Dindarlarla görüşdə çıxışı
Təzəpir məscidi
18 avqust 1995-ci il
Əziz və hörmətli həmvətənlər, bacılar və qardaşlar!
Sizi, bütün Azərbaycan xalqını, bütün Azərbaycan müsəlmanlarını bu bayram – Həzrəti Məhəmməd Peyğəmbərin Mövlud günü münasibətilə təbrik edirəm! Bütün Azərbaycan müsəlmanlarına səadət, xoşbəxtlik, firavanlıq arzulayıram!
Həzrəti Məhəmməd Peyğəmbərin Mövlud günü bizim böyük bayramımızdır. Çünki biz müsəlmanlar həyatımızın başlanğıcını Allah tərəfindən göndərilmiş Məhəmməd Peyğəmbərin və onun yaratdığı Qurani- Şərifin əsasında görürük. Xalqımızın, müsəlmanların Allahın göstərişi ilə Məhəmməd Peyğəmbərin, Qurani- Şərifin qoyduğu yolla getdiyi illər, əsrlər biz müsəlmanları daim yaşadıb, çətinliklərdən çıxarıb, xoşbəxt günlərə gətirib, bizə xoşbəxtlik, səadət bəxş edibdir. Ona görə də bu bayram bizim üçün ən böyük bayramdır. Bu, səadət, xoşbəxtlik, mənəviyyat bayramıdır. Biz bu bayramı böyük iftixar hissi ilə qeyd edirik. Ona görə ki, bizim müqəddəs Qurani-Şərif kimi kitabımız var. Ona görə ki, biz müsəlmanlar Allahın qoyduğu yol ilə, Həzrəti Məhəmməd Peyğəmbərin qoyduğu yol ilə gedərək nailiyyətlərdən-nailiyyətlərə çatmışıq.
Bu günlər biz bir daha Qurani-Şərifə, Məhəmməd Peyğəmbərin qoyduğu yola sədaqətimizi, hörmətimizi, ehtiramımızı bildiririk. Bir daha dua edirik ki, bütün gələcək nəsillər də bu yolla getsinlər. Həyatımızda rastlaşdığımız çətinliklərdən çıxmaq üçün Allah-taala, müqəddəs islam dinimiz bizə dayaq olsun, kömək olsun!
Müstəqil Azərbaycan Respublikası öz tarixinin mürəkkəb bir dövrünü yaşayır. Bu dövrün çox müsbət, xoşbəxt cəhətləri var. Eyni zamanda ağır, çətin, kədərləndirici cəhətləri var.
Xoşbəxtliyimiz ondan ibarətdir ki, Azərbaycan xalqı uzun əsrlər boyu istədiyi, arzu etdiyi, həsrəti ilə yaşadığı milli azadlığını, dövlət müstəqilliyini nəhayət əldə edib. Azərbaycan xalqı indi özü öz taleyinin sahibidir və müstəqil dövlət qurub, yaradıb yaşaya bilir. Bu, xalqımızın tarixlər boyu yaşadığı bütün dövrlərdə ən yüksək səviyyəyə çatdığımız bir dövrdür, bizim üçün ən böyük xoşbəxtlikdir. Xalqımız sərbəstdir, azaddır, dövlət müstəqilliyini əldə edib və biz müstəqil dövlət kimi, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu bir dövlət kimi yaşayırıq.
Xoşbəxtliyimiz ondan ibarətdir ki, uzun illərin məhrumiyyətindən sonra biz dinimizə sahib olmuşuq, islam dininə sahib olmuşuq. İslam dini bütün qadağalardan, bütün məhrumiyyətlərdən qurtarıb, Azərbaycan müsəlmanlarının hər biri üçün onun ürəyinin istədiyi kimi mənəviyyatını yaradan, mənəviyyatını quran bir mənbə olubdur. Bu, böyük nailiyyətdir, böyük xoşbəxtlikdir. İndi artıq məscidlərimizin də qapısı açıqdır. Günü- gündən yeni-yeni Allah evləri, məscidlər də açılır. Xalqımız öz dininə qayıdır, dinini qiymətləndirir, islam dininin xalqımız üçün nə qədər əhəmiyyətli olduğunu dərk edir. Bu, böyük nailiyyətdir.
