Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında islam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması haqqında Qətnamə

23 may 2009

İslam Konfransı Təşkilatı Xarici işlər nazirlərinin XXXVI konfransı

Dəməşq, 23-25 may 2009-cu il Azərbaycan tarixinin, mədəniyyətinin, arxeologiyasının, etnoqrafiyasının və memarlığının Azərbaycanın və onun xalqının tarixinin ayrılmaz hissəsi kimi İslam irsinin mənbələrindən biri olduğunu dərk edərək;

BMT-nin Təhlükəsizlik Şurasının, Laçın və Şuşa rayonları daxil olmaqla Azərbaycanın işğal olunmuş bütün ərazilərindən erməni silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılması, Ermənistan tərəfindən Azərbaycan

Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini israrla tələbi barədə 822, 853, 874 və 884 saylı qətnamələrini təsdiq edərək; 

Ermənistan tərəfindən etnik təmizləmə məqsədi ilə Azərbaycanın Ermənistan tərəfindən tutulmuş məscidlərinin və islama aid olan digər müqəddəs yerlərinin tam və vəhşiliklə dağıdılmasının insanlıq əleyhinə cinayət olduğunu təsdiq edərək; 

Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində erməni təcavüzkarları tərəfindən İslam irsinə vurulmuş böyük zərərlərin, İslam mədəniyyətinə aid misilsiz abidələrin, habelə məscidlərin, məbədlərin, məzarlıqların, arxeoloji qazıntıların, muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, dövlət teatrlarının, musiqi məktəblərinin tam və ya bir qisminin dağıdılması, zəbt edilmiş muzeylərdən çoxsaylı qiymətli əşyaların, milyonlarla kitab və tarixi əlyazmaların ələ keçirilməsi və məhv edilməsi faktlarını qeyd edərək; 

Bu barədə Azərbaycan hökumətinin və xalqının narahatlığını tam bölüşərək: 

  1. Erməni təcavüzkarlarının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində İslam sivilizasiyasının tam məhv edilməsinə yönəldilmiş vəhşi hərəkətlərini ciddi surətdə pisləyir. 
  2. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin Ermənistan tərəfindən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsini tələb edir. 
  3. Azərbaycanın regional və beynəlxalq səviyyədə göstərdiyi və Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə İslam mədəni dəyərlərinin və xəzinələrinin qorunması və saxlanılması məqsədi daşıyan səylərinə öz dəstəyini təsdiqləyir. 
  4. Aldığı zərərlərə görə Azərbaycanın müvafiq kompensasiya almaq hüququnun olduğunu və bu zərərin ödənilməsi üçün Ermənistan Respublikasının tam məsuliyyət daşıdığını hesab edir. 
  5. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məscidlərin, təhsil ocaqlarının, kitabxanaların, muzeylərin İKT-yə üzv dövlətlərin yardımı ilə bərpası üçün İKT-nin bölmələrini və ixtisaslaşdırılmış qurumlarını yardım proqramının təşkili imkanlarını araşdırmağa çağırır. 
  6. Bu problemə dair İslam Konfransı Təşkilatına üzv dövlətlərin mövqeyi barədə BMT, ATƏT və digər beynəlxalq təşkilatlara məlumat verilməsinə və İKT-nin himayəsi altında olan qurumlar və ixtisaslaşmış orqanlar çərçivəsində həyata keçirilmiş koordinasiya işlərinə görə İKT Baş Katibliyinə təşəkkür bildirir. Həmçinin bu işə yardım etmiş adı çəkilən qurum və təşkilatlara da, xüsusilə İslam İnkişaf Bankına və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatına onlar tərəfindən Azərbaycan Respublikasında islama aid olan müqəddəs yerlərin qorunması üzrə layihələrin gerçəkləşdirilməsi üçün proqramların qəbul edilməsinə görə təşəkkür edir.
Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.