Səudiyyə Ərəbistanına – Müqəddəs Məkkə və Mədinə şəhərlərinə ziyarətdən sonra Bakıda Təzəpir məscidində din xadimləri ilə görüşdə çıxışı
29 iyul 1994-cü il
Hörmətli qardaşlar, hörmətli həmvətənlər.
Sizin hamınızı və sizin simanızda islam dininə etiqad edənləri, bütün azərbaycanlıları, müsəlmanları səmimi qəlbdən salamlayır, hər birinizə, müstəqil Azərbaycanımıza bu ağır dövrdə dözüm, dəyanət arzulayıram. Sizin hamınıza həyatda səadət və xoşbəxtlik diləyirəm.
Mətbuat, televiziya və digər informasiya orqanları vasitəsilə sizə məlumdur ki, mən Səudiyyə Ərəbistanının məliki, iki müqəddəs şəhərin xadimi Fəhd ibn Əbdül Əziz əl-Səud cənablarının dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşam və həmin ölkədəki müqəddəs yerləri ziyarət etmişəm, respublikamız üçün çox əhəmiyyətli olan danışıqlar aparmışam. Müsəlman aləmində, ərəb dünyasında, ümumən dünyada görkəmli yer tutan Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında əlaqələr yaranması üçün lazımi işlər görmüşəm.
Azərbaycan Respublikası öz müstəqilliyinin ilk addımlarını atır. Respublikamız öz müstəqilliyini tam möhkəmləndirmək və gələcəkdə də öz müstəqilliyinin sahibi olmaq üçün dünya dövlətləri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurmağa çalışır. Bilirsiniz ki, Azərbaycanın prezidenti kimi bu, mənim xarici siyasətimin əsas istiqamətidir. Bu baxımdan Səudiyyə Ərəbistanı məlikinin, iki müqəddəs şəhərin xadiminin məni bu ölkəyə rəsmi səfərə dəvət etməsini məmnuniyyətlə qəbul etdim və həmin səfəri, ziyarəti həyata keçirdim.
Bu səfərim başqa ölkələrə səfərlərimdən xeyli fərqlənir. Fərq ondan ibarətdir ki, Səudiyyə Ərəbistanı dünya birliyində özünəlayiq nüfuzlu yer tutur, bu ölkənin islam aləmində görkəmli yeri var, dünya siyasətinə təsiri böyükdür. Azərbaycanın belə bir dövlətlə əməkdaşlıq etməsi, həm siyasi, iqtisadi sahələrdə, həm də elm, mədəniyyət sahəsində əlaqələr qurması respublikamızın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsində böyük əhəmiyyətə malikdir.
Bu səfəri fərqləndirən digər cəhət ondan ibarətdir ki, həmin ölkədə müsəlmanların müqəddəs ziyarətgahları yerləşir: Məkkə, Kəbə, Mədinə, Həzrəti Məhəmməd Peyğəmbərin qəbri və məscidi hər bir müsəlman üçün olduqca əziz və müqəddəsdir. Bu müqəddəs yerlərdə Azərbaycanın bu günü və gələcəyi haqqında arzuları bəyan etmək, indiki ağır dövrdə Allahdan xalqımıza rəhm və kömək diləmək mənim üçün böyük şərəf idi.
Səfər çox səmərəli olmuş və onun ən böyük nəticəsi budur ki, Azərbaycan dövləti ilə Səudiyyə Ərəbistanı kimi nüfuzlu bir ölkə arasında, habelə Səudiyyə Ərəbistanının məliki ilə Azərbaycan prezidenti arasında çox yaxşı əlaqələr yaranmışdır. Biz çalışacağıq ki, bu əlaqələri genişləndirək, inkişaf etdirək. Əminəm ki, bu əlaqələr gələcəkdə Azərbaycan Respublikası iqtisadiyyatının, mədəniyyətinin inkişafı üçün çox səmərəli, əhəmiyyətli olacaqdır.