Ona görə də mən bu gün Allaha itaət edərək, islam dinimizə itaət edərək Həzrəti Məhəmməd Peyğəmbərin Mövlud günü məhz. buraya, Allah evinə, məscidə gəlmişəm. Sizin hüzurunuza gəlmişəm ki, bu xoşbəxtliyimizi, bu nailiyyətimizi, bu bayramımızı sizinlə birlikdə qeyd edək.
Eyni zamanda, yaşadığımız tarixi dövrün böyük çətinlikləri, ağırlıqları var, bizi kədərləndirən cəhətləri var. Bu da bizim həyatımızın gerçəkliyidir. Bu dövrü biz yaşamalıyıq, çətinliklərin, ağırlıqların öhdəsindən gəlməliyik, bu kədərlərdən xilas olmalıyıq. Bu kədərlər də ondan ibarətdir ki, xalqımıza, millətimizə, dinimizə düşmən olan qüvvələr tərəfindən, Ermənistan tərəfindən yeddi il öncə ölkəmizə, Azərbaycana hərbi təcavüz baş veribdir. Yeddi ildir ki, bu hərbi təcavüz davam edir.
Təəssüflər olsun ki, xalqımızın ağır dövründə ona lazımi rəhbərlik olmadığına görə biz torpaqlarımızın bir qisminin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə imkan vermişik. Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqlarımızın iyirmi faizi erməni silahlı qüvvələri tərəfindən işğal edilibdir. O torpaqlarda əsrlər boyu yaşamış, yaratmış, özünə yurd-yuva qurmuş, el-obasını qorumuş, saxlamış azərbaycanlılar, müsəlmanlar zorla öz yerlərindən qovulublar, didərgin salınıblar, qaçqın vəziyyətinə düşüblər. Azərbaycana qarşı yeddi il davam edən hərbi təcavüz nəticəsində övladlarımız şəhid olub, qanlar tökülübdür. Müsəlmanlığımıza, azərbaycanlılığımıza böyük zərbələr vurulubdur. Bu, həyatımızın kədərli cəhətidir, çətin, ağır cəhətidir.
Ancaq biz gələcəyə inanırıq. İnanırıq ona görə ki, biz ədalətli bir xalqıq, sülhsevər bir millətik, müsəlman dünyasının bir hissəsiyik. Biz inanırıq ki, bu bəlalardan çıxacağıq və torpaqlarımız azad olacaq, işğalçılar qovulacaq, ərazi bütövlüyümüz təmin ediləcəkdir. Ancaq bu o qədər də asan deyil. Buna nail olmaq üçün çox işlər görmək lazımdır və biz bunu görürük. Məhz buna nail olmaq üçün biz keçən ilin mayında atəşkəs haqqında saziş əldə etdik. Artıq on beş aydır ki, atəş kəsilibdir. Biz bu atəşkəs rejimini saxlaya bilirik, ona riayət edirik. On beş aydır ki, övladlarımız həlak olmur, güllə atılmır, müharibə getmir, qan tökülmür, şəhidlər gəlmir. Bilirsiniz ki, əvvəlki illərdə biz hər gün şəhid qəbul edirdik. Siz də, biz də – hamımız bir yerdə matəm mərasimlərində olurduq, şəhidləri dəfn edirdik, ağlayırdıq, göz yaşı tökürdük. Hələ indi də göz yaşımız qurumamışdır. Çünki şəhidlərin xatirəsini heç vaxt unuda bilmərik. Onların qəhrəmanlığı, şəhidliyi onları əbədiyyətə qovuşdurmuşdur. Onların xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Ancaq fərq ondan ibarətdir ki, indi artıq müharibə yoxdur, yeni şəhidlər gəlmir, yeni matəm mərasimləri qurulmur. Şübhəsiz ki, bu, bizim son nailiyyətimiz deyil. Bu, sadəcə olaraq vasitədir, şəraitdir ki, biz bu imkanlardan istifadə edərək bütün siyasətimizi fəallaşdırıb, dünyanın bütün imkanlarından, sülhsevər dairələrindən istifadə edib müharibəyə son qoyaq, ərazi bütövlüyümüzü təmin edək, işğal olunmuş torpaqlarımızı azad edək, müsəlmanlarımız, azərbaycanlılar, vətəndaşlarımız öz yerinə-yurduna qayıtsın. Güman edirəm ki, biz buna nail olacağıq. Mən buna əminəm.
