Türkdilli dövlətlər başçılarının IV forumunda nitqi

Daşkənd

21 oktyabr 1996-cı il

Hörmətli dövlət başçıları!
Xanımlar və cənablar!

Qonaqpərvərlik və görüşümüzün əla təşkili üçün Özbəkistan Respublikasının prezidenti İslam Kərimova ürəkdən təşəkkür edirəm. Daşkənd forumunun ali iştirakçılarını, hörmətli qardaşlarımı – Türkiyə Respublikasının prezidenti ‎Süleyman Dəmirəli, Qazaxıstan Respublikasının prezidenti Nursultan ‎Nazarbayevi, Qırğızıstan Respublikasının prezidenti Əskər Akayevi, Türkmənistan Respublikasının prezidenti Saparmurad Niyazovu, Özbəkistan Respublikasının prezidenti İslam Kərimovu salamlayıram, sizə və xalqlarınıza səadət və firavanlıq arzulayıram. ‎

Dərin razılıq hissi ilə qeyd edirəm ki, əsası 1992-ci ildə Ankarada qoyulmuş məclisimizin nəcib ənənələri davam edir, qardaşlığımız və əməkdaşlığımız möhkəmlənir və müvəffəqiyyətlə inkişaf edir. Türkdilli dövlətlərin başçılarının Zirvə görüşlərini keçirməyin zəruri və faydalı olduğunu həyatın özü təsdiq etmişdir və mən forumumuzun təşəbbüsçüsü olmuş və onun ideyasının həyata keçməsi üçün böyük səylər göstərmiş qardaş Türkiyəyə, onun prezidenti, bizim dostumuz ‎Süleyman Dəmirələ xüsusi minnətdarlığımı bildirirəm. ‎

Ötən illərə qiymət verərkən cəsarətlə demək olar ki, keçid dövrünün məlum çətinliklərinə baxmayaraq, ölkələrimiz və xalqlarımız çox ağır sınaqlardan müvəffəqiyyətlə çıxmış və tarixi əhəmiyyətə malik nəticələrə nail olmuşlar. Ölkələrimizin dövlət müstəqilliyinin möhkəmlənməsi, demokratik hüquqi dövlət yaradılması, siyasi və iqtisadi islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi keçdiyimiz yolun real yekunlarıdır. ‎

Məqsəd və vəzifələrimizin, həll etdiyimiz problemlərin oxşarlığı ölkələrimizi və xalqlarımızı birləşdirən güclü amildir. Bizim xalqlarımızın ümumi tarixi, mədəni kökləri və ənənələri, eyni dilə və dinə mənsub olmağımız bizi daha da birləşdirir. ‎

Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Ankarada keçirilmiş birinci görüşümüzdən sonrakı dövr ərzində türkdilli dövlətlərin ikitərəfli münasibətləri daha da inkişaf etmiş, aramızda yüksək səviyyədə çoxlu səfərlər, beynəlxalq məclislərdə görüşlər və danışıqlar olmuşdur. Türkdilli dövlətlərin başçıları arasında sıx şəxsi ünsiyyət, mehriban, etibarlı münasibətlər yaranmışdır. ‎

Bu görüşlər və danışıqlar zamanı mühüm dövlətlərarası sazişlər imzalanmışdır. Onların həyata keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın inkişafına, mənəvi və mədəni əlaqələrimizin genişlənməsinə, dövlətlərimizin müstəqilliyinin möhkəmlənməsinə kömək edir. Bizim şəxsi dostluğumuz, tez-tez görüşməyimiz qarşılıqlı anlaşmaya, ən çətin məsələlərin əlbir səylərlə həll olunmasına kömək edir. Ona görə də biz məmnuniyyətlə deyə bilərik ki, forumumuz tamamilə formalaşmış və bərqərar olmuş, beynəlxalq status almışdır, onun yaxşı perspektivi vardır. ‎

Ölkələrimizin mühüm coğrafi-siyasi məkanda yerləşməsi, çox zəngin təbii sərvətləri, xalqlarımızın yüksək intellekti və əməksevərliyi, müstəqillik və suverenlik, həyata keçirdiyimiz demokratik bazar islahatları regionumuzu dünyanın ən inkişaf etmiş və çiçəklənən regionlarından birinə çevirməyə imkan ‎verir!‎

Əziz dostlar!