Səfərin əhəmiyyəti bir də ondan ibarətdir ki, mən və məni müşayiət edən şəxslər müsəlmanların müqəddəs yerlərini ziyarət etdik. Mən Məkkədə, Kəbənin önündə müsahibə verərkən demişdim və bunu bir daha təkrar edirəm ki, müqəddəs yerləri ziyarət etmək, özümü o yerlərlə bağlamaq mənim illərlə, on illərlə ürəyimdə gəzdirdiyim ən böyük arzum idi. Ona görə də bu ziyarət mənim üçün çox böyük həmiyyət kəsb edir.
Biz Məkkədə müsəlmanların ən müqəddəs yerlərini ziyarət edə bildik. Məkkə şəhəri özü müqəddəs bir yerdir. Bilirsiniz ki, Məkkənin girəcəyinə hələ 50 kilometr qalmış möhkəm yoxlanış məntəqələri var və qeyri- müsəlman şəxs bu şəhərə daxil ola bilməz.
Kəbəni görmək, müqəddəs Qara Daşı öpmək, ona toxunmaq, onu ziyarət etmək, Kəbənin içərisinə daxil olmaq, orada namaz qılmaq, dua etmək mənə nəsib oldu.
Müqəddəs adət-ənənələrə görə biz Kəbənin ətrafına dolandıq, iki dağ arasında olan məsafəni qət etdik. Biz ziyarətin əsrlərdən-əsrlərə keçən bütün qaydalarına riayət etdik. Əlbəttə, bu, məcburi deyil. Lakin bu, şəxsən mənim illərlə qəlbimdə yaşatdığım arzular idi. Bu arzular həm o yerləri görməkdən, həm də adət-ənənələrə uyğun olaraq ibadət etməkdən ibarət idi. Çox xoşbəxtəm ki, bunların hamısı mənə nəsib oldu. Mən orada namaz qıldım, dua etdim, qəlbimdə olan arzularımı bəyan etdim.
Bildiyiniz kimi, Mədinə şəhərində də olmaq, oranı ziyarət etmək hər bir müsəlman üçün müqəddəs bir işdir. Mən Mədinədə Həzrəti Məhəmməd Peyğəmbərin qəbrini ziyarət etdim. Peyğəmbərin namaz qıldığı məbədin qarşısında namaz qıldım, onun qəbri üzərində o dövrdə tikilmiş məsciddə oldum, orada ibadət etdim, Peyğəmbərin namaz qıldığı minbərin pilləsində oturub, Quranı öpüb gözümə, alnıma basdım. Mədinədəki bütün ziyarət yerlərini ziyarət etdim.
Orada müxbirlər hansı hisslər keçirdiyimi, ürəyimdə hansı arzular olduğunu məndən tez-tez soruşurdular. O zaman da demişdim, sizin qarşınızda da deyirəm ki, mən orada indiyə qədərki həyatımda ən yüksək mənəvi hisslər keçirdim, qəlbim sevindi, ruhum şadlandı. Çünki mən anadan müsəlman kimi doğulmuşam, müsəlman kimi yaşamışam. Nəhayət, müsəlman üçün müqəddəs olan bu yerləri ziyarət etmək mənim ən böyük arzum idi. İndi bu arzuma, bu niyyətimə çatmışam.
Orada dua edərkən Allahdan bir arzum olmuşdur ki, Azərbaycanın müstəqilliyini daimi etsin, respublikamızı bugünkü bəlalardan xilas etsin. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bizə yardımını əsirgəməsin, Azərbaycanın sərhədlərinin toxunulmazlığını daim təmin etməkdə həmişə bizə köməkçi olsun, Azərbaycanın müharibə vəziyyətindən çıxması, müharibəyə son qoyulması üçün həyata keçirdiyimiz tədbirlərin müvəffəqiyyətlə başa çatmasına kömək etsin.