Ancaq bizim dərdimiz, çətinliyimiz, kədərimiz təkcə bu deyil. Əgər belə olsaydı, dərd yarı idi. Dərdimiz bir də ondan ibarətdir ki, bütün bu dövrdə, Ermənistanın Azərbaycana təcavüzünün davam etdiyi yeddi il ərzində xalqımız daxili çaxnaşmalar içində yaşayır, daxili qarşıdurma şəraitində yaşayır, daxili ədavət, dedi- qodu içərisində yaşayır. Bəzi qüvvələr, bəzi adamlar müsəlmanlığını da itirib, vicdanmı da itirib, namusunu, şərəfini də itirib, xalqımızın bu ağır dövründən öz şəxsi məqsədlərinə nail olmaq üçün istifadə etməyə cəhd göstərirlər. Ona görə də cürbəcür təxribatlara əl atırlar, xalqımızı parçalamaq, dağıtmaq istəyirlər. Ağır vəziyyətdə yaşayan xalqımızı daha da ağır vəziyyətə salmaq istəyirlər.
Bu tariximiz sizin gözünüzün qabağındadır. Mən bu gün bunların hamısına bir daha təfsilatı ilə qayıtmaq fikrində deyiləm. Ancaq onu bildirmək istəyirəm ki, bizim dərdimizin üstünə dərd gəlir. Adətən ölkə, xalq, millət xarici düşmənin basqınına məruz qalanda daha da sıx olur, daha da birləşir, əl-ələ verir, bütün kin- küdurəti unudur ki, ümumi düşmənin qarşısına bir yerdə çıxsınlar. Ancaq təəssüf ki, bizim içərimizdəki düşmən qüvvələr Azərbaycan xalqına bəlkə də xarici düşmənlərdən daha çox zərbə vurublar. Onlar xalqımızı parçalayıblar, cürbəcür qruplara, tayfalara bölüblər və ölkəmizi, müstəqil Azərbaycanı parçalamağa cəhd ediblər. Bunların nəticəsində də biz məğlubiyyətlərə uğramışıq, bunların nəticəsində də Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal edibdir.
Gəlin açıq danışaq, Azərbaycan xalqı qəhrəman xalqdır, cəsur xalqdır. Azərbaycan xalqı aciz xalq deyil ki, erməni işğalçıları gəlib bizim torpaqlarımızı zəbt edə bilsinlər. Mən heç də razı ola bilmərəm belə hesab edək ki, xalqımız zəif olubdur, onlar isə güclü. Yox! Biz özümüzü içimizdən yemişik, içəridən parçalamışıq. Bununla da daxili düşmənlərimiz erməni işğalçılarına kömək edib, yardım edib və xalqımıza onlardan da çox düşmənçilik ediblər.
Allaha şükürlər olsun ki, son iki ildir sizin gözünüzün qabağında apardığımız siyasət və tədbirlər nəticəsində biz daxilimizdə olan təxribatçı qüvvələri bir-bir ifşa edirik, sıradan çıxarırıq və cəmiyyətimiz, ölkəmiz belələrindən təmizlənir. Ancaq biz bu təmizliyi nə qədər aparırıq, xarici düşmənlərimiz, ayrı-ayrı ölkələrdə Azərbaycanın müstəqilliyinin əleyhinə olan adamlar satqınlıqdan, xəyanətkarlıqdan o qədər istifadə edərək ölkəmizi yenə də diz üstə çökdürməyə çalışırlar. Onlar müstəqilliyimizi boğmağa, əldən almağa çalışırlar, bizi yenə də müstəmləkə, qul etmək istəyirlər.
Yox! Mən bu gün sizə deyirəm və bu Allah evində and içirəm ki, biz bundan sonra heç vaxt müstəqilliyimizi əldən verməyəcəyik! Hər bir azərbaycanlı bunu anlamalı, bilməlidir. Biz bir daha müstəmləkə ola bilmərik, bir daha qul ola bilmərik. Biz azad olmuşuq, Azərbaycan xalqı azad yaşamalıdır. Ancaq ölkəmizin daxilində olan ayrı-ayrı xəyanətkarlar, satqınlar öz şəxsi mənafelərini xalqın mənafeyindən, milli mənafeyimizdən, ənənələrimizdən üstün tutaraq yenə də müstəqilliyimizi dağıtmaq istəyirlər. Biz buna yol verməyəcəyik! Son iki ildə gedən proseslər gözünüzün qabağındadır, görürsünüz ki, biz bunun qarşısını alırıq və bundan sonra da alacağıq.