Bu gün cəsarətlə demək olar ki, əməkdaşlığımız öz bəhrəsini verməyə başlayır. Biz kommunikasiya sistemlərinin tikintisinə dair layihələri əməli surətdə həyata keçirməyə başlamışıq. Bu sistemlər ölkələrimizi bir- birinə sıx bağlayacaq, qarşımızda Avropaya, Asiyaya, Yaxın və Orta Şərqə, bütün dünyaya yollar açacaqdır. Avropa İttifaqının iştirakı ilə həyata keçirilən, vaxtilə Avropanı Asiya ilə bağlamış məşhur İpək yolunun mücəssəməsi olan TRASEKA layihəsi məhz belə layihədir. Mərkəzi Asiyanı ən qısa və etibarlı yol ilə Avropa ilə birləşdirəcək Transqafqaz dəhlizindən istifadə etmək barədə Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan arasında bağlanmış dördtərəfli Sərəxs sazişləri də bu məqsədə xidmət edir. Mən Özbəkistanın bu sazişə qoşulmasını alqışlayıram. ‎

Biz ABŞ-ın, Rusiyanın, Böyük Britaniyanın, Türkiyənin, İranın, Fransanın, İtaliyanın, Norveçin, Yaponiyanın, Səudiyyə Ərəbistanının və başqa ölkələrin ən böyük neft şirkətləri ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda neft və qaz hasilatına dair iri layihələr həyata keçiririk. ‎

Məlum olduğu kimi, Qazaxıstan və Türkmənistan sektorlarında bu cür layihələr həyata keçirirlər. Bununla əlaqədar olaraq Qazaxıstandan, Türkmənistandan, Özbəkistandan və Azərbaycandan dünya bazarlarına neft və qaz ixracı üçün boru kəmərləri çəkilişi məsələsi qarşıya çıxır. Belə hesab edirəm ki, ölkələrimiz çox vacib olan bu məsələnin müvəffəqiyyətli həlli üçün daha sıx əməkdaşlıq edə bilərdilər. Zənnimcə, boru kəmərlərinin Mərkəzi Asiya – Xəzər – Azərbaycan – Gürcüstan – Türkiyə – Qara dəniz – Aralıq dənizi marşrutu ilə çəkilməsi ən məqbul, təhlükəsiz variantlardan biri ola bilərdi. ‎

Bizim əlbir səylərimiz sayəsində mili mədəniyyətlərimizin və mənəvi irsimizin inkişafı sahəsində yaranmış gözəl əməkdaşlıq razılıq hissi doğurur. Dahi mütəfəkkirlərimizin yaradıcılığı, "Dədə Qorqud", "Manas", "Alpamış" kimi minillik tarixə malik eposlarımız bizim ümumi mədəni sərvətimizdir, xalqlarımızın yüksək mənəviyyatının və əxlaqının təməlidir, bizi xeyirxahlıq və humanizm ruhunda yetişdirmiş ümumi qaynaqlardır. Mən Almatıda böyük qazax mütəfəkkiri və şairi Abayın 150 illiyinə, Bişkekdə qırğızların diqqətəlayiq "Manas" eposunun min illiyinə həsr olunmuş mərasimlərdə böyük hörmət hissi ilə iştirak etmişəm. Düşünürəm ki, bizim mədəniyyət və elm orqanlarımız gələcəkdə də öz əlaqələrini möhkəmlədəcəklər, mənəvi mədəniyyətimizi birlikdə öyrənib təbliğ edəcəklər. ‎

Sevindirici haldır ki, bizim Daşkənd görüşümüz özbək xalqının böyük oğlu Əmir Teymurun 660 illiyi ilə bir vaxta düşür. Onun xatirəsinə həsr olunmuş yubiley mərasimlərində müstəqil türkdilli dövlətlərin prezidentlərinin iştirakı əlamətdar tarixi hadisədir, ümumi səcdəgahlarımıza dərin hörmətin ifadəsidir, getdikcə möhkəmlənən birliyimizin sübutudur. ‎

Məlum olduğu kimi, YUNESKO-nun qərarı ilə Şərqin görkəmli maarifçisi, Azərbaycan şairi Füzulinin 500 illik yubileyi bütün dünyada geniş qeyd edilir. Ankarada, Tehranda, Bağdadda və Kərbəlada, Moskvada, Parisdə YUNESKO-nun iqamətgahında təntənəli yubiley tədbirləri keçirilmişdir. Bu il noyabrın 6-dan Bakı şəhərində bütün türkdilli xalqların böyük oğlu Füzulinin xatirəsinə həsr edilən yekun təntənələri keçiriləcəkdir. Hörmətli dostlar, fürsətdən istifadə edib mən sizin hamınızı Azərbaycanda yubiley təntənələrində iştirak etməyə dəvət edirəm. ‎