Bilirsiniz ki, indi respublikamız ağır vəziyyətdədir, insanlarımızın həyat şəraiti çətindir, ağırdır. Ancaq Azərbaycanın iqtisadi, elmi, mədəni, mənəvi potensialı çox böyükdür. Azərbaycan bu müharibədən, Ermənistan silahlı qüvvələrinin təcavüzündən xilas ola bilsə, öz ərazilərinin tam sahibi ola bilsə, sərhədlərinin tam hakimi ola bilsə, xalqımızın yaşayış tərzi qısa müddətdə xeyli dəyişəcəkdir. Əminəm ki, Azərbaycan xalqı öz müstəqil dövlətində, ölkəsində maddi və mənəvi mənbələrindən bəhrələnərək firavan və xoşbəxt yaşayacaqdır. Mən həmin məqsədlərə çatmaq üçün bu müqəddəs yerlərdə dua etdim, öz arzularımı bildirdim.
O müqəddəs yerlərdə arzularımdan biri də bu oldu ki, vətən, torpaq yolunda, Azərbaycanın müstəqilliyi yolunda şəhid olanlara Allah bir daha rəhmət eləsin (Yerdən səslər: Amin). Bir arzum da bu oldu ki, şəhidlərin ailələrinə, qohum-əqrəbasına Allah səbir versin, onlara bundan sonra da edəcəyimiz köməyin daha çox olmasına şərait yaratsın. (Yerdən səslər: Amin). Mənim Allahdan arzum, diləyim bu oldu ki, vətən yolunda yaralanmış, xəsarət almış, əlil olmuş adamların sağalmasına kömək etsin, onların gələcəkdə sağlam yaşamasının təmin olunmasına yardım etsin (Yerdən səslər: Amin). Mən o müqəddəs yerlərdə Allah-təaladan arzu etdim ki, Azərbaycan xalqını hifz etsin, xalqımızın bundan sonra heç vaxt heç bir bəlaya düçar olmasına yol verməsin (Yerdən səslər: Amin). Azərbaycan xalqı öz ölkəsində, öz müstəqil dövlətində daim şən və firavan yaşaya bilsin (Yerdən səslər: Amin). Güman edirəm ki, əməlisaleh olduğumuza görə bizim bu dualarımız, arzularımız qəbul olunacaq (Yerdən səslər: İnşallah) və güman edirəm ki, biz hamımız birlikdə Azərbaycanın bu ağır vəziyyətdən çıxmasına çalışacağıq (Yerdən səslər: İnşallah).
Mən müqəddəs yerləri ziyarətdən bir neçə gün bundan qabaq qayıtmışam. İş yerimdən kənara ilk addımım buraya – Təzəpir məscidinə olub. Ziyarətdə də biz Allahın birinci evində, müsəlmanların evi Kəbədə, Məkkədə, Mədinədə olmuşuq. Respublikamızda da mən ilk addımı Allah evinə, məscidə atmışam, sizin qarşınızda çıxış edirəm. Bir sizin qarşınızda yox, bütün Azərbaycan xalqı qarşısında öz fikirlərimi deyirəm.
Belə bir şəraitdə, dövrdə bu duyğularla, hisslərlə yaşamalıyıq. Bu ağır vəziyyətdən çıxmaq üçün xalqımıza dözüm, dəyanət lazımdır. Mən bunu Allahdan arzu etmişəm. İndi üzümü sizə, xalqa tutub müraciət edirəm: Xalqımız dözümlü, dəyanətli, cəsarətli olsun ki, biz düşmənin təcavüzünün qarşısını ala bilək.
Bizim siyasətimiz sülhsevər siyasətdir. Müharibəyə son qoymaq istəyirik, müharibəni sülhlə qurtarmaq istəyirik. Ancaq sülh ədalətli olmalıdır. Ədalət də ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş bütün ərazisi Ermənistan təcavüzkarlarından azad edilməli, Azərbaycan xalqı bütün ərazisinin hakimi olmalıdır, Azərbaycan Respublikasının sərhədləri toxunulmaz olmalıdır. Biz bu şərtlər əsasında sülh danışıqları aparırıq, məsələnin sülh yolu ilə başa çatdırılmasına çalışırıq. Güman edirəm ki, biz buna nail olacağıq (Yerdən səslər: Amin).
Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasmı xalq və onun bir hissəsi olan ordu təşkil edir. Bizim güclü ordumuz olmalıdır. Güclü ordu ona görə lazımdır ki, biz sülh danışıqlarını cəsarətlə apara bilək. Qüdrətli ordumuz olmalıdır ki, biz ərazimizin təhlükəsizliyini daim qoruya bilək, öz torpaqlarımızı, ölkəmizi müdafiə edək. Bizim qüdrətli, möhkəm ordumuz olmalıdır, ona görə ki, müstəqil Azərbaycan dövləti daim qüdrətli olsun. O müqəddəs yerlərdə mənim Allahdan arzum bu olub ki, müstəqil Azərbaycan dövlətinin qüdrətini daha da artırsın (Yerdən səslər: Amin). Biz bu işə bütün səylərimizi qoymuşuq və qoyacağıq. Ancaq bizə ilahinin gücü lazımdır. Güman edirəm ki, bizdə bu güc olacaqdır. Allah ordumuzu gücləndirsin, onun qüdrətini artırsın (Yerdən səslər: Amin).
Bu gün bu müqəddəs Allah evindən ordumuza, əsgərlərimizə, zabitlərimizə müraciət edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, onlar Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün keşiyində daim cəsarətlə duracaq və müstəqil dövlətimizin qüdrətini daha da gücləndirəcək, artıracaqlar (Yerdən səslər: Amin). Müstəqilliyimizi daimi etmək, ərazilərimizi bütün təcavüzlərdən – bugünkü və gələcək təcavüzlərdən qorumaq üçün cəmiyyətimizə, xalqımıza, ölkəmizə milli birlik, mənəvi həmrəylik, vətəndaş həmrəyliyi lazımdır.
Ölkəmiz demokratiya yolu ilə gedir. Mən bunu Səudiyyə Ərəbistanında da bəyan etmişəm. Ölkəmiz bütün dünya üçün açıqdır. Bizim dövlətimiz, ölkəmiz öz milli, mənəvi, dini dayaqlan üzərində qurulub və bundan sonra da yaşayacaqdır. Amma bunların hamısını təmin etmək üçün gərək hər bir vətəndaşımız öz vətəndaşlıq borcunu yerinə yetirsin, öz vətəndaşlıq məsuliyyətini dərk etsin. Əgər hər bir vətəndaş, hər bir azərbaycanlı dərk edə bilsə ki, müstəqil Azərbaycanın yaşaması, qalib gəlməsi və gələcəyə uğurla getməsi onun kiçik fəaliyyətindən də asılıdır, o bunu edəcəkdir. Sizin də, bizim də borcumuz ondan ibarətdir ki, hər bir vətəndaşı – gəncləri də, yaşlı adamları da, sizin kimi müdrik ağsaqqalları da, dindarları da – hamını agah edək ki, bu ağır dövrümüzdə hər bir vətəndaşın, hər bir azərbaycanlının mövqeyindən, fəaliyyətindən, cəmiyyətə göstərdiyi xidmətdən dövlətimizin, cəmiyyətimizin müqəddəratı, bu günü və gələcəyi asılıdır.
Son illər respublikamızda cürbəcür qarışıqlıqlar olur. Bunlara son qoymaq lazımdır. Ayrı-ayrı qüvvələrdən biri ordan hakimiyyətə gəlmək istəyir, biri burdan müxalifətdə durur. Kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına, məsləkinə müxalifətdə durmasın. Ayrı-ayrı adamlar, qruplar öz şəxsi, bəzən də çirkin niyyətlərinə, məqsədlərinə nail olmaq üçün Vətənimizi də, torpağımızı da, mənəviyyatımızı da qurban verməyə çalışırlar və qurban verməyə hazırdırlar. Belələri bizim içərimizdə yaşamamalıdır. Biz belələrini ifşa etməliyik.