Bu dövrdə Azərbaycanı neçə dəfə dağıtmaq istədilər. 1993-cü ilin iyun ayında Azərbaycan artıq parçalanmışdı, siz bunun şahidisiniz, Azərbaycanı dağıtmışdılar, vətəndaş müharibəsi başlamışdı. Təsəvvür edin, bir tərəfdən erməni silahlı qüvvələri hücum edirdi, ikinci tərəfdən Azərbaycanda vətəndaş müharibəsi başlamışdı. Azərbaycan belə bir şəraitdə yaşaya bilərdimi ? Biz xalqımızı xilas etdik. Keçən ilin oktyabrında yeni bir çevriliş etmək istədilər, onun qarşısını aldıq. Təşkilatçıların bəzisi həbs olundu, bəzisi qaçdı. Amma yenə də əl çəkmədilər. Qaçıb biri bir ölkədə, o birisi başqa ölkədə, çoxu Moskvada toplaşdılar. Yenidən güc toplayıb bu ilin martında Azərbaycanda bir daha dövlət çevrilişi etmək istədilər, Azərbaycan prezidentini məhv etməyə, terror etməyə çalışdılar. Onun da qarşısını aldıq.
Bilirsiniz ki, qaçmış, gizlənmiş həmin düşmənləri biz son vaxtlar həbs etmişik, üzə çıxarmışıq. Respublikamıza qəsd edən, Azərbaycanın müstəqilliyini dağıtmaq istəyən adamların hamısının artıq iç üzü açılıbdır və hamısı ədalət məhkəməsi qarşısında duracaqdır. Onların hamısı tapılıbdır. Bir qismi hələ ələ keçməyib, onlar da ələ keçəcəklər. Amma o qaçıb gizlənənlər ələ keçiblər, ifşa olunublar və xalqın ədalət məhkəməsi qarşısında cavab verəcəklər.
Mart ayındakı çevriliş cəhdinin qarşısını alandan, onları dağıdandan sonra cəmi bir ay keçməmiş, həmin qüvvələr yeni bir çevriliş hazırlamağa başladılar. Bir həftə bundan qabaq biz bir qrup yüksək rütbəli zabiti – generalları, zabitləri həbs etmişik. Onlar Azərbaycanda yenidən çevrilişə cəhd göstərmək yolu tutublar. Onlar – general Vahid Musayev, general Rafiq Ağayev, general Şahin Musayev, bir sıra polkovniklər və başqaları artıq ifşa olunublar.
Bu əməlləri edənlər kimlərdir ? Özlərinin cürbəcür şəxsi məqsədləri üçün həmin bu daxildə olub, müxalifətdə duran qüvvələr, Azərbaycandan qaçıb orda-burda gizlənənlər – Mütəllibovdur, Rəhim Qazıyevdir, Surət Hüseynovdur, onların əlaltılarıdır. Ancaq onlar da gedib ayrı-ayrı ölkələrdə satılırlar, qul olurlar, xalqını sataraq, necə deyərlər, onlara xidmət edirlər, xalqı ağır vəziyyətə salmaq istəyirlər.
Eşitdiniz ki, Sabunçu rayonundakı körpünü dağıtmaq istəyirdilər. Bilirsiniz, fürsətdən istifadə edib demək istəyirəm ki, mən keçən dövrdə Azərbaycanda rəhbər işləyərkən bizim bütün inşaatçıları bir il yarım səfərbər etdim ki, o körpünü tikək. Sabunçu rayonundakı körpünü nə üçün tikdik ? Yaşlı adamların yadında olar, hava limanına gedən yolu həmişə oradan keçən elektrik qatarı kəsirdi. Yadınızdadırmı ? Şübhəsiz ki, bu da yolun təhlükəsizliyinə mane olurdu. Yol hərəkətini nizama salmaq üçün biz oraya böyük vəsait qoyduq. O körpünü tikdirən də, yaradan da mənəm. Onun əsasını qoyan da, axıra çatdıran da mənəm. Mən bunu xalqım üçün, Bakı üçün, Bakının vətəndaşları üçün etmişəm. Körpünün uzunluğu 600 metrdir. İndi gətirib onun altına o qədər partlayıcı maddələr qoyublar ki, körpünü də, ətrafda olan binaları da dağıtsınlar, insanları da məhv etsinlər. Nə var, nə var ki, Heydər Əliyevi məhv eləyəcəklər...