Zati-aliləri!‎

XX əsrin sonu dünyanın coğrafi-siyasi mənzərəsini dəyişdirmiş hadisələrlə əlamətdardır. Totalitar rejimlərin süqutu, yeni ölkələrin dövlət müstəqilliyi əldə etməsi, dünyada demokratik dəyərlərin bərqərar olması – bütün bunlar dərin məmnunluq doğurur. ‎

Lakin bununla yanaşı, dünyada təhlükə heç də azalmamışdır. Separatçılıq, davakar millətçilik və beynəlxalq terrorizm təzahürləri, mövcud dövlət sərhədlərinin dəyişdirilməsi niyyəti ilə zor işlətmək cəhdləri beynəlxalq sabitlik üçün bilavasitə və real təhlükədir və bu təhlükə bizim regionda da mövcuddur. Ona görə də beynəlxalq hüquq normalarını, ərazi bütövlüyü prinsiplərini, ölkələrimizin beynəlxalq aləmdə tanınmış sərhədlərinin və suverenliyinin pozulmazlığını əlbir səylərlə qətiyyətlə müdafiə etməli, bu normalara və prinsiplərə ciddi əməl olunmasına çalışmalıyıq. ‎

Müstəqil Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü səkkiz ildir davam edir. Bu təcavüz nəticəsində ərazimizin 20 faizi işğal edilmişdir. Bir milyondan çox vətəndaşımız qaçqına çevrilmişdir və çadır şəhərciklərində çox ağır şəraitdə yaşayır. ‎

1994-cü ilin mayında atəşkəs əldə edilmiş, qanlı qırğın dayandırılmışdır. Ancaq istər ATƏT-in Minsk qrupu çərçivəsində, istərsə də birbaşa danışıqlarda göstərdiyimiz bütün səylərə baxmayaraq, sülh sazişi hələ də imzalanmamışdır. Azərbaycanın vəhşicəsinə viran qoyulmuş və talan edilmiş şəhər və kəndləri təcavüzkarın ixtiyarında qalmaqdadır. ‎

Sülhə nail olmaq üçün biz öz tərəfimizdən nə lazımsa, edirik. Mən dəfələrlə bəyan etmişəm ki, biz Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağın erməniləri üçün ən yüksək muxtariyyət statusu verməyə hazırıq. ‎

Bununla yanaşı, Dağlıq Qarabağa müstəqillik verilməsi və ya onun Ermənistana birləşdirilməsi haqqında ermənilərin tələbləri ilə biz heç vaxt razılaşa bilmərik. Biz Azərbaycanın mənafeyinə zərər vurulmasına heç vaxt imkan verməyəcəyik. Çünki belə cəhdlər bütün mövcud beynəlxalq normalara və prinsiplərə də ziddir. Bugünkü dünyada ərazi işğallarının qanuniləşdirilməsi yolverilməzdir. Harada baş verməsindən asılı olmayaraq, heç bir ölkə bununla razılaşmamalıdır. ‎

Biz bundan sonra da Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına, işğal olunmuş bütün Azərbaycan ərazilərindən erməni silahlı birləşmələrinin çıxarılmasına, azərbaycanlı qaçqınların doğma yerlərinə qaytarılmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə çalışacağıq. Öz ədalətli məqsədlərimizə çatmaqda biz dünya ictimaiyyətinin dəstəyinə və köməyinə, hörmətli dostlar, sizin dəstəyinizə və köməyinizə ümid edirik. ‎

İcazə verin, bir daha əmin olduğumu bildirim ki, bizim Daşkənd görüşümüz, türkdilli dövlətlərin əməkdaşlığını daha da inkişaf etdirmək, regionumuzda sabitliyi və sülhü təmin etmək işində mühüm dönüş mərhələsi olacaqdır. Mən forumumuzun daimi fəaliyyət göstərən katibliyinin yaradılması haqqında prezident İslam Kərimovun təklifini tamamilə dəstəkləyirəm. ‎

Diqqətinizə görə təşəkkür edirəm. ‎
 

Copyright © 2017 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.