə biz gəncləşmə siyasətini aparmalıyıq. Azərbaycan müasirləşir, inkişaf edir, nəsillər dəyişir və belə gənclər hazırlanmalıdır ki, gələcəkdə onlar ölkəmizi inamla idarə etsinlər.
Oyunların başlamasına iki ildən az vaxt qalır. Oyunlar 2017-ci ilin may ayında keçiriləcəkdir. Ona görə, Təşkilat Komitəsi artıq bu gündən fəal işə başlamalıdır. Bilirəm ki, bu günə qədər hazırlıq işləri aparılmışdır. Bu gün bu, məruzələrdə də səsləndi. Bütün qurumlar əlaqəli şəkildə işləməlidir ki, Oyunları yüksək səviyyədə keçirək. Bir daha demək istəyirəm ki, biz Avropa Oyunlarına göstərdiyimiz yanaşmanı bu Oyunlarda da göstərməliyik. Bu Oyunlar Avropa Oyunlarından az əhəmiyyət kəsb etmir. Elə etməliyik ki, bir daha Azərbaycan öz qonaqpərvərliyini, təşkilatçılıq qabiliyyətini, ümumiyyətlə, öz potensialını bütün dünyaya göstərsin.
Təşkilat Komitəsinə uğurlar arzulayıram. Sizi və bütün Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Sağ olun.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.