Görürsünüz, xəyanətin bundan da artıq dərəcəsini təsəvvür etmək mümkün deyil. Görürsünüz, xəyanətin sərhədi nə qədər böyükdür. Bunun da qarşısı alındı. Yenə də deyirəm, təxribatçı, çevriliş etmək istəyən terrorçu yeni bir qrupun da qarşısı alındı, alınır və alınacaq. Siz onu bilin, xalqımız, bütün vətəndaşlarımız da bilsin: biz haqq və ədalət yolu ilə gedirik. Biz xalqımızı bu bəlalardan qurtarmaq istəyirik. Mən bır prezident kimi bütün səyimi, qüvvələrimi buna sərf edirəm və həyatımın son dəqiqələrinə qədər sərf edəcəyəm. Heç bir terrorçu, heç bir təxribatçı, heç bir cinayətkar, heç bir xəyanətkar bizi bu yoldan çəkindirə bilməyəcəkdir!
Axı, mən də insanam, həyatım var, yaşayıram, canlı adamam. Bəzən düşünürəm ki, əcəba, bu mənim həyatımda bir belə nədir ? Məni öldürmək istəyən də olub, mənə qarşı terror etmək istəyən də, batırmaq istəyən də olub. Mənim həyatım, tərcümeyi-halım sizə məlumdur. 1987-ci ildə Moskvada böyük çaxnaşmalardan, mən istefaya gedəndən sonra başıma nə bəlalar gəldi. Orada məni əzmək, həbs etmək istədilər, boğmaq istədilər, boğa bilmədilər. Gəldim buraya, burada boğmaq istədilər, boğa bilmədilər. Getdim ucqar bir yerdə, Naxçıvanda üç il yaşadım, orada boğmaq istədilər, boğa bilmədilər. Xalqın iradəsi ilə iki ildir buraya gəlmişəm. Mən buraya özüm gəlməmişəm, xalqın iradəsinə görə gəlmişəm. Əcəba, nə cür olur ki, bir belə xəyanətkar, bir belə terrorçu, bir belə qəsd edənlər öz istəklərinə nail ola bilmirlər? Allah qoruyur! (Yerdən səslər: Əziz prezident, sizi Allah qoruyur, bundan sonra da qoruyacaqdır. Heydər Əliyev, xalq sizin arxanızdadır. Sizə qəsd etmək istəyənlərə ar olsun! Xəyanətkarlara, satqınlara ar olsun!).
Mənim əzizlərim, ona görə də mən arxayınam. Arxayınam ki, əməli salehliyimə, xalqıma sədaqətimə, mənəviyyatıma görə Allah-taala məni qoruyub, qoruyur və axıra qədər qoruyacaqdır! Mən də sizə, xalqıma, Azərbaycan müsəlmanlarına xidmət etməyi özümə ən böyük, şərəfli vəzifə hesab edirəm. Mənim həyatımın mənası budur. Həyatımın başqa mənası yoxdur. Mən belə yaşamışam, belə yaşayıram, belə yaşayacağam!
Mən dedim ki, tarix boyu azərbaycanlıların, müsəlmanların həyatına İslam dini həmişə dayaq olubdur, bu gün də, gələcəkdə də dayaqdır. Bu gün, Həzrəti Məhəmməd Peyğəmbərin Mövlud günü sizi təbrik edərək əmin olduğumu bildirmək istəyirəm ki, biz həmişə bu dayağa istinad edəcəyik. Ancaq respublikamızın bu dövründə hamı çalışmalıdır ki, xalqımız birləşsin, xalqımız daha da bərabər, sıx olsun. Biz azərbaycanlılar, biz Azərbaycan müsəlmanları dərk etməliyik ki, həyatımızın ən mürəkkəb və həlledici bir mərhələsini yaşayırıq. Ona görə də həm xarici düşmənlərin qarşısını almaq üçün, ölkəmizin müstəqilliyini əlindən almaq istəyən qüvvələrin qarşısını almaq üçün, həm də onların kölələrini, qullarını, Azərbaycanın içərisində satqınlıq edib onlara xidmət edənləri ifşa etmək üçün hamımız birləşməliyik, hamımız əl-ələ verməliyik.
Məhəmməd Peyğəmbərin bu Mövlud günü mən Azərbaycan xalqını, bütün Azərbaycan vətəndaşlarını birliyə, vəhdətə dəvət edirəm və sizin hamınıza səadət, xoşbəxtlik arzu edirəm!
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.