Respublikamızda son illər gedən proseslər cürbəcür ziddiyyətlər yaradır. Bəzi adamlarda bir-birinə qarşı kin-küdurət, ədavət, qisasçılıq hissləri yaranıb. Bunların hamısını kənara qoymaq lazımdır. Allah da belə buyurub, Qurani-Kərim də bunu bizdən tələb edir. Dinimizin əsasını qoyan və mənim bu günlərdə məbədini ziyarət etdiyim Həzrəti Məhəmməd peyğəmbər də bizə bu yolu göstərir. Ona görə də mən həm sizə, bütün dindarlara, həm də bütün azərbaycanlılara müraciət edirəm. O müqəddəs yerləri ziyarət edəndən sonra bir daha mənəvi cəhətdən özümü hüquqlu hesab edərək xalqa müraciət edirəm ki, xalq birləşsin. Cəmiyyətimizdə, xalqımızın içində olan, ölkəmizin bu gününə, gələcəyinə zərər vuran adamlar kənara çəkilsinlər, onlara yol verilməsin.
Biz nə qədər bir olsaq, bir-birimizin əllərindən nə qədər möhkəm tutsaq, bir-birimizə nə qədər yaxın olsaq, müstəqil Azərbaycanın yaşamasına o qədər çox nail olacaq, xalqımız onun başına gələn bugünkü bəlalardan xilas olacaq, torpaqlarımız Ermənistanın işğalından azad olacaq, Azərbaycanda əsrlərdən-əsrlərə keçmiş milli, mənəvi dəyərlərimiz möhkəmlənəcək, daha dərin kök salacaq, inkişaf edəcək və Azərbaycan xalqı dünya xalqları içərisində ləyaqətli səviyyəyə qalxacaqdır.
İnsan hər bir səfərdən, ziyarətdən qayıdarkən bir töhfə gətirir. Oradan gələn ən böyük töhfə mənə verilmiş Qurani-Kərimdir. Xoşbəxtəm ki, orada mənə Qurani-Kərimin çox nüsxələrini bağışladılar. Mən bunları gətirmişəm və şeyxülislama təqdim edirəm ki, Azərbaycanın məscidlərinə paylasın. Gətirdiyim bu Quranı və çox gözəl səslə oxunan Quran ayəsi yazılmış kasetləri şəxsən Təzəpir məscidinə hədiyyə edirəm. Yəni müqəddəs yerdə mənə verilmiş bu hədiyyələri gətirib buraya çatdırmağı özümə borc bilirəm. Mən oradan, müqəddəs Kəbənin müqəddəs "Zəm-zəm" suyundan da bir qədər gətirmişəm, onu da Təzəpir məscidinə verirəm. Güman edirəm ki, bu gün Təzəpir məscidinə toplaşanlar mənim Kəbədən, Məkkədən gətirdiyim "Zəm- zəm" suyundan istifadə edəcəklər.
Səfərimizin bir cəhəti də ondan ibarətdir ki, Səudiyyə Ərəbistanının məliki, iki müqəddəs şəhərin xadimi Fəhd ibn Əbdül Əziz Əl-Səud cənabları mənim üçün və məni müşayiət edən şəxslər üçün şərait yaratdı ki, bütün yerlərdə televiziya, foto çəkilişi aparılsın. Son günlər siz o əzəmətli, möhtəşəm məscidləri, məbədləri, gözəl sarayları televiziyada gördünüz. Gördünüz ki, Səudiyyə Ərəbistanında müsəlman dinini qoruyan müqəddəs adamlar, o cümlədən Səudiyyə Ərəbistanının indiki məliki, iki müqəddəs şəhərin xadimi Fəhd ibn Əbdül Əziz Əl-Səud son illərdə Kəbənin ətrafında, Həzrəti Məhəmməd peyğəmbərin qəbrinin ətrafında olan məscidləri nə qədər genişləndirib, tikinti işləri aparıb, gözəlləşdiriblər, ziyarətə, Həccə gedənlər, müsəlmanlar üçün nə qədər gözəl şərait yaradıblar. Siz bunların hamısını televiziyada gördünüz və mən belə hesab edirəm ki, bu da səfərimizin Azərbaycan müsəlmanları üçün nəticələrindən biridir.
Mən bir daha sizi salamlayıram. hamınıza səadət, xoşbəxtlik arzulayıram. Bu gün buraya gəldiyimə, sizinlə görüşdüyümə görə özümü çox məmnun hiss edirəm. Çox sağ olun. Təşəkkür edirəm.
Tammətnli elektron nəşrdən istifadə zamanı istinad vacibdir.